Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2067/2025 17.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Şəkur oğlunun nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Şəkur oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyun 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Şəkur oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd ərazi nümayəndəliyinin balansında olan avqust 1983-cü il 29 saylı order əsasında ona verilmiş Masallı rayonu Qəriblər kəndində yerləşən 80 kv.m ümumi sahəsi olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, X6, X11, X12 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Masallı rayonu, Qəriblər kəndində anadan olmuşdur və hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. 1983-cü ildə 29 saylı order əsasında ona və ailə üzvlərinə Masallı rayonu Qəriblər kəndində dövlət fonduna aid 2 mərtəbəli yaşayış binalarında 4 otaqdan ibarət 80 kv.m ümumi sahəsi olan mənzil verilmişdir. Həmin mənzilin mülkiyyətçisi olaraq o, qeyd olunmuşdur. Artıq onlar 41 ildir ki, həmin mənzildə yaşayırlar və mülkiyyət hüquqlarını həyata keçirirlər. O, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Cəlilabad ərazi idarəsinə müraciət etmiş, lakin sənədlərdə uyğunsuzluq olması göstərilməklə qeydə alınmasından əsassız olaraq imtina olunmuşdur. İnzibati orqan sənədlərini düzgün və hərtərəfli araşdırmadan qeydə almaqdan imtina etmişdir. Onun mülkiyyətə dair bütün sənədləri vardır, order Masallı rayon Dövlət Arxivində kitabda və ərazi nümayəndəliyində qeydiyyatda vardır. Həmin mənzildə o, qanunsuz yaşamır, orderdə hər hansı uyğunsuzluğun olması onun günahı deyildir və onun hüquqlarını məhdudlaşdırmamalıdır. Lakin inzibati orqan əsassız olaraq mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. İnzibati orqanın vəzifəsidir ki, hərtərəfli araşdırma aparsın, lakin inzibati orqan vəzifəsini icra etməyərək formal imtina verərək mülkiyyət hüququn qeydə almamışdır. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək, Masallı rayonu, Qəriblər kəndində yerləşən 80 kv.metr ümumi sahəsi olan mənzilə çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd etmək istəyirik ki, İddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdə uyğunluzluq olduğundan çıxarışın verilməsindən imtina edilmişdir. Belə ki, İddiaçı tərəfindən təqdim olunan ilkin sənəd hesab edilən 29 saylı orderdə mənzil 3 otaqlı qeyd olunsa da, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışda mənzilin 4 otaqlı olduğu göstərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X8 gəlmiş, üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1983-cü ilin avqust ayında bağlanmış “Nümunəvi müqavilə”dən, həmin müqavilənin tərkib hissəsi olan dövlət yaşayış sahəsi üzrə tərtib edilmiş “Pasport”dan və 29 nömrəli orderdən müəyyən olunur ki, Masallı rayonu Qəriblər kəndində dövlər fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 36 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzil sahəsi üzrə İddiaçı Şəkur oğlu ilə kirayə müqaviləsi bağlanılmış, ona və 5 nəfərdən ibarət ailə üzvlərinə həmin mənzilə köçmək hüququnu rəsmiləşdirən order verilmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı Şəkur oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-5298/2024 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 29 avqust 2024-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarış və texniki pasport əldə etmək üçün müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, qeyd olunan sənədlərdə uyğunsuzluq və çatışmamazlıq olduğundan çıxarış və texniki pasportun verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-66-16/2-13/2025 saylı məktubunda bildirilmişdir ki, Masallı rayon Qəriblər kənd inzibati ərazisində yerləşən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin (29 nömrəli order üzrə ailəsi ilə birlikdə yaşayış sahəsi 19,8 kv.m, 2 saylı evin, 3 saylı mənzilində yaşamaq üçün İddiaçı verilib) cavadehin üzərinə qoyulmasına, həmin mənzilin sənədləşməsinə, Çıxarışın alınmasına heç bir etirazları yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən Masallı rayonu Qəriblər kəndində dövlər fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 36 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzil sahəsi 1983-cü ildən İddiaçı Şəkur oğlu və ailə üzvlərinə verilmiş, iddiaçı həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana maraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaya qarşı etirazında iddiaçıya çıxarışın verilməsindən imtina edilməsinin səbəbi kimi İddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdə uyğunluzluq olduğu, yəni ilkin sənəd hesab edilən 29 saylı orderdə mənzilin 3 otaqlı, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışda isə mənzilin 4 otaqlı olduğu göstərilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın İddiaçı Şəkur oğlu və ailə üzvlərinə verilmiş sözügedən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina edilməsi üçün istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Qeyd olunan Məcəllənin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Sözügedən Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X5 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Qeyd olunan maddələrin məzmununa əsasən order icra hakimiyyəti orqanlarının qərarı əsasında verilir və o, yaşayış sahəsinə köçmək üçün yeganə əsas hesab olunur və ancaq boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Göründüyü kimi, İddiaçı Şəkur oğlu və ailə üzvləri 1983-cü ildən etibarən hazırki vaxtadək qüvvədə olan və mötəbərliliyi şübhə doğurmayan və mübahisələndirilməyən hüquqmüəyyənedici sənədlərlə Masallı rayonu Qəriblər kəndində dövlər fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 36 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzil sahəsindən istifadə hüququnu qanuni əsaslarla əldə etmişlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzilllərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. İddiaçı avqust 1983-cü il tarixli, 29 saylı order əsasında ona verilmiş Masallı rayonu Qəriblər kəndində yerləşən 80 kv.m ümumi sahəsi olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, məhkəməyə təqdim etdiyi hüquqmüəyyəedici sənədlərlə avqust 1983-cü il tarixli, 29 saylı həmin order əsasında ona, yəni İddiaçı verilmiş Masallı rayonu Qəriblər kəndində dövlər fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 3 saylı mənzilin 41 kv.m ümumi sahəyə (yaşayış sahəsi 8,64+18,0+9,36=36 kv.m, köməkçi sahələr 2,0+3,0=5,0 kv.m) malik olduğu müəyyən edilmşdir. Məhkəmənin qənaəti belədir ki, İddiaçı avqust 1983-cü il tarixli, 29 saylı order əsasında verilmiş Masallı rayonu Qəriblər kəndində dövlər fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41 kv.m, o cümlədən yaşayış sahəsi 36 kv.m, köməkçi sahə 5,0 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzil sahəsinə dair order verilməsi faktı mövcud olduğundan və iş materiallarına əlavə edilmiş ərizələrinə əsasən mənzildə yaşayan digər şəxslərin müvafiq razılığı olduğundan, iddiaçı qanuni kirayəçi kimi «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq avqust 1983-cü il tarixli, 29 saylı order əsasında verilmiş Masallı rayonu Qəriblər kəndində dövlər fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41 kv.m olan mənzilə mülkiyyət hüququ əldə etmiş olur və bu hüquq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının bir mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 8.1-ci bəndinə əsasən Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Həmin Əsasnamənin 9-cu bəndinə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə edilmiş sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün əsas olmadığı halda, təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə daxildir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış vəö qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar (maddə 8.0.1), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiqlənmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər (maddə 8.0.2), qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 8.0.3), bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmılak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4), 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icrarə müqavilələri, sərəncamlar və orderlər (maddə 8.0.5), qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar (maddə 8.0.6) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən sövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə (hazırki iş üzrə bu müddət 42 il təşkil edir) o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır Həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən Avropa presedent hüququnda «mülkiyyət» və ya «əmlak» anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X14 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmənin xatırlatmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasınna qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X1rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. Digər tərəfdən, Etimad hüququnun qorunması Konstitusiyadan və X18 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X18 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ... inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İşin faktiki hallarından, qanunvericiliyin yuxarıa sadalanan müddəalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək, məhkəmə hesab edir ki, Əhmədov X10 rayonu Qəriblər kəndində dövlət fonduna aid 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 36 kv.m, köməkçi sahəsi 5,0 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzil sahəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaya qarşı etirazında iddiaçıya çıxarışın verilməsindən imtina edilməsinin səbəbi kimi İddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdə uyğunluzluq olduğu, yəni ilkin sənəd hesab edilən 29 saylı orderdə mənzilin 3 otaqlı, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışda isə mənzilin 4 otaqlı olduğu göstərilmişdir. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə bildirir ki, bu hal «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin əhatə dairəsinə aid deyil və həmin halın mövcud olması iddiaçının iradəsindən asılı olmadığından o, bununla əlaqədar məsuliyyət daşımır. Həmin halın mövcudluğu sözügedən mənzilə dair iddiaçıya verilmiş 1983-cü il tarixli, 29 nömrəli orderin mötəbərliliyinə xələl gətirmir və qanun pozuntusu kimi qiymətləndirməsinə əsas vermir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Əhmədov X10 Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd ərazi nümayəndəliyinin balansında olan avqust 1983-cü il tarixli, 29 nömrəli order əsasında ona verilmiş Masallı rayonu Qəriblər kəndində yerləşən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Şəkur oğlunun Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd ərazi nümayəndəliyinin balansında olan avqust 1983-cü il tarixli, 29 nömrəli order əsasında ona verilmiş Masallı rayonu Qəriblər kəndində yerləşən ümumi sahəsi 41,0 kv.m olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-i 2.2, 4.1, 13, 23.1, 52, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Şəkur oğlunun Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd ərazi nümayəndəliyinin balansında olan avqust 1983-cü il tarixli, 29 nömrəli order əsasında ona verilmiş Masallı rayonu Qəriblər kəndində yerləşən ümumi sahəsi 41,0 kv.m olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2067/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2067/2025
17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver