Məhkəmə qərarları › İş №2-1(120)-1991/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1991/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1991/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əsassız olduğundan xx.xx.2024-cü il tarixli, DVX seriyalı 028228 nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış cərimənin silinməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əsassız olduğundan xx.xx.2024-cü il tarixli, DVX seriyalı 028228 nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış cərimənin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli-Bəhrəmtəpə yolunun kənarında əvvəllər maşın ehtiyat hissələrinin satışı ilə məşğul olduğu mağazası vardır. Gəlir əldə etmədiyindən artıq uzun müddətdir ki, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Həmin mağazada sahibkarlıq fəaliyyəti həyata keçirmir, satış işləri aparmır. Mağazanın yerləşdiyi yerin baxımsız qalmaması üçün həftədə bir neçə dəfə orda olur. Belə ki, o da öz hüququndan istifadə edərək, əmlakından qanunvericiliyə zidd olmayan şəkildə istifadə etmiş, satışı həyata keçirmədən mağazada olmuşdur. 2024-cü ilin avqust ayında adlarını xatırlamadığı özlərini vergi orqanının əməkdaşları kimi təqdim edən iki nəfər mağazaya gəliblər. Nəzarət-kassa aparatının quraşdırılmasını məsləhət görüblər. Lakin o, artıq fəaliyyət göstərmədiyini və buna görə də hətta sahibkarlıq fəaliyyətini rəsmi olaraq dayandırdığını bildirmişdir. Lakin onlar təftiş apardıqlarını və gələcəkdə fəaliyyətin bərpası zamanı nəzarət-kassa aparatının quraşdırılması halında yardım edəcəklərini, bunları məlumat xarakterli sənəddə qeyd etdiklərini bildirblər. Onun göstərilən sənədə imza etməyini istədilər, oxumadan sənədi imzalamışdır. Sonradan imzaladığı sənəddə həqiqəti əks etdirməyən məlumatların göstərildiyini oxumuşdur. Səbəbini bilməsə də qeyd edilən akt qərəzli olaraq tərtib edilmiş və aktdakı məlumatlar həqiqəti əks etdirmir. Aktda qeyd edilən hadisə ilə bağlı deyə bilər ki, aktda göstərilən “49BE917” dövlət qeydiyyat nişanlı avtomobilin sahibini tanımır. Həmin gün İmişli rayon mərkəzindən qayıdanda mağazanın yanından keçdiyindən mağazaya dönmüş, o, mağazanı açandan beş dəqiqə sonra qeyd edilən şəxs mağazaya daxil olaraq ondan maşın mühərriki üçün yağ istəmiş, o, isə satış fəalliyyətini həyata keçirmədiyini və ümumiyyətlə elə bir yağ növünün onda olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunaraq inzibati aktın ləğv edilməsinə dair qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia müddətinin tədbiq edilərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, ona xx.xx.2024-cü il tarixdə DVX seriyalı 028228 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında cərimə hesablanmışdır. Və həmin aktın ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçıya 10 dekabr 2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlayaraq izah etmişdir ki, mübahisələndirdiyi akt inzibati akt deyil, belə ki nəticəsi yoxdur.Həmin aktla idiaçıya yalnız qanunvericiliyin normları izah edilmişdir. Hüquqi marağının təmin olunması üçün xx.xx.2024-cü il tarixli **********42784 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını mübahisələdirmək hüququ vardır. Lakin iddiaçı iddia müddətinə münasibət bildirsə də, iddia tələbini dəqiqləşdirməmişdir. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin 16 oktyabr 2024-cü il tarixli qərarından da müəyyən olunur ki, iddiaçının yuxarı inzibati orqana şikayəti təmin edilməmiş və xx.xx.2024-cü il tarixli **********2784 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı hüquqi marağına uyğun olaraq düzgün inzibati aktı mübahisələndirmədiyindən iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar