Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2065/2024 07.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi, yeni doğum haqqında akt qeydinin tərtib edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2016-cı il təvəllüdlü övladının adına verilmiş 25 aprel 2018-ci il tarixli, AZ-İV № 079896 saylı doğum haqqında şəhadətnaməsinin akt qeydinin ləğv edilməsi və övladının doğum haqqında şəhadətnaməsində X1 ata qrafasında “X5”, ana qrafasında isə “İddiaçı” olaraq yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “21 may 2016-cı il təvəllüdlü Əsədov Qismət Bəxtiyar oğlunun adına Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 971 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi, Əsədov Qismət Bəxtiyar oğlunun adına ad, soyad və ata adının “X4”, ata qrafasında “X5”, ana qrafasında isə “İddiaçı” qeyd edilməklə yeni doğum haqqında akt qeydi tərtib edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Əsədov Bəxtiyar İlham oğlu və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunl əsaslandırmışdır ki, o, X5 ilə 15 mart 2006-cı il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Onların birgə nikah dövründən 5 (beş) övladları anadan olmuşdur. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X8 ilə birlikdə ailə kimi yaşadıqları zaman birgə nikah dövründən 21 may 2016-cı il təvəllüdlü bir övladları anadan olmuşdur. Övladları anadan olduğu zaman Maxsud Xələfovun qardaşı Əsədov Bəxtiyar İlham oğlu və onun həyat yoldaşı X6 onun övladının onlara övladlığa verməyini istəyirdilər. Lakin o, razı olmadığı üçün övladını onlara vermədi. Övladına doğum haqqında şəhadətnamə aldığı zaman mərhum həyat yoldaşının təkidi ilə övladının doğum haqqında şəhadətnaməsində soyadının Əsədov, ata adının Bəxtiyar, valideynləri olaraq ata adının Əsədov Bəxtiyar İlham oğlu və ana adının isə X6 yazdırmışdır. Doğum haqqında şəhadətnamə almaq üçün yanlış ad dedikdən sonra doğum haqqında şəhadətnamənin kim tərəfındən necə alındığından heç bir məlumatı olmamışdır. O, sadəcə həyat yoldaşının məcbur etməsi ilə adları yanlış olaraq bildirmişdir. 21 may 2016-cı il təvəllüdlü övladı anadan olduğu ilk gündən bu günə qədər onun himayəsində yaşayır və anadanolma orta dərəcəli əqli gerilik xəstəliyi var. Həyat yoldaşı vəfat etdikdən sonra doğum haqqında şəhadətnaməsinin səhv olaraq qanunsuz yazıldığı üçün o, Sabirabad rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin mərhum həyat yoldaşı və doğum edən həkimlər vəfat etdiyi üçün hadisədə cinayət tərkibi olmadığı bildirilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hal-hazırda onunn 21 may 2016-cı il təvəllüdlü övladına verilmiş 25 aprel 2018-ci il tarixli, AZ- İVJV2079896 saylı doğum haqqında şəhadətnamənin kim tərəfındən və necə alınmasından heç bir məlumatı yoxdur. Buna görə də 25 aprel 2018-ci il tarixli, AZ- İVX2079896 saylı doğum haqqında şəhadətnaməsinin akt qeydinin ləğv edilməsini istədiyi Cavabdehnə dəfələrlə müraciət etmiş, lakin oradan ona heç bir köməklik olunmadı və şifahi olaraq qanun üzrə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. O, isə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ərizə ilə müraciət etmişdir. Lakin heç bir sənəd təqdim edilmədi və işimizə baxılmadı. Həmçinin lazimi sənədi övladının hazırda doğum haqqında şəhadətnaməsində yazılmış ana X6 gələrək ala bildiyini və sənədi sadəcə ona verə biləcəklərini bildirdilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X7 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə görə fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, övladlığa götürülmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxlində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatılnı dəyişdirir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitabını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan 15 iyun 2016-cı il tarixli, 971 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Əsədov Qismət Bəxtiyar oğlu 21 may 2016-cı il tarixdə doğulmuş, şəhadətnamənin “valideynləri” səhifəsində atası Əsədov Bəxtiyar İlham oğlu, anası X6 olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 761720 nömrəli “Doğum haqqında akt qeydi”nin, həmçinin “Atalığı müəyyən etmək haqqında aktın qeydi”nin ata və ana haqqında məlumat qrafalarında xx.xx.2016-cı il tarixdə doğulmuş Əsədov Qismət Bəxtiyar oğlunun atası Əsədov Bəxtiyar İlham oğlu, anası X6 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında akt qeydləri kitabında 15 iyun 2016-cı il tarixdə 971 nömrə ilə qeydə alınmış AZ-İV seriyalı 079896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əsədov Qismət Bəxtiyar oğlu 21 may 2016-cı il tarixdə doğulmuş, şəhadətnamənin “valideynləri” səhifəsində atası Əsədov Bəxtiyar İlham oğlu, anası X6 olaraq qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş tibbi sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi X9 07 noyabr 2020-ci il tarixli 6455 nömrəli qərarından görünür ki, Əsədov Qismət Bəxtiyar oğlunun sağlamlıq vəziyyəti yoxlanılmış və ona “Orta dərəcəli əqli gerili, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F71,1. Nitqin təsir və anlamaq qabiliyyətinin pozuntuları F80,1; F80,2 diaqnozu təyin edilmişdir. İş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Əsədov Bəxtiyar İlham oğlu və X6 məhkəməyə ünvanladıqları ərizələrində iddianın təmin olunmasına, 21 may 2016-cı il təvəllüdlü Əsədov Qismət Bəxtiyar oğlunun adına verilmiş 25 aprel 2018-ci il tarixli, AZ-İV № 079896 saylı doğum haqqında şəhadətnamənin akt qeydinin ləğv edilməsinə və onun doğum haqqında şəhadətnaməsində ad, soyad və ata adının X4, ata qrafasında “X5”, ana qrafasında isə “İddiaçı” olaraq yazılmasına etiraz etmədiklərini bildirmiş, eyni zamanda Əsədov Qismət Bəxtiyar oğlunun bioloji ata və anasının X5 və İddiaçı olduğunu təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Sabirabad RPŞ TB-nin “cinayət işinin rədd edilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Əsədov Bəxtiyar İlham oğlu və X6 verdikləri izahatlarında X2 uşağının nə səbəbə onların adına sənədləşdirilməsindən məlumatlarının olmadığını bildirmiş, bununla da dolayısı ilə Əsədov Qismət Bəxtiyar oğlunun X2 övladı olduğunu təsdiq etmişlər. İş materiallarına əsasən 21 may 2016-cı il təvəllüdlü Əsədov Qismət Bəxtiyar oğlu doğulduğu tarixdən hazırki vaxtadək İddiaçı himayəsindədir. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 446 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanı ilə (1.6-cı bənd) hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Müddəaların 6-cı bəndinə görə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli xx.xx.2003-cü il tarixli Qərarı ilə «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın 2.1-ci bəndinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Qaydanın 2.2-ci bəndinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında nəzərdə tutulmuşdur ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə gör bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). İşdə olan sübutlar əsasında müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə doğulmuş Əsədov Qismət Bəxtiyar oğlunun bioloji ata və anası X5 və İddiaçıdır və bu hal 21 may 2016-cı il təvəllüdlü Əsədov Qismət Bəxtiyar oğlunun adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 971 nömrəli doğum haqqında akt qeydinin birbaşa uşağın mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən kimi qiymətləndirilməsinə əsas verir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, 21 may 2016-cı il təvəllüdlü Əsədov Qismət Bəxtiyar oğlunun adına Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 971 nömrəli doğum haqqında akt qeydi ləğv edilməli, Əsədov Qismət Bəxtiyar oğlunun adına ad, soyad və ata adının “X4”, ata qrafasında “X5”, ana qrafasında isə “İddiaçı” qeyd edilməklə yeni doğum haqqında akt qeydi tərtib edilməli və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62.3-cü, 69-cu, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 21 may 2016-cı il təvəllüdlü Əsədov Qismət Bəxtiyar oğlunun adına Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 971 nömrəli doğum haqqında akt qeydi ləğv edilsin, Əsədov Qismət Bəxtiyar oğlunun adına ad, soyad və ata adının “X4”, ata qrafasında “X5”, ana qrafasında isə “İddiaçı” qeyd edilməklə yeni doğum haqqında akt qeydi tərtib edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2065/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2065/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver