Məhkəmə qərarları › İş №2-1(120)-2087/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2087/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2087/2022 14.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq sahəsində inşa edilmiş sahəsi 4060.98 kv.m təşkil edən çoxmərtəbəli yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə mənə məxsus torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 4060.98 kv.m təşkil edən yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə iddia tələbinə “torpaq sahəsində inşa edilmiş sahəsi 4060.98 kv.m təşkil edən çoxmərtəbəli yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “torpaq sahəsində inşa edilmiş sahəsi 4060.98 kv.m təşkil edən çoxmərtəbəli yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən və xx.xx.2009-cu il tarixli ********** saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüquqi ilə ona məxsus 0,06751 ha torpaq sahəsində çox mərtəbəli mənzilli yaşayış binası inşa etmişdir. İddiaçı çox mərtəbəli yaşayış binasına torpaq sahəsi ilə birgə vahid əmlak kimi qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh heç bir hüquqi əsas olmadan müraciətin təmin edilməsindən imtina etmişdir. İnzibati orqan imtina məktubunda ərizəyə tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi əlavə edilmədiyi bildirilmiş, lakin ərizəyə həmin sənədlər əlavə edilmişdir. İnşa edilmiş yaşayış binası xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və torpağın təyinatına uyğun olmuşdur. Hesab edir ki, cavabdehdə təqdim edilmiş sənədlər əsasında çox mərtəbəli binaya torpaq sahəsi ilə birgə vahid əmlak üzərində onun hüquqları qeydiyyata alınmalıdır. Cavabdeh imtinanı onunla əsaslandırır ki, xidmət orqanı olaraq Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbinə əsasən həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair əvvəllər faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) və təqdim olunmuş sənədləri ekspertizasının nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq “Çıxarış” verilmişdir. Hazırki müracətinizin icrası olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 8.0. və 10.1 -ci maddəsinin tələbinə uyğun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatdan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu baxımdan bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 .-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan səbəbdən hazırki ərizənizin icrasından qanunamüvafiq olaraq tərəfimizdən imtina edilir və ərizənizlə yanaşı təqdim olunmuş sənədlər geri qaytarılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdiyini, lakin tələbə dair veriləcək qararı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında, 0.06751 ha torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Seriya Ma ******* nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışından görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən 0.06751 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış binasının eskiz layihəsindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi ilə qeyd edilən binanın tikintisi razılaşdırılmışdır. İş materiallarında olan 2022-ci il tarixli eskiz layihəsinə əsasən razılaşdırılmış 2021-ci il tarixli eskiz layihəsinin Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində lahiyələndirilən 2022-ci il tarixli eskiz layihəsi ilə əvəz edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə bağlanılan xx.xx.2022-ci il tarixli, 156714 nömrəli müqaviləyə əsasən Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən yaşayış sahəsinə elektrik enerjisinin verilməsi ilə bağlı "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin bağlanıldığı və elektrik enerjisinin verilməsi qarşılığı olaraq iddiaçı tərəfindən davamlı olaraq ödənişlər edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 43 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X6 arasında Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında inşa edilmiş yaşayış evinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 65,33 kv.m olan 43 saylı mənzil alıcıya təhvil verilməsi, alıcının isə öz növbəsində mənzilin razılaşdırılmış dəyəri müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun olaraq satıcıya ödənilməsini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 36 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X4 arasında Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında inşa edilmiş yaşayış evinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 48,76 kv.m olan 36 saylı mənzil alıcıya təhvil verilməsi, alıcının isə öz növbəsində mənzilin razılaşdırılmış dəyəri müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun olaraq satıcıya ödənilməsini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 41 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X8 arasında Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında inşa edilmiş yaşayış evinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 49,89 kv.m olan 41 saylı mənzil alıcıya təhvil verilməsi, alıcının isə öz növbəsində mənzilin razılaşdırılmış dəyəri müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun olaraq satıcıya ödənilməsini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 18 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X3 arasında Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında inşa edilmiş yaşayış evinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 48,76 kv.m olan 18 saylı mənzil alıcıya təhvil verilməsi, alıcının isə öz növbəsində mənzilin razılaşdırılmış dəyəri müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun olaraq satıcıya ödənilməsini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 33 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X5 arasında Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında inşa edilmiş yaşayış evinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83,97 kv.m olan 33 saylı mənzil alıcıya təhvil verilməsi, alıcının isə öz növbəsində mənzilin razılaşdırılmış dəyəri müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun olaraq satıcıya ödənilməsini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X7 arasında Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında inşa edilmiş yaşayış evinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 63,66 kv.m olan 11 saylı mənzil alıcıya təhvil verilməsi, alıcının isə öz növbəsində mənzilin razılaşdırılmış dəyəri müqaviləyə əlavə edilən 1 saylı öhdəliyə uyğun olaraq satıcıya ödənilməsini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 yanvar 2021-ci il tarixli, **********03 saylı məktubuna əsasən idarənin mütəxəssis tərəfindən sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması təmin edilmiş və həmin torpaq sahəsinin koordinatları qeyd edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 16 aprel 2021-ci il tarixli, **********03 saylı məktubuna əsasən təqdim edilmiş koordinatlarla qeydə alınmış torpaq sahəsinin yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 108 nömrəli ekspert rəyinə əsasən birinci və üçüncü suallar üzrə Lənkəran şəhəri, ünvan 1 ünvanında yerləşən İddiaçı tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının faktiki (mövcud) vəziyyətinin, o cümlədən planda yerləşməsinin, mərtəbəliyinin, oxlar arası ölçülərinin, xarici hündürlüyünün, tikililərin sayının və digər texniki göstəricilərinin eskiz layihəsinə uyğun olduğu, ikinci sual üzrə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 yanvar 2021-ci il tarixli, **********03 saylı məktubunda əks olunmuş döngə nöqtələrinin “X” və “Y” koordinatlarına əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintialtı sahəsinin İddiaçı məxsus olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən (qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2009) seriya MA ******* nömrəli Çıxarışda göstərilən torpaq sahəsinin üzərində (hüdudları daxilində) yerləşməsi müəyyən edilmişdir. (yaşayış sahəsinin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir) Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1 -ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə "İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmi Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından görünür ki, cavabdeh yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirir. Cavabdehin imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 8.0. və 10.1 -ci maddəsinin tələbinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunduğu təqdirdə, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun baxılacağı bildirilmişdir. Halbuki, cavabdeh inzibati orqan müraciətin həll olunması məqsədi ilə zəruri olan sənədlərin mövcud olub-olmadığı barədə araşdırma aparma səlahiyyətinə malik idi. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası qanunazidd olmuşdur. Belə ki, iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə sərəncam, sahiblik və istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahəsinin eskiz layihəsi müvafiq lisenziyalı qurum tərəfindən inşa edilmiş, eləcə də səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq edilmişdir. Beləliklə də, yerli icra hakimiyyəti orqanı tikilinin həyata keçirilməsinə öz iradə ifadəsini nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Məhkəmənin hazırkı formada mövqeyi dövlət tərəfindən tanınmış mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki, ümumilikdə qeyd olunanlar iddiaçının torpaq sahəsi ilə bağlı müvafiq hüquqa malik olması və hazırkı çoxmərtəbəli binanın tikilməsi və istifadəyə verilməsi formasında fəaliyyəti həmin torpaq sahəsində həyata keçirməsinə mane olunmaması nəticəsinə gəlinməsinə əsas yaradır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin 15-ci bəndinə əsasən Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən İcazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Qeyd olunmalıdır ki, cavabdeh çoxmərtəbəli binaya münasibətdə hüquqmüəyyənedici sənədlərin olmadığıni iddia etsə də, Məhkəmə hesab edir ki, tikili tikintinin həyata keçirilməsinə razılıq verən səlahiyyətli qurumun iradə ifadəsi mövcud olmaqla həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Lənkəran şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Lənkəran şəhəri İcra hakimiyyəti həyata keçirir. Hazırki iddia üzrə göründüyü kimi, eskiz layihəsi müvafiq olaraq Lənkəran şəhəri, ünvan 1 ünvanının lahiyəsi Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Memarlı və Tikinti şöbəsi ilə razılaşdırılmışdır ki, bu hal iddiaçıya münasibətdə müsbət təsir edir. Belə ki, razılaşdırılmış eskiz layihəsinin dəyişdirilməsi, mərtəbələrin sayının artırılması, tikinti işlərinin davam etdirilməsi və yaşayış sahəsi üzrə mənzillərin bir çox şəxsə satılması hallarında səlahiyyətli qurum tərəfindən heç bir məhdudlaşdırıcı tədbirlər görülməmişdir ki, qeyd edilən halların səlahiyyətli qurumun iradə ifadəsinin mövcud olması nəticəsində baş verdiyi qənaətinə gəlinmişdir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müraciətin təmini tikintiyə razılıq verən qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi belə vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 yanvar 2021-ci il tarixli, **********03 saylı məktubuna əsasən idarənin mütəxəssis tərəfindən sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması təmin edilmiş və həmin torpaq sahəsinin koordinatları qeyd edilmiş, İdarənin 16 aprel 2021-ci il tarixli, **********03 saylı məktubuna əsasən təqdim edilmiş koordinatlarla qeydə alınmış torpaq sahəsinin yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi göstərilmişdir. Məhkəmə, eyni zamanda xx.xx.2022-ci il tarixli, 108 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İddiaçı tərəfindən qeyd edilən yaşayış sahəsinin ona məxsus çıxarışla mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi və eskiz layihəyə uyğun olduğu xx.xx.2022-ci il tarixli, 108 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəydə - birinci və üçüncü suallar üzrə Lənkəran şəhəri, ünvan 1 ünvanında yerləşən İddiaçı tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının faktiki (mövcud) vəziyyətinin, o cümlədən planda yerləşməsinin, mərtəbəliyinin, oxlar arası ölçülərinin, xarici hündürlüyünün, tikililərin sayının və digər texniki göstəricilərinin eskiz layihəsinə uyğun olduğu, ikinci sual üzrə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 yanvar 2021-ci il tarixli, **********03 saylı məktubunda əks olunmuş döngə nöqtələrinin “X” və “Y” koordinatlarına əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintialtı sahəsinin İddiaçı məxsus olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən (qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2009) seriya MA ******* nömrəli Çıxarışda göstərilən torpaq sahəsinin üzərində (hüdudları daxilində) yerləşməsi qeyd edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarına əsasən elektrik qurğularının şəbəkəyə qoşulması üçün texniki şərtlər qeyd edilmişdir ki, bu şərtlərə əsasən - Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. Elektrik enerjisinin verilməsi ilə bağlı iddiaçı ilə "xxxx" ASC arasında 17 may 2022-ci il tarixli, 156714 nömrəli müqavilə bağlanmış, iddiaçıya **********0 nömrəli abonent kodu verilmiş və müqavilədə yuxarıda qeyd edilən şərtlərə əməl olunduğu, nəticə etibari ilə yaşayış sahəsinin istismara yararlı olduğu bildirilərək elektrik enerjisinin verilməsi qənaətinə gəlinmişdir. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş müddəti uzadılmış müqaviləyə, torpaq sahəsi ilə bağlı hüquqa, o cümlədən tikiliyə müvafiq orqanın iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə "üstünlüyünü” təsbit etmişdir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1 -ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. İPM-in 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81 -ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş sahəsi 4060.98 kv.m təşkil edən çoxmərtəbəli yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar