Məhkəmə qərarları › İş №2-1(120)-20/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-20/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-20/2020 01.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı «Vüsal-Y» fərdi kiçik müəssisəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X4rşı «Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərarı ilə Cəlilabad şəhəri H.Əliyev prospektində «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «Vüsal-Y» fərdi kiçik müəssisəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərarı ilə Cəlilabad şəhəri H.Əliyev prospektində «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cəlilabad Rayon İcra Hakimiyyəti və Cəlilabad bələdiyyəsi iş üzrə üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Vüsal-Y» fərdi kiçik müəssisəsi 1995-ci ildən Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Cəlilabad şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vüsal- Y» fərdi kiçik müəssisəsinə torpaq sahəsi ayrılması xahiş edilmiş və ərizələrinə aidiyyati üzrə baxılması üçün Cəlilabad rayon İcra Hakimiyyətinə göndərilmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin göstərişinə əsasən Cəlilabad rayon Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 07 saylı iclas protokolundan çıxarış Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2003-cü il tarixli rəyi, «Vüsal-Y» fərdi kiçik müəssisəsinə kommersiya xidməti məqsədi ilə torpaq sahəsinin seçilməsi barədə aktı, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə və Cəlilabad rayon Bələdiyyəsi torpağında «Gözəllik salonu» inşası üçün «Vüsal-Y» fərdi kiçik müəssisəsinə istifadəyə verilən sahənin planı tərtib olunmuş və X10 küçəsində «Gözəllik salonu» inşa etmək üçün «Vüsal-Y» fərdi kiçik müəssisəsinə Bələdiyyə torpaq sahəsindən kommersiya xidməti məqsədi üçün əvvəl 60 kv.metr, sonra isə 120 kv.metr torpaq sahəsi ayrılaraq icarəyə verilmişdir. xx xxxx 2003-cü il tarixli 54 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən torpaq sahəsi 2043 (iki min qırx üç)-cü ilə kimi qüvvədə olmaqla, hər il 120.000 manat icarə haqqı ödənilmişdir. Sonra isə xx.xx.2004-cü il tarixli 2 nömrə ilə qeydiyyata alınmış ərizə ilə Cəlilabad rayon Bələdiyyəsinə müraciət edilərək, Cəlilabad rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 07 saylı qərarı ilə «Vüsal-Y» fərdi kiçik müəssisəsinə kommersiya xidməti məqsədi üçün ayrılaraq icarəyə verilmiş 120 kv.metr torpaq sahəsinin müəssisənin mülkiyyətinə satılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Xahiş nəzərə alınmaqla Cəlilabad rayon Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli iclas protokolundan çıxarış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi, torpaqların alqı-satqısına dair akt, Cəlilabad Bələdiyyəsinin ərazisindən «Vüsal-Y» fərdi kiçik müəssisəsinə kommersiya xidməti məqsədi ilə mülkiyyətə veriləcək torpaq sahəsinin seçilməsi barədə akt və X10 küçəsində (hazırkı Heydər Əliyev prospekti) Cəlilabad Bələdiyyəsi torpağında «Gözəllik salonu» inşası üçün «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə verilən sahənin planı tərtib olunmaqla, həmin torpaq sahəsinin mülkiyyətinə satılması qərara alınmışdır. Alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə Cəlilabad rayon X1 hesabına «Vüsal-Y» fərdi kiçik müəssisəsi tərəfindən 432000 manat pul köçürülmüşdür. xx.xx.2018-ciil tarixdə isə cavabdehə ərizə ilə müraciət edərək, Cəlilabad rayon Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli iclas protokoluna və aşağıda göstərilən rəsmi qeydiyyata alınmış sənədlərə əsasən «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış və Cəlilabad şəhəri Heydər Əliyev prospektində (Qurtuluş küçəsində) «Gözəllik salonu» inşa etmək üçün bələdiyyə torpaq sahəsindən kommersiya xidməti məqsədi üçün ayrılmış 120 kv.metr torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubunda imtinanı əsaslandıraraq göstərmişdir ki sənədlərin kadastr ekspertizası zamanı müəyyən edilmişdir ki, Cəlilabad Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərarı ilə Cəlilabad şəhər ərazisindən «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 kv.metr torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyətidir. Bununla yanaşı, həmin torpaq sahəsində dövlət əmlakına məxsus uşaq bağçasının binası yerləşdiyini qeyd etmişdir. Qeyd olunanlaran görünür ki, sənədlərdə ziddiyyətlər və uyğunsuzluqlar mövcuddur. Cavabdehin imtinası əsassızdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd edilmişdir ki, «Vüsal-Y» fərdi kiçik müəssisəsinin direktoru X5 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X11 tərəfindən rəsmi olaraq bildirilmişdir ki, sənədlərin kadastr ekspertizası zamanı müəyyən edilmişdir ki, Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərarı ilə Cəlilabad şəhəri ərazisindən «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyətinə aiddir. Bununla yanaşı həmin torpaq sahəsində dövlət əmlakına məxsus uşaq bağçasının binası yerləşir. Sənədlərdə ziddiyyətlər və uyğunsuzluqlar mövcuddur. «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən, «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutub, torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyatından imtina edilmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçı «Vüsal-Y» fərdi kiçik müəssisəsinə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X9, üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinə, Cəlilabad Rayon İcra Hakimiyyətinə və Cəlilabad bələdiyyəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Cəlilabad bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 07 saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad Bələdiyyə torpaqlarından kənd təsərrüfatına az yararlı hissəsindən 120 kv.m. torpaq sahəsi «Gözəllik» salonu tikmək üçün «Vüsal-Y» fərdi kiçik müəssisəsinin istifadəsinə verilməsi, həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materialında olan «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx xxxx 2003cü il tarixli 54 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad bələdiyyəsi 120 kv.m torpaq sahəsini kommersiya məqsədilə «icarəçi» «Vüsal-Y» fərdi kiçik müəssisəsinin uzun müddətli istifadəsinə vermişdir. Müqavilə 2043-cü ilə kimi qüvvədədir. İş materialında olan Cəlilabad bələdiyyəsinin torpaqlarından «Vüsal-Y» fərdi kiçik müəssisəsinə kommersiya xidməti məqsədilə torpaq sahəsinin seçilməsi barədə xx xxxx 2003-cü il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, komissiya mövcud qanunvericilik əsasında «Vüsal-Y» fərdi kiçik müəssisəsinə «Gözəllik salonu» inşa etdirmək üçün istifadə veriləcək torpaq sahəsinə baxış keçirmiş və naturada Şimaldan – səki, Cənubdan – 3 saylı uşaq bağçasının ərazisi, Qərbdən – mehmanxana binası, Şərqdən – 3 saylı uşaq bağçasının ərazisi qonşuluqlar olmaqla ayrılmışdır. İş materialında olan Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli iclas protokolundan çıxırışın təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad bələdiyyəsi ərazisindən kommersiya xidməti məqsədilə 120 kv.m. torpaq sahəsi «Vüsal- Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış, «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 kv.m. torpaq sahəsinin dəyəri 432 min manat Cəlilabad bələdiyyəsinin X6 rayon şöbəsindəki hesabına və ya Cəlilabad bələdiyyəsinin xəzinəsinə ödənilməsi, torpağın alqı-satqısına dair akt tərtib edilməsi və Azərbaycan Respublikası DTXK-nin Cəlilabad rayon şöbəsindən onu qeydiyyata alması qərara alınmışdır. İş materialında olan Cəlilabad bələdiyyəsi ilə «Vüsal-Y» fərdi kiçik müəssisəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli «bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı» müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad bələdiyyəsi 120 kv.m. torpaq sahəsini kommersiya məqsədilə «Vüsal-Y» fərdi kiçik müəssisəsinə satış qiyməti 1 kv.m üçün 3600 manat olmaqla satmışdır. İş materialında olan Cəlilabad bələdiyyəsi torpaqlarından “gözəllik salonu inşası üçün” «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə verilən sahənin planının təsdiq olunmuş surətindən görünür ki, həmin plan Azərbaycan Respublikasının DT və XK-nin Cəlilabad rayon şöbəsinin müdiri və Cəlilabad RİH-nin baş memarı ilə razılaşdırılaraq onlar tərəfindən təsdiq edilmişdir. İş materialında olan torpaqların alqı-satqısına dair xx xxxxxxx 2004-cü il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, X5 Cəlilabad Bələdiyyəsinin ərazisindən 120 m2 torpaq sahəsinin satılması barədə xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərar qəbul edilmiş və bunun müqabilində F.Ə.Nağıyeva tərəfindən Beynəlxalq Bankın rayon şöbəsinin hesabına 432000 (dörd yüz otuz iki min) manat haqq ödənilmişdir. Akt Azərbaycan Respublikasının DT və XK-nin Cəlilabad rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 192 nömrə ilə qeydiyyata alınmışdır. İş materialında olan X3 xx xxxx 2020-ci il tarixli 197 saylı tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq, Cəlilabad Bələdiyyəsinin ərazisindən kommersiya xidməti məqsədilə 120 kv.m torpaq sahəsinin «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılması haqqında Cəlilabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 nömrəli qərarı qəbul olunarkən həmin torpaq sahəsi Cəlilabad bələdiyyəsinin mülkiyyətində olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X7 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar əsasında müəyyən olunmuşdur ki, Cəlilabad Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli qərarı və eyni tarixdə «Vüsal-Y» fərdi kiçik müəssisəsi ilə bağladığı torpaq icarəsi müqaviləsinə əsasən 120 kv.m torpaq sahəsi «Gözəllik» salonu tikmək üçün «Vüsal-Y» fərdi kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli qərarı ilə sözügedən 120 kv.m torpaq sahəsi Cəlilabad Bələdiyyəsi tərəfindən iddiaçıya satılmış və onlar arasında xx.xx.2004-cü il tarixdə «bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı» müqaviləsi də bağlanmışdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyətinə aiddir. Bununla yanaşı həmin torpaq sahəsində dövlət əmlakına məxsus uşaq bağçasının binası yerləşir. xx.xx.2001-ci il tarixli «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə əsasən, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və xx xxxx 2014-cü ilədək qüvvədə olmuş «Torpaqların alqısatqısı» qaydalarına əsasən Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş torpaqların alqı-satqısına dair xx xxxxxxx 2004-cü il tarixli aktdan görünür ki, həmin akt Cəlilabad bələdiyyəsinin sədri A.Bünyadov və Azərbaycan Respublikasının DT və XK-nin Cəlilabad rayon şöbəsinin müdiri F.Hüseynov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. xx.xx.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. X3 xx xxxx 2020-ci il tarixli 197 saylı tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Cəlilabad Bələdiyyəsinin ərazisindən kommersiya xidməti məqsədilə 120 kv.metr torpaq sahəsinin «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılması haqqında Cəlilabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 nömrəli qərarı qəbul olunarkən həmin torpaq sahəsi Cəlilabad bələdiyyəsinin mülkiyyətində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarı əsasında iddiaçıya satıldığından iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yenə həmin Qanunun 10.1-ci maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsasdır və iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqan isə qanuni əsas olmadan həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı hazırkı vaxtadək etibarsız hesab olunmamış, hazırda qüvvədədir. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina qərarı kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin imtinası iddiaçının hüququnun pozulmasına səbəb olduğundan iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 üzərinə Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərarı ilə Cəlilabad şəhəri H.Əliyev prospektində «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 üzərinə Cəlilabad bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 09 nömrəli qərarı ilə Cəlilabad şəhəri H.Əliyev prospektində «Vüsal-Y» fərdi kiçik müəssisəsinin mülkiyyətinə satılmış 120 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar