Məhkəmə qərarları › İş №2-1(120)-2068/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2068/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2068/2023 23.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Şəhər, Rayon Polis Şöbəsinə qarşı «üçüncü şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 23 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdehlər Lənkəran Şəhər, Rayon Polis Şöbəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Lənkəran şəhəri, X5 küçəsi, bina 78/19 ünvanında yerləşən 69 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Lənkəran Şəhər, Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh X1 hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsi, X1 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini və iş üzrə iddia tələbinin dəyişdirilərək “üçüncü şəxs X1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Lənkəran şəhəri, X5 küçəsi, bina 78/19 ünvanında yerləşən 69 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Lənkəran Şəhər, Rayon Polis Şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X1 hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş, X3 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı mərhələsi keçirildikdən sonra iş şifahi məhkəmə baxışına təyin edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs X3 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 iş üzrə iddia ərizəsinin geri qaytarılması və icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Lənkəran Şəhər, Rayon Polis Şöbəsinə qarşı «üçüncü şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar