Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-208/2024 06.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyətinin 08 aprel 2022-ci il tarixli, 89 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv və etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə daxil olduğunu qeyd edərək iddia tələbinin “İmişli rayon İcra Hakimiyyətinin 08 aprel 2022-ci il tarixli, 89 saylı Sərəncamının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə qeydiyyatdan İmişli rayonu Buludlu kəndində qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı təçkilat müvafiq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafiq Dağ-mədən işləri, dağ-buruq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. İddiaçı təşkilat qeydiyyatdan keçdikdən sonra Cavabdehnə müraciət edərək, Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kənd ərazisindən 2,0 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmiş, İmişli rayon İcra Hakimiyyəti tərəfindən 03 avqust 2017-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxanması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafiq olaraq, ona torpaq sahəsinin yerqurlu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra aidiyyəti üzrə cavabdeh təşkilata müvafiq müraciət edilərək, Qum- Çınqıl hasilatı üçün Bəhrəmtəpə-İ yatağında və ona ayrılan torpaq sahəsinin hüdudlarında fəaliyyətə başlanmasına dair müvafiq icazə istəmişlər. Cavabdeh təşkilat tərəfindən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafiq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir. Bundan sonra iddiaçı təşkilat tərəfindən aidiyyəti üzrə ona ayrılan torpaq sahəsindən müvafiq fəaliyyətə başlamışdır. Həmçinin Milli Sertifikatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli uyğunluq sertifkatına əsasən iddiaçı təşkilatın istehsalı etdiyi məhsul müvafiq tələblərə uyğundur. Eləcədə iddiaçı təşkilatın fəaliyyəti həmçinin X5 Görülməsi və X6 Agentliyi tərəfindən verilən 17 iyul 2020 saylı müvafiq çıxarışa əsasən dövlət reyesterində qeydiyyata alınmışdır. İddiaçı təşkilat tərəfindən 2022-ci ilin mart ayına qədər işlədiyi həmin ərazidə həmişə müvafiq qanunverciliyin tələblərinə, o cümlədən ekoloji qaydalara və müvafiq istismarla bağlı təlimatlara, ətraf mühutun qorunması və.s hallara həmişə diqqətlə yanaşmış və fəaliyyəti dövründə bunla bağlı hər hansı nöqsana yol verilməmişdir. Lakin 2022-ci ilin aprel ayının 08-də İmişli rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-ə ayrılan Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinə dair 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı və 03 avqust 2016-ci il tarixli, 19 saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. Həmin sərəncam isə hesab edirik ki, aşağıdakılara görə tamami ilə qanunsuz və əsassız olmaqla əlverşsiz inzibati akdır. Belə ki, ilk öncə qeyd edək ki, həmin qərar əlverşsiz inzibati akt olmaqla iddiaçı təşkilatın hüquqlarını tamamı ilə məhdudlaşdırır və ona verilmiş hüquqdan əsassız məhrum etməsinə səbəb olur. Belə ki, inzibati İcraat Haqqında qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan əlavə hesab edirik ki, həmin əlverşsiz inzibati akt qəbul edilərəkən bu barədə iddaçıya hər hansı bir məlumat verilməmiş, ümumiyyətə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq inzibati icraat haqqında qanunun tələbləri tamamı ilə pozulmuşdur. Belə ki, İnzibati İcraat Haqqında Qanun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin qanun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin qanun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin qanun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qanunverciliyin qeyd edilən tələbindən görünür ki, inzibati orqan inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən xidməti vəzifəsindən irəli gələn öhdəliklərinə əməl etməyərək, mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş,iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, yalnız öz mülahizələrinə əsaslanmaqla inzibati akt qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati akt əlverşsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmaqla qəbul edilmişdir. Digər tərəfdən həmin sərəncamda Zamiq-X MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığna, dövlət və ictimai marağa ziyan vurma kimi hallarla əlaqələndirilmişdir. İlk öncə qeyd edək ki, həmin hallar özlüyündə heç bir mötəbər sübuta əsaslanmadan göstərilmiş və umumi xarakterli ifadələrdən ibarət olmuşdur. Çünki Yerin təkindən istifadə hüququnun ləğvi özlüyündə həmin torpaq sahəsinə dair sərəncamın ləğvi üçün əsas təşkil edə bilməz. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları aşağıdakılardan ibarətdir. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydalarını tənzimləyir. Həmin Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. Hansı ki, bunla bağlı hər hansı bir sübut olmadığı halda inzibati orqanın heç bir inzibati araşdırma aparmadan birtərəfli qaydada həmin nəticəyə gəlməsidə tamami ilə əsassızdır. Hansı ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin tələbinə görə bu yalnız məhkəmə qaydasında xitam verilə bilərdki, inzibati orqanın belə qərar qəbul etmək səlahiyyəti ümumiyyətlə olmamışdır. İnzibati İcrat Haqqında qanun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Azəraycan Respublikası İPm-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin tələbinə əsasən Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Ona görə də, hesab edirik ki, İmişli rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci ilin 08 aprel tarixli, 89 saylı İddiaçı MMC-nin icarəsinə verilmiş Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinə dair 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamının ləğvi hissəsində ləğv edilməli, 03 avqust 2016ci il tarixli , 19 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində isə etibarsız sayılmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа tərəflərə məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçının nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncam xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 89 saylı sərəncamının surəti xx.xx.2022-ci il tarixdə verilmiş və Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2022-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsimaraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 89 nömrəli sərəncam qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamının surətindən görünür ki, İddiaçı rəhbərliyinin müraciəti nəzərə alınmış və Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilmşdir. İş materiallarında olan xx.xx.2017-cı il tarixli, 19 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh başçısı ilə “Zamiq-X’’ MMC arasında Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2017-ci ıl tarixli, 111 nömrəli sərəncamı əsasında 25 il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh başçısı aparatı memarlıq və tikinti şöbəsinin müdiri Nazım Rəsulov, böyük məsləhətçisi Orxan Nağıyev, Zamiq-X" MMC-nin rəhbəri Namiq Xankişiyevin iştirakı ilə, İddiaçı MMC-nə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli dağ- mədən ayırması Aktından görünür ki, “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçı MMC-yə verilən dağ-mədən ayırması Azərbaycan Respublikası imişli rayonu inzibatı ərazisində 2.0 ha torpaq sahəsi təşkil edir. Dağ-mədən ayırması müddəti 5 il olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Görülməsi və X6 Agentliyi tərəfindən İddiaçı MMC-nə göstərilən hüquqi və fiziki şəxs tərəfindən istismar edilən təhlükə potensıallı obyektlər, “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli A-11763 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 xx.xx.2020-ci il tarixli, 000258 nömrəli Aktından görünür ki, Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2118 sərəncamının icrası ilə əlaqədar olaraq Ekologiya və təbii sərvətlər Nazirliyinin tapşırığı ilə İmişli rayonu ərazisində yerləşən İddiaçı MMC-yə məxsus qum-çınqıl karxanasına baxış keçirilmişdir. “Zamiq- X" MMC-nin əlaqələndirici şəxsi ilə əlaqə saxlanılmış və həmin şəxs bildirmişdir ki, onlar artıq karxana fəaliyyəti göstərmirlər. “Dağ-mədən ayırması” aktı üzrə hüquqi şəxsə verilmiş karxana sahəsində daxildə 20000 kv.m sahədə orta istismar dərinliyi 9,14 metr olmaqla 182700, xaricində 12028 kv.m sahədə orta istismar dərinliyi 9.14 metr olmaqla 109936 kv.m həcmində hasilat aparılmışdır. Markseyder planında və Cavabdeh torpaq sahəsinin planında kordinatlar şərti olduğundan ərazidə kənarlara çıxmalar müəyyən edilə bilinmədi. Ərazinin bir qismi “Bəhrəmtəpə- İ” yatağı hüdudlarından kənarda yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarının 2-ci bəninə əsasən göstərilmişdir ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən İddiaçınə yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 İdarə Heyətinin yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 22 nömrəli qərarından görünür ki, 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 'Zamiq-X” MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 89 saylı sərəncamının surətindən görünür ki, İddiaçınə rayonun Xubyarlı kəndi ərazisində yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyətinin başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı sərəncamı və 03 avqust 2017-ci il tarixli, 19 saylı icarə müqavilə ləğv edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 8/1567 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı ilə 2,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X2 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 21 fevral 2018-ci il tarixdə verilmiş 01021 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon icra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon icra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021 -ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına görə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon icra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2022-ci il tarixli, 89 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 551/2024 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı İddiaçınə aid olan hissədə və 29 aprel 2021 -ci ıl tarixli, 22 nömrəli qərarı ləğv edilmiş və mubahisələndirilən qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 üzərinə qoyulmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(106)-516/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərarı dəyişdirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı sərəncamı ilə İddiaçınə 2,0 ha torpaq sahəsi qumçınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Sonradan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçınə Xubyarlı kəndi ərazisində yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı sərəncamı və 03 avqust 2017-ci il tarixli, 19 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına görə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Hazırda iddiaçı İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 89 saylı sərəncamı ilə razılaşmayaq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, həmin məktub verilərkən həmin məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa mübahisəli sərəncamın məzmunundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssiləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq (yoxlama) aparılmış və yoxlamada İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X2 İdarə Heyətinin qərarı ilə İddiaçınə 21 fevral 2018-ci il tarixdə verilmiş 01021 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 89 saylı sərəncamla İddiaçınə rayonun Xubyarlı kəndi ərazisində yerləşən dövlət fondundan qumçınqıl materiallarının çıxarılması üçün 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı sərəncamı və 03 avqust 2017-ci il tarixli, 19 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçınə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X2 Publik Hüquqi şəxsi tərəfindən aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. (Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-785/23 saylı məktuba əsasən) Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa mübahisəli sərəncamın qəbul edilməsinin əsaslarında biri olan İddiaçı tərəfindən dövlət və ictimai maraqlara ziyan vurulması faktı ilə bağlı, araşdırma aparılmış, lakin həmin faktları təsdiq edən təkzib olunmaz (mötəbər) sübutlar müəyyən olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən sərəncam Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında qəbul olunsa da, həmin faktların (iddiaçının fəaliyyəti nəticəsində dövlətə və ictimai maraqlara ziyanın vurulmasının) araşdırılması məqsədilə əraziyə baxış keçirilməmiş və ziyanın yaranma əsasları və həcmi barədə hər hansı sübut əldə olunmamışdır. Hansı ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 61.1 maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəllənin 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan başqa məhkəmə qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib- etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla bağlanmış icarə müqaviləsinə, o cümlədən iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ’’Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və va məhkəmə qaydasında iddia qaldırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bır halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bundan başqa işdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssiləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qumçınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılmış monitorinq (yoxlama) zamanı İddiaçı İmişli rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı sərəncamı və 03 avqust 2017-ci il tarixli, 19 saylı icarə müqaviləsi ilə ona ayrılmış torpaq sahəsində deyil, kənar ərazidə hasilat apardığı müəyyən edilmişdir. Məhz bu səbəbdən İddiaçınə 21 fevral 2018-ci il tarixdə verilmiş 00021 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı İddiaçınə aid olan hissədə və 29 aprel 2021 ci ıl tarixli, 22 nömrəli qərarı ləğv edilmiş və mubahisələndirilən qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 üzərinə qoyulmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(106)-516/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərarı dəyişdirilməmişdir. İş materiallarına əlavə edilən “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinin tələblərinə əsasən sözügedən əməli törətmiş şəxslərin ictimai təhlükəli olmadığı əsası ilə İddiaçı MMC ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, İddiaçı qum-çınqıl hasilatı ilə məşğul olarkən İmişli rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı sərəncamı və 03 avqust 2017-ci il tarixli, 19 saylı icarə müqaviləsi ilə ona ayrılmış torpaq sahəsinə hər hansı formada ziyan vurulması müəyyən edilmir. Məhkəmə qənaətinə görə iddiaçı qanunla ona ayrılmış torpaq sahəsinə deyil, kənar torpaq sahəsinə hər hansı zərər vurarsa və sübuta yetirilərsə, bu hala görə həmin torpaq sahəsi ondan geri alınmamalı, buna subyektiv hüququ olan şəxs tərəfindən kənarda aparılmış hasilata görə vurulmuş zərərin ödənilməsi ilə bağlı zəruri tədbirlər görülməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart 975 nömrəli tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin 3.0 və 3.0.109-cü bəndlərinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək Nazirliyin vəzifələrinə daxildir. Məhkəmə mövqeyinə görə əlverişli inzibati aktın inzibati orqan tərəfindən ləğv edilməsi xüsusi hallarda mümkündür ki, həmin hallar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 68.2-ci maddəsində yer almışdır. Həmin Qanunun həmin maddəsinin tələbinə görə qanuni əlverişli inzibati akt yalnız inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda ləğv edilə bilər (maddə 68.2.3cü). Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iş üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, sərəncamın qəbul edilməsini şərtləndirən sübutlar məhkəməyə təqdim edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 89 nömrəli sərəncamı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 89 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-208/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-208/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver