Məhkəmə qərarları › İş №2-1(120)-21/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-21/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-21/2025 10.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi X6, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X2, Üçüncü şəxs Beyləqan rayon Allahyarlı bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə istifadəyə verilmiş torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq faktiki istifadəsində olan 41.08 ha torpaq sahəsi üzərində İddiaçı X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X4 nümayəndəsi X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı kimi İddiaçı X4, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin qəbul edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin cavabdehlər siyahısından çıxarılmasının, iddia tələbinə “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə istifadəyə verilmiş 50 ha torpaq sahəsi üzərində İddiaçı X4 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1590/2021 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş və Beyləqan rayon İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-64/2024 nömrəli qərardadı ilə Beyləqan rayon Allahyarlı bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-21/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə istifadəyə verilmiş torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq faktiki istifadəsində olan 41.08 ha torpaq sahəsi üzərində İddiaçı X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı X4 nümayəndəsi X13 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Beyləqan rayon Allahyarlı bələdiyyəsinin nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə üçüncü şəxs Beyləqan rayon İcra Hakimiyyətinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, üçüncü şəxs Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon X12 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı əsasında tərtib olunmuş torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktında göstərilən ümumi sahəsi 50.0 ha olan torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınması barədə daxil olmuş 06 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan daşınmaz əmlak üzərində daimi istifadə hüququnun qeydiyyata alınması məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə əsasən Beyləqan rayon İcra Hakimiyyəti Başçısının daimi istifadə hüququnun qeydiyyata alınmasına müvafiq razılıq məktubu əldə olunmaqla daşınmaz əmlaka dair tərtib olunmuş sənədlərin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Xidmətin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə ərizənizin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlakla dair nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunları, Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada tənzimlənir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, daimi istifadənizə ayrılmış torpaq sahəsi barədə idarənin arxiv əsasları və elektron baza məlumatlarında hər hansısa məlumat aşkar olunmadığından daimi istifadə hüququnun qeydiyyata alınmasına münasibət bildirilməsi məqsədi ilə Beyləqan rayon İcra Hakimiyyətinə 06 iyul 2020-ci il tarixində **********94 nömrəli sorğu məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********327 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon X12 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı əsasında tərtib olunmuş torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktında göstərilən ümumi sahəsi 50.0 ha olan torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınması barədə daxil olmuş 06 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə əsasən Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Sözügedən torpaq sahəsi Beyləqan rayon X12 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı əsasında ayrıldığından daimi istifadə hüququnun qeydiyyata alınması məqsədi ilə Beyləqan rayon İcra Hakimiyyətinin müvafiq razılıq məktubunun təqdim olunması zəruridir. İş materiallarına əlavə olunmuş Beyləqan rayon X9 xx.xx.1995-ci il tarixli qərarından görünür ki, Beyləqan rayon İddiaçı çoxsahəli kiçik dövlət müəssisəsinin bazasında yaradılan İddiaçı X4 qeydə alınması, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli iclasının 188 nömrəli qərarı ilə “Xətai” adına sovxozun torpaq sahəsindən İddiaçı çoxsahəli kiçik dövlət müəssisəsinə ayrılmış 50 ha torpaq sahəsinin İddiaçı X4 istifadəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş B 004211 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktından və ona əlavə olunmuş torpaq sahəsinin planından görünür ki, Beyləqan rayon X9 xx.xx.1995-ci il tarixli, 22 saylı qərarı ilə 50.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı X4 istifadəsinə verilmiş və həmin torpaq sahəsinin plan-çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından və nizamnamədən görünür ki, “Ədalət X11” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1995-ci il tarixdə 22 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, 8 saylı ərazi vergilər idarəsində ********** nömrəli VÖEN-ilə qeydiyyata alınmış, təşkilatın hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, qanuni təmsilçisi X8r. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/6587 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci və üçüncü sualları üzrə Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı X4 istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı X4 istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin qərar qəbul olunduğu vaxt torpaq sahələrinin mülkiyyət növünə görə dəqiqləşdirilməsi işləri aparılmadığı üçün 50.0 ha torpaq sahəsinin hansı mülkiyyət növünə, kateqoriyaya və torpaq növünə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd: İddiaçı X4 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin yerləşdiyi ərazi X5 İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsal edilməsi məqsədi ilə ayrılmış torpaq sahəsi kimi qeyd olunmuşdur. Qərardadın dördüncü sualı üzrə; Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı X4 istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin 41.08 ha hissəsi faktiki olaraq İddiaçı X4, 8.92 ha hissəsi isə başqa şəxslərin istifadəsindədir. İddiaçı X4 istifadəsində olan 41.08 ha torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Qərardadın beşinci sualı üzrə Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı X4 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı X4 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsal edilməsi məqsədi ilə ayrıldığı və eyni zamanda X5 İnformasiya Sistemində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün ayrılması qeyd olunduğuna görə 50.0 ha torpaq sahəsinin üzərində iddiaçının daimi istifadə hüququnun qeydiyyata alınması torpağın təyinatına uyğundur. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə etimad prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdiyi “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı qüvvədədir, ləğv edilməmiş, etibarsız sayılmamış, qüvvədən düşməmiş və ya geri çağrılmamışdır. Bunun əksi olaraq müvafiq qərarın mövcud olduğu, torpaq sahəsinin (41,02 ha hissəsi) iddiaçının istifadəsində olması, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi, üçüncü şəxsilərin hüquqlarına toxunmaması öz təsdiqini tapmışdır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə Beyləqan rayon İddiaçı çoxsahəli kiçik dövlət müəssisəsinin bazasında yaradılan İddiaçı X4 qeydə alınması, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli iclasının 188 nömrəli qərarı ilə “Xətai” adına sovxozun torpaq sahəsindən İddiaçı çoxsahəli kiçik dövlət müəssisəsinə ayrılmış 50 ha torpaq sahəsinin İddiaçı X4 istifadəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı X3 ayrılmış 50 ha torpaq sahəsinə istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən Beyləqan rayon İcra Hakimiyyəti Başçısının daimi istifadə hüququnun qeydiyyata alınmasına müvafiq razılıq məktubu əldə olunmaqla daşınmaz əmlaka dair tərtib olunmuş sənədlərin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Xidmətin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə ərizənizin icrasına qanunamüvafiq qaydada baxılacağı, eyni zamanda daimi istifadənizə ayrılmış torpaq sahəsi barədə idarənin arxiv əsasları və elektron baza məlumatlarında hər hansısa məlumat aşkar olunmadığından daimi istifadə hüququnun qeydiyyata alınmasına münasibət bildirilməsi məqsədi ilə Beyləqan rayon İcra Hakimiyyətinə 06 iyul 2020-ci il tarixində sorğu məktubu göndərildiyi qeyd edilməklə ərizənin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə cavabdehin imtinasının və etirazının birinci dəlilinə münasibətdə qeyd edir ki, razlığı tələb edilən Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarının ləğv edilməsi, etibarsız sayılması və ya geri çağrılması barədə hər hansı hərəkətlər həyata keçirilməmiş, mübahisənin predmetini təşkil edən torpaq sahəsinin iddiaçıdan geri alınması barədə tədbirlər görülməmişdir. “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı qüvvədə olması, həmçinin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu halda cavabdeh inzibati orqan tərəfindən Beyləqan rayon İcra Hakimiyyəti Başçısının daimi istifadə hüququnun qeydiyyata alınmasına müvafiq razılıq məktubu tələb etməsi əsasız olmuşdur. Məhkəmə cavabdehin imtinasının və etirazının ikinci dəlilinə münasibətdə qeyd edir ki, daimi istifadəyə ayrılmış torpaq sahəsi barədə idarənin arxiv əsasları və elektron baza məlumatlarında hər hansısa məlumat aşkar olunmaması iddiaçının təqsiri ucbatından baş verməmişdir. Torpqa sahəsinə dair dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron məlumat bazasına daxili edilir. Cavabdeh inzibati orqanın mütəxəssisinin tərtib etdiyi rəydən müəyyən edilir ki, 50 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsal edilməsi məqsədi ilə ayrılmış torpaq sahəsi kimi qeyd olunmuş, 50 ha torpaq sahəsinin 41.08 ha hissəsi faktiki olaraq İddiaçı X4, 8.92 ha hissəsi isə başqa şəxslərin istifadəsindədir. İddiaçı X4 istifadəsində olan 41.08 ha torpaq sahəsi təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmiş, Beyləqan rayon Allahyarlı bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə etiraz etməsinə mübasibət məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə iddiaçının istifadəsinə verilmiş, Bələdiyyələrin stausu haqqında Azərbaycan Respublikasının Qanun xx.xx.1999-cu il tarixdə qəbul edilmiş, həmin qanuna əsasən bələdiyyələr ərazi hüdudları daxilində yerli özünüidarəetmə orqanı olaraq faliyyətə başlamışdırlar. Beyləqan rayon Allahyarlı bələdiyyəsi fəaliyyətə başladıqdan sonra hazır ki, mübahisəli torpaq sahəsini mülkiyyət hüquqlarından irəli gələrək öz mülkiyyətinə və istifadəsinə qaytramaq üçün hər hansı tədbir görməmiş, İddiaçı X4 istifadəsində olması ilə razılaşmışdır. İddiaçı X11 “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarına etimad göstərmiş, həmin torpaq sahəsinə hazırki vaxta qədər sahiblik və istifadə edir. “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarının qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilməməmişdir. Bundan başqa iş materiallarında olan və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/6587 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin koordinatlarının mühafizə-sanitariya zolağına yəni magistral avtomobil yolunun, qaz xəttinin, su boru xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə (qorunma) zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə istifadəyə verilmiş torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq faktiki istifadəsində olan 41.08 ha torpaq sahəsi üzərində İddiaçı X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatların dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X4 iddia tələbi təmin edilsin. Beyləqan rayon X9 28 iyun 1995-ci il tarixli, 22 saylı qərarı ilə istifadəyə verilmiş torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq faktiki istifadəsində olan 41.08 ha torpaq sahəsi üzərində İddiaçı X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar