Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2055/2025 04.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüquqlarının təsdiqi barədə verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda 0,21 ha torpaq sahəsinin koordinatının “X1 X5”də faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0,21 ha torpaq sahəsinin elektron xəritə məlumatları arasında 1600 metr fərqi düzəltməklə üzərində 1998-ci il tarixində inşa etdiyi ümumi sahəsi 120 kv.m 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə plan və öıçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Lerik rayonu Veri bələdiyyəsi, xx.xx.2026cı il tarixli qərardadı ilə X2, X3 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüquqlarının təsdiqi barədə verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda 0,21 ha torpaq sahəsinin koordinatının “X1 X5”də faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon Aqrar islahat komisyasının JN- 043F nömrəli şəhadərnaməsi ilə ona və ailə üzvlərimə Lerik rayon Qələbin kəndində 0.21 ha həyətyanı torpaq sahəsi ayrılmış, 1998-ci il tarixində həmin torpaq sahəsində umumi sahəsi 120 kv.metr 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda həmin fərdi yaşayış evində yaşayır, 05 aprel 2024-cü il tarixində Lerik rayon Aqrar islahat komisyasının JN-043F nömrəli şəhadərnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən **********30 nömrəli çıxarışla adına rəsmiləşdirmişdir. Çöl-ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, ona ayrılıb verilmiş və fərdi yaşayış evi inşa etdiyi 0.21 ha torpaq sahəsi elektron xəritə məlumatları arasında 1600 metr fərq mövcuddur. Həmin torpaq sahəsində 26 ildir ki, fərdi yaşayış evi inşa etdirməklə yaşayir. Elektron xəritə məlumatları hansı səbəbdən səhv qeyd edilməsi məlum deyildir. Bu səhvi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin əməkdaşları etmişdir. Hazırda 0.21 ha torpaq sahəsinə çıxarış alsa da üzərində inşa etdiyi fərdi yaşayış evinə dair plan və ölçu sənədi ala bilməmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh təşkilat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsi 08 iyul 2024-cü il tarixli 3-21-3-43/2- 1936/2024 saylı bildiriş ilə, mülkiyyətinə plan və ölçu sənədi verməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, hazırki iş üzrə İddiaçı Lerik rayonu Qələbin kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.21 ha həyətyanı torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunması proseduru ilə əlaqədar 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunan hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən və faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı məlum olmuşdur ki, müayinə zamanı göstərilmiş torpaq sahəsi ilə iddiaçının və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.21 ha həyətyanı torpaq sahəsinin (JN-043F nömrəli Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnaməyə münasibətdə) arasında Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən 1600 metr aralıq məsafəsi (fərq) mövcuddur. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirlər, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lerik rayonu ərazisində yerləşdiyindən və Lerik rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-043F, KOD 80304068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Lerik rayonu Qələbin kənd sakini İddiaçı Balhəsən oğluna və ailə üzvlərinə Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 nömrəli qərarına əsasən 0.21 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyətinin Veri kənd icra nümayəndəliyinin təsərrüfat baçına kitabından çıxarışdan görünür ki, Veri kənd icra nümayəndəliyinin 2021-2025ci il təsərrüfat başına kitabının 70-ci səhifəsində Qələbin kəndində 1998-ci ildə İddiaçı tərəfindən inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 120 kv.m, yaşayış evi və 0,21 ha torpaq sahəsi vardır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsində qeydiyyata alınması məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lerik rayonu, Qələbin kəndində olan 0,21 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabanın 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 1936/2024 nömrəli məktubundan görünür ki, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən və faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı məlum olmuşdur ki, müayinə zamanı göstərilmiş torpaq sahəsi ilə onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.21 ha həyətyanı torpaq sahəsinin (JN-043F nömrəli Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnaməyə münasibətdə) arasında Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən 1600 metr fərq mövcuddur. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaka dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmə mütəxəssis rəyinin alınması ilə əlaqədar xx.xx.2025-ci il tarixli qərardad qəbul etmiş və qərardada əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi tərtib edilərək xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-3160/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş və rəyə əsasən Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarına əsasən JN-043F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Qələbin kəndi ərazisində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin naturada (iddia olunan vəziyyətə uyğun) və sənəd üzrə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,21 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-043F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə və eləcə də faktiki vəziyyətdə istifadə və iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi (orta hesabla 1600 m məsafə fərqi ilə) müəyyən olunmuşdur. Torpaq sahəsinin hazırda (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və məqsədli istifadə növünün həyətyanı və ya fərdi yaşayış evinin tikintisi üçün olması müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki koordinatların elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması və ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan vəziyyətə uyğun) üzərində faktiki vəziyyətdə fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə və təndirxananın) mövcud olması müəyyən olunmuşdur. Həmin tikililərin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur. Həmin tikililərin İddiaçı və ailə üzvlərinin istifadəsində olması və tikililərin yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin üzərində (iddia olunan vəziyyətə uyğun) yerləşən fərdi yaşayış evinin 125 kv.m tikintialtı sahədən, köməkçi tikililərdən tövlənin 113,2 kv.m və təndirxananın 15,96 kv.m tikintialtı sahədən ibarət olması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı tələbi üzrə öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan torpaq sahəsinə dair koordinatların düzgün qeyd edilməməsi plan-ölçü sənədinin verilməsindən imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-3160/2025 nömrəli məktubla təqdim edilən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 nömrəli qərarına əsasən ona ayrılan 0.21 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Mütəxəssis rəyinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması halı müəyyən edilir ki, həmin hissədə qeyd edilməsi zəruridir ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 nömrəli qərarı qəbul edilən zaman Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə institutunun formalaşmadığı müəyyən edilir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir ki, qeyd edilən dövrdən sonra müvafiq AİK-larının qərarlarına əsasən müvafiq torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmişdir. Lakin, məhkəmə tərəfindən qeyd edilən istiqamətdə araşdırılma aparılmış və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi barədə bu günə kimi mübahisənin olmadığı müəyyən edilmişdir. Eləcə də, mübahisəli torpaq sahəsi üzrə koordinatlarda uyğunsuzluqlar yaranmışdır ki, qeyd edilən uyğunsuzluqların faktiki istifadəyə uyğunlaşdırılmasının zəruri olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin uyğunlaşdırma hissəsində də haqlı olmuşdur. Belə ki, iddiaçının sənəd üzrə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərində hüquqlarının pozulmayacağı və qeyd edilən torpaq sahəsinində islahat zamanı ayrılan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Cavabdeh orqanın imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüquqlarının təsdiqi barədə verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda 0,21 ha torpaq sahəsinin koordinatının “X1 X5”də faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüquqlarının təsdiqi barədə verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda 0,21 ha torpaq sahəsinin koordinatının “X1 X5”də faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2055/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2055/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver