Məhkəmə qərarları › İş №2-1(120)-2012/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2012/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2012/2025 14.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1953-cü il tarixli 70 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Aydın”dan “Aidə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Salyan rayon Xalac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1953-cü il tarixli 70 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında adın “Aydın”dan “Aidə”yə, cinsin “kişi”dən “qadın”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək dəqiqləşdirilərək “xx.xx.1953-cü il tarixli 70 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Aydın”dan “Aidə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu ildə X7 ilə rəsmi nikaha daxil olmuş və nikahdan sonra həyat yoldaşı Aidə Fətulla qızına Ələkbərova soyadı verilmişdir. Birgə nikahdan 1981-ci ildə İlqar adında övladları anadan olmuşdur. Həyat yoldaşı X7 xx.xx.1953-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olmuş və onun doğumu Xalac kənd icra nümayəndəliyi tərəfindən qeydə alınaraq AZ ******* nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2019-cu ildə Aidə vəfat etmiş və onun ölümü Cavabdeh tərəfindən qeydə alınmışdır. Qısa müddət öncə ailə üzvləri barədə arayış almaq üçün Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, Ələkbərova (Fətullayeva) Aidə Fətulla qızının doğum haqqında akt qeydində adı Aydın, cinsi kişi yazılmışdır. Bundan sonra həmin sənəddə müvafiq məlumatlara düzəliş olunması ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin verilmiş rəsmi cavabda, tələb etdiyi dəyişikliyin icrasından imtina olunaraq, məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mərhum həyat yoldaşı Ələkbərova (Fətullayeva) Aidə Fətulla qızının doğumu haqqında Salyan rayon Xalac kənd icra nümayəndəliyi tərəfindən AZ ******* nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də onun adı X7 yazılmış və təbi ki bundan sonrakı sənədlərdə də adı belə olmuşdur. Həmçinin mərhum həyat yoldaşı Aidənin əkiz qardaş və ya bacısı olmamışdır. Ona görə də arxiv sənədlərində onun adının düzgün yazılmamasında məsuliyyət şəxsin deyil, həmin müvafiq orqanın məsul əməkdaşlarının üzərinə düşür. Beləliklə, həyat yoldaşı Aidənin doğumu haqqında akt qeydində adı və cinsin düzgün qeyd edilməməsi ona və digər ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yaradır. Aidənin doğumu haqqında arxiv sənədində adı və cinsinin düzgün yazılmaması müvafiq orqanın səhvi kimi qiymətləndirilməli və Cavabdeh üzərinə onun doğumu haqqında akt qeydində adı və cinsi ilə bağlı məlumata müvafiq düzəliş olunması öhdəliyi qoyulmalıdır.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1953-cü il tarixdə anadan olmuşdurdur. İş materiallarında olan nikahım bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 xx.xx.1979-cu il tarixdə Salyan rayonu Xələc kəndində nikaha daxil olmuşlar. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli, AZ-İİ 029363 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 01 noyabr 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 11 ayının 06 günündə 261 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə- 94/2024 nömrəli məktubundan görünür ki, X3 ilə X4 birgə nikahından xx.xx.1953-cü ildə doğulmuş övladlarının doğumu haqqında verilmiş AZ ******* nömrəli şəhadətnamədə onun adının X7 yazılması göstərilmişdir. Müəyyən olunmuşdur ki, X3 ilə X5 birgə nikahından xx.xx.1953-cü ildə doğulmuş övladlarının doğumu haqqında Salyan rayon Xalac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1953-cü il tarixli 70 nömrəli akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı Aydın, cinsi kişi olaraq qeyd edilmiş və həmin akt qeydində müvafiq məlumatlara dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Beləliklə, müraciəti əsasında şöbə tərəfindən başlanmış icraat üzrə Aidə Fətulla qızı və Aydın Fətulla oğlu adlı şəxslərin eyniləşdirilməsi mümkünsüzdür və belə olan halda düzəlişlə bağlı tələbiniz bu icraat qaydasında təmin oluna bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normalarda, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ra dəyişikliklər edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 8-cı bəndini rəhbər tutaraq, müvafiq doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı, doğum tarixi və cinsinə dəyişiklik edilməsi tələbinin icrasından imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-967/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1953-cü il tarixli, 70 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında adı “Aydın” cinsi “kişi” qeyd edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli, 91 nömrəli arayışından görünür ki, İddiaçı həyat yoldaşı mərhumə X8 ölən gününə kimi, yəni xx.xx.2019-cu il tarixə kimi Salyan şəhəri N.Babayev küçəsi 1a saylı kommunal evin 35 saylı mənzilində yaşamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar AR Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və AR Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, AR Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi mərhum həyat yoldaşı X6 xx.xx.1953cü il tarixli, 70 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Aydın”dan “Aidə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişdirilməsi olsa da, o, hazırda mərhum həyat yoldaşına məxsus çoxlu sayda rəsmi sənədlərdə adının “Aidə” cinsinin “qadın” göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan xx.xx.1953-cü il tarixli, АЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən, xx.xx.1979-cu il tarixli, 287548 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən, xx.xx.2019-cu il tarixli, AZ-İİ 029363 nömrəli ölüm haqqında şəhadətnamədən və Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin 91 nömrəli arayışından görünür ki, iddiaçının mərhum həyat yoldaşının adı, soyadı və ata adı X1 qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı xx.xx.1953-cü il tarixli 70 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Aydın”dan “Aidə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1953-cü il tarixli 70 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Aydın”dan “Aidə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X6 xx.xx.1953-cü il tarixli 70 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Aydın”dan “Aidə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar