Məhkəmə qərarları › İş №2-1(120)-201/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-201/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-201/2024 27.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 27 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ona ayrılmış 200 kv.m torpaq sahəsində inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnun qeydə alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli və 13 mart 2024-cü il tarixli qərardadları ilə Lənkəran rayonu Kərgəlan bələdiyyəsi, X3 və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Kərgəlan Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən, “Torpağın alqısatqısına dair” Aktla Lənkəran rayonu Kərgəlan kəndində 200 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə ona satılmışdır. Bundan başqa, Lənkəran rayon Kərgəlan Bələdiyyəsinin və Rayon Torpaq Xəritəçəkmə Şöbəsinin əməkdaşları ilə birlikdə ona ayrılmış torpaq sahəsinin sxemi çəkilmişdir. Lənkəran rayon Kərgəlan Bələdiyyəsinin məktubuna əsasən Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin cavab məktubunda bildirilmişdir ki, Lənkəran rayon Kərgəlan Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Lənkəran rayonu, Kərgəlan kəndində 200 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə İddiaçı qanunlara əməl etməklə sahibkarlıq fəaliyyəti kimi icazə verilməsi məqsədəmüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 817 nömrəli məktubla bildirilmişdir ki, satılması müəyyənləşdirilmiş torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğunu nəzərə alıb torpaqların alqı-satqısı qaydasına əsasən pulu əvvəlcədən Bələdiyyə hesabına köçürməklə Lənkəran rayonu, Kərgəlan kəndində 200 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə İddiaçı satıla bilər. Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidməti MMC-nin məktubunda bildirilmişdir ki, X5” Qanunun 15-1 maddəsinə əsasən, yaşayış məntəqələri hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolağı istisna olmaqla, inzıbati-ərazi hüdudları daxilində pay torpaqları, küçələr, keçidlər, küçə işıqlandırma avadanlıqları, ictimai nəqliyyat xətləri, digər yollar və qurğuların saxlanması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin torpaq sahəsində tikili aparılması üçün qanunun tələb etdiyi bütün sənədlər aidiyyəti qrumlar tərəfindən təsdiq olunmuşdur. Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər təqdim olunsada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi 25 fevral 2022-ci il tarixli, **********85 nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsinin tikilinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdır. Halbuki, həmin ərazinin Bələdiyyə torpağı olması aidiyyəti orqanların əgər qeyd olunan torpaq sahəsi yolun mühafizə zolağında yerləşsəydi tikinti aparılmasına icazə verilməzdi. Qeyd olunanlara əsasən Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər təqdim olunsada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasının əsassız və qanunsuz olduğunu hesab edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi faktiki mülkiyyətində olan tikilinin dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina etmişdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçıya ayrılmış 200 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinə dair təqdim olunmuş sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun olduğu məlum olmuşdur. Bu səbəbdən mühüm əhəmiyyətli sənədlərdən sayılan həmin ilkin hüquqmüəyyənedici sənədlərin qanuniliyi və əsaslılığı baxımından araşdırılması zərurəti yaranmışdır. Belə ki, Lənkəran rayonu, Kərgəlan bələdiyyəsinin müvafiq qərarı ilə sahibkarlıq məqsədilə ayrılmış həmin 200 kv.m torpaq sahəsi DWG (xəritə) baza məlumatlarına əsasən ümumi istifadədə olan ərazidə olmaqla yolun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolaqlarının ölçüləri 60 metrdən 30 metrə qədər müəyyən edilmişdir. Faktiki yerində aparılan müayinənin və sənədləıin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, müvafiq bələdiyyə qərarı ilə hazırki iş üzrə iddiaçı şəxsə ayrılmış həmin 200 kv.m sahibkarlıq məqsədli torpaq sahəsi Lənkəran-Lerik avtomobil yolunun orta xəttindən 12,5 metr aralıqda yerləşməklə, faktiki göstərilən yer rəqəmsal planda olan mövcud koordinatlar üzrə yolun mühafizəsinə düşür. Bu baxımdan bildirirlər ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Odur ki, hazırki iş üzrə iddia tələbinin təmin olunması proseduruna qanunamüvafiq olaraq etiraz edirlər, habelə iddianın mümkünsüzlüyü barədə qərar qəbul edilməsini xahiş edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin, üçüncü şəxsin nümayəndələri və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin, üçüncü şəxsin nümayəndələrinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarından, o cümlədən işdə olan Dövlət Torpaq və Xəritəçəəkmə Komitəsi Lənkəran rayon şöbəsinin 03 noyabr 2007-ci il tarixli 817 nömrəli məktubundan, torpaq sahəsinin sxemindən, 05 noyabr 2007-ci il tarixli 12 saylı qərardan, 09 noyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan və seriya ÇVU 036898 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, İddiaçı 01 noyabr 2007-ci il tarixdə ərizə ilə Lənkəran rayonu, Kərgəlan bələdiyyəsinə müraciət edərək sahibkarlıq fəaliyyəti üçün ona 0,02 ha (200 kv.m) torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Dövlət Torpaq və Xəritəçəəkmə Komitəsi Lənkəran rayon şöbəsi Kərgəlan bələdiyyəsinə ünvanladığı 03 noyabr 2007-ci il tarixli, 817 nömrəli məktubla sahibkarlıq məqsədi üçün iddiaçıya satılması müəyyənləşdirilmiş 200 kv.m torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olduğu, torpaqların alqı-satqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyənin hesabına köçürülməklə satıla biləcəyi barədə rəy vermiş, həmin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəəkmə Komitəsi Lənkəran rayon şöbəsinin və Kərgəlan bələdiyyəsinin möhürləri ilə təsdiq olunmuş sxemi tərtib edilmiş, Lənkəran rayonu, Kərgəlan bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı sahibkarlıq məqsədi ilə 200 kv.m torpaq sahəsinin ayrılması, torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi və təsdiq olunmuş formaya uyğun alqı-satqı aktının tərtib edilməsi barədə qərar qəbul edilmiş, iddiaçı tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı seriya ÇVU 036898 nömrəli kassa mədaxil orderi ilə 120 manat məbləğində pul vəsaiti Kərgəlan bələdiyyəsinin hesabına köçürülmüş, qeyd olunan 0,02 ha (200 kv.m) torpaq sahəsinin alqı-satqısına dair 09 noyabr 2007-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********85 nömrəli “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” bildirişindən müəyyən olunur ki, İddiaçı 21 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə ona ayrılmış, alqısatqı predmeti olan 200 kv.m torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılmasını xahiş etmiş, təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmış, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin sahibkarlıq məqsədli 200 kv.m torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim olunmuş sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sözügedən torpaq sahəsinə dair təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən həmin torpaq sahəsi ümumi istifadədə olmaqla, rayonlararası Lənkəran-Lerik avtomobil yolunun 12,5 metrlik mühafizə zolağına düşür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolaqlarının ölçüləri 60 metrdən 30 metrə qədər müəyyən edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, təqdim olunmuş sənədlər üzrə yaranmış hüquqlara dair həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı müvafiq hüquqmüəyyənedici sənədləri əlavə etməklə Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti məqsədilə ona satılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyatın aparılması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin rayonlararası Lənkəran-Lerik avtomobil yolunun 12,5 metrlik mühafizə zolağına düşməsi səbəbindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Kərgəlan kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi Lənkəran-Lerik magistral avtomobil yolunun mühafizə zolağına düşürmü və yolun mühafizə zolağından hansı məsafədə yerləşir? - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olub-olmaması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli, 10/6332 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2126/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Kərgəlan kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2126/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının 39 kv.m hissəsinin xüsusi mülkiyyətdə (daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış) olan torpaq sahəsinin və 20 kv.m hissəsi isə **********0112 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələiəri Dövlət Xidməti Daşınmaz Əmiakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2126/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi Lənkəran-Lerik yerli əhəmiyyətli (R) avtomobil yolunun hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən qərb istiqamətindən 12,5 m, şərq istiqamətindən isə 9,2 m məsafədə yerləşməsi müəyyən olunmuş və sözügedən torpaq sahəsinin 40 kv.m hissəsinin Lənkəran-Lerik yerli əhəmiyyətli (R) avtomobii yolunun mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2126/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin 39 kv.m hissəsinin xüsusi mülkiyyətdə, 40 kv.m hissəsinin dövlət mülkiyyətində (yolun mühafizə zonasına düşən), qalan hissəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2126/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin 33 kv.m hissəsinin ümumi istifadədə olan torpaq sahələrinə aid olması müəyyən olunmuşdur. Göründüyü kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2126/2023 saylı mütəxəssis rəyinə və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli, 10/6332 nömrəli ekspert rəyinə əsasən, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsinin 39 kv.m hissəsi xüsusi mülkiyyətdə, 40 kv.m hissəsi dövlət mülkiyyətində (yolun mühafizə zonasına düşən), qalan hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla 33 kv.m hissəsi ümumi istifadədə olan torpaq sahələrinə aiddir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Məmmədov X6 rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə satılmış 200 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətdə olan 39 kv.m, dövlət mülkiyyətində olan 40 kv.m, ümumi istifadədə olan 33 kv.m, cəmi 112 kv.m. hissəsi istisna olmaqla, qalan 88 kv.m hissəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə “dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda” hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Bundan başqa, məhkəmə hesab edir ki, Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsinin torpaqların elektron baza məlumatlarında 39 kv.m. hissəsinin xüsusi mülkiyyətdə olan, 40 kv.m. hissəsinin dövlət mülkiyyətində olan, qalan 121 kv.m. (o cümlədən 33 kv.m. ümumi istifadədə olan) hissəsinin bələdiyyə mülkiyyətində olan torpaqlara aid edilməsində, qeyd olunan torpaq sahələrinin ona satılmasında iddiaçı təqsirli olmadığından bunun məsuliyyətinin iddiaçının üzərinə qoyulması yolverilməzdir və İddiaçı ona satılmış 200 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətdə olan 39 kv.m, dövlət mülkiyyətində olan 40 kv.m, ümumi istifadədə olan 33 kv.m, cəmi 112 kv.m. hissəsi istisna olmaqla, qalan 88 kv.m. hissəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş və həmin hissədə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit olunmuş hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı Məmmədov X6 rayonu Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə ona satılmış 200 kv.m torpaq sahəsinin 88 kv.m. hissəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan 200 kv.m torpaq sahəsinin 88 kv.m hissəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə və heç bir pozuntuya yol verilmədən satıldığından, sözügedən torpaq sahəsinin ayrılması barədə Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən iddiaçının ona satılmış 200 kv.m torpaq sahəsinin 88 kv.m hissəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə satılmış 200 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətdə olan 39 kv.m, dövlət mülkiyyətində olan 40 kv.m, ümumi istifadədə olan 33 kv.m, cəmi 112 kv.m hissəsi istisna olmaqla, qalan 88 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə satılmış 200 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətdə olan 39 kv.m, dövlət mülkiyyətində olan 40 kv.m, ümumi istifadədə olan 33 kv.m, cəmi 112 kv.m hissəsi istisna olmaqla, qalan 88 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar