Məhkəmə qərarları › İş №2-1(120)-2008/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2008/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2008/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «04 noyabr 2015-ci il tarixdə X17 barəsində tərtib edilmiş 1417 saylı doğum haqqında və 04 noyabr 2015-ci il tarixdə tərtib edilmiş 525 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, “04 noyabr 2015-ci il tarixdə X17 barəsində tərtib edilmiş 1417 saylı doğum haqqında və 04 noyabr 2015-ci il tarixdə tərtib edilmiş 525 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı ildə Sabirabad rayonunun Türkədi kəndində anadan olub. xx.xx.2016-ci ildə Sabirabad rayonunun Türkədi kənd sakini X8 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X7 xx.xx.2014-cü ildə Əsgər, xx.xx.2026-cı ildə Müslüm və xx.xx.2021 -ci ildə Mədinə adlı uşağları anadan olub. X5 17 dekabr 2014-cü ildə Rusiya Federasiyasının Vladimir Vilayətinin Vladimir şəhərində anadan olub və 26 dekabr 2014-cü ildə Rusiya Federasiyasının Vladimir vilayəti Vladimir şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən ona 4824 saylı doğum haqqında akt qeydi əsasında doğumu qeydə alınaraq İ-HA seriyalı 875431 nömrəli doğum haqqında şəhadətnamə verilib. Lakin həmin şəhadətnamə itirildiyi üçün Yolçubəyli kənd həkim tibb məntəqəsindən alınmış arayış əsasında 04 noyabr 2015-ci ildə X11 Cavabdehndən AZ-İİİ seriyalı 641632 nömrəli doğum və AZ-İ seriyalı 297245 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınaraq orada uşağın soyadını Həsənli yazdırmışlar. Daha sonra isə Əsgər Həsənli üçün AZE seriyalı 12344504 nömrəli şəxsiyyət vəsiqəsi əldə ediblər. Bundan xeyli müddət sonra Rusiya Federasiyasının Vladimir vilayəti Vladimir şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində 4824 saylı doğum haqqında akt qeydi əsasında verilmiş 1-HA seriyalı 875431 nömrəli doğum haqqında şəhadətnaməni tapılıb və Sabirabad Asan xidmətinə gedilərək uşağa həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi verilməsi bildirilib. Bu zaman məlumat veriblər ki, qeydiyyat şöbəsinə müraciət edin orada uşaq barəsində tərtib edilmiş doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydləri ləğv edilsin, sonra Rusiya Federasiyasından alınmış doğum haqqında şəhadətnaməni tərcümə edib gətirin sistemə işlən ilsin və daha sonra uşağa Rusiya Federasiyasında alınmış doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi verilsin. Buna görə də Sabirabad regional “Asan xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 noyabr 2015-ci il tarixdə 1417 nömrə ilə qeydə alınmış doğum və 04.1 1.2025-ci il tarixdə 525 nömrə ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv edilməsi üçün Sabirabad rayon qeydiyyat şöbəsinə müraciət etdi. Lakin ona bunun ləğv edilməsinin məhkəmənin səlahiyyətində olduğu bildirilərək bundan imtina edildi və bu barədə imtina rəyi təqdim olundu. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan AA3112908 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Türkədi kəndində yaşayır. -İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1996cı ildə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Türkədi kəndində yaşayır. -İşdə olan AA12344504 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X17 xx.xx.2014cü ildə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Türkədi kəndində qeydiyyatdadır. -İşdə olan AZ-İİİ № 641632 saylı, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2014-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. -İşdə olan AZ-İ № 297245 nömrəli, xx.xx.2015-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü ildə İddiaçı doğulmuş X9 atası hesab edilmişdir. -İşdə olan Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, 04 noyabr 2015-ci il tarixdə Sabirabad regional "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 1417 nömrə ilə tərtib edilmiş doğum və 04 noyabr 2015-ci il tarixdə 525 nömrə ilə tərtib edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv edilməsindən imtina edilmişdir. -İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/-xxxx/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixdə vətəndaşlar X8 ilə İddiaçı Cavabdehnə rəsmi nikahlarından evvəl xx.xx.2014-cü il tarixində doğulmuş övladlarının doğumunun dövlət qeydiyyatına alınması üçün müraciət etmişlər. Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemində axtarış aparılmış və övladlarının doğumu haqqında məlumat aşkar edilməmişdir. Vətəndaşlarda övladlarının doğumunun Rusiya Federasiyasında qeydə alınması barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 2.5.3-cü bəndlərinə uyğun olaraq doğumun qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədi ilə aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Doğumun qeydə alınması üçün Cavabdehnə Sabirabad MRX-nin xx.xx.2015-ci il tarixli, **********84 nömrəli doğum haqqında tibbi şəhadətnaməsi ilə müraciət edilmişdir. Təqdim olunan sənədlər əsasında vətəndaşlara xx.xx.2015-ci il tarixli, AZ-İİİ 641632 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Uşağın valideynləri arasındakı nikah xx.xx.2016-cı ildə yəni uşağın doğumundan sonra olduğu üçün valideynlərin birgə ərizəsi əsasında xx.xx.2015-ci il tarixində doğum şəhadətnaməsi ilə bərabər atalığın müəyyən edilməsi qeydə alınmış və bu barədə AZ-İ 297245 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. - İşdə olan Sabirabad RİHB-nin Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-70-36/2- 134/2025 nömrəli arayışda göstərilmişdir ki, Həsənova X3 rayonu Yolçubəy kənd İƏD-nin Türkədi kəndində qeydiyyatdadır. O Sabirabad rayonu Türkədi kəndində doğulub, halhazırda Türkədi kəndində qeydiyyatda olmasına baxmayaraq Rusiya Federasiyasının Vladimir şəhərində ailəsi ilə birlikdə yaşayır. Həmçinin İddiaçı orta təhsilini Vladimir şəhərində almışdır. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: X8-həyat yoldaşı-xx.xx.1989 X17-oğlu-xx.xx.2014, X15 oğlu-xx.xx.2016, X12-qızı-xx.xx.2021. -İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xxxx/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasf’nın 11-ci bəndinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 12.9-cu bəndinə əsasən bəzi sənədlər yandırma yolu ilə məhv edilmişdir. Doğumun qeydə alınması üçün Cavabdehnə Sabirabad MRX-nin xx.xx.2015-ci il tarixli, **********84 nömrəli doğum haqqında tibbi şəhadətnaməsi ilə müraciət edilmişdir. Təqdim olunan sənədlər əsasında vətəndaşlara xx.xx.2015-ci il tarixli, AZ-İİİ 641632 nömrəli doğum haqqında şəhadətnamə və valideynlər arasındakı nikah xx.xx.2016-cı ildə yəni uşağın doğumundan sonra olduğu üçün valideynlərin birgə ərizəsi əsasında xx.xx.2015-ci il tarixində doğum şəhadətnaməsi ilə bərabər atalığın müəyyən edilməsi qeydə alınmış və bu barədə AZ-İ 297245 nömrəli atalığın müəyyən ediməsi haqqında şəhadətnamə verilmişdir. -İşdə olan ********* nömrəli, xx.xx.2015-ci il tarixli atalığı müəyyən etmək haqqında aktın qeydindən görünür ki, X8 xx.xx.2014-cü ildə İddiaçı doğulmuş X10 atası hesab edilmişdir. -İşdə olan ********* nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında aktın qeydindən görünür ki, X17 xx.xx.2014-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İşdə olan Vladimir şəhər təhsil administrasiyası idarəsi Bələdiyyə büdcə ümumtəhsil müəssisəsi Vladimir şəhəri “1 saylı təhsil mərkəzi”nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, X13, ondan ötrü ki, o 2024/2025 tədris ilində Bələdiyyə büdcə ümumtəhsil müəssisəsi Vladimir şəhəri w‘l saylı təhsil mərkəzi”ndə 2-ci sinif şagirdidir. İşdə olan X21 X6 “X14"nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1996-cı il təvəllüdlü pasiyent İddiaçı xx.xx.2014-cü il saat 12:10-da VV DBSM "RPM”-də, çəkisi 2950,0 qram boyu 49 sm olan oğlan uşağı dünyaya gətirmişdir. İşdə olan Rusiya Federasiyası, Vladimir vilayəti, Vladimir şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, İ-HA 875431 saylı doğum haqqında şəhadətnamənin, 4698 və 400 saylı müavinət alınması barədə doğum haqqında arayışların təsdiq edilmiş surətinə əsasən, xx.xx.2014-cü il tarixdə X2 Federasiyası, Vladimir vilayəti, Vladimir şəhərində anadan olmuşdur. Anası olaraq İddiaçı göstərilmişdir. -İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfində məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı 2014-2015-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. Tarix İstiqamət Sənədin Ölkə nömrəsi xx.xx.2014 Çıxış C00674420 Rusiya xx.xx.2015 Giriş AA95554 Rusiya xx.xx.2015 Çıxış C00674420 Rusiya -İşdə olan Sabirabad regional “ ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-22-380/2025 nömrəli məktubunda göstərilmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin iştirakını təmin edə bilməyəcik.İddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırıq və tələb təmin ediləcəyi təqdirdə Cavabdeh üzərinə düşən öhdəlik icra ediləcəkdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Vladimir vilayəti, Vladimir şəhərində oğlan uşağı dünyaya gətirmiş və ona Rusiya Federasiyası, Vladimir vilayəti, Vladimir şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, İ-HA 875431 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı ölkəyə qayıdaraq doğumun qeydə alınması üçün Cavabdehnə Sabirabad MRX-nin xx.xx.2015-ci il tarixli, **********84 nömrəli doğum haqqında tibbi şəhadətnaməsi ilə müraciət edilmişdir. Təqdim olunan sənədlər əsasında vətəndaşlara xx.xx.2015-ci il tarixli, AZ-İİİ 641632 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Uşağın valideynləri arasındakı nikah xx.xx.2016-cı ildə yəni uşağın doğumundan sonra olduğu üçün valideynlərin birgə ərizəsi əsasında xx.xx.2015-ci il tarixində doğum şəhadətnaməsi ilə bərabər atalığın müəyyən edilməsi qeydə alınmış və bu barədə AZ-İ 297245 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Hazırda İddiaçı 04 noyabr 2015-ci il tarixdə X17 barəsində tərtib edilmiş 1417 saylı doğum haqqında və 04 noyabr 2015-ci il tarixdə tərtib edilmiş 525 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Rusiya Federasiya getmiş, övladını dünyaya gətirdikdən 3 ay sonra, yəni xx.xx.2015-ci il tarixdə ölkəyə qayıtmışdır. Bu halda iddiaçının övladının xx.xx.2014-cü il tarixdə Sabirabad rayonunda dünyaya gəlməsi mümkün deyildir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt və atalığın müəyyən edilməsi barədə akt qeydinin aktın tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydi və atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə 04 noyabr 2015-ci il tarixdə X17 barəsində tərtib edilmiş 9140 1 1417 saylı doğum haqqında və 04 noyabr 2015-ci il tarixdə tərtib edilmiş 9140 5 0525 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar