Məhkəmə qərarları › İş №2-1(120)-211/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-211/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-211/2022 19.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 19 may 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 10 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1967-1998-ci illərdə Saatlı rayonu “Ukrayna” adına kolxozda işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 10 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi və vəkili X5 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “1972-1998-ci illərdə Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq 01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 10 saylı Regional Ərazi filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 14.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili X5 məhkəməyə əlavə ərizə təqdim etmiş və və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 10 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 10 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Oradan ona ünvanlanmış **********9 saylı, 09 iyul 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Təqdim etdiyiniz sənədlərə baxılarkan məlum olmuşdur ki, Siz “Ukrayna” adına kolxozda işlədiyiniz dövr üçün iş stajınızı X8 filialının 144 nömrəli, 05.04.2021-ci il tarixli arayışına əsasən təqdim etmisiniz və bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etməmişsiniz. Ona görə də Sizə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir”. Təqdim etdiyi arxiv arayışındakı iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaması qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 20 aprel 2021-ci il tarixli ərizə ilə Kürdəmir “ASAN xidmət” Mərkəzinə müraciət etmiş və ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, lakin müraciət edərkən stajını təsdiq edən sənəd kimi yalnız arxiv arayışı təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının 06.04.2021-ci il tarixli məktubu ilə ona pensiya təyin edilməsinin mümkün olmaması bildirilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını rəhbər tuturlar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 1.0.2-ci maddəsinə görə qanunvericilik aktları - Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Konstitusiyanın 148-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə uyğun olaraq qanunvericilik sisteminə aid olan normativ hüquqi aktlardan biri də mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarıdır. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 1.1-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a (X11) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən Milli Arxiv İdarəsi və dövlət arxivləri arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onların sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.10cu bəndinə əsasən də Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. İddiaçının isə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığına görə onun hərbi xidmət müddəti və qəbul ediləcəyi halda, əmək müqaviləsi (kontraktı) əsasında işləmədiyi məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti də sosial sığorta stajına daxil edilmir. Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”-nın 3.7-ci bəndinə uyğun olaraq əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Beləliklə, hazırkı iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə bildirilmişdir ki, 1). X10 Sistemində 155 №-li Fondun ilk və son tarixinin “1946-1964” kimi göstərildiyi halda, iddiaçı tərəfindən təqdim edilmiş X8 filialının 05.04.2021-ci il tarixli, 114 nömrəli arxiv arayışında 1967-1998-ci illərə aid məlumatların 155 №-li Fonda istinad etməsi; 2) İddiaçı 2010-cu ildə əlilliyə görə pensiya təyin edilərkən onun təqdim etdiyi Saatlı Rayon Dövlət Arxivinin 08.02.2010-cu il tarixli, 05 nömrəli arxiv arayışında iddiaçının “Ukrayna” kolxozunda yalnız 1972-1990 və 1997-1998-ci illərdə işlədiyi göstərildiyi halda, 05.04.2021-ci il tarixli arayışında iddiaçının 1967-1971 və 1991-1996-cı illərdə də həmin kolxozda işləməsinin qeyd edilməsi; 3) 1965- 1974-cü illərdə adam günü anlayışı olmadığı, yalnız əmək günü normasından istifadə olunduğu halda, hər iki arxiv arayışında həmin illər üzrə adam günü normasının göstərilməsi; 4) islahatlardan sonra, hətta 1998-ci ildə belə kolxozun hələ də fəaliyyət göstərməsi; 5) Saatlı Rayon Dövlət Arxivinin 08.02.2010-cu il tarixli 05 nömrəli arxiv arayışında 1973-cü ilin illik qazancı “789” kimi yazıldığı halda, X8 filialının 05.04.2021-ci il tarixli 114 nömrəli arxiv arayışında 1973-cü ilin illik qazancının “607” kimi göstərilməsi; 5) 08.02.2010-cu il tarixli arxiv arayışında 1974-cü ilin illik qazancı “1185” kimi yazıldığı halda, 05.04.2021-ci il tarixli arxiv arayışında 1974-cü ilin illik qazancının “920” kimi göstərilməsi; 6) 08.02.2010-cu il tarixli arxiv arayışında 1975-ci ilin illik qazancı “1507” kimi yazıldığı halda, 05.04.2021-ci il tarixli arxiv arayışında 1975-ci ilin illik qazancının “757” kimi göstərilməsi; 7) 08.02.2010-cu il tarixli arxiv arayışında 1978-ci ilin illik qazancı “1800” kimi yazıldığı halda, 05.04.2021-ci il tarixli arxiv arayışında 1978-ci ilin illik qazancının “959” kimi göstərilməsi; 8) 08.02.2010-cu il tarixli arxiv arayışında 1979-cu ilin illik qazancı “1601” kimi yazıldığı halda, 05.04.2021-ci il tarixli arxiv arayışında 1979-cu ilin illik qazancının “2362” kimi göstərilməsi; 9) 08.02.2010-cu il tarixli arxiv arayışında 1989-cu ilin illik qazancı “2001” kimi yazıldığı halda, 05.04.2021-ci il tarixli arxiv arayışında 1989-cu ilin illik qazancının “20017” kimi göstərilməsi iddianın əsasını təşkil edən sübut kimi X8 filialı tərəfindən İddiaçı verilmiş 05.04.2021-ci il tarixli 114 nömrəli arxiv arayışının mötəbərliyinə əsaslı şübhələr yaradır. Xüsusilə 1972-1990 və 1997-1998-ci illərdən əlavə 05.04.2021-ci il tarixli arayışında iddiaçının 1967-1971 və 1991-1996-cı illərdə də həmin kolxozda işləməsinin qeyd edilməsi 25 ilə çatması üçün iddiaçının iş stajının saxta üsullarla artırılması təəssüratını yaradır. Çünki yalnız 1972-1990 və 1997-1998-ci illərin staja daxil edilməsi nəticəsində iddiaçının 20 il stajı olmuş olardı, bu da əlilliyə görə pensiya təyinatı üçün (xx.xx.1956 + 15 il = 05.05.1971; 05.01.2010 - 05.05.1971 = 38 il 08 ay; 38 * 4 ay = 152 ay = 12 il 8 ay) kifayət etsə də, yaşa görə pensiya təyinatı üçün kifayət etmir. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə Saatlı rayonunda doğulmuşdur. Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda 1972-ci ildə 171 adam günü, 1973-cü ildə 218 adam günü, 1974-cü ildə 255 adam günü, 1975-ci ildə 241 adam günü, 1976-cı ildə 215 adam günü, 1977-ci ildə 217 adam günü, 1978-ci ildə 181 adam günü, 1979-cu ildə 212 adam günü, 1980-ci ildə 226 adam günü, 1981-ci ildə 187 adam günü, 1982-ci ildə 209 adam günü, 1983-cü ildə 241 adam günü, 1984-cü ildə 206 adam günü, 1985-ci ildə 227 adam günü, 1986-cı ildə 214 adam günü, 1987-ci ildə 234 adam günü, 1988-ci ildə 218 adam günü, 1989-cu ildə 186 adam günü, 1990-cı ildə 158 adam günü, 1991-ci ildə 290 adam günü, 1992-ci ildə 287 adam günü, 1993-cü ildə 312 adam günü, 1994-cü ildə 296 adam günü, 1995-ci ildə 326 adam günü, 1996-cı ildə 276 adam günü, 1997-ci ildə 170 adam günü, 1998-ci ildə 134 adam günü günü işləmişdir. Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda qadınlar üçün 1972-1987-ci illərdə adam günləri minimum 180 gün, 1988-1998-ci illərdə adam günləri minimum 100 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1972-ci ildə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialının aparıcı mütəxəssisi M.F.Əliyevin, X13 filialının direktoru H.H.Hüseynovun, Böyük fond mühafizəçisi S.F.Həsənovanın iştirakı ilə tərtib edilmiş Aktda göstərilmişdir ki, vətəndaş İddiaçı 1967-1998-ci illər daxil olan əmək stajı yerində yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, X13 filialında mühafizə olunan Saatlı rayon sabiq “Ukrayna” adına kolxozunun sənədləri yoxlanılarkən İddiaçı 1967-1998-ci illəri əhatə edən iş stajına rast gəlindi. İşlədiyi dövr ərzində əmək haqqından məcburi dövlət sığorta haqları hesablanaraq ƏƏSMN tabeliyində DSMF-nun hesabına tam ödənilmişdir. Yoxlama müəssisədə mühafizə olunan əmrlər kitabları, T-2 şəxsi vərəqə, əmək haqqının hesablanması və ödəniş cədvəllərinə əsasən aparıldı. Üzləşmə zamanı heç bir kənarlaşma aşkar edilmədiyi üçün aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 09.07.2021-ci il tarixli, **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialı Sizin yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar ərizə ilə müraciətinizə cavab olaraq bildirir ki, pensiya sənədlərinizə filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Təqdim etdiyiniz sənədlərə baxılarkən məlum olmuşdur ki siz “Ukrayna” adına kolxozda işlədiyiniz dövr üçün iş stajınızı X8 filialının 144 nömərli 05.04.2021-ci il tarixli arayışına əsasən təqdim etmisiniz və bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etməmisiniz. Bu səbəbdən Sizə yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun deyildir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1972-1998-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda işlədiyi Azərbaycan Respublikasının X8 filialı tərəfindən verilmiş 05.04.2021-ci il tarixli, 114 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda işlədiyi 1973-1998-ci illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1972-ci ildə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin ildə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 21.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxx 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 05.05.2013-cü ildə yaranmış olsa da, iddiaçıya 12.02.2010-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və 28.02.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası 01.03.2021-ci il tarixindən təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1972-ci ilə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikasının X8 filialı tərəfindən verilmiş 05.04.2021-ci il tarixli, 114 nömrəli arxiv arayışından müəyyən edilir ki, Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda 1972-ci ildə minimum adam günü norması qadınlar üçün 180 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1972-ci ilə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının X8 filialının 05 aprel 2021-ci il tarixli, 114 nömrəli arxiv arayışında göstərilən Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda işlədiyi 1973-1998-ci illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1972-ci ilə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 21.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının X8 filialının 05 aprel 2021-ci il tarixli, 114 nömrəli arxiv arayışında göstərilən Saatlı rayon sabiq “Ukrayna” adına kolxozda işlədiyi 1973-1998-ci illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1972-ci ilə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 21.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar