Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-208/2022 13.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «03.11.2021-ci il tarixli **********300400 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 13 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.06.2021-ci il tarixli, **********300400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» Qərarın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış vergi məbləğlərinin şəxsi hesab vərəqəsindən silinməsi, eləcə də cavabdehin onu vergi ödəyicisi kimi qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və onun vergi ödəyicisi kimi uçotdan çıxarılmağı və ona verilmiş VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “03.11.2021ci il tarixli, **********288000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 23.07.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, metal qırıntılarının toplanması ilə məşğul olur. Topladığı metal qırıntılarını müxtəlif metal qəbulu məntəqələrinə Akt əsasında təhvil vermişdir. Bir neçə müddət sonra ona məlum olmuşdur ki vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdansatış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər-hansı müraciəti olmadan onu fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və 29.06.2021-ci il tarixli, **********300400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında ona 2020-ci il üzrə 15940,77 manat gəlir vergisi hesablamışdır. Hesab edir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin onun müraciəti olmadan fərdi sahibkar kimi qeydiyyata alması ilə bağlı hərəkətləri və barəsində qəbul etdiyi 29.06.2021-ci il tarixli, **********300400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qanunsuz və əsassızdır. Mövcud qanunvericiliyin normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, metal qırıntılarının təhvili ilə məşğul olan şəxslərin vergi ödəyicisi kimi qeydiyyata durmaq kimi bir öhdəliyi mövcud deyildir. Qeyd olunan şəxslərin gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur və verginin tutulması və büdcəyə ödənilməsində məsul şəxs həmin metal qırıntıları qəbul edən vergi ödəyicisi hesab edilir. Beləliklə, vergi orqanın ona 2020-ci il üzrə 15940,77 manat gəlir vergisi hesablaması əsassızdır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən onun vergilər üzrə şəxsi vərəqəsində 28.10.2021-ci il tarixdə 29.06.2021-ci il tarixli, **********300400 nömrəli qərarla hesablanmış 15940,77 manat azaldılmışdır. Lakin, sonradan vergi orqanının 03.11.2021-ci il tarixli, **********288000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə yenidən ona 15940,77 manat məbləğində gəlir vergisi hesablanmışdır. Göstərilənlərə əsaslanaraq, 03.11.2021-ci il tarixli, **********288000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarə tərəfindən qəbul edilmiş 29.06.2021-ci il tarixli, **********300400 nömrəli qərarın ləğv edilməsi, həmin qərar əsasında hesblanmış vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi, eləcə də, onun vergi ödəyicisi kimi qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə onun vergi ödəyicisi kimi uçotdan çıxarılması və ona verilmiş VÖEN şəhadətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin İddiaçı nümayəndəsinin məhkəmə iclasına təqdim etdiyi iddianın dəyişdirilməsi haqqında ərizədə idarə tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli, **********288000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Bildirirlər ki, Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci il ərzində alış aktları tərtib edərək 478223,0 manat dəyərində dəmir qırıntıları satmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergi bəyannaməsi təqdim etməmişdir. İdarə tərəfindən 2020-ci il üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməsi tələbi ilə 18.06.2021-ci il tarixli, **********449600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə izahat məktubu və ya təsdiqedici sənədlər təqdim edilmədiyi əsas götürülərək 2020-ci il üçün mənbəyi bəlli olan məlumatlara əsasən gəlirlərin kameral qaydada (analoji) 15940,77 manat gəlir vergisi üzrə vergi məbləği hesablanaraq vergi ödəyicisinin şəxsi hesab vərəqinə aid edilərək, vergi ödəyicisinə 29.06.2021-ci il tarixli, **********300400 saylı vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən 28.10.2021-ci il tarixdə 2020-ci il gəlir vergisi üzrə hesablamış 15940,77 manat vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin həmin vergi məbləğinin azaldılması üçün heç bir əsaslandırıcı izahat və sənəd vergi orqanına təqdim edilməmişdir. Buna görə də azaldılmış 15940,77 manat vergi məbləği vergi orqanı tərəfindən bərpa edilərək 03.11.2021-ci il tarixli, **********288000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” vergi ödəyicisinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hərbir kəsin borcudur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Göstərilənlərə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazının məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 18.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı dəmir tullantılarının təqdim edilməsi nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. İş materiallarında olan X4 barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 20.02.2020-ci il tarixdə 202,65 ton (ümumi dəyəri 60795 manat); 20.02.2020-ci il tarixdə 55,95 ton (ümumi dəyəri 17344,5 manat); 17.03.2020-ci il tarixdə 67,5 ton (ümumi dəyəri 19921,5 manat); 15.04.2020-ci il tarixdə 294,2 ton (ümumi dəyəri 48543 manat); 28.04.2020-ci il tarixdə 27,2 ton (ümumi dəyəri 8024 manat); 31.05.2020-ci il tarixdə 170,6 ton (ümumi dəyəri 36679 manat); 06.08.2020-ci il tarixdə 340,6 ton (ümumi dəyəri 98774 manat); 10.09.2020-ci il tarixdə 285 ton (ümumi dəyəri 85500 manat); 16.10.2020-ci il tarixdə 179,4 ton (ümumi dəyəri 52026 manat); 26.11.2020-ci il tarixdə 119,6 ton (ümumi dəyəri 34684 manat); eləcə də İddiaçı tərəfindən "xxxx" QSC-yə 29.12.2020-ci il tarixdə 8390 kq (ümumi dəyəri 15941 manat) olan müxtəlif növ qara metal və sərt alüminum qırıntıları təqdim edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29.06.2021-ci il tarixli, **********300400 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə (Bəyənnamə və Hesabat təqdim edilməməsinə görə) 15940,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.11.2021-ci il tarixli, **********288000 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə (Bəyənnamə və Hesabat təqdim edilməməsinə görə) 15940,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə MMC-yə 10 sayda, "xxxx" QSC-yə 01 sayda olmaqla, ümumilikdə dəyəri 478223 manat olan 10132,7 kiloqram müxtəlif növ qara metal və sərt alüminum qırıntıları satılmışdır. İnzibati orqan tərəfindən iddiaçının böyük mal partiyaları ilə metal tullantılarını təqdim etməsi, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 478223 manat məbləğə görə 29.06.2021-ci il tarixli **********300400 saylı vergilərin hesablanması barədə Qərarla 15940,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İşin məhkəmə araşdırması ilə həmçinin məlum olur ki, İddiaçı 2020-ci il ərzində alış aktları tərtib edərək 478223,0 manat dəyərində dəmir qırıntıları satmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergi bəyannaməsi təqdim etməmişdir. İnzibati orqan tərəfindən 2020ci il üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməsi tələbi ilə 18.06.2021-ci il tarixli **********449600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuş, Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə izahat məktubu və ya təsdiqedici sənədlər təqdim edilmədiyi əsas götürülərək 2020-ci il üçün mənbəyi bəlli olan məlumatlara əsasən gəlirlərin kameral qaydada (analoji) 15940,77 manat gəlir vergisi üzrə vergi məbləği hesablanaraq vergi ödəyicisinin şəxsi hesab vərəqinə aid edilərək, vergi ödəyicisinə 29.06.2021-ci il tarixli **********300400 saylı vergilərin hesablanması barədə Qərar göndərilmiş, daha sonra vergi ödəyicisi tərəfindən 28.10.2021-ci il tarixdə 2020-ci il gəlir vergisi üzrə hesablamış 15940,77 manat vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin həmin vergi məbləğinin azaldılması üçün heç bir əsaslandırıcı izahat və sənəd vergi orqanına təqdim edilmədiyindən azaldılmış 15940,77 manat vergi məbləği vergi orqanı tərəfindən bərpa edilərək 03.11.2021-ci il tarixli **********288000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” vergi ödəyicisinə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan iddiaçının metal tullantılarının qəbulu (tədarükü) ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı 2020-ci ilin fevral-dekabr aylarında müxtəlif növ qara metal və sərt alüminum qırıntılarını "xxxx" MMC-yə MMC-yə və "xxxx" QSC-yə satan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, eləcə də fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt qeyd edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məsuliyyətə cəlb edilməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Buna baxmayaraq iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hazırkı iş üzrə cavabdeh mübahisələndirilən qərarla iddiaçını vergi məsuliyyətinə cəlb etdiyi dövrdə faktiki olaraq iddiaçı vergi uçotunda qeydiyyatda olmamışdır. Lakin iddiaçıdan vergi ödəyicisi olmayan fiziki şəxs olaraq vergi tutulmuşdur. Eləcə də inzibati orqanın mübahisələndirilən qərar və bildirişləri – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktların qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, hazırda mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə belə bəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktlar (qərar və bildirişlər) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə» 03.11.2021ci il tarixli, **********288000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» 03.11.2021-ci il tarixli, **********288000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-208/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-208/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver