Məhkəmə qərarları › İş №2-1(120)-1949/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1949/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1949/2024 22.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Azərbaycan Respublikası Cavabdeh1 Ə 344-038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “xx.xx.2021-ci il tarixli, Ə1733ş/h-037-21 nömrəli əmrin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibаti Məhkəməsinin 30 may 2024-cü il tаriхli, 2-1(120)-1949/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Cavabdeh1 Ə 344-038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında Azərbaycan Respublikası Cavabdeh1 Ə 344- 038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Cavabdeh1 Ə 344-038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin İddiaçı aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı adına olan ******* saylı əmək kitabçasının 3-cü vərəqinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli BMİ-1498 ş/h nömrəli əmrə əsasən İddiaçı mühafizəçi vəzifəsi üzrə işə götürülmüş, xx.xx.2021-ci il tarixli BMİ-1733 ş/h nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və o, işdən azad olunması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi X1 Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-17-42/390/2023 saylı məktubundan görünür ki, İddiaçı sosial şəbəkələrdən xidməti fəaliyyətlə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda”totu054” adı ilə qeydiyyatdan keçdiyi “Tik-Tok” sosial şəbəkəsində polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirmiş, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açdığına, bununla da BMİ-nin xx.xx.2020-ci il tarixli G52-038-20 nömrəli göstərişin tələblərini kobud surətdə pozduğuna, həmin hərəkətləri ilə mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə görə DİN-nin BMİ tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Ə344-038-21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X1 Şöbəsinin mülki mühafizə xidməti mühafizəçisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1591/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 Şöbəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki iş üzrə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1591/2023 nömrəli qətnaməsində qeyd edilmişdir ki, “İddiaçının özünün qeyd etdiyi kimi, o, 2021-ci ilin noyabr ayının əvvəllərində tutduğu vəzifədən azad olunmuş və xx.xx.2021-ci il tarixdə işdən azad olunması barədə əmrini şəxsən almışdır. Beləliklə o, işdən azad edilməsindən məlumatı olmuş və bununla da onun bərpasını tələb etdiyi hüququnun pozulmasını aşkar etməsinə baxmayaraq, o, hüququnun müdafiəsi haqqında iddia tələbi ilə məhkəməyə 1 ildən də artıq müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da bu Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən olunmuş 1 aylıq müddəti ötürmüşdür.” Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının əmri elan edildikdən sonra o, cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin səbəbi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı olmuşdur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi əmrin məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrini şəxsən aldığı xx.xx.2021-ci il tarixdən başlamışdır. Bundan əlavə iddiaçı Şirvan İnzibati Məhkəməyə deyil, Sabirabad Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, həmin əmrin ləğv olunmasını və işə bərpa olunmasını xahiş etmişdir. Lakin, Şirvan İnzibati Məhkəməsində Azərbaycan Respublikası Cavabdeh1 Ə 344- 038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi barədə iddia tələbi ilə iddia qaldırılması üçün iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçta təhvil vermiş, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Azərbaycan Respublikası Cavabdeh1 Ə 344-038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Azərbaycan Respublikası Cavabdeh1 Ə 344-038-21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar