Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1967/2024 05.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X3 Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X3 Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı 22 avqust 1957-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında, arxiv arayışında, diplomunda və hərbi biletində qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 22 avqust 1957-ci il tarixdə doğulmuşdur və 22 avqust 2022-ci ildə 65 yaşı tamam olmuşdur. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (1974-cü ildən xx.xx.2008-ci illər) fasilələrlə ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1974-cü ildən əmək fəaliyyətinə başlamış, əmək fəaliyyətini fasilələrlə davam etdirmiş və xx.xx.2008-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 274/1 nömrəli, 374 nömrəli arayışından və ona əlavə olunmuş əmrlər kitabından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli, 12 saylı əmr ilə “Xoşçobanlı” X6 Təsərrüfatına qəbul olunmuş, xx.xx.1996-cı il tarixli, 26 saylı əmr ilə işdən azad edilmişdir. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AT 002089 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə texnikoma daxil olmuş və mühasib ixtisası verilmişdir. İş materiallarında olan sığortaolunanın hesabı barədə arayışdan görünür ki, İddiaçı aprel 2018-sentyabr 2021-ci il tarixlərdə pensiya kapitalı 480,46 manat olmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 138000/6786 nömrəli arayışından görünür ki, İddiaçı 1998-ci ilin iyun ayından 2007-ci ilin iyul ayınadək işləmiş və əmək haqqı almış, əmək haqqlarının məbləği cədvəldə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərardan görünür ki, 1974-1976, 1978-1983, 1985-xx.xx.1992-ci illərin sığorta stajını əmək kitabçasına doldurarkən doldurulma qaydalarına düzgün riayət edilməməsi və həmin dövrlərdə möhürlərin olmaması, 1999-1 ay, 2000-ci ildə 6 ay əmək haqqı hesablanmadığından əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar qəbul olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunan 1974-1976, 1978-1983, 1985-xx.xx.1992-ci ilə kimi fasilələrlə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında və arxiv arayışlarında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan 1974-1976, 1978-1983, 1985xx.xx.1992-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən dövrlərin əmək kitabçasının doldurma qaydalarına riayət edilmədən doldurulması işçinin təqsiri yox işə götürənin təqsiri ucbatından yaranmışdır. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 1974-1976, 1978-1983, 1985-xx.xx.1992-ci illər “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının 1974-1976, 1978-1983, 1985-xx.xx.1992-ci illər fasilələrlə işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1974-1976, 1978-1983, 1985xx.xx.1992-ci illərdə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin məcburi sosial sığorta haqlarının ödənilməməsi, əmək kitabçasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada doldurulmaması, işə götürənin iddiaçının xeyrinə məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Cavabdeh inzibati orqan xx.xx.2006-cı ildək olan dövrə münasibətdə iddiaçının əmək kitabçasının doldurulması qaydasının pozulmasını, xx.xx.2018 ilədək olan dövrə münasibətdə iddiaçının xeyrinə məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Halbuki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 138000/6786 nömrəli arayışından görünür ki, İddiaçı 1998-ci ilin iyun ayından 2007-ci ilin iyul ayınadək, (o cümlədən xx.xx.2006-xx.xx.2007-ci illərdə) işləmiş və əmək haqqı almış, əmək haqqlarının məbləği cədvəldə qeyd edilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X3 Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X3 Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1967/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1967/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver