Məhkəmə qərarları › İş №2-1(120)-1947/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1947/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1947/2023 13.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “Belarusiya Respublikasının Qrodnenskiy vilayət Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu xx.xx.1978-ci il təvəllüdlü X9 cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Belarusiya Respublikasının Qrodnenskiy vilayət Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu xx.xx.1978-ci il təvəllüdlü X9 cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 03 fevral 1978-ci il təvəllüdlü oğlu X2 Respublikasının Qrodnenskiy Vilayət Məhkəməsinin 24 may 1999-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinin 30 yanvar 2019-cu il tarixli qərarı ilə tanınmışdır. X20 cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə mərhum X1 tərəfindən müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 02 iyul 2022-ci il tarixli məktubu ilə oğlunun cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. X1 13 avqust 2022-ci il tarixdə böyrək çatışmamazlığı səbəbindən Sabirabad şəhərində vəfat etmişdir. Belarusiya Respublikasına gedib-gəlmək çox çətin və xərc tələb edən işdir. Telefon əlaqəsi məhduddur. Pandemiya da gediş-gəlişi çətinləşdirib. Fuadın Azərbaycana ekstradisiya olunmasına heç bir obyektiv səbəb və ya hüquqi əngəl yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İV hissəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası; Maddə 2. Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Maddə 3. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Maddə 5. Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən əks tərəfin Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edibetməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası; Maddə 4. Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Maddə 5. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər: -şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” Həmin Qaydaların 1.3-cü bəndinə əsasən “Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə" ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. Həmin Qaydaların 1.4cü bəndinə əsasən Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinə ünvanlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-nin 2-ci maddəsini rəhbər tutaraq Belarusiya Respublikasının Qrodnenskiy vilayət Məhkəməsinin 24 may 1999-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlum 03 fevral 1978-ci il təvəllüdlü X9 cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaya dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı “oğlu X9 cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi ilə bağlı Azərbaycana gətirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1978-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, F.Əhmədov Belarus Respublikasının Qrodno Vilayət Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Belarus Respublikasının Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü hissəsinə və 100-cü maddəsinə əsasən (quldurluq və ağırlaşdırıcı halda qəsdən adam öldürmə) ömürlük azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli xx.xx.1998-ci il tarixdən hesablanır. Hazırda F.Əhmədov cəzasını Vitebsk vilayətində yerləşən 13 saylı islah müəssisəsində çəkir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalan”nın 3.3-cü bəndinə əsasən məhkum F.Əhmədovun Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Müraciətə baxılaraq ömürlük azadlıqdan məhrum edilmiş X9 Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan-Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. Qaydalara uyğun olaraq müraciət təqdim edildikdən sonra Penitensiar xidmət Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi (bundan sonra İdarə) vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. Qaydaların 3.3-cü bəndinə əsasən Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. Qaydalara uyğun olaraq İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası cəzanı icra edən orqanlar tərəfindən müəyyənləşdirilir. Nəzərinizə çatdırırıq ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı iddiasınının rədd edilməsini Sizdən xahiş edirik. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Belarusiya Respublikasının Qrodnenskiy vilayət Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu xx.xx.1978-ci il təvəllüdlü X9 cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPMin 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli, 6344555-1 nömrəli qərardan görünür ki, 03 fevral 1978-ci il təvəllüdlü X17 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx-xx-2018 tarixli ******* №-li qərarın ləğv olunması, 03 fevral 1978-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 ünvanladığı xx.xx.2022-ci il tarixli, 17/4-9867Ə-219 nömrəli məktubda qeyd edilmişdir ki, Belarus Respublikasında ömürlük azadlıqdan məhrum edilmiş övladınız X10 cəzasını çəkmək üçün ölkəmizə gətirilməsi barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildirilir ki, hazırda məhkum F.Əhmədovun Azərbaycan Respublikasına gətirilməsi məsələsi ilə əlaqədar müvafiq dövlət qurumları ilə yazışmalar aparılır, nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciətinizdə göstərilən məsələyə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 ünvanladığı xx.xx.2022-ci il tarixli, 17/4-10955Ə-219 nömrəli məktubda qeyd edilmişdir ki, Belarus Respublikasında ömürlük azadlıqdan məhrum edilmiş övladınız X9 cəzasını çəkmək üçün ölkəmizə gətirilməsi məsələsinə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində baxılmış və onun Azərbaycan Respublikasına gətirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İİ №261582 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən İddiaçı xx.xx.1952-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. İş materiallarında olan Belarus Respublikasının adından çıxarılmış xx.xx.1999-cu il tarixli hökmün surətindən görünür ki, X12 ömürlük həbs cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası: Maddə 2. Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. (Maddə 3); Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X11 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edibetməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir (Maddə 5). “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Maddə 4. Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər (Maddə 5); - şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; - bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; - şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; - köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; - hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”: Bənd 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir (Bənd 1.2); Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur (Bənd 3.1); Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir (Bənd 3.2) Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir (Bənd 3.3); 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir (Bənd 3.4); Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır ( Bənd 3.5); Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir (Bənd 3.6); Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır (Bənd 3.7); Bənd 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir (Bənd 3.9); Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir (Bənd 3.10); Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir (Bənd 3.11) Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir (Bənd 3.12) Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir (Bənd 4.1) İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir. (Bənd 4.2). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “31” oktyabr 2019-cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnaməsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (X13), BMT-nin Məhbuslarla rəftarın əsas prinsiplərini, X3 və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət- Prosessual məcəllələrini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqların təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur ( maddə 1.2). Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir( maddə 1.5). Həmin Əsasnamənin 3.1.10-cu bəndində bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək xidmətin vəzifəsi kimi göstərilmişdir. Səlahiyyətlərinə aid olan məsələlərə dair xidməti yoxlamalar və araşdırmalar həyata keçirmək (maddə 4.1.6); həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, cəzaların icrası və cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları həyata keçirmək (maddə 4.1.27) xidmətin hüququ kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanununun: 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlayışı kimi qeyd olunmuşdur. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır( 14.2) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “Belarusiya Respublikasının Qrodnenskiy vilayət Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu xx.xx.1978-ci il təvəllüdlü X9 cəzasını çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar