Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-205/2021 29.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 (Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 38, mənzil 35-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 37560,21 manat vergi borcunun silinməsi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarın ləğv edilməsi, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından əsassız olaraq silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarın ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(120)-1534/2020 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxaraq təqdim edilmiş sübutlar əsasında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X7» MMC neft məhsullarının topdansatışı fəaliyyəti ilə məşğul olur. Cəmiyyət 2011-ci ildən fəaliyyət göstərməklə həmişə vergi öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmiş, heç bir zaman qanunvericiliyin tələblərini bu və ya digər formada pozmamışdır. Belə ki, Cəmiyyət “xxxx” QSC-dən neft məhsullarını alaraq, yanacaqdoldurma stansiyalarına satmaqla məşğul olmuş, 9 il ərzində öz fəaliyyətində hesablaşma qaydalarına əməl etmiş, bütün hesablaşmalar qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Cəmiyyət öz fəaliyyətində bu vaxta qədər heç bir problemlə üzləşməsə də, 18 mart 2020-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cəmiyyətin ƏDV sub-uçot hesabından istifadəsi məhdudlaşdırılmış, mal almaq istəyən zaman gücləndirilmiş elektron imzadan istifadə etməklə Cəmiyyətin ƏDV sub-uçot hesabından aldıqları malın ƏDV-ni elektron qaydada ödəmək istədikdə bu mümkün olmamışdir. Belə ki, hər hansısa bir vergi ödəyicisinin hesabına elektron qaydada pul vəsaiti köçürmək istəyən zaman həmin vergi ödəyicisinin VÖEN-nin sistemdə yazdıqda ekranda “VÖEN səhfdir” ifadəsi göstərilməklə əməliyyatın aparılması mümkünsüz olmuşdur. Qeyd edilənlərdən əlavə cavabdeh heç bir əsas olmadan İnternet Vergi İdarəsi Sistemində ““X7" MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsi yerləşdirmiş, Cəmiyyətdən mal almaq istəyən şəxslər də aldıqları malın X5 Cəmiyyətin depozit hesabına köçürmək istədikdə bu kimi problemlərlə üzləşmiş, Cəmiyyətə dair belə məlumatların olması üzündən alıcılar da Cəmiyyətdən mal almaqdan və Cəmiyyətə olan borclarını ödəməkdən yayınmışdır. Məhz bu səbəbdən Cəmiyyət 18 mart 2020-ci il tarixdən başlayaraq heç bir alqı-satqı həyata keçirə bilməmiş, Cəmiyyət iqtisadi böhran vəziyyətində olduğuna görə, işçilər də öz ərizələri ilə ödənişsiz məzuniyyətə çıxmış, 01 aprel 2020-ci il tarixdən başlayaraq heç bir işçiyə əmək haqqı ödənilməmiş, ödəmə mənbəyindən vergi və ya sosial sığorta haqqı hesablanmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə əsasən İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Sosial Sığorta Haqqında Qanununun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Cəmiyyətin normal fəaliyyətinin bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “bu vergi ödəyicisinin "X7” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" ifadəsinin «X7» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş elmişlər. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(120)992/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, “bu vergi ödəyicisinin “X7” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin «X7» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, qətnamə qanuni qüvvəsini almamışdır. Cəmiyyətin 18 mart 2020-ci il tarixdən başlayaraq heç bir əməliyyat, heç bir alqı-satqı aparmamasına və bu barədə öz bəyannamələrində də qeyd etməsinə baxmayaraq, cavabdeh Cəmiyyətin xxxx ASC-də olan bank hesabına 22 iyul 2020-ci il tarixli **********6A saylı, sərəncam qoyaraq 38.414,61 manat məbləğində pul vəsaitinin mənfəət vergisi qismində bank hesabından silinməsinə, 24 iyul 2020-ci il tarixli **********9A saylı sərəncam qoyaraq 38 491,01 manat məbləğində pul vəsaitinin mənfəət vergisi qismində bank hesabından silinməsinə və 27 iyul 2020-ci il tarixli **********1A saylı sərəncam qoyaraq 38 701 manat məbləğində pul vəsaitinin mənfəət vergisi qismində bank hesabından silinməsinə göstəriş vermiş, sonrakı sərəncam əvvəlki bütün sərəncamların icrasını dayandırmışdır. Həmin sərəncamlarla əlaqədar Cəmiyyətə məxsus xxxx ASC-də olan Bank hesabından 22 iyul 2020-ci il tarixdə 0.46 manat, 06 avqust 2020-ci il tarixdə 1197.01 manat, 13 avqust 2020- ci il tarixdə 2.124.69 manat və 24 avqust 2020-ci il tarixdə 2.493,77 manat məbləğində pul vəsaiti, ümumilikdə isə 5815,93 manat məbləğində pul vəsaiti Bank tərəfindən dövlət büdcəsinə köçürülmüşdür. Bundan əlavə isə cavabdeh "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 28 avqust 2020-ci il tarixli **********277600 saylı Qərar qəbul edərək, həmin qərarla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı ilə əlaqədar 2020-ci ilin 2-ci riibü üzrə 4407 manat borc hesablanmışdır. Cavabdeh 24 avqust 2020-ci il tarixdə Cəmiyyətə ‘‘Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xəbərdarlıq*' ünvanlayaraq Cəmiyyətin dövlət büdcəsinə ümumilikdə 37560,21 manat, o cümlədən vergilər üzrə 35.998,84 manat, faizlər üzrə 1.561,37 manat borcunun olmasını bildirmiş, həmin borcun ödənilmədiyi təqdirdə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyini qeyd etmişdir. Qeyd edilənlərdən də görünür ki, 18 mart 2020-ci il tarixdən Cəmiyyətə məxsus ƏDV sub- uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında yaranmış problem üzündən və cavabdeh tərəfindən internet Vergi İdarəsi Sistemində ““X7” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" ifadəsinin yerləşdirilməsi səbəbindən Cəmiyyət tərəfindən heç bir alqı-satqı və heç bir maliyyə əməliyyatları həyata keçirilməmiş, heç bir gəlir və mənfəət əldə edilməmiş, heç bir əmək haqqı hesablanmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq Cəmiyyətə 37.560,21 manat vergi borcu, 4.407 manat sığorta haqqı hesablanmış və Cəmiyyətin xxxx ASC-də olan bank hesabına sərəncam qoyularaq 5.815,93 manat məbləğində pul vəsaiti mənfəət vergisi qismində bank hesabından silinmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, əmək müqaviləsi bildirişləri bazasına əsasən aparılmış araşdırma nəticəsində 2020-ci ilin 2-ci rübü üzrə rüblük əmək haqqı fondu 16.950,0 manat təşkil etməsinə baxmayaraq “X7” MMC (VÖEN **********) tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın göstəricilər olmadan təqdim edildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq vergi ödəyicisinə 18.08.2020-ci il tarixli **********406600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmədiyindən 28.08.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 4407,0 manat (o cümlədən 4237,5 manat məcburi dövlət sosial sığorta və 169,5 manat işsizlikdən sığorta haqqı) hesablanmış və vergi ödəyicisinə **********277600 nömrəli qərar göndərilmişdir.Göründüyü kimi, İddiaçı cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddiası tam əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarın ləğv edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 4.407 manat vergi və ya sığorta haqqı müəyyən edilmişdir. Əmək müqavilələri bildirişləri bazasına əsasən rüblük əmək haqqı fondu 16.950 manat təşkil etməsinə baxmayaraq hesabat göstəricilər olmadan təqdim edilmişdir. İşdə olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru O.R.İbrahimov tərəfindən imzalanmış Neft bazada iş müvəqqəti dayandığına görə 31.03.2020-ci il tarixli, 07 nömrəli əmrindən görünür ki, tərəflərin (işə götürən və işçinin) razılığı və işçilərin ərizələri əsasında 01.04.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən 10 nəfər əməkdaşa öz hesabına ödənişsiz məzuniyyət verilmişdir. İşdə olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ç.Ə.Həsənovun tərəfindən imzalanmış Neft bazada iş müvəqqəti dayandığına görə 31.03.2020-ci il tarixli, 07 nömrəli əmrindən görünür ki, tərəflərin (işə götürən və işçinin) razılığı və işçilərin ərizələri əsasında 01.04.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən 10 nəfər əməkdaşa öz hesabına ödənişsiz məzuniyyət verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 14.12.2020-ci il tarixli, **********489800 nömrəli məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsi bildirişləri bazasına əsasən aparılmış araşdırma nəticəsində 2020-ci ilin 2-ci rübü üzrə rüblük əmək haqqı fondu 16950,0 manat təşkil etməsinə baxmayaraq “X7” MMC (VÖEN **********) tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın göstəricilər olmadan təqdim edildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq vergi ödəyicisinə 18.08.2020-ci il tarixli **********406600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmədiyindən 28.08.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 4407,0 manat (o cümlədən 4237,5 manat məcburi dövlət sosial sığorta və 169,5 manat işsizlikdən sığorta haqqı) hesablanmış və vergi ödəyicisinə **********277600 nömrəli qərar göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.12.2020-ci il tarixli, **********773900 nömrəli müraciətə baxılması barədə 21.12.2020-ci il tarixli, **********609000 nömrəli məktubunda qeyd edilmişdir ki, ...”İşçilərin ödənişsiz məzuniyyətə buraxılması və əmək haqqının ödənilməməsi ilə əlaqədar olaraq 2020-ci ilin 2-ci rübü üzrə Məcburi dövlət sosial sığorta haqqı üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin silinməsi ilə bağlı müraciətinizə 8 saylı Ərazi Vergilər idarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Müraciətinizin araşdırılması məqsədilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin ərizələrinin və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin 5 gün ərzində vergi orqanına təqdim edilməsi Sizə bildirilir. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.qov.az) və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.” Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 11-ci maddəsinə əsasən sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14-cü maddəsinə əsasən : 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 18-ci maddəsinə əsaən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; ç) əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə — bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək; ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək; f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək; g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü; ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən : 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.6. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, əmək müqaviləsi bildirişləri bazasına əsasən aparılmış araşdırma nəticəsində 2020-ci ilin 2-ci rübü üzrə rüblük əmək haqqı fondu 16.950,0 manat təşkil etməsinə baxmayaraq “X7” MMC (VÖEN **********) tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın göstəricilər olmadan təqdim edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq cavabdeh tərəfindən vergi ödəyicisinə 18.08.2020-ci il tarixli **********406600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmədiyindən 28.08.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 4407,0 manat (o cümlədən 4237,5 manat məcburi dövlət sosial sığorta və 169,5 manat işsizlikdən sığorta haqqı) hesablanmış və vergi ödəyicisinə **********277600 nömrəli qərar göndərilmişdir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, eyni gündə, yəni 31.03.2020ci il tarixdə həm “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru O.R.İbrahimov, həm də Cəmiyyətinin təsisçisi Ç.Ə.Həsənov tərəfindən 10 nəfər işçiyə öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə bağlı 07 nömrəli əmr imzalanmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 31.03.2020-ci il tarixli, 07 nömrəli əmrdə, həmçinin iş materiallarına əlavə edilmiş işçilərin ərizələrin surətində ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar qeyd olunmamış, başqa sözlə, formal ərizələr tərtib edilmişdir. Məhkəmənin qənaətinə görə bütün bu hallar iddiaçının vergi məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarın qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Başqa sözlə, mübahisələndirilən qərar qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.08.2020-ci il tarixli, **********277600 nömrəli qərarın ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-205/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-205/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver