Məhkəmə qərarları › İş №2-1(120)-1976/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1976/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1976/2025 04.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Salyan Rayonlararası Psixiatriya X1 Şəxsi” və “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildə təvəllüdlüdür. 2000-ci ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olduğu 2003-cü ildə baş beyin xəsarəti almışdır. Bununla bağlı müayinə və müalicə olunmuşdur. Lakin aldığı xəsarət kəskinləşdiyindən müalicələr alsa da sağalmamışdır. xx.xx.2010-cu ildə Müdafiə Nazirliyi Hərbi həkim Komissiyası qərar vermiş, həmin qərara görə ona "Veqetativ damar distoniyası, nevrotik təzahürlərlə" diaqnozu qoyulub və "Xəstəlikdir, Hərbi Xidmət dövründə almışdır" Qərarı verilmişdir. 2014-cü ildə o, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil olmuşdur. 2021-ci ildə təkrar müayinə zamanı 3-cü qrup əlilliyi hərbi xidmət dövrü ilə əlaqədar aldığı təsdiqini tapıb. Bu ilin iyul ayının 7-də yenidən onu müddətdən əvvəl müayinəyə çağırdılar. Bu günlərdə ona məlum olmuşdur ki, cavabdeh təşkilat əlilliyini təsdiq etsə də ümumi xəstəliklə bağlı əlilliyini təsdiq etmişdir. 24 ildən sonra cavabdeh təşkilat haradan onun hərbi xidmət dövründə aldığı xəsarəti ümumi xəstəlik kimi müəyyənləşdirir. Hesab edir ki, cavabdeh təşkilatın səbəb əlaqəsinin dəyişdirilməsi qanunsuzdur. Belə ki, qərarla tanışlıq zamanı bəlli olur ki, cavabdeh təşkilat göstərir ki, xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətə 3 dərəcəli əlillik təyinatı qüvvədə saxlanılaraq, səbəb əlaqənin xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar olaraq dəyişdirilməsi barədə qərar verilib. Hazırda cavabdeh təşkilatın qərarından belə çıxır ki, o hərbi xidmətdə olmamış, xəsarət almamışdır. Cavabdeh təşkilatın qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, dəfələrlə müalicə olunmağı ilə bağlı sənədləri vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (damar mənşəli) şəxsiyyət və davranış pozuntusu. yaddaş və intellektin enməsi) Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi xx.xx.2003. 2003-2019-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun. əsası ilə Mərkəzə geri göndərilmişdir. Qanunvericlik normaları əlavə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, 3-cü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, 3-cü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçı uzun müddətdir ki, hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı qüvvədə saxlanılaraq səbəb əlaqəsinin xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik iİə əlaqədar olaraq dəyişdirilməsi barədə qəbul edilmiş qərardan məlumatlı idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Daha sonra İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021 -ci il tarixindən sonra vətəndaşa dair Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0234003AAP4G nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmış, lakin yaranmış texniki problemlərlə bağlı "Əlillik” altsisteminə hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 5 il imüddətinə üçüncü dərəcə əlillik təyinatı kimi daxil edilmişdir. Sonrakı dövrdə, əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən J00108284HEH nömrəli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilərək natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X3 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/1-Ə-16235/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin əsassız ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Q-15432/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olumuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1116 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi (damar mənşəli) şəxsiyyət və davranış pozuntusu. Yaddaş və intellektin enməsi” diaqnozu öz təsdiqini tapdığından xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sonuncu əyani müayinəsinin nəticəsi barədə 31 iyul 2024-cü il tarixli qərar qəbul edilmiş və xx.xx.2021-ci il tarixli Hərbi Xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılaraq səbəb əlaqəsinin xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar olaraq dəyişdirilməsi barədə qərara alınmışdır. Lakin iddiaçı inzibati məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllə: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı yardım edilərək barəsində inzibati orqan tərəfindən qəbul edilmiş əlverişsiz inzibati aktı mübahisələndirməli olduğu, qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuşdur. Lakin iddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı Cavabdehnə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar