Məhkəmə qərarları › İş №2-1(120)-1951/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1951/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1951/2025 11.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi, xidmətə bərpa edilməsi və xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi barədə” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12366/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi, xidmətə bərpa edilməsi və xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi barədə” iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1951/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2627/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2627/2024 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-517/2024 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(120)-2627/2024 nömrəli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Tovuz Gömrük İdarəsi Sınıq Körpü gömrük postunun inspektoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onunla birlikdə gömrük postunun böyük inspektoru vəzifəsində işləyən X8 tərəfindən barəsində rəhbərliyə şikayət edilmişdir. Şikayətin səbəbi o olmuşdur ki, guya o X4 2019-2020-ci illər ərzində borc qismində 79600 Azərbaycan manatı, 12100 ABŞ dolları və 8000 avro məbləğində pulu borc alaraq qaytarmamışdır. Şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırıldıqdan sonra araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarənin 07 sentyabr 2021-ci il tarixli 02/2-180xx-xx/2706 saylı məktubu ilə şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində obyektiv və düzgün araşdırılmamış, o, qanunsuz olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəddinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 8-ci bəddinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2021-ci il tarixdə 1000/380Ş nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə iddiaçı X5 ona qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-671/2023 saylı qətnaməsi ilə Beyləqan rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ona borc pul verilməsi faktı təsdiqini tapmadığından o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək Komitənin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi və onun xidmətə bərpa edilməyini xahiş etmişdir. Lakin Komitənin xx.xx.2023-cü il tarixli 3-33/2-003431/2023 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, sabiq gömrük əməkdaşı İddiaçı xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin 1000/380ş nömrəli 11 iyun 2021-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-AR ƏM) 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. AR ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin,(sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR ƏM-nin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının onun iddia müddətini ötürdüyü nəzərə alınmaqla mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrindən görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric olunmuş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən gömrük orqanlarında xidmətə başlamış, xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmr ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-517/2024 nömrəli qərardadında aşağıdakılar qeyd edilmişdir: “İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmrdə həmin əmrə qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti göstərilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmrin surəti ona (vəkilinə) təqdim edildikdən sonra müvafiq mediasiya prosesinə riayət etməklə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə, əmri mübahisələndirmişdir. İddiaçı xidmətdən “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən xaric edilmiş, xaric edilmənin əsası kimi onun digər gömrük əməkdaşından (Emin Dünyamalıyev) borc pul alması, həmin pulu qaytarmaması, bununla da gömrük orqanı əməkdaşına yaraşmayan davranışı çıxış etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və onların məzmunundan görünür ki, Emin Dünyamalıyevin iddiaçıya qarşı pul tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmış və iddiaçının ondan borc pul alması faktı təsdiq olunmadığından iddia rədd edilmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə, yekun məhkəmə qərarı (Ali Məhkəmə) xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bu zaman kəsiyində, yəni iş üzrə apellyasiya instansiyasının qərarını əldə etdikdən sonra iddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Qeyd olunan sənədlərin və diqqətə çatdırılması zəruri hesab olunan xüsusatların xülasəsi onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən əmri qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmiş, lakin məhkəmə aidiyyətini düz seçməmişdir. Bundan sonra xidmətdən xaric olmasının əsasını təşkil edən məsələnin məhkəmə müstəvisində həllini gözləmiş və sözügedən əsasların aradan qalxmasına (belə bir əsasın mövcud olmamasına) yönəlik məhkəmə qərarını əldə etdikdən sonra hazırki iddianı qaldırmışdır. Başqa sözlə, hazırki mübahisənin iddiaçının xeyrinə uğurlu nəticələrini, sözügedən mülki mübahisənin nəticələrindən asılı hesab etmək olar ki, iddiaçı da bu nəticənin əldə edilməsini gözləməklə, ugurluluq ehtimalı daha böyük olan iddianı qaldırmağa yönəlik hərəkət etmişdir. Bu hallar iddiaçının mübahisələndirilən əmrdən şikayət vermə müddətini üzrlü səbəbdən ötürməsi qənaətinə gəlməyə əsas verir.” İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)- 706/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-671/2023 nömrəli qətnaməsi ilə iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3728/2023 nömrəli qərarı ilə iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-671/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə: Maddə 69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Maddə 69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Maddə 70. İntizam tənbehinin qüvvədə olduğu müddətdə gömrük orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 66-cı maddəsində nəzərdə tutulan (7-ci bəndi istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz. Maddə 71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər. Maddə 73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir. Maddə 74. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir. Maddə 75. Gömrük orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur. Maddə 76. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər. Maddə 77. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri birbaşa rəislər tərəfindən onların səlahiyyətləri daxilində tətbiq olunur. Birbaşa rəislər gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət üzrə, o cümlədən müvəqqəti olaraq tabe olduqları rəislərdir. Maddə 78. Həvəsləndirmə tədbirlərini və intizam tənbehi tətbiq etmək hüquqları olan şəxslərin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Gömrük orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gələrsə, bu zaman Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır. Maddə 79. Gömrük orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə; 6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 8) gömrük orqanlarından xaric edildikdə; 9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə. 11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsaslara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.

121. Gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

122. Gömrük orqanlarında pensiya almaq hüququ ilə xidmətlərinə xitam verilmiş gömrük orqanlarının vəzifəli şəxslərinə geyim formasını daşımağa icazə verilir.

123. Gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı sürətdə xəbərdar etməlidir. Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissəsi: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrindən görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric olunmuş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin əmrin hüquqi əsası kimi istinad etdiyi iddiaçının gömrük orqanlarından xaric edilmənin əsası kimi onun digər gömrük əməkdaşından (Emin Dünyamalıyev) borc pul alması, həmin pulu qaytarmaması, bununla da gömrük orqanı əməkdaşına yaraşmayan davranışı halları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazında göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən gömrük orqanlarında xitmətə başlamış, xidmətdə olduğu müddət ərzində cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrinədəkə barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsinin əsasını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında başlanıldığı, intizam icraatı çərçivəsində müvafq əmr qəbul edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Gömrük Komitəsinin müraciəti əsasın ilik təhqiqat araşdırılması həyata keçirilmiş, iddiaçının əməlində hər hansı cinayət xarakterli əməl olmaması müəyyən edilmişdir. Bundan başqa Emin Dünyamalılıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciə etmək tövsiyyə olunmuşdur. Bundan sonra cavabdeh inzibati orqan intizam icraatı çərçivəsində hər iki şəxsin barəsində intizam icraatı başlamış İddiaçı gömrük orqanı əməkdaşına yaraşmayan davranışı nümayiş etdirdiyi üçün gömrük orqanlarından xaric edillməklə gömrük orqanlarında xidmətinə xitam verilməsi, eyni zamanda X5 barəsində töhmət elan edilməsi əmr edilmişdir. İddiaçı qarşı mülki mühakimə icraatı qaydasında pul tələbinə dair iddia ərizəsi ilə X1 rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə iddiaçı X5 pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş həmin qətnamədən Emin Dünyamalılı müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri vermiş Beyləqan rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı gömrük orqanı əməkdaşına yaraşmayan davranış nümayiş etdirdiyi halı cavabdeh inzibati orqan digər gömrük orqanı əməkdaşı Emin Dünyamalılıdan borc pul alması kimi qiymətlədirmiş, lakin məhkəmə qətnaməsi ilə həmin halın baş verməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan hər iki gömrük orqanı əməkdaşının barəsində intizam icraatına başlasada yekunda X6 töhmət intizam tənbehi, İddiaçı isə gömrük orqanlarından xaric edillməklə gömrük orqanlarında xidmətinə xitam verilməsi növündə intizam tənbehi tətbiq edilmişdir. Halbuki, İddiaçı borc alması nə cavabdeh inzibati orqanda inztizam icraatı aparılarkən, nə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təhqiqat araşdırılması həyata keçirilən zaman nədə Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)- 706/2022 saylı qətnaməsi ilə məyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, İddiaçı 05 aprel 2019-cu il tarixdə nikahı pozulması, onun himayəsində bir az yaşlı övladı olması, uşağa tək başına baxması intizam icraatı zamanı onun borc pul alamasında təqsirli olması sübuta yetirilmədiyi, həmçinin yetkinlik yaşına çatmayan evladına tək başına baxdığı yüngülləşdirici hallar nəzərə alınmadan digər əməkdaşa münasibətdə daha ağır intizam tənbehi tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi inzibati akt, yəni onun Dövlət Gömrük Komitəsinin gömrük orqanı əməkdaşına yaraşmayan davranışı nümayiş etdirdiyi üçün gömrük orqanlarından xaric edillməklə gömrük orqanlarında xidmətinə xitam verilməsi “xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmri iddiaçıya aid hissədə qanunsuz olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün iddiaçıya aid hissədə ləğv edilməli və bu səbəbdən də, iddiaçı əvvəlki hərbi vəziəfsinə bərpa edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilsin, İddiaçı xidmətə bərpa edilsin, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqı ödənilsin və xüsusi rütbə ilə təmin edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar