Məhkəmə qərarları › İş №2-1(120)-1957/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1957/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1957/2023 06.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı X17 iştirakı ilə, İddiaçı X17 Cavabdehnə qarşı “10 aprel 1998-ci iıdə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində X4, soyadı, adı və ata adı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli 40 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X17 Cavabdehnə qarşı 10 aprel 1998-ci iıdə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində X4, soyadı, adı və ata adı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli 40 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xx.xx.1998-cu ildə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 40 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi üçün Cavabdehnə rəsmi olaraq müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının bərpa və ləğv qaydalarf’nın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının bərpa və təkrar tərtib edilmiş qeydləri məhkəmə və qeydiyyat şöbələri ləğv edə bilər. Müraciətimə Cavabdehndə baxılmış və 13 yanvar 2023-cü il tarixdə mənə cavab məktubu göndərilmiş, həmin məktubda təqdim etdiyim sənədlərdə uyğunsuzluq olması əsas göstərilməklə müraciətinin icrasının təmin edilməsindən imtina edilmişdir. Həmçinin imtina məktubu onun doğum akt qeydindəki adına verilmişdir. Həmin imtinadan narazıdır, hesab edir ki, cavabdeh əsassız olaraq doğum haqqında akt qeydinin ləğv etməkdən imtina etmişdir. Qeydiyyat şöbəsinə müraciət edərkən kifayət qədər əsaslı sənədləri təqdim etsə də qeydiyyat şöbəsi tərəfindən müraciətinin icrası təmin edilməmişdir. Belə ki, o, xx xxxxxx 1998-ci ildə Rusiya Federasiyası X9-Yuqra (Tümen vilayəti) “V.İ.Yatskiv adına X12 Xəstəxanasında anadan olmuşdur. Onun həmin xəstəxanada doğulmağına dair, yəni onu anası X11 dünyaya gətirməsinə dair xəstəxananın doğum jurnalında qeydiyyat aparılmış və tibbi şəhadətnamə verilmişdir. Yəni onun anası X20, atası isə X3r. Onun adına Rusiya Federasiyası X9-Yuqranın Nefteyuqask şəhər adminstrasiyasının VVAQ şöbəsi tərəfindən 679 saylı doğum akt qeydi tərtib edilmiş və ona İddiaçı adı ilə ilkin doğum haqqında şəhadətnamə verilmişdir. O, doğulduğu vaxtdan Rusiya Federasiyasında yaşamaqla orada böyümüşdür, orada məktəbə getmiş və ümumi orta təhsil almışdır. Yəni bütün həyatı Rusiya Federasiyası ilə bağlı olmuşdur. Hazırda da onun valideyinləri Rusiya Federasiyasında yaşayırlar. Lakin o böyüdükdən sonra yəni 2017-ci ildən valideyinlərinin doğma vətəni olan Azərbaycan Respublikasına gələrək bir müddət burada yaşamışdır və ona xx.xx.2017-ci ildə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Rusiyaya qayıtdıqdan sonra isə onun müraciətinə əsasən Rusiya Federasiyası X9-Yuqranın Nefteyuqansk şəhər adminstrasiyası tərəfindən 12 yanvar 2022-ci il tarixdə onun doğum akt qeydində dəyişiklik edilmiş, adı “Məhəmədəli”dən “Əli”yə, atasının adı isə “Ağamoğlanoviç”dən “Ağayeviç”ə dəyişdirilmişdir. Bu barədə ona adının dəyişdirilməsi haqqında şəhadətnamə və yeni doğum haqqında yeni şəhadətnamə verilmişdir. O adın dəyişdirilməsinə dair şəhadətnamə və doğum haqqında yeni şəhadətnaməni təqdim edərək ona Rusiya Federasiyasında dəyişdirilmiş yeni ad və ata adının qeyd edildiyi vəsiqə ilə təmin edilməyi üçün “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Lakin həmin mərkəz tərəfindən araşdırılma aparılarkən məlum olmuşdur ki, onun adına, güya onun 10 aprel 1998-ci ildə Ağcabədi rayon Minəxorlu kəndində anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydi mövcuddur. O, Rusiyada doğulmağına dair şəhadətnaməni, Rusiya pasportunu, adın dəyişdirilməsi haqqında şəhadətnaməni və s sənədlərni təqdim etsə də həmin doğum akt qeydi ilə onun sənədləri arasında ciddi uyğunsuzluq olması bildirilərək onun adına qanunsuz olaraq tərtib edilmiş doğum akt qeydi ləğv edildikdən sonra bu məsələyə baxıla biləcəyi bildirilmişdir. Qeyd etdiyi kimi o, Azərbaycan Respublikasında doğulmamış, onun burada doğulmağına dair heç bir tibbi sənədə əşkar edilməmişdir. Onun nə Ağcabədi MX-nın doğum şöbəsində nə də Minaxorlu kənd xəstəxanasında doğulmağına dair heç bir məlumat aşkar edilməmişdir. Yəni barəsində olan doğum akt qeydi saxta tərtib edilmiş sənəddir. Ağcabədi rayon MX-nın və Kürdlər kənd tibb məntəqəsinin arayışlarından da görünür ki, onun Ağcabədi rayon ərazisində doğulmağına dair heç bir sənəd mövcud deyildir. Bu səbəbdən də onun guya 10 aprel 1998-ci ildə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 40 N-li doğum akt qeydinin qanunsuz hesab edilməsinin müəyyən edilməsini və həmin doğum akt qeydinin ləğv edilməsi öhtəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını istəyir. Onun 10 aprel 1998-ci ildə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində X1, adı və ata adı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli 40 N-li doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Ağcabədi rayon X13 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 637 nömrəli məktubundan görünür ki, X2 Ağcabədi rayon Minəxorlu kəndində anadan olmasına dair şəhadətnamənin tərtib edilməsi ilə bağlı Ağcabədi rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin Minəxorlu kənd həkim məntəqəsində doğulması barədə heç bir tibbi sənəd aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon X13 Hüquqi şəxsi X14 78 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı Ağamoğlan oğlunun anası X11 uşağı doğması və hamiləliyi barədə xəstəxanada heç bir qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/76-28/15 nömrəli imtina məktubundan qeyd edilmişdir ki, xx.xx.1998-ci il tarixdə Ağcabədi rayon Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 40 saylı doğum haqqında akt qeydi tərtib olunduğu halda, yenidən xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyasının Neftyuqansk WAQ şöbəsində 679 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının bərpa və təkrar tərtib edilmiş qeydləri məhkəmə və qeydiyyat şöbələri tərəfindən ləğv edilə bilər. İzah edirik ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1998-ci il tarixdə Ağcabədi rayon Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Eusiya Federasiyası orta ümumi təhsil haqqında Atestata əlavədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X21 Rus dili, Ədəbiyyat, Xarici dil (ingilis), Cəbr və analizin başlanğıcı, Həndəsə, İnformatika və İKT, Tarix, İctimaiyyət (iqtisadiyyat və hüquq), Coğrafiya, Fizika, Kimya, Biologiya, Texnologiya, Dünya bədii mədəniyyəti, Həyat fəaliyyəti təhlükəsizliyinin əsasları və Bədən tərbiyəsi fənlərindən ümumi orta təhsil almışdır. İş materiallarında olan Dövlət qeydiyyat yeri X10-Yuqranın Nefteyuqansk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin 98600087 X8 görünür ki, X21 xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayəti, Nefteyuqansk şəhərində anadan olmuş, bu haqda 1998-ci ilin avqust ayının 4-cü günündə 679 nömrəli doğum haqqında akt qeydi aparılıb. Valideyinləri atası X5 anası X16r. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Sertifikatdan görünür ki, Sülüymanov Məhəmmədəli “KİT-kompüter, informatika, texnologiya” Ümumirusiya müsabiqəsində iştirak etmişdir. İş materiallarında olan X10-Yuqranın Nefteyuqansk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin 98600087 xx.xx.2022-ci il tarixli Adın Dəyişdirilməsi haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı adının və ata adının dəyişdirilərək X21 edilmişdir və bu barədə 2022-ci il yanvar ayının 12-ci günündə **********08700002002 saylı qeyd aparılmışdır. İş materiallarında olan Rusiya Federasiyası X9-Yurqa (Tümen vilayəti) X9-Yurqa Səhiyyə Departamenti X9-X24 “V.İ.Yatskiv adına Heftyuqansk dairə Kliniki Xəstəxanası” (BM”V.İ.Yatskiv adına Neftyuqansk dairə kliniki xəstəxanası”) məktubundan görünür ki, doğuş jurnalının məlumatları üzrə Məlikova X.Q qızı xx.xx.1998-ci il tarixində saat 06:00-da Nefteyuqansk şəhər xəstəxanasının doğum şöbəsində kişi cinsli sağ, vaxtında doğulmuş uşaq doğmuşdur. Doğum zamanı yeni doğulanın çəkisi 3180 qr, boyu 53 sm olmuşdur. Daxil olarkən Məlikova X.Q qızının yaşayış ünvanı: mkr. 11, ev 88, mən 4 göstərilmişdir. Məktubu Ginekologiya, mamalıq və hamilələrə yardım üzrə baş həkimin müavini X15 vermişdir. İş materiallarında olan ********** nömrəli Rusiya Federasiyasının Vətəndaşının Pasportundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X21 doğum yeri Rusiya Federasiyası, Tümen vilayəti, Neftyuqansk şəhəri, pasport verən orqan X10-Yurqa üzrə Rusiya DİNİ tərəfindən verilmiş pasportla X17 Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan Rusiya Federasiyası orta ümumi təhsil haqqında atestatdan görünür ki, X23 2016-cı ildə Yurqa-X10 Neftyuqansk şəhərinin “X18 adına 2 saylı orta ümumitəhsil Məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsini bitirmiş və orta ümumi təhsil almışdır. İş materiallarında olan Ağcabədi rayon X13 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 548 nömrəli məhkəmə sorğusunun cavablandırılması barədə məktubundan görünür ki, X20 xx.xx.1998-xx.xx.1999-cu il tarixlərində “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsində qeydiyyatdan keçməyib və doğuş etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, akt qeydinin ümumiyyətlə ləğv edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin ləğv edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini və ya iddiaçının adına başqa doğum akt qeydinin olub-olmamasını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun:

2. Doğumun qeydə alınması 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. İnzibati icraat haqqında Qanunun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi onun adına Azərbaycan Respublikasında tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsidir, belə ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayəti, Nefteyuqansk şəhərində anadan olmuş, bu haqda 1998-ci ilin avqust ayının 4-cü günündə 679 nömrəli doğum haqqında akt qeydi aparılıb. Valideyinləri atası X5 anası X16r və bu halı təsdiq edən doğum haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Rusiya Federasiyası X9-Yurqa (Tümen vilayəti) X9-Yurqa Səhiyyə Departamenti X9-X24 “V.İ.Yatskiv adına Heftyuqansk dairə Kliniki Xəstəxanası” (BM”V.İ.Yatskiv adına Neftyuqansk dairə kliniki xəstəxanası”) məktubundan görünür ki, doğuş jurnalının məlumatları üzrə Məlikova X.Q qızı xx.xx.1998-ci il tarixində saat 06:00-da Nefteyuqansk şəhər xəstəxanasının doğum şöbəsində kişi cinsli sağ, vaxtında doğulmuş uşaq doğmuşdur. Ağcabədi rayon X13 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 548 nömrəli məhkəmə sorğusunun cavablandırılması barədə məktubundan görünür ki, X20 xx.xx.1998-xx.xx.1999-cu il tarixlərində “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsində qeydiyyatdan keçməyib və doğuş etməmişdir. Dövlət qeydiyyat yeri X10-Yuqranın Nefteyuqansk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin 98600087 X8 görünür ki, X21 xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayəti, Nefteyuqansk şəhərində anadan olmuş, bu haqda 1998-ci ilin avqust ayının 4-cü günündə 679 nömrəli doğum haqqında akt qeydi aparılıb. ********** nömrəli Rusiya Federasiyasının Vətəndaşının Pasportundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X21 doğum yeri Rusiya Federasiyası, Tümen vilayəti, Neftyuqansk şəhəri, pasport verən orqan X10-Yurqa üzrə Rusiya DİNİ tərəfindən verilmiş pasportla X17 Rusiya Federasiyasının vətəndaşıdır. Belə ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçının uşağı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda ikinci qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı barəsində hal-hazırda iki doğum haqqında akt qeydi qüvvədə olduğundan, qeyd edilən hal iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırdığından Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində X4, soyadı, adı və ata adı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli 40 nömrəli akt qeydinin ləğv edilməsini tələb etməkdə etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, 10 aprel 1998-ci iıdə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində X4, soyadı, adı və ata adı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli 40 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. 10 aprel 1998-ci iıdə anadan olmağına dair Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində X4 barəsində tərtib edilmiş xx.xx.1998-ci il tarixli 40 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar