Məhkəmə qərarları › İş №2-1(120)-2051/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2051/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2051/2025 04.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayon Yuxarı Kürdmahmudlu bələdiyyəsinə qarşı “Füzuli rayon Kürdmahmudlu kənd inzibati ərazisində yerləşən, künc kordinatları 1) X-711819, Y- 4386021, 2) X-711791, Y-4385971, 3) X-711779, Y-4386030, 4) X-711777, Y-4386032 və 5) X-711749, Y-4385991 olan, Kürdmahmudlu kənd bələdiyyəsinin mülkiyyətinə aid, uqodiyası tikinti altında olan torpaq olan torpaq sahəsinin ona satılması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Füzuli rayon Yuxarı Kürdmahmudlu bələdiyyəsinə qarşı “Füzuli rayon Kürdmahmudlu kənd inzibati ərazisində yerləşən, künc kordinatları 1) X-711819, Y- 4386021, 2) X-711791, Y-4385971, 3) X-711779, Y-4386030, 4) X-711777, Y-4386032 və 5) X-711749, Y-4385991 olan, Kürdmahmudlu kənd bələdiyyəsinin mülkiyyətinə aid, uqodiyası tikinti altında olan torpaq olan torpaq sahəsinin ona satılması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-ci il tarixdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində anadan olmuş, hal-hazırda həmin kənddə atasına məxsus evdə yaşayır. Onun ailəsi dörd nəfərdən ibarət olmaqla ona məxsus (50 kv) evdə yaşayırlar. Hər bir gənc kimi ailə qurub özünə məxsus evində yaşamağı planlaşdırmışdır. Məhz bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətinə müraciət edərək kəndlərinin inzibati ərazisinə dair olan ev tikintisi üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli müraciətinə 5-43/2-Ə-39-1455/2024 saylı məktubla cavab verərək bildirmişdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Döv Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli. 3-21-3-45/2-4934/2024 saylı məktundan qeyd etmişdir ki, onun ev tikmək üçün almaq istədiyi torpaq sahəsinə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodiyası tikinti altın olan torpaq sahəsi (həyətyani sahə) kimi Füzuli rayonu Yuxarı Kürdmahmudlu kənd bələdiyyəsi ərazisinə aiddir və həmin torpağa sahib olmaq üçün Yuxarı Kürmahmudlu kəndinin bələdiyyəsinin müraciət etməyi tövsiyyə olunmuşdur. xx.xx.2024-cii il tarixdə yaşadığı Yuxarı Kürmahmudlu kəndinin bələdiyyəsinə rəsmi qaydada müraciət edərək, sözügedən torpaq sahəsinin ona verilməsinə köməklik etməsini xahiş etmiş, müraciəti xx.xx.2024-cü il tarixdə Yuxarı Kürmahmudlu kənd bələdiyyəsi tərəfindən qəbul edilsədə bu günə kimi ona heç bir cavab verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Füzuli rayon Yuxarı Kürdmahmudlu kənd Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Məhkəmə hesab edir ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda öhdəliklərin icrası haqqında iddia mümkün sayıla bilər. Hazırkı halda isə iddiaçı cavabdeh orqanlar tərəfindən hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında qanuna əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir( maddə 9.6). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə üstünlük verilən şəxslər sırasında həmin torpağın əvvəlki istifadəçiləri və ya icarəçiləri də qeyd edilmişdir Göründüyü kimi qanunvercilik bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin qaydalarını müəyyən etmişdir. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi isə müvafiq müqavilə ilə rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqanın üzərinə həmin torpaq məhz iddiaçıya satılsın kimi öhdəliyin qoyulması qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından düzgün deyildir. Başqa sözlə, cavabdeh bələdiyyənin üzərinə belə bir öhdəliyin qoyulması müqavilə azadlığı prinsipinə ziddir. İddiaçının tələbi Füzuli rayon Kürdmahmudlu kənd inzibati ərazisində yerləşən, künc kordinatları 1) X-711819, Y-4386021, 2) X-711791, Y-4385971, 3) X-711779, Y- 4386030, 4) X-711777, Y-4386032 və 5) X-711749, Y-4385991 olan, Kürdmahmudlu kənd bələdiyyəsinin mülkiyyətinə aid, uqodiyası tikinti altında olan torpaq olan torpaq sahəsinin ona satılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, müvafiq bələdiyyə tərəfindən torpaq sahələrinin hərrac vasitəsilə satılmasından əvvəl qeyd edilən torpaq sahəsinə müvafiq bələdiyyənin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetrsində qeydə alınmalı, nəticə olaraq mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməli, daha sonra bələdiyyənin kollegial iclasında müzakirəyə çıxarılaraq hərrac yolu ilə satılması barədə qərar qəbul edilməlidir. Hal-hazırki iddia tələbinə əsasən qeyd edilən hallardan hər hansısa biri olmamış və ya olduğunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hissə üzrədə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi inzibati orqanlar fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 19 noyabr 2024-cü il tarixli, 2-1(120)-5130/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Füzuli rayon Yuxarı Kürdmahmudlu bələdiyyəsinə qarşı “Füzuli rayon Kürdmahmudlu kənd inzibati ərazisində yerləşən, künc kordinatları 1) X-711819, Y- 4386021, 2) X-711791, Y-4385971, 3) X-711779, Y-4386030, 4) X-711777, Y-4386032 və 5) X-711749, Y-4385991 olan, Kürdmahmudlu kənd bələdiyyəsinin mülkiyyətinə aid, uqodiyası tikinti altında olan torpaq olan torpaq sahəsinin ona satılması öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar