Məhkəmə qərarları › İş №2-1(120)-1950/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1950/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1950/2025 21.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Onun oğlu X17, 30 oktyabr 1994-cü ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O, N saylı hərbi hissədə hərbi xidmətdə olarkən vəfat etmişdir. X17 hərbi xidmətdə olarkən vəfat eldiyi üçün ona şəhid adının və şəhid ailəsi statusunun verilməsini istəyir. Buna görə də o, Müdafiə Nazirliyinə dəfələrlə ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli Müdafiə Nazirliyinə bu barədə etdiyi müraciətə xx.xx.2018-ci il tarixli 1/A7085 saylı cavabda qeyd edilir ki, "Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-cı bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçı 2019-cu ildə etdiyi müraciətə də 22 aprel 2019-cu ildə 02 may 2019-cu il tarixli 1/A5583 saylı məktubla da eyni məzmunlu cavab verilmişdir. Daha sonra məktubda qeyd olunur ki, təqdim edilmiş sənədlərdən məlum olur ki, 1975-ci ildə anadan olmuş övladı X17 1995-ci il tarixdə Füzuli rayonunda avtomobil qəzası nəticəsində həlak olmuşdur. Odur ki, övladı Tərlan Fərziyevin həlak olması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”nu şamil etmək olmaz. İddiaçı Müdafiə Nazirliyinin bu cavabı ilə razı deyildir. Çünki Müdafiə Nazirliyi heç bir araşdırma aparmadan ona bu cavabı verir. Halbuki o, Astara rayonu Hərbi Komissarlığı tərəfindən şəhid kimi, şəhid əskərə layiq bütün atributlara əməl edilməklə dəfn olunmuşdur. Onun məzar daşında bu gün də şəhid adı yazılaraq əbədiləşdirilir. Müdafiə Nazirliyi onların təqdim etdikləri sənədlərə əsasən deyil, özünün apardığı araşdırmalarla onlara cavab verməli idi. Belə ki, Tərlan Fərziyevlə qulluq edən döyüşçülər bildirirlər ki, onlar döyüş tapşırığını yerinə yetirməyə gedərkən baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alıb şəhid olmuşdur. Tərlan Fərziyevə ölümü barədə verilən sənədlər də bir-birinə ziddiyyət təşkil edir. Belə ki, N saylı hərbi hissənin qəbul seçmə tağımının baş ordinatoru tibb xidmət baş leytinantı Bəşirov A.H. tərəfindən N sentyabr 1995-ci il tarixdə ölüm şəhadətnaməsinin alınması üçün verilmiş arayışda qeyd olunur ki, ölümün səbəbi "Maşının üstündə yoxlanış məntəqəsindən keçərkən başı şlaqbauma dəymiş, həyatla uyğunlaşmayan travma alımışdır", Tərlan Fərziyevə hərbi hissədən belə diaqnoz qoyulmuşdur. Müdafiə Nazirliyi araşdırmır ki, Tərlan Fərziyev həmin maşında niyə olmuşdur, hara gedirmiş və yolda niyə şlaqbaum qurulub. Göründüyü kimi, Tərlan Fərziyev avtoqəza nəticəsində ölməmişdir və ilkin verilən sənəddə də onun ölümünün səbəbi avtoqəza deyil, hərbi xidmət zamanı aldığı travma olmuşdur. Lakin sonradan N saylı hərbi hissənin qərargah rəisi H.U.Nəbiyevin Astara rayon hərbi Komissarlığına ünvanladığı N sentyabr 1995-ci il tarixli 101 saylı bildirişində qeyd olunur ki, X17 avtomobil qəzası nəticəsində həlak olmuşdur. Hərbi hissənin qərargah rəisi bu məlumatı hardan əldə edib və diaqnozu hardan yazıb məlum deyildir. Əgər N sentyabr 1995-ci ildə həqiqətən avtomobil qəzası baş veribsə və qəzada adam ölübsə onda həmin avtomobil qəzasına dair cinayət işi başlanmalı idi və onun valideynləri zərərçəkıniş şəxsin hüquqi varisi kimi tanınmalı idilər. Lakin belə bir cinayət işi də olmamışdır. Müdafiə Nazirliyi bu məsələni araşdırmalı idi və bu barədə onun valideynlərinə doğru-düzgün məlumat verməli idilər. Müdafiə Nazirliyi araşdırmalı idi ki, niyə onun hərbi hissələri bir-birinə zidd arayışlar veriblər. X27 avtomobil qəzasında həlak olmuşdursa, niyə onu Hərbi Komissarlıq şəhid kimi dəfn etmişdir? X14 19 sentyabr 1995-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə ölümün səbəbi tamamilə fərqli, "amaun vəziyyətlə əlaqədar mərkəzi muneu tənnəfüs ürək damar çatışmamazlığı' səbəb kimi qeyd edilmişdir. Bütün bu ziddiyyətlər müvafiq dövlət orqanı tərəfindən aydınlaşdırılmır və yalnız qanunun müddəalarını sadalamaqla öz işlərini bitmiş hesab edirlər. İddiaçı bir anadır, o, 18 il bir övlad böyüdüb vətənə xidmətə göndərmişdir. Lakin bu gün onun hüquqları tapdalanır, onun övladının layiq olduğu adı ona vermək istəmirlər. Tərlan Fərziyev döyüş tapşırığını yerinə yetirməyə gedərkən şəhid olmuşdur. Bu ad da ona verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-710/2024 saylı qərarı ilə İddiaçı Məstəli qızının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsinin statusunun verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-710/2024 saylı qərarından iddiaçının vəkili Nümayəndə tərəfindən Apellyasiya Şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(106)-554/2024 saylı qərardadında qeyd edilmiş ki, işin birinci stansiya icraatı dövründə cavabdeh haqlı olaraq əsl cavabdehlə əvəz edilsə də, əvəz edilmə halında iddiannın xüsusi mümkünlük şərtlərinə cavab verməsi vəziyyəti nəzərə alınmamış, yəni iddiaçının həmin məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, yaxud onun yerli qurumuna ilkin müraciətinin olmamasına diqqət yetirilməmişdir. Həmçinin icraatın gedişində əvəz edilmiş yeni cavabdehə məlumat verilsə də, həmin qurumun iddiaya qarşı münasibəti öyrənilmədən işin icraatı tamamlanaraq yekun qərar çıxarılmışdır. İddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, inzibati iş apellyasiya qaydasında baxıldıqdan sonra yenidən araşdırılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini və qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin, iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu siravi əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon bölməsinndə hərbi qeydiyyatda olduğundan hazırki tələbə cavab verməli inzibati orqan məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon bölməsidir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı oğlu X7 şəhid adının verilməsi və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan olan N nömrəli hərbi hissənin xx.xx.1995-ci il tarixli, 101 nömrəli bildirişində qeyd edilmişdir ki, 1795-ci il təvəllüdlü, siravi X17 xx.xx.1995-ci il tarixdə Füzuli rayonu ərazisində avtomobil qəzası nəticəsində həlak olmuşdur. Astara rayon Hərbi Komisarlığının 4/294 nömrəli arayışında qeyd edilmişdir ki, 1975ci il təvəllüdlü, siravi X17 N saylı hərbi hissədə xx.xx.1995-ci ildə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-ci bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Təqdim etdiyiniz sənədlərdən məlum olur ki, 1975-ci ildə anadan olmuş övladınız X17 1995-ci il tarixdə Füzuli rayonunda avtomobil qəzası nəticəsində həlak olmuşdur. Odur ki, övladınız T.Z.Fərziyevin həlak olması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanunu şamil edilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-u bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Təqdim etdiyiniz sənədlərdən məlum olur ki, 1975-ci ildə anadan olmuş övladınız X17 1995-ci il tarixdə Füzuli rayonunda avtomobil qəzası nəticəsində həlak olmuşdur. Odur ki, övladınız T.Z.Fərziyevin həlak olması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər" haqqında Azərbaycan Respublikasının Qanunu şamil edilə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanında 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Fərmanın 5-ci bəndinə əsasən həmin kateqoriyaya aid olan şəxslərin ümumi siyahısı aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək üç ay müddətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməlidir. Hərbi qulluqçunun adının ümumi siyahıda olub-olmaması müəyyən edildikdən sonra bu Fərmandan irəli gələn digər tələblər nəzərə alınmaqla birdəfəlik ödəmənin verilməsinə ve ya bundan imtina edilməsinə dair qərar qəbul edilməsi müəyyən edilmiş qaydada aidiyyəti üzrə həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 98 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü əsgər X17 həqiqətən xx.xx.1994-cü ildə keçmiş Astara RHK-ğı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.1995-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişdir. xx.xx.1995-ci il tarixli İİ-ЖГ nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1995-ci il tarixdə mərkəzi tipli tənəffüs ürək damar çatışmamazlığı səbəbindən Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etmişdir (ölmüşdür). xx.xx.1995-ci il tarixli, 26 nömrəli Ölüm haqqında akt qeydindən görünür ki, X17 xx.xx.1995-ci il tarixdə mərkəzi tipli tənəffüs ürək damar çatışmamazlığından vəfat etmişdir (ölmüşdür). Ölüm akt qeydi N saylı hərbi hissənin xx.xx.1995-ci il tarixli arayışı əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı 3-3- 12/2-30-8278/23 nömrəli məktubunda qeyd edilmişdir ki, əsgər X8 hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edibetməməsi, xx.xx.1995-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi (səbəbi, hadisə ilə bağlı araşdırmanın nəticələri) barədə məlumat və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin göndərilməsi qeyd olunmuşdur. Bildirir ki, Respublika Hərbi Prokurorluğu tərəfindən əsgər X8 vəfat etməsi hadisəsi ilə bağlı araşdırmanın nəticələri barədə məlumatın verilməsi mümkündür. Məktubunuzda qeyd edilmiş digər məsələlərlə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1565 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında mərhum X17 barəsində heç bir məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, N nömrəli əmrindən görünür ki, X17 xx.xx.1995-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü motoatıcı taburunun şəxsi heyətinin siyahısına salınıb, bütün müavinatlarla təmin olunmaqla xidməti vəzifələrinin icrasına başlanmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 869 nömrəli əmrində qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taburunun əsgəri, siravi X17 xx.xx.1995-ci il tarixdə avtomobil qəzasında həlak olduğu üçün şəxsi heyətin siyahısından və bütün növ müavinatlarından çıxarılsın, dəfn mərasiminin təşkili üçün müəyyən olunmuş normaya müvafiq olaraq ərzaq buraxılsın. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı 3-3- 12/2-30-8278/23 nömrəli və digər eyniməzmunlu məktublarında qeyd edilmişdir ki, hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda hər hansı bir məlumat aşkar edilməmişdir, cinayət işi açılmamış, istintaq olunmamış və material araşdırılmamışdır. Nəzərinizə çatdırıram ki, yol-nəqliyyat hadisələri ilə bağlı ilkin araşdirmalarin aparılması Respublika Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsinin səlahiyyətlərinə aiddir. Həmin araşdırma zamanı hadisədə günahkar şəxsin hərbi qulluqçu olması sübut edildikdən sonra toplanmış material və ya başlanmış cinayət işi hərbi prokurorluq orqanlarına göndərilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Astara rayonu Hərbi Komisarına ünvanladığı xx.xx.1999-cu il tarixli, 24/25 nömrəli məktubunda hərbi qulluqçular X9, X10, X8 və X6 döyüş əməliyyatları ilə heç bir əlaqəsi olmayan bədbəxt hadisə nəticəsində həlak olduqlarını və müvafiq qanunvericilik aktlarının tələblərinə zidd olduğuna görə şəhid statusu verilməsi mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahı”nm təsdiq edilməsi barədə” DİNin xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən yol-nəqliyyat hadisələrinə (qəzalarına) dair yazışmalar (arayış, məlumat) 3 (üç) ildən gec olmayan müddətdə məhv edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 947 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu mərhum X8 vəfat etdiyi xx.xx.1995-ci il tarixli avtomobil qəzası barədə hal hazırda hərbi hissədə heç bir qeydiyyat yoxdur. N saylı hərbi hissənin N sentyabr 1995-ci il tarixli arayışında da qeyd edilmişdir ki, maşının üstündə yoxlanış məntəqəsindən keçərkən başı şlaqbauma dəymiş, həyatla uyğunlaşmayan travma almışdır. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının nümayəndəsi və vəkili də məhz bu arayışı mötəbər hesab etdiklərini bildirmişlər. Ölüm haqqında 798 nömrəli Həkim Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X15 xx.xx.1995-ci il tarixdə ölmüş və ölüm səbəbi qapalı kəllə-beyin travması nəticəsində sol təpə nahiyyəsinin subdural hepatologiyası, kəllə tacı sümüklərinin sınığı və basılmış sümüklərin üçüncü dərəcəli kontuziyadan sonra kompressiyası, anallik vəziyyətlə əlaqədar mərkəzi tipli tənəffüs ürək damar çatışmazlığı olmuşdur. Məhkəmənin əvvəlki iclasında dəvət olunmuş şahidlərin ümumi izahatlarında da Tərlan Fərziyevin avtomobil qəzası zamanı ölmədiyi, ehtiyatsızlıqdan başının şlaqbauma dəydiyi və hadisədən sonra xəstəxanaya aparılaraq orada dünyasını dəyişdiyi və həmin vaxt döyüş əməliyyatlarında olmadıqları faktı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəhid adı və Şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə xx.xx.2024-cü il 1711 nömrəli qərarından görünür ki, Nümayəndə müraciəti əsasında Terlan Farziyevə və onun ailəsinə şəhid statusunun verilməsi və şəhid ailəsinin üzvləri hesab edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbesinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə (bundan sonra – Xidmətin Astara rayon şöbəsi) qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmiş və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların təqdimi üçün vəsatət vermək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər və əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəmə prosesində şifahi və yazılı izahatlar vermək, proses zamanı ortaya çıxan bütün məsələlər barədə sübutlar gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və sübutlarına etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.İddiaçı öz tələbini onun oğlu, 1975-ci il təvəllüdlü mərhum X11 xx.xx.1994-cü il tarixdə keçmiş Astara Rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.1995-ci il tarixdə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin” cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı Xidmətin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia əsassızdır və təmin olunma bilməz. İddiaçı övladı 1975-ci il təvəllüdlü mərhum X16 “şəhid” adının və ailə üzvlərinə “şəhid ailəsi statusu”nun verilməsi 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli “Şəhid adının əbədişdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədişdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” ilə tənzimlənir. 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli “Şəhid adının əbədişdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada həlak olmuş hesab edilən şəxs şəhid hesab edilir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatana qədər əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində bitirənədək, lakin ən çoxu 23 yaşına çatana qədər; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədişdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər:- 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; - 11 dekabr 1988-ci ildə Leninakanda qəza ilə uçan təyyarədə həlak olmuş şəxslər; - Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayına qədər olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; - Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücum, zərbə) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. “Şəhid adının əbədişdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ile şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Dövlət Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Belə ki, İddiaçı övladı 1975-ci il təvəllüdlü mərhum X18 xx.xx.1994-cü il tarixdə keçmiş Astara rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə olarkən həmin hərbi hissə tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 101 nömrəli bildirişə əsasən xx.xx.1995-ci il tarixdə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. İddiaçı Məstəli qızının cavabdeh Xidmətin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin əsassız olmasını, mərhum X16 “şəhid” adı və İddiaçı “şəhid ailəsi statusu”nun verilməsi mərhumun ölüm səbəbinə görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndinin tələblərinə uyğun olmadığını, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və İnzibati-Prosessual Məcəlləsinin müddəalarını rəhbər tutaraq İddiaçı cavabdeh Xidmətin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə müvafiq qərar qəbul edilmesini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 08 aprel 2025-ci il tarixli 3-25-28/2-594/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəxsi Heyət Baş İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(120)-1950/2025 №-li məktubunuza (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2025-ci il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh. 61, sıra 2), xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.1994-cü il tarixdə Astara RHK-dan çağırılması, xx.xx.1994-cü il tarixli 326 №-li əmrlə kursant vəzifəsinə təyin olunması və N №-li hərbi hissəyə göndərilməsi, xx.xx.1995-ci il tarixli 83 №-li əmrlə şəxsi heyət siyahısından çıxarılması barədə məlumat mövcuddur.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 326 №-li əmrinə (əsas: səh. 4, sıra 161) əsasən X17 təcili hərbi xidmətə çağırılmış və “Qala” hərbi şəhərciyinə ezamiyyətdə olmuş, xx.xx.1995-ci il tarixli 83 №-li əmrlə şəxsi heyət siyahısından çıxarılmışdır. X17 barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 721 №li və xx.xx.1995-ci il tarixli 869 №-li əmrləri Mərkəzi Arxivə göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1995–xx.xx.1995-ci il tarixli əmrlərində X8 vəfat etdiyi avtomobil qəzası zamanı cəbhə bölgəsində olub-olmaması, hərbi xidməti yerinə yetirərkən həlak olması barədə məlumat aşkar edilməmişdir. Məktubunuzda qeyd olunmuş N №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 101 №-li bildiriş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan arxiv çıxarışında N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Baş Qərargah rəisinin 3/4-1953 №-li xx.xx.1995 ci il tarixli sərəncamına əsasən N №-li hərbi hissədən göndərilmiş aşağıda adları göstərilən əsgərlər 06.04.95 ci il tarixdən N №-li hərbi hissənin 3-cü motoatici taburunun şəxsi heyətinin siyahısına salınıb, bütün müavinatlarla təmin olunmaqla xidməti vəzifələrinin icrasına başlanılmışdır. İş materiallarında olan arxiv çıxarışında N nömrəli hərbi hissə komandirinin 869№-li əmrində məzmunundan görünür ki, N №-li hərbi hissənin 3-cü motoatici taburunun əsgəri, sıravı X17 11.09.95-ci il tarixdə avtomobil qəzasında həlak olduğu üçün şəxsi heyətin siyahısından və bütün növ müavinatlardan çıxarılsın, dəfn mərasiminin təşkili üçün müəyyən olunmuş normaya müvafiq olaraq ərzaqın buraxılması qeyd olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X1 və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, xx.xx.1995-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü motoatıcı taburunun şəxsi heyətinin siyahısına salınmışdır. Onun ölümü ilə bağlı məhkəmə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X8 həlak olması xx.xx.1995-ci il tarixdə başının şlaqbauma dəyərək ciddi travma alması nəticəsində baş vermişdir. Başqa sözlə məhkəmə, X17 barəsində tərtib edilmiş xx.xx.1995-ci il tarixli, 26 nömrəli Ölüm haqqında akt qeydini və həmin akt qeydiyinin tərtib olunmasına əsas olmuş N saylı hərbi hissənin xx.xx.1995-ci il tarixli arayışını mötəbər sübut kimi qiymətləndirir. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, xx.xx.1995-ci il tarixdə ehtiyatsızlıq nəticəsində başının şlaqbauma dəyərək travma alması nəticəsində vəfat etmişdir. Bu halları təkzib edən sübütlar məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və iddiaçı tərəfindən X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı döyüş tapşırığını yerinə yetirərkən həlak olması subuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X8 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və onun ölümünün səbəbli əlaqəsi ona şəhid statusu verilməsi üçün əsas ola bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar