Məhkəmə qərarları › İş №2-1(120)-2034/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2034/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2034/2022 14.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və X6 qarşı «evdən kənarda tikdiyi metal əmlakının sökülüb gətirilməsinin, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların kommission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin, qonşuları Sürayə Atayeva tərəfindən mənimsənilmiş əmlakının dəyərinin ödənilməsi, kobud qanun pozğunluğuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi» tələbinə dair iddianın mümkünlük məsələsinə 14 dekabr 2022-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdehnə və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evdən kənarda tikdiyi metal əmlakımın sökülüb gətirilməsi, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakımın, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların kommission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsi, sabiq qonşusu Sürayə Atayevanın ona etdiyi etibardan sui-istifadə edərək ona heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsəmilməsinə şərait yaratdığı üçün onun əməli hüquqi müstəvidə həllini tapsın və onun tərəfindən mənimsənilmiş əmlakımın dəyəri, onun yazdıqlarına şübhə varsa telefon danışıqları çıxardılsın və məhkəmədə dinlənməsi, və Respublikada Qanunlarımızın əliliyinin mövcud olduğunu sübut etmək məqsədi ilə əmlak hüququnun pozulmasında rəhbərlik edərək kobud qanun pozğunluğuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsulluyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi və CPM- nin müvafiq maddəsinə uyğun olaraq MİH orqanına məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdeh X8 məhkəmə iclasına gəlmiş, Cavabdeh nümayəndəsi gəlməmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(120)-2034/2022 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. Onun evdən kənarda tikdiyim metal əmlakımın sökülüb gətirilməsi, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakımın, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların kommission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsi, sabiq qonşusu Sürayə Atayevanın ona etdiyi etibardan sui-istifadə edərək ona heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsəmilməsinə şərait yaratdığı üçün onun əməli hüquqi müstəvidə həllini tapsın və onun tərəfindən mənimsənilmiş əmlakımın dəyəri, onun yazdıqlarına şübhə varsa telefon danışıqları çıxardılsın və məhkəmədə dinlənməsi, və Respublikada Qanunlarımızın əliliyinin mövcud olduğunu sübut etmək məqsədi ilə əmlak hüququnun pozulmasında rəhbərlik edərək kobud qanun pozğunluğuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsulluyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi və CPM- nin müvafiq maddəsinə uyğun olaraq MİH orqanına məlumat verilməsini məhkəmədən xahiş etdi. Həmçinin İddiaçı yardım məktubuna əsasən məhkəmə tərəfindən izah olunan halların ona aydın olduğunu bildirdi, iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi ev onun deyil, məcburi köçkünlərə sığınacaq kimi verilmiş evdir, Rafiq 6 ildir ki, oradan köçüb, Rfiqlə əlaqə saxlamışlar. O evə köçəndə evdə heç nə olmayıb evin qabağında dəmirdən əl evi kimi nəsə düzəltmişdir, Rafiq o əl evinidə İlkinə pul qarşılığında satmışdır. İlkində orada 1000 manatlıq dəmir olmadığı üçün pul verməmişdir. Həmin evə mən yox İlkin köçmüşdür. Odur ki, onun tərəfindən iddiaçının hüquqlarının pozulmadığını bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdeh Şirvan rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 izahat verərək iddiaçının evi başqasına verərək Bakıya köçdüyünü, köçdüyü zaman İcra Hakimiyyətinə məlumat verməli olduğu təqdirdə vermədiyini bildirmiş və iddianın əsassız olduğunu qeyd edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı 1997-ci ildə YUNESKO xətti ilə Danimarkanın Həyat təşkilatı tərəfindən iddiaçıya verilmiş evdə hal-hazırda başqasının yaşaması və sabiq qonşusu Sürayə Atayeva ilə razılığa əsasən ona ödənilməli olan 1000 manat pulun ödənilməməsidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sürayə adlı şəxslə əmlakın qiyməti ilə bağlı şifahi razılığa gəlmiş, lakin sonradan Sürayə razılıq əsasında ona verilməli olan 1100 manat pulu ödəməmişdir. Daha sonra hal-hazırda həmin evdə yaşayan İlkin adlı şəxsin 400 manat ödəmək təklifini qəbul etməmişdir. Beləliklə tərəflər razılığa gələ bilməmiş və aralarında hazırkı mübahisə yaranmışdır. Cavabdeh Şirvan rayon İcra Hakimiyyəti məhkəməyə iddia tələbi ilə bağlı etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki: “İşin həqiqi halları üzrə göstərə bilərik ki, Əli Bayramlı (Şirvan) Şəhər icra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən HAYAT X1 xx.xx.1996-cı i! tarixli 116 saylı məktubu nəzərə alınaraq Əli Bayramlı şəhərində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yaşayış evləri tikilməsi üçün şəhərin cənub sənaye zonasında, Şirə zavodunun şərq hissəsində 6,0 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində HAYAT X1 tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün 20 ədəd sığınacaq tikilmişdir.Həmin sığınacaqlarda yaşayacaq qaçqın və məcburi köçkün ailə başçıları ilə, o cümlədən İddiaçı ilə HAYAT təşkilatı vasitəsi ilə UNHCR tərəfindən verilən daş evlərdə yaşayış şərtləri barədə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, münaqişə qurtarana qədər UNHCR bu evlərdə sahiblik hüququnu saxlayacaq, bu o deməkdir ki, bu evi sata, maddi xeyir götürmək üçün istifadə edə, başqasına verə bilməz. Bu ev yalnız torpaq sahibi və UNHCR-a təqdim olunmuş siyahıda göstərilmiş ailə üzvlərinin istifadəsi üçündür. Müqavilənin 1-ci bəndində göstərilənlərlə iddiaçı razı olmuşdur. Müqavilənin ikinci bəndi ilə iddiaçı evin yaxşı saxlanılması, qapı və pəncərələrinin zədələnməməsi üçün əlindən gələni edəcəyini, binanın yaxşılaşdırılması üçün işlər görə, binaya əlavələr edə biləcəyini, üçüncü bəndinə əsasən hökümət ona münaqişə qurtarana qədər bu evdə yaşamaq hüququnu təmin edəcəyini, kiminsə onu bu evdən güclə çıxarmağa cəhd edərsə torpaq sahibinə, UNHCR-ə və ya HAYAT təşkilatına məlumat verəcəyini öhdəsinə götürmüşdür. iddiaçı iddia ərizəsində 4 tələbinin (evdən kənarda tikdiyi metal əmlakın sökülüb gətirilməsi, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakın, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsi, sabiq qonşusu Surayyə Atayeva tərəfindən mənimsənilmiş əmlakının dəyərinin ödənilməsi) təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının MM-nin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Əli Bayramlı (Şirvan) Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən HAYAT X1 xx.xx.1996-cl il tarixli 116 saylı məktubu nəzərə alaraq Əli Bayramlı şəhərində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yaşayış evləri tikilməsi üçün cənub sənaye zonasında, Şirə zavodunun şərq hissəsində 6,0 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlar kateqorıyasındadır. Göstərilən torpaq sahəsinin üzərində tikilmiş 20 ədəd sığınacaq HAYAT X1 mülkiyyətindədir. İddiaçının həmin torpaq sahəsi üzərində tikilmiş sığınacağa və torpaq sahəsinə heç bir mülkiyyət hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının iddia ərizəsində irəli sürdüyü tələblərin Cavabdehnə heç bır aidiyyəti yoxdur və İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir, iddiaçı iddia ərizəsində ona verilmiş sığınacaqdan xx.xx.2016-cı il tarixdə köçüb getdiyini, sığınacağın açarlarını etibar etdiyi qonşusu Surayyə Atayevaya verdiyini, sonradan Surayyənin həmin sığınacağı qızına verdiyini, iddiaçının sığınacaqda yaşayanlarla telefon vasitəsi ilə danışdığını və çəkdirdiyi metal hasara görə onlardan 1000 manat pul istədiyini göstərmişdir. Belə olan halda, iddiaçı həmin şəxslərə qarşı əmlak və yaxud pul tələbinə dair iddia ərizəsi ilə ümumi məhkəmələrə müraciət etməlidir. Cavabdeh fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri barədə" Əsasnaməyə uyğun olaraq həyata keçirir. İddiaçı iddia tələbində göstərdiklərinin heç birinin Cavabdehnə aidiyyəti yoxdur. Belə ki, Şəhər İcra Hakimiyyətinin hər hansı bir işçisi tərəfindən onun konstitutsion hüquqları pozulmamış, onun daxil olmuş müraciətlərinə müəyyən edilmiş müddətlərdə rəsmi cavablar göndərilmiş, iddia etdiyi metal çəpərin mənimsənilməsinə, sökülməsi və digər hallara yol verilməmişdir. Bu məsələ iddiaçı ilə sabiq qonşusu Surayyə Atayeva arasında olan mülki mübahisədir”. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən mübahisəli evin Sürayə adlı şəxsə İcra Hakimiyyəti tərəfindən verildiyini bildirsə də, sübut edə bilməmişdir. Bunun əksi olaraq məhkəmə sorğusu nəticəsində Şirvan rayon İcra Hakimiyyətinin 11 noyabr 2022-ci il tarixli, 2168 nömrəli məktubunda evin X7 İcra Hakimiyyəti tərəfindən verilmədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məhkəməyə sorğu nəticəsində ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/2928 saylı məktuba əsasən məcburi köçkün İddiaçı Binəqədi rayonu Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivi ünvanında müvəqqəti məskunlaşdığı müəyyən edilmişdir. Belə ki, Danimarkanın “Həyat” təşkilatı ilə İddiaçı arasında bağlanılan müqavilədə qeyd edilmişdir ki, müqavilə tərəfi sığınacaq kimi tikilən evi sata, maddi xeyir götürmək üçün istifadə edə, başqasına verə bilməz. Qeyd edilən ev yalnız istifadə üçündür. Müqaviləyə əsasən İcra Hakimiyyəti qarşısında heç bir öhdəlik qoyulmamışdır. Həmçinin, Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 680 nömrəli məktuba əsasən iddiaçı tərəfindən evin satılmasına icazə verilmıəsi xahiş olunsa da, müqavilənə şərtləri bir daha xatırladılaraq bunun yolverilməz olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən evdən kənarda tikdiyi metal əmlakımın sökülüb gətirilməsi, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakımın, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların kommission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsi, sabiq qonşusu Sürayə Atayevanın ona etdiyi etibardan sui-istifadə edərək ona heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsəmilməsinə şərait yaratdığı üçün onun əməli hüquqi müstəvidə həllini tapsın və onun tərəfindən mənimsənilmiş əmlakımın dəyəri, onun yazdıqlarına şübhə varsa telefon danışıqları çıxardılsın və məhkəmədə dinlənməsi, və Respublikada Qanunlarımızın əliliyinin mövcud olduğunu sübut etmək məqsədi ilə əmlak hüququnun pozulmasında rəhbərlik edərək kobud qanun pozğunluğuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsulluyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi və CPM- nin müvafiq maddəsinə uyğun olaraq MİH orqanına məlumat verilməsi nə dair iddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlikdir, yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil. Bundan başqa cavabdeh kimi qeyd edilən X8 inzibati orqan deyildir. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə ziyan tələbi barədə iddiadır, mülki və cinayət xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla belə inzibati orqan iddiaçıya dolğun cavab vermədiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Lakin yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı həmin evin İcra Hakimiyyəti tərəfindən satıldığı və ya Sürayə və digərlərinə verildiyi barədə sübutu məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 25 iyul 2022-ci il tarixli, 2-1(120)-2034/2022 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın mühahisələndirilən inzibati aktları ilə hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Əlavə olaraq məhkəmə iclaslarında İddiaçı iddiasının mülki xarakterli olduğu və cavabdeh kimi qeyd edilən X5 fiziki şəxs olması, inzibati məhkəmə icraatında baxılan işlərdə bir qayda olaraq cavabdeh qismində inzibati orqanın çıxış etdiyi bildirilmiş, tələbin və cavabdehin dəqiqləşdirilməsi xahiş olunsa da, iddiaçı dəqiqləşdirmələr aparmamış və iddianın təmin edilməsini xahiş etmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin müqavilədən doğan öhdəlik olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdehnə və X6 qarşı «evdən kənarda tikdiyi metal əmlakının sökülüb gətirilməsinin, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların kommission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin, qonşuları Sürayə Atayeva tərəfindən mənimsənilmiş əmlakının dəyərinin ödənilməsi, kobud qanun pozğunluğuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar