Məhkəmə qərarları › İş №2-1(120)-2098/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2098/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2098/2022 08.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajını sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək stajını, hərbi xidmətdə olduğu illəri və təhsil aldığı illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “1972-1997-ci illərdə Saatlı rayonu “Ulduz” adına kolxozda işlədiyi illərin həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilməsi və iddiaçıya hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1972-ci il tarixdən 1997-ci il tarixədək Saatlı rayonu “Ulduz” adına kolxozda traktrist işləmişdir, əmək haqqı almış və işləməyi Dövlət X3 xx.xx.2022-ci il tarixli 262 nömrəli arxiv arayışında öz təsdiqini tapır. Cavabdeh təqdim etdiyi arxiv arayışına, hərbi xidmət haqqında arayışa, təhsil haqqında attestatın surətinə əsasən sığorta stajı (01,09.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədok təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci i! tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 24 il 25 gün təşkil etdiyini bildirmişdir. Həmçinin, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı işlədiyi iş stajı, hərbi xidməti və təhsili onun qanunvericilikdə tələb olunan 25 il iş stajı və yaşı ona yaşa görə əmək pensiyasının təmin olunmasına tam hüquq verir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1957-cü il tarixdə Saatlı rayonu, Kirovkənd kəndində doğulmuş, Saatlı rayonu, Mircəlalkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli, 262 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Saatlı rayon “Ulduz” kolxozunda 1972-1997-ci illərdə əmək fəaliyyəti ilə məşgul olması barədə kolxoz üzvlərinin hesablaşma kitabında qeydləri vardır. -İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 12 sentyabr 2022ci il tarixli **********2 nömrəli iddia tələbinə etiraz məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə, Şirvan rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli 269 nömrəli arxiv arayışında qeyd olunmuş Saatlı rayonunda fəaliyyət göstərmiş “Ulduz adma kolxoz”da işlədiyi 1972-1997-ci illər mübahisələndirilən sosial sığorta stajına aiddir. Qeyd olunan arayışa əsasən: Saatlı rayonunda fəaliyyət göstərmiş “Ulduz adına kolxoz” da işlədiyi 1972-ci ildə minimum əmək günü üzrə normanın (240 günün) 58 gününü, 1973-cü il üzrə 118 günü, 1976-cı il üzrə 118 günü, 1978-ci il üzrə 186 günü yerinə yetirməklə (58+118+118+186=480/240=2*12=24 ay) 2 il sığorta stajı; Eyni adlı kolxozda işlədiyi 1974,1975,1979-1997-ci illər üzrə minimum əmək günü üzrə normanı (240 günü) tam yerinə yetirməklə 21 il sığorta stajı, ümumilikdə isə mübahisələndirilən 23 il sığorta stajı olduğu müəyyən edilmişdir; Bundan başqa, İddiaçı təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 11 ay 28 gün təhsil aldığı müddət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şööbəsinin 17.01 2022-ci il tarixli 25 nömrəli arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978ci il tarixədək 2 il 27 gün olmaqla, onun mübahisələndirilməyən ümumi sığorta stajı 3 il 25 gün təşkil etmişdir. Beləliklə, iddiaçının Saatlı rayonunda fəaliyyət göstərmiş “Ulduz adına kolxoz”da 1972-1997-ci illərdə işlədiyi dövlər əmək kitabçasında qeyd edilmədiyindən, həmçinin əmək stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməmiş, bununla da, iddiaçıya yasa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində '2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz arxiv arayışına, hərbi xidmət haqqında arayışa, təhsil haqqında attestatınızın surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 24 il 25 gün təşkil edir. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ oimadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan 5669 nömrəli atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1972xx.xx.1973-cü illərdə texniki peçə məktəbinin İİİ dərəcəli traktorçu maşınçı ixtisasinda təhsil almışdır. - İşdə olan HЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək 11 ay 28 gün təhsil aldığı müddət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 25 nömrəli arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il 27 gün hərbi xidmət dövrü olmaqla onun ümumi sığorta stajı 3 il 25 gün təşkil edir. Eyni zamanda sözügedən şəxsin xx.xx.2006-cı il tarixinədək 3 il 25 gün sığorta stajına uyğun olaraq 2.439,39 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 -ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsi zamanı kolxozlarda əmək fəaliyyəti dövrü müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən nəzərə alınır. Qeyd olunanlara əsasən iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 262 nömrəli arxiv arayışında qeyd olunan 1972-1997-ci illər üzrə 23 il (21+(58+118+118+186/240)=23 il) sığorta stajına əlavə edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli, 670 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Saatlı rayon “Ulduz” adına kolxozun 18 № li saxlama vahidli kitabı zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinə təqdim edilib. Bu səbəbdən İddiaçı əmək fəaliyyətinə aid verilmiş arayışa əsas olan sənədin surətini təqdim etmək mümkün olmadı. - İşdə olan 1 saylı X1 29 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Arxivin Şirvan filialında mühafizə olunan Saatlı rayon Saatlı rayon Ulduz Kolxozunun hesablaşma kitabı baş prokuror yanında korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən araşdırılmağa aparıldığı üçün vətəndaş İddiaçı 1972-1997-ci illəri əhatə edən iş stajını yoxlamaq mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Saatlı rayon “Ulduz” adına kolxozun 18 № li saxlama vahidli kitabı zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin istintaq idarəsinə təqdim edilib. Bu səbəbdən İddiaçı əmək fəaliyyətinə aid verilmiş arayışa əsas olan sənədin surətini təqdim etmək mümkün olmadı.İddiaçı Saatlı rayon “Ulduz” adına kolxozunda 1972-1997-ci illərə aid əmək fəaliyyəti əks olunan vərəqdə hansı məlumatlar varsa yalnız o məlumatı verə bilər. Qeyd edilən əmrlərin, əlavə məlumatların əks olunduğu sənədlər (əmr və əmək haqqı cədvəlləri) Azərbaycan Respublikasının Dövlət Arxivi Şirvan filialına təhvil verilməyib. Saatlı rayon Dövlət Arxivinə, Saatlı rayon kolxoz sədrlərindən aldığı şifahi məlumat və digər yaxın kolxozların bəzi uçot kitablarında qeyd olunan faktlara əsasən Saatlı rayon kolxozlarında minimum adam günü norması kişilər üçün 1987-ci ilə qədər 240 gün, 1988-ci ildən isə 200 gün olub. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək 11 ay 28 gün təhsil aldığı müddət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 25 nömrəli arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il 27 gün hərbi xidmət dövrü olmaqla 3 il 25 gün ümumi sığorta stajı mübahisələndirilməmişdir. Mübahisəli dövr iddiaçının 1972-ci il tarixdən 1997-ci il tarixədək “Ulduz” adına kolxozda işlədiyi dövrdən ibarətdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni xx.xx.2022-ci il tarixli, 262 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Dövlət X3 xx.xx.2022-ci il tarixli, 262 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə Dövlət X3 xx.xx.2022-ci il tarixli, 262 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1972-1997-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq təhsil dövrü, hərbi və arxiv arayışında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 il olması müəyyən olunur. Hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının kolxozda işləməsi barədə məlumat barədə əmək kitabçası təqdim olunmasa da, həmin dövr mövcud olan arxiv arayışında öz əksini tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan və təqdim olunmuş arxiv arayışından müəyyən olunur ki, İddiaçı Saatlı rayon “Ulduz” adına kolxozda 1972-1997-ci illərdə işləmiş və əmək haqqı almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1.Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası X6 Filialı tərəfindən təqdim olunmuş arayışdan və əlavə olunmuş əmək haqqı cədvəlləri əsasında müəyyən olunur ki, iddiaçı 1972-1999-cu illəri əhatə edən dövrlərdə Saatlı rayon “Ulduz” adına kolxozda işləmişdir. Nəzərə alınmalıdır ki,vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı Saatlı rayon “Ulduz” adına kolxozda 1972-ci ildə 58 gün, 1973-cü ildə 118 gün, 1976-cı ildə 118 gün, 1978-ci ildə 186 gün işləmişdir. Bundan başqa, arxiv arayışında qeyd olunmuşdur ki, Saatlı rayon “Ulduz” adına kolxozda 1972-1987-ci illər üzrə minimum əmək günü üzrə norma 240 gün, 1987-1997-ci illər arası isə minimum əmək günü üzrə norma 200 gün müəyyən edilmişdir. İddiaçı 1974, 1975, 1979-1997-ci illər üzrə minimum əmək günü üzrə normanı tam yerinə yetirmişdir. 1977-ci ildə minimum əmək günü üzrə normanı yerinə yetirməsi barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Bunun müqabilində məhkəmə bildirir ki, təkzib olunmaz haldır ki, iddiaçının kolxozda işlədiyi dövrün müəyyən edilməsi üçün minimum əmək iştirakı normasının müəyyən edilməsi zəruridir. Məhkəmə bildirir ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Məhkəmə hesab edir ki, Saatlı rayon “Ulduz” adına kolxozda kişilər üçün nəzərdə tutulmuş minimum əmək iştirakı norması əsasında müəyyən edilir. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir –(58+118+118+186=480/240=2*12=24 ay) (iki il). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1972, 1973, 1976, 1978-ci illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 02 il iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət, kolxozda işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (3 il 25 gün+21 il + 02 il =26 il 25 gün) ümumi iş stajı mövcuddur. Beləliklə iddiaçıya 65 yaşdan pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi ümumi iş stajının 25 ildən çox olması tələb edilir ki, cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya 65 yaşdan pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən umumi iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmaması ilə bağlı aşağıdakiları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən inzibati icraatın prinsiplərinə əməl edilməmişdir. Belə ki, inzibati orqan kimi cavabdeh inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, sübutları tələb etməli, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı idi. Lakin, cavabdeh formal mülahizələrə əsaslanaraq əlavə araşdırma aparmadan iddiaçının ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gəlmişdir. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci ildən yaranır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1972-1997-ci illərdə Saatlı rayon “Ulduz” adına kolxozda işlədiyi illərin həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı 1972-1997-ci illərdə Saatlı rayon “Ulduz” adına kolxozda işlədiyi illərin həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar