Məhkəmə qərarları › İş №2-1(120)-2095/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2095/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2095/2025 10.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 dekabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhərində yerləşən hazırda faktiki istifadəsində olan tikiliyə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Masallı rayonu Masallı bələdiyyəsinin 26 mart 2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarı əsasında ona qeyri-yaşayış binası tikmək üçün Masallı şəhəri, Heydər Əliyev prospektində ayrılmış 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il qərardadları ilə Masallı rayonu Masallı bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Masallı rayonu, Təzə Alvadı kəndində yaşayır. Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı bir sıra orqanlara müraciət etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Belə ki, hazırda tikili onun istifadəsindədir. Tikili ilə bağlı kənar şəxslərlə heç bir mübahisə yoxdur. Tikili və onun altında olan torpaq sahəsində faktiki olaraq sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Tikili ilə bağlı müvafıq sənədləri də vardır. Lakin cavabdeh orqan tikili ilə bağlı müvafıq sənədlərin verilməsindən imtina etmişdir. Ona görə də cavabdbeh orqanın hərəkətlərini qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı məhkəməyə müraciət edərək, Masallı şəhərində yerləşən tikiliyə çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə üzərinə qoyulmasını xahiş etmişdir. Bildirirlər ki, İddiaçı müraciətində inşa edilmiş tikilinin hansı təyinatlı olması barədə qeyd olmadığından ərizəsinin icrasından imtina edilmiş və izah edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tikilinin təyinatına uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxslərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-B-0055-8/2024 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Sizin müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, müraciətində qeyd olunan tikilinin hansı təyinatlı olması barədə qeyd aparılmamışdır. Məlumat üçün qeyd edirik ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tikilinin təyinatına uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarından, o cümlədən işdə olan xx.xx.2006-cı il tarixli, 79 nömrəli rəydən, 23 mart 2006-cı il tarixli seçim aktından, 26 mart 2006-cı il tarixli, 04 nömrəli iclas protokolunun qərarından, bələdiyyə mülkiyyətinə aid olan torpaqların yerquruluşu planından çıxarışdan, 27 mart 2006-cı il tarixli, 76 nömrəli qəbzdən və tikiləcək obyektin eskiz layihəsindən müəyyən olunur ki, Masallı rayonu, Təzə Alvadı kənd sakini İddiaçı obyekt tikintisi üçün ona 56,4 kv.m torpaq sahəsinin satılması barədə ərizəsi, bununla əlaqədar DT və XK Masallı rayon şöbəsinin hazırladığı rəy, yerquruluşu sənədləri və seçim aktı nəzərə alınmaqla Masallı rayon Masallı bələlədiyyəsinin mülkiyyətinə aid 56,4 kv.m torpaq sahəsi 150 manat dəyəri ödənilməklə alqı-satqı qaydasında iddiaçıya satılmış, İddiaçı ona satılmış torpaq sahəsində qeyri-yaşayış obyekti inşa etdirmiş, həmin tikiliyə mülkiyyət hüqunu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan inşa edilmiş tikilinin hansı təyinatlı olması barədə qeyd olmadığını əsas gətirərək iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 56.4 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 56.4 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı tikdirdiyi qeyri-yaşayış binası Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 56.4 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? - İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binasının eskiz layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binası eskiz layihəyə uyğun inşa edilmişdirmi? Qeyri-yaşayış binasının eskiz layihəsi ilə faktiki vəziyyət arasında hər hansı uyğunsuzluqlar mövcuddurmu? - İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binası başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətində maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/2540 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Qərardadın birinci və ikinci sualları üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4887/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından bu torpaq sahəsinin sənəd üzrə yerini müəyyən etmək mümkün olmadı. Baxış zamanı təqdim edilən İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. (mütəxəssis rəyə əlavə olünmuş yerquruluşu planında göstərilmişdir). Həmin İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olundu. - Qərardadın üçüncü sualı üzrə: - Baxış zamanı təqdim edilən İddiaçı tikdirdiyi qeyri-yaşayış binası Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 56.4 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən 56.4 kv.m torpaq sahəsi İddiaçı tikdirdiyi qeyri-yaşayış binasının altında yerləşir. - Qərardadın dördüncü sualı üzrə: - İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının eskiz layihəsinin Masallı RİHB Memarlıq və tikinti şöbəsi tərəfindən mart 2006-cı il tarixdə razılaşdırıldığını nəzərə alaraq, tikinti və şəhərsalma normalarına uyğun olduğu müəyyən edilmişdir. - Qərardadın beşinci sualı üzrə: - İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən edilmişdir. - Qərardadın altıncı sualı üzrə: - Baxış zamanı İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının giriş-çıxışının, divarlarının ətrafdakı digər tikililərdən ayrı olduğu və həmin tikilinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının başqa şəxslərin hüquqlarını pozubpozmamasının və başqa şəxslərin mülkiyyətində maneəsiz istifadəyə məhdudiyyət yaradıb-yaratmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. Beləliklə, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4887/2025 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/2540 nömrəli ekspert rəyinə əsasən Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi, iddiaçının tikdirdiyi qeyri-yaşayış binasının Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 56.4 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşdiyi, yəni sözügedən 56.4 kv.m torpaq sahəsinin İddiaçı tikdirdiyi qeyri-yaşayış binasının altında yerləşdiyi, iddiaçı tərəfindən eskiz layihəsi Masallı RİHB Memarlıq və tikinti şöbəsi tərəfindən mart 2006-cı il tarixdə razılaşdırılmış Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının tikinti və şəhərsalma normalarına uyğun olduğu və eskiz layihəsinə uyğun inşa edildiyi, giriş-çıxışının, divarlarının ətrafdakı digər tikililərdən ayrı olduğu və həmin tikilinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisnə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib ediklməsini və verilməsini təmin etmık Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən alqı-satqı qaydasında İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün satılmış 56,4 kv.m torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmür və iddiaçının tikdirdiyi qeyri-yaşayış binası Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən qeyri-yaşayış binasının tikintisi üçün satılmış 56.4 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində, yəni sözügedən 56.4 kv.m torpaq sahəsi İddiaçı tikdirdiyi qeyri-yaşayış binasının altında yerləşir, iddiaçı tərəfindən eskiz layihəsi Masallı RİHB Memarlıq və tikinti şöbəsi tərəfindən mart 2006-cı il tarixdə razılaşdırılmış Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binası tikinti və şəhərsalma normalarına uyğun inşa edilməklə giriş-çıxışı, divarları ətrafdakı digər tikililərdən ayrıdır və həmin tikili iddiaçının istifadəsindədir. Bağırov X2 bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarına əsasən alqı-satqı qaydasında ona satılmış torpaq sahəsində inşa etdirdiyi qeyriyaşayış obyektinə mülkiyyət hüqunu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan inşa edilmiş tikilinin hansı təyinatlı olması barədə qeyd olmadığını əsas gətirərək iddiaçının ərizəsinin icrasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi yeganə tikilinin hansı təyinatlı olması barədə qeyd olmadığı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən səbəb iş materialları ilə tam təkzib olunur. Belə ki, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarı əsasında İddiaçı satılmış 56.4 kv.m torpaq sahəsinin təyinatının məhz sahibkarlıq məqsədilə qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün nəzərdə tutulduğu iş materiallarında olan DT və XK Masallı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 79 nömrəli rəyi, Masallı RİH Memarlıq və Tikinti şöbəsinin rəyi, Masallı RİH Memarlıq və Tikinti şöbəsinin, DT və XK Masallı rayon şöbəsinin, Masallı Bələdiyyəsinin məsul şəxslərinin iştirakı ilə tərtib olunmuş 23 mart 2006-cı il tarixli seçim aktı, Masallı Bələdiyyəsinin 26 mart 2006-cı il tarixli, 04 nömrəli iclas protokolunun qərarı və tikiləcək obyektin eskiz layihəsi ilə təsdiq olunur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı Bağırov X2 şəhəri, Heydər Əliyev prospektində yerləşən, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolunun qərarı əsasında sahibkarlıq məqsədi üçün mülkiyyətinə satılmış 56.4 kv.m torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış (obyekt) binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mövqeyi əsaslı sayıla bilməz. Odur ki, İddiaçı Masallı şəhəri, Heydər Əliyev prospektində özünə məxsus 56.4 kv.m torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış (obyekt) binasına mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası formal xarakter daşımaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Digər tərəfdən, Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ... inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları məcmu şəkildə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar