Məhkəmə qərarları › İş №2-1(120)-2082/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2082/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2082/2024 16.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “İddiaçı Bakı İslam Unversitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı İddiaçı Bakı İslam Unversitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixlli, 2-1(112)-12193/2023 saylı Qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Cəlilabad rayonunun ərazisi olduğunu, Cəlilabad rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2-1(112)-12193/2023 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsinə əsasən iş üzrə iddianın dəyişdirilərək “İddiaçı Bakı İslam Unversitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi və eyni zamanda Bakı İslam Universitetinin və Qafqaz Müsəlmanlar İdarəsinin üçüncü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci ildə Bakı İslam Universitetinin İlahiyatçı-İslamşünaslıq fakültəsinə qəbul olmuşdur. Adıçəkilən universitetdə dini elmlər ilə birgə dünyəvi elmlər də tədris edilirmiş. Təhsil aldığı müddətdə tarix və fars dilinə marağı yaranıb. Gələcəkdə bu iki fənndən birini seçərək araşdırma etmək ümidi ilə xx.xx.2012-ci il tarixdə həmin universitetin bakalavr və magistratura təhsil pilləsini "İlahiyyatçı-İslamşünas” ixtisası üzrə müvəffəqiyyətlə bitirib.2015-2017-ci illərdə əldə etdiyi diplomla İran İslam Respublikası Təhsil Nazirliyinin xətti ilə Tehran Universitetində magistratura (təqaüdlü) pilləsində təhsil almış, daha sonra Tehranda yerləşən Şəhid Beheşti Universitetindən, doktorantura pilləsində (tarix üzrə) təhsil alan ilk azərbaycanlı olaraq, xx.xx.2022-ci il tarixdə məzun olmuşdur. Vətənə qayıtdığı zaman magistratura diplomunun Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya İdarəsi tərəfindən təsdiqlənməsi üçün sözügedən quruma müraciət etdiyində ona müsbət cavab verilməmişdir. Səbəb olaraq Azərbaycanda bitirdiyi universitetin bakalavr pilləsinə məxsus diplomunun dövlət nümunəli diplom olmaması göstərilmişdir. Onu da qeyd etmək istəyir ki, Bakı İslam Universitetinin bakalavr təhsil pilləsindən aldığı diplom mübahisəli məsələlər siyahısındadır. Lakin adıçəkilən universitetin bir neçə tələbəsinin diplomu dövlət nümunəli diplom blankı ilə əvəz edilib. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ixtisas dərəcəsi üzrə tam kursu bitirməyi barədə dövlət nümunəli diplom blankının verilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı təhsil aldığı müddətdə Bakı İslam Universiteti qanunvericiliklə alınması nəzərdə tutulan lisenziyaya sahib olmadığı, habelə tələbə qəbulunu Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 26-cı maddəsinin tələblərinə uyğun şəkildə həyata keçirmədiyi üçün ona dövlət nümunəli təhsil sənədinin verilməsi mümkün deyildir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün sayır. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bakı İslam Universitetinin məhkəməmyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2007-ci ildə Bakı İslam Universitetinə (BİU) “İslamşünaslıq” ixtisası üzrə İ kurs əyani şöbəyə qəbul olmuş, sonradan öz xahişinə əsasən qiyabi şöbəyə keçirilmiş və 2012-ci ildə məzun olmuşdur. Məlumat üçün bildirir ki, ali dini təhsil müəssisəsi olan Bakı İslam Universiteti (BİU) keçmiş SSRİ Nazirlər Soveti yanında X3 17 yanvar 1989-cu il tarixli, 2 nömrəli protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. QMİ-nin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. QMİ-nin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01 mart 1994-cu il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmış və onun Nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 738855 nömrəli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezitentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X4 üzrə Dövlət Komitəsi (bundan sonra-Komitə) yaradılmış və dini təhsil müəsissələrinin dövlət qeydiyyatı Komitəyə həvalə edilmişdir. Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən, Bakı İslam Universiteti 135 saylı Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır. 2009-cu ilədək mövcud qanunvericilikdə dini tədris müəssisələrinin lisenziyalaşdırılması nəzərdə tutlmadığından BİU-nin də fəaliyətinə lisenziya verilməmişdir. Lisenziya verilənə qədər universitetə tələbə qəbulu BİU-nun Nizamnaməsinə uyğun olaraq müsabiqə əsasında aparılmış və məzunlara Universitet adından diplomlar verilmişdir. BİU 2002-ci ildə X4 üzrə Dövlət Komitəsində yenidən dövlət qeydiyyatına alınarkən Universitetin Nizamnaməsinin təsdiqi zamanı mövcud qanunvericilikdə dini təhsilin lisenziyalaşdırılması nəzərdə tutulmadığından, Komitə tərəfindən lisenziya alınması və Universitetə qəbulun TQDK (hazırki DİM) tərəfindən test üsulu ilə aparılması barədə heç bir tələb irəli sürülməmiş və Universitetə tələbə qəbulu BİU-nun Komitə tərəfindən təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq aparılmışdır. Nizamnamənin 4.3 bəndinə əsasən ’’Universitetə” qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Müsabiqə, iştirakçıların biliklərinin, düşüncə qabliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə, imtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır”. Məktubda adı qeyd olunan İddiaçı da müsabiqə yolu ilə Universitetə qəbul olaraq təhsil almış məzunlardandır. BİU-nun tələbə və məzunları universitetin bütün fəaliyyəti dövründə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun dini təhsillə bağlı 10-cu maddəsində göstərilən imtiyazlardan istifadə etmişlər. Həmin maddəyə əsasən: “Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər”. BİU-da lisenziyadan əvvəl təhsil alanlar həmin Qanuna müvafiq olaraq təhsil aldıqları müddətdə (5 il) hərbi xidmətdən möhlət, sosial müavinətlər almaq, məzun olduqdan sonra isə universitet tərəfindən verilmiş diplomlarla ali təhsilli şəxslər kimi birillik hərbi xidmət çəkmək, Təhsil Nazirliyinin razılığı əsasında başqa universitetlərə köçürülmək və doktoranturada təhsillərini davam etdirmək kimi hüquq və güzəştlərdən istifadə etmişlər. Azərbaycan Respublikasının Prezidentinin 06 avqust 2009-cu il tarixli 143 nömrəli Fərmanına əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına “ali dini təhsil müəssisələrində” və “dini orta ixtisas təhsili müəssisələrində təhsil” fəaliyyətləri əlavə olunmuşdur. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 08 may 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2009-cu il tarixli, 143 nömrəli Fərmanına uyğun olaraq ali dini və dini orta ixtisas tədris müəssisələrinin lisenziyalaşdırılması zəruri hesab edilmişdir. Göstərilən qanunvericilik aktlarına uyğun olaraq, BİU-nun təsisçisi QMİ-nin vəsatəti əsasında universitetin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. 2010/2011 tədris ilindən başlayaraq Bakı İslam Universitetinə tələbə qəbulu X2 (DİM) tərəfindən aparılmış, məzunlara dövlət nümunəli diplomlar verilmişdir. 26 avqust 2009-cu il tarixli, 87 qeydiyyat nömrəli Lisenziyadan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali təhsilin bakalavr və magistr pillələrində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssiz hazırlığına dair Bakı İslam Universitetinə 26 avqust 2009cu il tarixli, 87 qeydiyyat nömrəli lisenziya təhsil naziri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-29/2-Ə-9469-4/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir”. Mövcud qanunvericiliyə zidd olaraq daxili müsabiqə əsasında lisenziyasız fəaliyyət göstərən Bakı İslam Universitetinə qəbul olunmuş şəxslərə Nazirlik tərəfindən dövlət nümunəli diplom blankı verilməmişdir. Bakı islam Universiteti tərəfindən adınıza yazılmış diplomun Nazirlik tərəfindən dövlət nümunəli təhsil sənədi kimi qəbul edilməməsi hər hansı maddi məsuliyyət yaratmır. Belə ki, yuxarıda adı qeyd olunan qanunun 1.0.47-ci maddəsinə görə, təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Qeyd edək ki, qanunvericiliyə əsasən təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunması və təhsilalanların keyfiyyətli təhsillə təmin edilməsi bilavasitə təhsil müəssisəsinin vəzifəsi hesab edilir. Eyni zamanda bildiririk ki, Bakı İslam Universiteti tərəfindən Sizə verilən diplomun tanınması və ya dövlət nümunəli diplomla əvəz olunması ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərara uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir. Azərbaycan Respublikasi X2nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9- 3/2/878/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxx 1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) ali təhsilin bakalavriat səviyyəsinə 2006-cı ildə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə DT altqrupunda 35.857 bal, XH altqrupunda 31 bal, 2007-ci ildə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə 110.25 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X2 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-1966/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar 2017-ci il 16 may tarixində qüvvədən düşmüş Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu Komissiya tərəfindən həyata keçirilmişdir. İşin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Mərkəz tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2007-ci ildə Bakı İslam Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilməmişdir. Əlavə olaraq bildiririk ki, ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Bakı İslam Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu 2010-cu ildə başlamış və sözügedən təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı 2017-ci ilədək həyata keçirilmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27.1 -ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. Bu hallarla bağlı məhkəmə bildirir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU-nun fəaliyyəti həmin dövrdə qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı 2007-2012-ci illərdə Bakı İslam Universitetində təhsil almış, 2012-ci ildə universitet iddiaçıya ali təhsili bitirməsinə görə 2012-ci il tarixli 2568 nömrəli diplom vermişdir. İddiaçı ona verilən diplomun dövlət nümunəli olmadığından, cavabdehin ona dövlət nümunəli diplom verməli olduğunu bildirmişdir. Cavabdehin dəlillərinə görə Bakı İslam Universiteti qanunvericiliklə alınması nəzərdə tutulan lisenziyaya sahib olmadığı, habelə tələbə qəbulunu Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 26-cı maddəsinin tələblərinə uyğun şəkildə həyata keçirmədiyi üçün ona dövlət nümunəli təhsil sənədinin verilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməməsində cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Məhkəmə vurğulayır ki, 2009-cu ildə və ondan sonra Bakı İslam Universitetinə qəbul edilən və həmin universiteti bitirən məzunlara dövlət nümunəli diplomlar cavabdeh tərəfindən təsdiq edilərək verilməsi və cavabdehin Bakı İslam Universitetini bitirən məzunlara dövlət nümunəli diplom verilməsində özünü səlahiyyətli hesab etməsi işin mübahisə olunmayan halıdır. Bakı İslam Universitetinin dövlət qeydiyyatı ilə bağlı qeyd olunmalıdır ki, universitet “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “Ali təhsil” göstərilmiş, ali dini tədris müəssisəsi kimi X4 üzrə Dövlət Komitəsində yenidən qeydə alınaraq 28 iyun 2002-ci il tarixli Şəhadətnamə verilmiş, Şəhadətnamədə əsas fəaliyyət növü “Ali ixtisas üzrə Dini təhsil vermək”, təşkilati-hüquqi forması kimi “Ali Dini tədris müəssisəsi” qeyd edilmişdir. 2009-cu ildə qanunvericilik aktlarına edilən dəyişikliklərə uyğun olaraq 26 avqust 2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Ali təhsilin bakalavr və magistr pilləsində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığı həyata keçirməyə icazə barədə 5 il müddətinə lisenziya verilmişdir. Universitetin 17 mart 1997-ci il tarixdə qeydə alınmış nizamnaməsində universitetin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilməsi, təşkilati məsələlərdə ona tabe olması, universitetin vəzifələrindən biri kimi ali dini təhsilli mütəxəssislər hazırlamaqdan ibarət olması göstərilmişdir. Bakı İslam Universitetinin X4 üzrə Dövlət Komitəsində 27 iyun 2002-ci il tarixdə qeydiyyata alınmış Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilmişdir ki, universitetə qəbul QMİ-nin qanunvericiliyə uyğun təsdiq etdiyi tələbə qəbulu qaydalarına uyğun olaraq aparılır. Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Məhkəmə hesab edir ki, mübahisəyə aydınlıq gətirmək üçün ilk növbədə "Dini etiqad azadlığı haqqında” Qanunun normalarına istinad edilməlidir. "Dini etiqad azadlığı haqqında” Qanunun 20 avqust 1992-ci ildə qəbul edilən zaman qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada olmuşdur: Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 8 may 2009-cu il tarixli Qanun ilə 6-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir: Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. 21 dekabr 2010-cu il tarixli Qanun ilə 6-cı maddəsinin dördüncü hissəsində, "tədris” sözü "təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci il tarixli Qanun ilə 6-cı maddədə dördüncü hissədən "(əsasnamələrinə)” sözü çıxarılmışdır. 4 may 2021-ci il tarixli Qanun ilə 6-cı maddə yeni (hazırda qüvvədə olan) redaksiyada verilmişdir. "Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin məzmununa görə dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri (təhsil müəssisələri) yaratmaq ixtiyarına malik olmuşlar. Bakı İslam Universiteti "Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin, habelə 10-cu maddəsinin tələbinə uyğun Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, həmçinin Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirmişdir. "Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsi həm də müəyyən etmişdir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. “Dini etiqad azadlığı haqqında” Qanunun 7-ci maddəsinə görə dini təhsil müəssisələri dini qurum hesab edilir və həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda 26-cı bənddə qeyd edilmişdir ki, ali və orta ixtisas müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti ilə bağlı lisenziya verən orqan Təhsil Nazirliyidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir. Bundan başqa, 2 sentyabr 2002-ci il tarixli Fərmanla təsdiq edilmiş Əlavə 2-də “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun Məbləğləri”ndə fəaliyyət növü kimi ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi və buna görə 5.500 manat dövlət rüsumu müəyyən edilməsi barədə 17.5-ci bənd 6 avqust 2009-cu il tarixli 143 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmişdir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi Təhsil Nazirliyi tərəfindən hazırlanmalı və hökümət tərəfindən təsdiq edilməli olduğu halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi belə bir səlahiyyəti olmayan BİU tərəfindən təsdiq edilmişdir ki, bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfındən tədris olunan ixtisasların və BİU qəbul planının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının və buraxılış Atestasiya Komisiyyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, BİU-nin akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA- na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixədək qüvvədə olmuş 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6-cı bəndinin tələblərinə görə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi komissiyanın əsas vəzifələrindən biri olmuşdur. Fərmanın tələblərinə görə Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir.İddiaçının təhsil aldığı Bakı İslam Universiteti də Azərbaycan Respublikasında fəaliyyət göstərmiş ali təhsil müəssisəsi olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının 2006/2007-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməsi müəyyən olunsa da, hər hansı bir təhsil müəssisəsinə qəbul olunması və barəsində X2 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən təhsil müəssisinə qəbul əmrinin verilməsi müəyyən edilməmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməmişdir.İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, onun həmin universiteti bitirməsinə dair dövlət nümunəli diplomun verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur. Yuxarıda sadalanan faktiki və hüquqi hallara istinadən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin olunmaması barədə cavabdeh təşkilatın gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. X1 (bundan sonra İPM) 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “İddiaçı Bakı İslam Unversitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 2.2-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “İddiaçı Bakı İslam Unversitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar