Məhkəmə qərarları › İş №2-1(120)-21/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-21/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-21/2020 30.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi x26 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x24 qarşı “15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş planındakı koordinatların (yerin) torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə 30 iyun 2020-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x24 qarşı “15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş planındakı koordinatların (yerin) torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(120)-21/2020 nömrəli qərardadı ilə x8, x5, x4, x2, x9, x1, x6, Şahbazova Güllü Möhsüm qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2-1(086)-999/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 2,2036 ha kənd təsərrüfatlı təyinatlı torpaqlar xususi mülkiyyətdə olmaqla ailə üzvləri ilə ümümi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli JN-35 L saylı dövlət aktı ilə onlara verildiyindən həmin torpağa dair çıxarış və plan ölçü almaq üçün cavabdeh təşkilata müraciət etmişdirlər. Cavabdeh təşkilat isə həmin torpaq sahəsinə dair onlara çıxarış və torpağın plan-ölçüsünü vermişdir. Amma plan-ölçü ilə tanış olan zaman müəyyən edilmişdir ki, onların torpağının aktda qeyd olunan koordinatları dəyişdirilərək torpağı tamam başqa yerləşmə yerində göstərilib. Məhz buna görə də cavabdeh təşkilata müraciət edərək plan-ölçüdə yol verdikləri qanunsuzluqları aradan qaldırmaları və istinad etdikləri 10.06.1998 ci il tarixli JN-35 L saylı dövlət aktında müəyyən olunmuş torpağın koordinatlarına uyğun plan-ölçünün verilməsini xahiş etmişdir. Cavabdeh təşkilat isə 12 noyabr 2018-ci il tarixdə imtina vermişdir. İmtinasını da onunla əsaslandırdı ki, guya bizə verilmiş torpağa dair aktdan sonra təkrar torpaq islahatı keçirilmiş və torpaq sahəsinin koordinatları dəyişdirilmişdir. Məhz ona görə də bazada da aktda olan koordinatlar öz təsdiqini tapmadığından imtina edilir. Cavabdeh təşkilatın imtinası tamamilə qanunsuz olmaqla vətəndaşların süründürməçiliyinə xidmət edir. Axı necə ola bilər ki, təkrar torpaq islahatı keçirilsin və onun aktı ləğv olunmasın. Əgər akta Reyestr Xidməti plan ölçünün verilməsinin əsası kimi istinad edirsə bəs niyə həmin aktın koordinatlarına istinad etmir. Əsas məqam da burdadır. Əgər akta istinad edilirsə və akt hüquqi əsas kimi qeydə alınmasının əsasıdırsa həmin aktda göstərilən torpaq sahəsinin koordinatları da planölçünün koordinatları ilə eyni olmalıdır. Buna görə də cavabdehin imtinası açıq-aşkar qərəzli və məqsədlidir. Hesab edir ki, aqrar islahat zamanı yol verilmiş nöqsanlar məhkəmə qaydasında aradan qaldırılmalı və mülkiyyət hüququ bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən qəbul olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x21 nümayəndəsi və üçüncü şəxslər x18, x16, x14, x10, x19, x3, x17, Şahbazova Güllü Möhsüm qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x21 nümayəndəsinin və üçüncü şəxslər x8, x5, x4, x2, x9, x1, x6, Şahbazova Güllü Möhsüm qızının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x21 12 noyabr 2018-ci il tarixli, **********5 saylı məktubunda qeyd olunmuşdur ki, sizin “Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən **********60 reyestr nömrəli 2.2036 ha torpaq sahəsinin koordinatlarının (yerinin) dəyişdirilərək, tərəfinizdən ərizəyə əlavə edilmiş 35L nömrəsi ilə torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatlara uyğun hazırlanması” ilə bağlı 24.10.2018-ci il tarixli müraciətinizə 13 saylı x22 baxılmışdır. Cari müraciətinizlə bağlı bildiririk ki, Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən sizin iştirakınızla əvvəlki, 09.10.2018ci il tarixli ********** daxil olma nömrəli ərizənizə əsasən sözügedən torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Saatlı rayonu x7 10.06.1998-ci il tarixli 06 nömrəli qərarına əsasən sözügedən torpaq sahəsi ilə bağlı təkrar islahat keçirilmiş və yeri dəqiqləşdirilmişdir.Bu səbəbdən sizin təqdim etdiyiniz dövlət aktında göstərilən 35L nömrəsi ilə qeyd edilmiş torpaq sahəsi ilə üzərində hüquqların dövlət qeydiyyatı aparılmış torpaq sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahələrinin koordinatları və konfiqurasiyası fərqlidir. Eyni zamanda, torpaq sahəsi hər iki mülkiyyət sənədinə əsasən 2.2036 ha təşkil edir. Məlumat üçün qeyd edirik ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərizəçilər tərəfindən daşınmaz əmlaka dair təqdim edilmiş mülkiyyət sənədlərini, Ərazi İdarəsinin arxiv və elektron kadastr baza məlumatları ilə uyğunluq təşkil etdiyi halda qeydiyyata alır. Belə ki, sizin 09.10.2018-ci il tarixli ərizənizə əsasən Ərazi idarəsi tərəfindən 15.10.2018-ci il tarixdə sözügedən torpaq sahəsi üçün A 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin məlumatlarına əsasən tərtib edilmişdir. Eyni zamanda, Ərazi İdarəsi tərəfindən sizin adınıza hazırlanmış torpaq sahəsinin planı və Ölçüsü Kadastr və x11 x12 məlumat bazasına və ləğv edilmiş DTXK tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş JN-0035 nömrəli dövlət aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sizin müraciətinizin icrasından imtina edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x21 **********48 nömrəli 05 fevral 2019-cu il tarixli məktubuna əlavə olunmuş 15.10.2018-ci il tarixli A 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquq sahibi kimi İddiaçı adına 2.2036 hektar torpaq sahəsi qeydiyyata alınmış və həmin plan və ölçünün tərtib edilməsinə əsas olan sənədJN-35L, 10.06.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktıdır. Həmin məktuba əlavə edilmişJN-0035 (kod 90804018) saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, cədvəldən, plan çizgidən görünür ki, Saatlı rayonu x7 10.06.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 5,39 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, torpaq sahəsinin plan və çizgisi tərtib edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2019-cu il tarixli **********09 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinin nəticə hissəsində aşağdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: İddiaçı Hüseyn qızının adına tərtib edilmiş 24.09.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və 15.10.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi, Saatlı rayonu x7 10.06.1998-ci il tarixli, 06 nömrəli qərari ilə 11 iyun 2004-cü il tarixdə, tərtib edilmiş JN-0035 (kod 90804018) nömrəli Dövlət Aktında 35 L plan cizgisi nəzərə alınmaqla İddiaçı Hüseyn qızına yə onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5.39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin İddiaçı Hüseyn qızının iddia etdiyi mübahisəli torpaq sahəsi ilə 24.09.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və 15.10.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir. (Sxematik planda əks olunmuşdur). Qərardadın ikinci sualı üzrə: Birinci sualın cavabında qeyd edilənlər, hər iki suala uyğun aydın və geniş şəkildə qeyd edilmişdir. Həmçinin digər şəxslərin mülkiyyət hüquqlarının pozulubpozulmaması mühəndisin səlahiyyətinə aid deyildir. Qeyd: İddiaçı Hüseyn qızının adına tərtib edilmiş 24.09.2018-ci iltarixli, RX seriyalı, ******* nömrəli çıxarış və 15.10.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan, Reyestri Xidmətinin tabeliyində olan Kadastr və x11 x12 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindəni DƏDRX-nin 13 saylı x24 təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2019-cu il tarixli, 23414 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir:Qərardadın birinci-ikinci sualları üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTl-nin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı Hüseyn qızının adına tərtib edilmiş 24.09.2018-ci il tarixli, RX seriyalı,1383281 nömrəli çıxarışda və 15.10.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi Saatlı rayonu x7 10.06.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 11 iyun 2004-cü il tarixdə, tərtib edilmiş JN-0035 (kod 90804018) nömrəli Dövlət Aktına 35L plan/cizgi nəzərə alınmaqla İddiaçı Hüseyn qızına və onunun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5,39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin İddiaçı Hüseyn qızının iddia etdiyi mübahisəli torpaq sahəsi 24.09.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və 15.10.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir.Həmçinin qeyd olunur ki, İddiaçı Hüseyn qızının adına tərtib edilmiş 24.09.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və 15.10.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və x11 x13 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindən DƏDRX-nin 13 saylı x24 təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. İşdə olan Saatlı rayon Dövlət Arxivinin məhkəməyə daxil olmuş 06.03.2020-ci il tarixli 12 nömrəli məktubu ilə Saatlı rayon x7 10.06.1998-ci il tarixli 6 nömrəli protokolu və qərarı göndərilərək bldirilmişdir ki, 11.06.2004-cü ildə x7 sənədləri aşkar edilmədi. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının 12 mart 2020-ci il tarixli 02/590 nömrəli məktubunda qeyd edilmişdir ki, Məzrəli və Naharlı kəndlərində 10 iyun 1998-ci il tarixdən sonra təkrar islahat aparılmamışdır. İşdə olan Məzrəli kənd x25 üzrə nümayəndəliyinin 06.03.2020-cil tarixli 95 nömrəli məktubunda qeyd olunur ki, həqiqətən Saatlı rayonMəzrəli və Naharlı kəndlərində 10 iyun 1998-ci il tarixində keçirilmiş torpaq islahatından sonra həmin ərazilərdə islahat aparılmamışdır. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “PyaQloriyaSerrilliİtaliyaya qarşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.06.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir: torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin qeydiyyat kitabları, plan-xəritə materialları, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uçotunun illik hesabat formaları, cədvəlləri və jurnalları. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı (maddə 8.0.3) və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edənaktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İddiaçının hazırkı iddiasının mahiyyəti onun mülkiyyətində və faktiki sahibliyində olan torpaq sahəsinə görə 15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş kordinatların həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun tərtib edilməsi və yeni plan və ölçüsü sənədinin cavabdeh tərəfindən hazırlanmasından ibarət olmuşdur. Lakin cavabdeh inzibati orqan müraciət üzrə araşdırma aparmaqdan imtina etmişdir. Hansı ki, ilkin hüquqmüəyyənedici sənədlərə uyğun daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasını tələb edilməsi torpaq sahibi kimi iddiaçının müstəsna hüququ, bu hüquqların qeydiyyatını aparmaq və qeydiyyata dair müvafiq sənədləşmə işlərini aparmaq isə cavabdehin vəzifəsidir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətindən cavabdehin imtina etməsinin səbəbi 2004-cü ildə təkrar islahatın aparılması və torpağın yerinin dəqiqləşdirilməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2004-cü ildə həmin ərazidə təkrar islahat keçirilməmişdir. Eyni zamanda məhkəmə iclasında izahat verən iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin sonradan dəqiqləşdirilməsinə yəni yerinin dəyişdirilməsinə icazə vermədiyini və ümumiyyətlə bundan xəbəri olmadığını bildirmişdir. Belə ki, iş materiallarında olan 15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktıdır. Yəni müəyyən olunur ki, cavabdeh 2018-ci il tarixində plan və ölçü sənədini hazırlayanda belə 2004-cü ildə tərtib edilmiş dövlət aktına istinad etməmişdir. Onu da nəzərə almaq lazımdır ki, torpaq sahəsi iddiaçıya Saatlı rayon x7 10.06.1998-ci il tarixli 6 nömrəli protokolu və qərarı ilə verilmiş və bu qərar əsasında onun adına JN-0035 (kod 90804018) saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Məhz həmin dövlət aktı yuxarıda qeyd edilən maddi hüquq normalarına görə iddiaçıya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə etməsinə imkan verir. Başqa sözlə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Saatlı rayon x7 10.06.1998-ci il tarixli 6 nömrəli protokolu və qərarı və bu qərar əsasında onun adına tərtib edilmiş JN-0035 (kod 90804018) saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasən yaranır. Məhkəmə xüsusi ilə vurğulayır ki, 10.06.1998-ci il tarixli 6 nömrəli protokolu və qərarı və bu qərar əsasında həmin ildə (1998-ci ildə) tərtib edilmiş JN- 0035 (kod 90804018) saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında torpağın kordinatları və yerləşmə sxemi tam olaraq tərtib edilmişdir və həmin sənəd ilkin hüquqmüəyyənedici sənəd hesab olunur. Lakin iş materiallarında olan mütəxəssis və ekspert rəyindən görünür ki, 15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü (1998-ci ildə) tərtib edilmiş JN-0035 (kod 90804018) saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən kordinatlara uyğun deyil, 2004-cü ildə yəni sonradan tərtib edilmiş kordinatlara uyğun hazırlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun toxunulmazlığı və düzgünlüyü prinsipini nəzərə alsaq bu zaman mülkiyyətçiyə (hazırkı iş üzrə iddiaçıya) məxsus torpaq sahəsinin yerinin dəyişdirilməsi və yaxud həmin torpaq sahəsinə aid sənədlərdə düzəlişin edilməsində mülkiyyətçinin (hazırkı iş üzrə iddiaçının) bilavasitə razılığının olması vacib şərtdir. Odur ki, cavabdeh inzibati orqan qeyd edilən xüsusatların araşdırlması ilə bağlı zəruri inzibati icraat apararaq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları (2004-cü ildə torpaq sahəsinin kordinatlarının təkrar dəqiqləşdirilməsi, iddiaçının buna razılığının olub-olmaması və s) hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Başqa sözlə, hüquqların dövlət qeydiyyatı haqqında, o cümlədən qeydə alınmış mülkiyyət hüquqlarının müdafiəsi (düzgünlüyü) üçün verilmiş ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış, plan və ölçü sənədi vermək cavabdehin vəzifələri sırasına daxildir. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından və iddiaçının ərizəsinin icrasından imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçının müraciətini araşdırmadan formal əsaslarla imtina məktubu verməməli, qeyri-müəyyən münasibət bildirməməli idi. İş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından iddiaçının iddia tələbinin təmin edilibedilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi hazırki mərhələdə mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş planındakı koordinatların (yerin) torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x21 üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. 15.10.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş planındakı koordinatların (yerin) torpağa mülkiyyət hüququna dair 10.06.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı x21 üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar