Məhkəmə qərarları › İş №2-1(120)-1993/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1993/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1993/2025 30.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evinə və evin altındakı torpaq sahəsinə çıxarışın verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evinə və evin altındakı torpaq sahəsinə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların Masallı rayonu, Ləngan kəndində bir mərtəbəli çiy kərpicdən ibarət yaşayış evi olmuşdur. Həmin yaşayış evi sökülmüş və onun yerində təzə tikili tikilmiş, əraziyə görə təzə ev köhnə evin ərazisindən böyük olmuşdur. Hazırda təzə tikdirdiyi evin altında olan torpaq sahsinə çıxarış almaq istəyirlər. Bununla bağlı bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdirlər. Ona görədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir ki, evə və evin altında olan torpaq sahəsinə çıxarışın verilməsini cavabdeh orqanın üzərinə vəzifə kimi qoyulması istəyirlər. Qeyd olunanlara əsasən Masallı rayonunun Ləngan kəndində yerləşən yaşayış evi və evin özünə çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X2 izahatında iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələbi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciəti olmadığını bildirdi. Qeyd edilənlərin nəzərə alınıb, iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. İş materiallarına əlavə olunan iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evinə və evin altındakı torpaq sahəsinə çıxarışın verilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-3-44/2-KOL-0xx-xx/2024 nömrəli ərizənin icrasından imtina verilməsi barədə məktubunda qeyd edilmişdir ki, qeyd etdiyiniz fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edəcəyiniz təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarına əlavə olunan Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(120)-1993/2025 saylı hüquqi yardım məktubunun məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçılara yardım olunaraq, hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasına, yəni mübahisələndirdiyi torpaq sahəsinin ona məxsus olmasına dair ilkin hüquqmüəyyənedici sənədlərinin, həmçinin hazırkı iddia tələbi ilə cavabdehə ilkin müraciətindən imtina olunmasına dair sübutlarının məhkəməyə təqdim olunması təklif olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər və iş materialları nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evinə və evin altındakı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri aşkar olunmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli 13 oktyabr 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri də iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı hüquqi əsasla ona məxsus torpaq sahəsi barədə onun iradəsinə zidd onun adına çıxarış verilməsindən imtina olunsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən hazırda mübahisələndirilən torpaq sahəsinin hər hansı hüquqi əsasla hazırda iddiaçıya məxsus olması müəyyən edilməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin hər hansı qanuni əsaslardan biri ilə torpaq sahəsinin iddiaçılara məxsus olmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçılar həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evinə və evin altındakı torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar