Məhkəmə qərarları › İş №2-1(120)-208/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-208/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-208/2020 24.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı 28.05.1955-ci il tarixdə Əli Bayramlı rayonunun Güdəcühür kəndində doğulmuş, Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 30 oktyabr 2019-cu il tarixli, **********1 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1968-1974, 1977-1997-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozundakı faktiki iş müddəti və 01.08.2003-cü il tarixdən 29.11.2003-cü il tarixədək, 24.01.2004-cü il tarixdən 30.06.2004-cü il tarixədək, 26.08.2004-cü il tarixdən 15.01.2005ci il tarixədək, 19.08.2005-ci il tarixdən 07.11.2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərəkhüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24.02.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 28.05.1955-ci il tarixdə Əli Bayramlı rayonunun Güdəcühür kəndində anadan olmuş, hazırda Sabirabad rayonu, Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla orada yaşayır. 1968-1974, 1977-1997-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda, 01.08.2003-cü il tarixdən 29.11.2003-cü il tarixədək, 24.01.2004-cü il tarixdən 30.06.2004-cü il tarixədək, 26.08.2004-cü il tarixdən 15.01.2005-ci il tarixədək və 19.08.2005-ci il tarixdən 07.11.2005-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. Qeyd olunan əmək stajları Sabirabad rayon dövlət arxivinin 17.09.2019-cu il tarixli, 46 saylı arxiv arayışı və "xxxx" MMC-nin 24.12.2014-cü il tarixli arayışı ilə təsdiq olunur. Yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü Dövlət Sosial X3 rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Dövlət Sosial X3 rayon şöbəsindən ona 30.10.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubu göndərilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki,08.10.2010-cu il tarixdə 4027 nömrəli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial X3 rayon şöbəsinə müraciət etmişdir. Lakin onun 1970-1973, 1977-1997-ci illərdə “Qələbə” kolxozunda, 01.08.2003-29.11.2003, 24.01.2004-30.06.2004, 26.08.2004- 15.01.2005, 19.08.2005-07.11.2005-ci illərdə "xxxx" MMC-də işləməyi əmək kitabçasında öz əksini tapmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. Onun təqdim etdiyi 25 il 10 ay 14 gün sığorta stajı yaşa görə əmək pensiyası təyin olunmasına kifayət edir. Lakin yuxarıda qeyd olunan illərə aid iş dövrü əmək kitabçasında öz əksini tapmadığı üçün yəni, Qaydaların 3.1.1-ci hissəsinə uyğun gəlmədiyindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasına imtina edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, Sabirabad rayon Dövlət Arxivinin 17.09.2019-cu il tarixli, 46 nömrəli arxiv arayışını, "xxxx" MMC-nin 24.12.2014-cü il tarixli arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin 29.11.2019-cu il tarixli, 215 nömrəli arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı 28.05.1955-ci il tarixdə doğulmuşdur və 28.05.2019-cu il tarixdə 64 yaşı (1 iyul 2018-30 iyun 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının arayışlarda qeyd edilən iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04285337 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28.05.1955-ci il tarixdə Əli Bayramlı rayonunun Güdəcühür kəndində anadan olmuş, Sabirabad rayonu, Axtaçı- Muğan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan "xxxx" MMC-nin 24.12.2014-cü il tarixli arayışından görünür ki, İddiaçı01.08.2003-cü il tarixdən 29.11.2003-cü il tarixədək, 24.01.2004-cü il tarixdən 30.06.2004-cü il tarixədək, 26.08.2004-cü il tarixdən 15.01.2005-ci il tarixədək və 19.08.2005-ci il tarixdən 07.11.2005-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 17.09.2019-cu il tarixli, 46 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1968-1974, 1977-1997-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozunda işləmiş və əmək haqqı almışdır. İşdə olan Dövlət Sosial X3 rayon şöbəsinin iddiaçıya ünvanladığı 30.10.2019-cu il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, 08.10.2010-cu il tarixli 4027 nömrəli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölməsinin 3.1.1ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi sənədlər araşdırılarkən 25 il 10 ay 14 gün sığorta stajı müəyyən olunmuşdur. Lakin 1970-1973, 1977-1997-ci illərdə “Qələbə” adına kolxozda, 01.08.2003cü il tarixdən 29.11.2003-cü il tarixədək, 24.01.2004-cü il tarixdən 30.06.2004-cü il tarixədək, 26.08.2004-cü il tarixdən 15.01.2005-ci il tarixədək və 19.08.2005-ci il tarixdən 07.11.2005-ci il tarixədək "xxxx" MMC-də işləməyi əmək kitabçasında qeyd edilməmişdir. Həmin illəri nəzərə almadıqda 2 il 6 ay 3 gen sığorta stajı müəyyən olunur. Ona görə də fərdi hesabında vəsait olmaması və tələb olunan sığorta stajının çatmaması səbəbindən pensiya təyin edən komissiya ona yaşa görə əmək pensiyası təyin olunmasına imtina edir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin 29.11.2019-cu il tarixli, 215 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı 16.05.1974-cü il tarixdən 19.11.1976-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin 18.11.2019-cu il tarixli, **********045500 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC 02.04.1996-cı il tarixdə 1056 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 26.11.2002-ci il tarixdə ********* (9 rəqəmli) saylı eyniləşdirmə nömrəsi ilə daha sonra isə 23.07.2004-cü il tarixdə isə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Cəmiyyətin 2003-2005-ci illər ərzində fəaliyyəti aktiv olmuşdur. İşdə olan Dövlət Sosial X3 rayon şöbəsinin məhkəməyə ünvanladığı 24.02.2020-ci il tarixli, **********48 nömrəli məktubunda qeyd edilmişdir ki, 08.10.2010-cu il tarixli 4027 nömrəli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölməsinin 3.1.1ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial X3 rayon şöbəsinə müraciət etmişdir. Lakin onun 1970-1973, 1977-1997-ci illərdə “Qələbə” kolxozunda, 01.08.2003-29.11.2003, 24.01.2004-30.06.2004, 26.08.2004-15.01.2005, 19.08.2005-07.11.2005-ci illərdə "xxxx" MMC-də işləməyi əmək kitabçasında öz əksini tapmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. Onun təqdim etdiyi 25 il 10 ay 14 gün sığorta stajı (17.09.2019-cu il tarixli, 46 nömrəli arxiv arayışına əasasən 22 il sosial sığorta stajı var) yaşa görə əmək pensiyası kifayət edir. İddiaçı yaşa görə əmək pensiyası hüququ 28.05.2019-cu il tarixdən yaranır. Lakin 1970-1973, 1977-1997, 01.08.2003-29.11.2003, 24.01.2004-30.06.2004, 26.08.2004-15.01.2005, 19.08.2005- 07.11.2005-ci illərə aid iş dövrü əmək kitabçasında öz əksini tapmadığı üçün, yəni Qaydaların 3.1.1-ci hissəsinə uyğun gəlmədiyindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasına imtina edilmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 1972-ci il tarixdən 2012-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. 2002-ci il tarixdən 2010-cu il tarixədək "xxxx" MMC-də mühasib və başqa vəzifələrdə işləmişdir.2019-cu ilin aprel ayından ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı onun keçmiş iş yoldaşıdır. 2003-2005-ci illərdə İddiaçı "xxxx" MMC-də traktorçu vəzifəsində işləmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (24.12.2004-cü il tarixli arayışı və 17.09.2019-cu il tarixli, 46 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi "xxxx" MMC-nin 24.12.2014-cü il tarixli arayışını və Sabirabad rayon Dövlət Arxivinin 17.09.2019-cu il tarixli, 46 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının Sabirabad rayonu “Qələbə” kolxozunda və "xxxx" MMC-də işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı 17.09.2019-cu il tarixli, 46 nömrəli arxiv arayışında (minimum əmək iştirakı norması nəzərə alınmaqla, faktiki iş müddəti-22 il), 24.12.2004-cü il tarixli arayışda qeyd edilən iş illəri, həmçinin hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sığorta stajını topladığından o, huqunun yarandığı vaxtdan yaşa görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1968-1974, 1977-1997-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozundakı faktiki iş müddəti və 01.08.2003-cü il tarixdən 29.11.2003-cü il tarixədək, 24.01.2004-cü il tarixdən 30.06.2004-cü il tarixədək, 26.08.2004-cü il tarixdən 15.01.2005-ci il tarixədək, 19.08.2005ci il tarixdən 07.11.2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərəkhüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1968-1974, 1977-1997-ci illərdə Sabirabad rayonu “Qələbə” kolxozundakı faktiki iş müddəti və 01.08.2003-cü il tarixdən 29.11.2003-cü il tarixədək, 24.01.2004-cü il tarixdən 30.06.2004-cü il tarixədək, 26.08.2004-cü il tarixdən 15.01.2005-ci il tarixədək, 19.08.2005-ci il tarixdən 07.11.2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərəkhüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar