Məhkəmə qərarları › İş №2-1(120)-205/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-205/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-205/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və üçüncü şəxs İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin özəlləşdirilərək həmin əmlakın üzərində mülkiyyət hüquqlarının məcburi qaydada tanınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-616/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin özəlləşdirilərək həmin əmlakın üzərində mülkiyyət hüquqlarının məcburi qaydada tanınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddia tələbi və cavabdeh olduğu kimi saxlanılaraq, iddiaçı kimi X8 tanınmış, İddiaçı sırasından çıxarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-205/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddiaçının nümayəndəsinin ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin iddiaçı X5 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi oxunması, X11, İddiaçı, X6 üçüncü şəxs qismində zəruri cəlb eilməsi barədə qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, SSRİ-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin (KEÇ) 03 oktyabr 1988-ci il tarixli 4/11 saylı orderi ilə İvanuşina Lyudmilaya, indiki Lənkəran şəhəri Sahil küçəsi 114-də mənzil verilmişdir. Onlar həmin mənzildə yaşayaraq ailə qurmuşlar. Hazırda həmin mənzil yağan aramsız yağışlar nəticəsində və Xəzər dənizinin su kütləsinin artması nəticəsində ətrafda olan bütün mənzillərə ciddi ziyanlar vurmuşdur. Həmin mənzillər sahibləri tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. O da, 1992-ci ildə atası ilə bərabər həmin mənzilin möhkəmləndirilməsi məqsədi ilə, ətrafını mişar daşla hörərək, mənzilin dayanıqlıq gücünü artırmışlar. Bu işi gördükləri zaman yeni müstəqillik dövrü olduğundan sənədləşmə işləri aparlması mümkün olmamışdır. Ona görə də mənzildə aparılan işlərlə bağlı razılıq ala bilməmişlər. Buna baxmayaraq həmin mənzil və onun yerləşdiyi 0.03 ha torpaq sahəsi əvvəllər qanuni istifadələrində olduğuna görə əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Həmin mənzilin qeydiyyatı ilə əlaqədar o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran ərazi idarəsinə müraciət edərək mülkiyyətin qeydiyyata alınmasını xahiş etmişdir. Lakin həmin idarə hazırki iş üzrə cavabdeh mülkiyyətin qeydiyyatından imtina edərək bildirilmişdir ki, onlara verilmiş mənzil fərdi yaşayış evi ilə əvəz edilərək inşa olunmuşdur. Həmin mənzil onların iradəsi ilə deyil təbii fəlakət nəticəsində sökülmüşdür və başqa yaşayış yerləri olmadığı üçün həmin yerdə mişar daşdan mənzilin inşasını yerinə yetirmişlər. Hazırda həmin mənzil iddiaçının yeganə yaşayış yeridir və onun özəlləşməsi onun üçün olduqca əhəmiyyətlidir. İddiaçı X2 nümayəndəsi və üçüncü şəxs İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin öz adından, K.İvanuşinin vərəsəsi kimi Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin iddiaçı L.İvanuşinanın adına qeydə alınmasına etiraz etməmişdir. S.İvanuşinin də mübahisəli mənzilin iddiaçı L.İvanuşinanın adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 25 noyabr tarixli, 2-1(120)-2043/2021 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq “Lənkəran şəhəri, Sahil küçəsi ünvanında yerləşən, Lənkəran rayon Mənzil Təsərrüfat idarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı Orderi əsasında verilmiş 114 saylı mənzilə dair iddiaçının adına yaranmış mülkiyyət hüququnun tanınması məsələsinə münasibətdə, həmin iş üzrə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəflərindən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırmanın nəticəsi olaraq məlum oldu ki, sərəncamda barəsində qeyd olunan ünvanda yerləşən həmin 114 saylı mənzilə dair iddiaçının adına aidiyyəti hissədə müvafiq qeydiyyatın aparılması məqsədilə iddiaçının etibarlı nümayəndəsi tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə 03 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə rəsmi müraciət olunmuşdur. Lakin həmin dövrdə faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən mənzilə dair tələb olunan mühüm sənədlərdən sayılan Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı Orderi əsasında verilmiş 114 saylı mənzil sökülmüş və yerində yeni tikili inşa edilmişdir. Təqdim olunmuş sənədlərin ekspertizası nəticəsində məlum olmuşdur ki, sözü gedən ünvanda yerləşən hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərindən sayılan (X1) uzun illərdən bəri yaşadığı həmin 114 saylı mənzil Lənkəran rayon Mənzil Təsərrüfat idarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı Orderi əsasında onlara məxsusdur və hal-hazıradək iddiaçı şəxs öz ailə üzvləri ilə birlikdə orada yaşayır. Qeyd olunan səbəbdən hazırki iş üzrə iddiaçının icraatımızda olan həmin ərizəsi təmin olunmamış və müraciət sahibinə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Hazırki sərəncamın icrası olaraq, sözü gedən iş üzrə iddiaçının ailə üzvləri ilə birlikdə faktiki olaraq uzun illərdən bəri yaşadığı həmin 114 saylı mənzilə dair (tikinti altı torpaq sahəsi istifadə verilməklə) iddiaçının adına müvafiq qeydiyyatın aparılmasına münasibətdə isə bildiririk ki, gələcəkdə aidiyyəti üzrə yaranmış vəziyyətə uyğun yuxarıda barəsində qeyd olunan Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin və Lənkəran şəhər İcra Hakimiyyətinin müvafiq rəyləri nəzərə alınmaqla iş üzrə iddianın təmin olunması barədə qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə, icrası məsələsinə tərəflərindən baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs X6 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin iddiaçıya ünvanladığı 09 sentyabr 2021-ci il tarixli **********74 nömrəli bildirişdə göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən, Lənkəran rayon Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.1988-ci il tarixli 4/11 saylı “Order”lə etibarlı nümayəndəsi olduğu şəxsə (X9) və ailə üzvlərinə məxsus 114 saylı mənzilə dair yaranmış hüquqların qeydiyyata alınması ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır.Qeyd olunan ünvanda yerləşən mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə təqdim etdiyi sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Belə ki, barəsində qeyd edilən mənzilə dair təqdim olunmuş sənədlər ekspertiza edilmiş və faktiki yerində aidiyyəti hissədə müayinə işləri aparılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin mənzilə dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Ərazi idarəsinə təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sənədlərin ekspertizası və yerində aparılan müayinə nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran rayon Mənzil Təsərrüfatı idarəsinin xx.xx.1988-ci il tarixli 4/11 saylı “Order”lə əldə olunmuş həmin mənzil sökülmüş və yerində fərdi yaşayış evi inşa edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Etibarlı nümayəndəsi olduğu şəxsə və onun ailə üzvlərinə məxsus 114 saylı mənzilə dair təqdim olunmuş sənədlər üzrə uyğunsuzluq yaranmış, sözü gedən ərazidə inşa edilmiş fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir.Yuxarıda qeyd olunanlara əsasən Ərazi İdarəsinə təqdim etdiyi 3 (üç) vərəqdən ibarət sənədlər qaytarılmışdır. - İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Lənkəran şəhərində doğulmuş və Lənkəran rayonu, Göyşabanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İş materiallarında olan 4111 nömrəli, xx.xx.1988-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Lənkəran rayon Mənzil İstismar Hissəsi tərəfindən verilmiş orderdən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil X3 verilmişdir. Ailə üzvlərinin X11, İddiaçı, X4 ibarət olması göstərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhəri İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, 1208 nömrəli arayışından görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olub. Hal-hazırda Ukrayna vətəndaşı olmaqla həmin ünvanda yerləşən 2 (iki) otaqlı mənzil 03 oktyabr 1988-ci il tarixli 4/11 №-li orderə əsasən X2 adına qeydə alınmışdır. X11, İddiaçı, X6 adları ailə üzvləri kimi qeydə alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X15 məhkəməyə ünvanladığı 12 yanvar 2022-ci il tarixli b/02 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin sənədləri X18 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qeyd olunan təşkilatın 03 oktyabr 1988- ci il tarixli , 4 / 11 saylı orderi əsasında X8 mənzil verilməsi barədə məlumatın verilməsi mümkün olmadı. - İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhəri İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanlamış 19 yanvar 2022-ci il tarixli 10-54/7-71 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin özəlləşdirilərək həmin əmlakın üzərində mülkiyyət hüquqlarının məcburi qaydada tanınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işlə bağlı bildirilmişdir ki, Lənkəran şəhəri, Sahil küçəsində yerləşən 114 saylı mənzilin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderin və həmin orderin verilməsinə aid olan sənədlər Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsində aşkarlanmamışdır. Lənkəran şəhəri, Sahil küçəsində yerləşən 114 saylı mənzil mövcuddur və vətəndaşda olan orderdə göstərilən vəziyyətə uyğundur. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beyləqan rayonu, Mənzil-İstismar hissəsinin Mənzil-İstismar sahəsinin məhkəməyə ünvanladığı 18 may 2022-ci il tarixli 49 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran şəhəri Sahil küçəsində yerləşən 114 saylı ev iyun 1989-cu ıl tarixdə həmin küçədə yerləşən digər evlər kimi Lənkəran rayon Mənzil İstismar hissəsinin balansından çıxarılaraq Lənkəran şəhər X20 Sovetinin Mənzil fondunun balansına verildiyi üçün həmin evlərin bütün sənədləri aidiyyəti üzrə təhvil verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 3564 nömrəli məktubunda göstərilmişdir ki, icraatınızda olan iddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin özəlləşdirilərək həmin əmlakın üzərində mülkiyyət hüquqlarının məcburi qaydada tanınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığınız 05 may 2022-ci il tarixli 2-1(120)-616/2022 nömrəli sorğuya əsasən tələb olunan sənədlərin kserosurətləri göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beyləqan rayon Mənzil-İstismar Hissəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 107/2 nömrəli məktubunda göstərilmişdir ki, X8 həqiqətən 1979-cu ildən 1998-ci il dekabr ayına kimi Lənkəran rayon Mənzil-İstismar hissəsinin Kadrlar bölməsinin rəisi vəzifəsində işləyib. - İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhəri İcra Hakimiyyəti başçısının Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 oktyabr 2021-ci il tarixli 650 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Lənkəran rayonu, Göyşabanlı kəndində yaşayır. - İşdə olan xx.xx.2023-cü il tarixli Lənkəran rayon 1 saylı Notariat Ofisində qeydə alınmış İvanuşin Serqey tərəfindən təqdim edilmiş ərizəyə əsasən, Lənkəran şəhəri, Sahil küçəsində yerləşən mənzilin anası X5 adına qeydə alınmasına etiraz etməmişdir. - Lənkəran rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 981 saylı məktubuna əsasən, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və İddiaçı miras qoyanın qanun üzrə vərəsəsi olmuşdur. - İşdə olan İddiaçı tərəfindən təqdim edilmiş ərizəyə əsasən, o, mərhum atası X7 vərəsəsidir. Mübahisəli mənzilə münasibətdə payının X5 adına qeydə alınmasına etiraz etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, SSRİ-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin (KEÇ) 03 oktyabr 1988-ci il tarixli 4/11 saylı orderi ilə iddiaçı L.İvanuşinaya indiki Lənkəran şəhəri Sahil küçəsi 114-də mənzil verilmişdir. Hazırda həmin mənzil yağan aramsız yağışlar nəticəsində və Xəzər dənizinin su kütləsinin artması nəticəsində ətrafda olan bütün mənzillərə ciddi ziyanlar vurmuşdur. Həmin mənzil sökülərək yenisi ilə əvəz edilmişdir. Mübahisəli mənzilin qeydiyyatı ilə əlaqədar o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran ərazi idarəsinə müraciət edərək mülkiyyətin qeydiyyata alınmasıını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Məhkəmə, iş materiallarında olan 4111 nömrəli, xx.xx.1988-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Lənkəran rayon Mənzil İstismar Hissəsi tərəfindən verilmiş orderə əsasən müəyyən etmişdir ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil X3 və onun ailə üzvləri X11, İddiaçı, X10 verilmişdir. İddiaçı və onun ailə üzvləri həmin mənzildə mülkiyyətçi kimi fasiləsiz və heç bir etiraz olmadan yaşamış və hazırda da yaşamaqdadırlar. Buna görə həmin mənzil iddiaçı və onun ailə üzvləri üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, həmin mənzilə dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Ərazi idarəsinə təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sənədlərin ekspertizası və yerində aparılan müayinə nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran rayon Mənzil Təsərrüfatı idarəsinin xx.xx.1988-ci il tarixli 4/11 saylı “Order”lə əldə olunmuş həmin mənzil sökülmüş və yerində fərdi yaşayış evi inşa edilmişdir. Bununla əlaqədar Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 616/2022 saylı qərardadı ilə iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “mənzilin özəlləşdirilərək həmin əmlakın üzərində mülkiyyət hüquqlarının məcburi qaydada tanınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 22 fevral 2023-cü il tarixli, 10/8741 nömrəli məktubunda göstərilmişdir ki, 2-1(616)2022 №-li iş üzrə 22 fevral 2023-cü il tarixli 10/8741 №-li ekspert rəyi göndərilmişdir.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Qərardadın birinci sualı üzrə: Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə X8 verilmiş ünvan 3 ünvanında yaşayış evinin mövcud olduğu müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderində tikilinin texniki parametrləri barədə məlumat olmadığından faktiki vəziyyətdə mövcud olan tikilinin həmin orderə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. ünvan 3 ünvanında iddiaçıya məxsus yaşayış evinin mövcud texniki parametrlərinin (mərtəbəliliyi, hündürlüyü, aşırımları arasındakı məsafəsi) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində qeyd olunan barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərə uyğun olduğu və həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində göstərilən ara məsafəsi saxlanılmaqla inşa edildiyi müəyyən olunmuşdur. Faktiki vəziyyətdə tikilinin təmirlik dərəcəsini, planlı yerləşməsini, giriş-çıxışının ayrı olmasını nəzərə alaraq həmin tikilinin digər şəxslərə hər hansı məhdudiyyət yaratmadığı və istifadəyə yararlı olduğu müəyyən edilir. Qərardadın üçüncü və dördüncü suallar üzrə: Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderində tikilinin texniki parametrləri barədə məlumat olmadığından, ünvan 3 ünvanında yerləşən yaşayış evinin faktiki vəziyyəti ilə aidiyyəti sənədlər (03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı order) arasında uyğunsuzluq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı və ailə üzvləri mübahisəli mənzildə yaşadıqları üçün və mübahisəli mənzil qəzalı vəziyyətdə olduğu üçün onlar tərəfindən sökülərək yenidən tikilmişdir. Məhkəmə tərəfindən keçirilmiş tikintitexniki ekspertiza nəticəsində həmin tiklinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində qeyd olunan barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərə uyğun olduğu və həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində göstərilən ara məsafəsi saxlanılmaqla inşa edildiyi və faktiki vəziyyətdə tikilinin təmirlik dərəcəsini, planlı yerləşməsini, giriş-çıxışının ayrı olmasını nəzərə alaraq həmin tikilinin digər şəxslərə hər hansı məhdudiyyət yaratmadığı və istifadəyə yararlı olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.10-cu maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydiyyata alınması əsaslarından biri kimi çıxış edir. Lakin həmin maddənin tələbindən də aydın olur ki, qeyd olunan sərəncamın 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsindən də müəyyən edilir ki, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beyləqan rayonu, Mənzil-İstismar hissəsinin Mənzil-İstismar sahəsinin məhkəməyə ünvanladığı 18 may 2022-ci il tarixli 49 nömrəli məktubuna əsasən müyyən edilmişdir ki, Lənkəran şəhəri Sahil küçəsində yerləşən 114 saylı ev iyun 1989-cu ıl tarixdə həmin küçədə yerləşən digər evlər kimi Lənkəran rayon Mənzil İstismar hissəsinin balansından çıxarılaraq Lənkəran şəhər X20 Sovetinin Mənzil fondunun balansına verildiyi üçün həmin evlərin bütün sənədləri aidiyyəti üzrə təhvil verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin İddiaçı X5 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-944/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının həmin yaşayış sahəsinə, onun həmin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olub-olmadığının müəyyən edilməsindən ibarətdir.” Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mənzilə köçdüyü 1988-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, həmçini mənzil hüquq münasibətlərinin iştirakçısının olub-olmamasının müəyyən edilməsi iddianın həllində əhəmiyyətli rol oynayır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1988-ci il tarixdən yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə münasibətdə müəssisə tərəfindən onun adına müvafiq order verilmiş, bununla da o, mənzilə dair hüquq münasibətinin subyekti olmuşdur. Həmçinin iddiaçının ailə üzvləri mənzilin onun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Daşınmaz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X5 iddia tələbi təmin edilsin. Lənkəran şəhəri, Sahil küçəsində yerləşən Lənkəran rayon Mənzil Təsərrüfat İdarəsinin 03 oktyabr 1988-ci il tarixli, 4/11 saylı orderi ilə verilmiş 114 saylı mənzilin iddiaçı X5 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X13, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar