Məhkəmə qərarları › İş №2-1(120)-2077/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2077/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2077/2022 15.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçı Abdülhüseyn qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “JN-383 F Kod 80701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamədə nəzərdə tutulmuş torpaq sahəsinin hansı ərazidə yerləşməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abdülhüseyn qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-383 F Kod 80701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamədə nəzərdə tutulmuş torpaq sahəsinin hansı ərazidə yerləşməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(120)-2077/2022 nömrəli məktubu ilə İddiaçı Abdülhüseyn qızına hüquqi yardım edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşdur. Məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X1 gəlmiş, İddiaçı Abdülhüseyn qızı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Abdülhüseyn qızının iddiası mümkün sayılmamalıdır. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 inzibati işin mümkünlüyü məsələsini məhkəmənin mülahizələrinə buraxdığını bildirdi. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Abdülhüseyn qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı JN-383 F Kod 80701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamədə nəzərdə tutulmuş torpaq sahəsinin hansı ərazidə yerləşməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Abdülhüseyn qızı JN-383 F Kod 80701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamədə nəzərdə tutulmuş torpaq sahəsinin hansı ərazidə yerləşməsi barədə iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq iddia tələbi ilə əlaqədar cavabdehə müraciət etməli, cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli idi. Lakin iddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Abdülhüseyn qızının iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Abdülhüseyn qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “JN-383 F Kod 80701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamədə nəzərdə tutulmuş torpaq sahəsinin hansı ərazidə yerləşməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar