Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2137/2024 28.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Vahib oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «torpağa mülkiyyət hüququna dair JN- 146 (kod ********) nömrəli dövlət aktının X6 və X4 aid hissədə ləğv edilməsi» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Vahib oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpağa mülkiyyət hüququna dair JN-146 (kod ********) nömrəli dövlət aktının X6 və X4 aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1998 ci ildə keçirilmiş torpaq islahatları zamanı ona və ailə üzvlərinə №146, kod 91002028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı bildirilmişdir. Ötən müddət ərzində torpaqlarının bir hissəsini icarəyə vermişlər. Özü uzun müddət Rusiyada olduğu üçün sənədlərlə bağlı məsələlərə o qədər diqqət yetirən olmayıb. Ancaq son illər ərzində ona və ailə üzvlərinə verilmiş Dövlət aktında 2 nəfər adamın adının artıq olduğunu müəyyən etmişdir. Belə ki, dövlət aktında müvafiq olaraq 9 və 10 şəxslər X6 və X10 adlı şəxslər bu akta səhvən salınmışlar. Yəni ki, istər islahatlar vaxtı, nə də ondan sonra onların ailəsində belə adda şəxslər olmayıb və bu gün də onların bu adda ailə üzvləri yoxdur. Odur ki, bu məsələnin həlli ilə bağlı müəyyən aidiyyəti qurumlara müraciət etsə də, problemin ancaq məhkəmə qaydasında həll olunmalı olduğunu bildirmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Vahib oğlu məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə İddiaçı Vahib oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı Vahib oğlunun iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 642 nömrəli arayışından görünür ki, İddiaçı Vahib oğlu həqiqətən Hacıqabul rayonun Kolanı kəndində yaşamaqla orada qeydiyyatdadır. İş materiallarında olan torpağa mülkiyyətə dair JN -146 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə X14 və onun ailə üzvlərinə (X5, X11, İddiaçı Vahib oğlu, X7, X8, X9, X12, X6, X10) 3.03 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-682/24 nömrəli məktubunda göstərilmişdir ki, yaranmış zərurətlə əlaqədar, JN-146 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və onun verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş JN-146 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nı, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 26 fevral 1998-ci il tarixli 04 nömrəsi ilə təsdiq edilmiş 25 fevral 1998-ci il tarixli 03 nömrəli yerli Aqrar İslahat Komissiyasının qərarını, Hacıqabul rayonu, Kolanı kəndi üzrə torpaq payı almaq hüququna sahib subyektlərin siyahısından X15 və onun ailə üzvlərinin adı qeyd edilmiş hissədən çıxarışın surətini təqdim edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3/2-1950/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Vahib oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpağa mülkiyyət hüququna dair JN-146 (kod ********) nömrəli dövlət aktının X6 və X4 aid hissədə ləğv edilməsi” barədə tələbinə dair iş üzrə sərəncama münasibət bildirilməsi barədə məktuba İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə əsasən, Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.İddiada qaldırılan məsələnin torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi ilə bağlı olduğu nəzərə alınaraq, iş üzrə cavabdehin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı 08 yanvar 2024-cü il tarixli, 3-21-3-38/2-29/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, JN-146 nömrəli dövlət aktının təsdiq olunmuş surəti təqdim olunur İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı 09 fevral 2024-cü il tarixli, 3-21-3-38/2-288/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşın ərazi idarəsinə müraciətinə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. İddiaçı Vahib oğlunun “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyata alınmaı üçün müraciət ərizəsi aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi JN-146 nömrəli dövlət aktını, KOD 91002028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında hüquq sahibləri kimi X15 və onun ailə üzvlərinin (X5, X13, İddiaçı Vahub oğlu, X7, X8, X9, X12, X6, X10) oğlunun adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı və Hacıqabul rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair JN-146 nömrəli, KOD 91002028 saylı dövlət aktının tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı həmin dövlət aktından X6, X10 hissəsinin ləğv edilməsini cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktları tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 3.03 hektar həyətyanı torpaq sahəsi verilmiş və JN-146 nömrəli, KOD 91002028 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. X15 və onun ailə üzvlərinin (X5, X13, İddiaçı Vahub oğlu, X7, X8, X9, X12, X6, X3 adının JN-146 nömrəli, KOD 91002028 saylı dövlət aktında hüquq sahibləri sırasına daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə, X15 və onun ailə üzvlərinin (X5, X13, İddiaçı Vahub oğlu, X7, X8, X9, X12, X6, X3 adının JN-146 nömrəli, KOD 91002028 saylı dövlət aktına hüquq sahibləri kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Yəni aqrar islahat komissiyalarının qərarının ləğvi ilə bağlı tələb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönələ bilməz. Bununla belə məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçıya izah edərək bildirir ki, əgər iddiaçının hüquqi marağı onun və ailə üzvlərinin mülkiyyətində olan torpağın hüquqmüəyyənedici sənədlərində (yerli aqrar islahat komissiyasının qərarında, “vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də və dövlət aktında) adı göstərilən X6 və X3 adının çıxarılması ilə bağlıdırsa, bu zaman həmin tələb üzrə cavab verməli inzibati orqan Hacıqabul Rayon İcra Hakimiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0-cu bəndinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək və daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarını ləğv etmək Xidmətin vəzifə səlahiyyətlərinə aid edilməmişdir ki, iddia tələbinin düzgün cavabdehə qarşı irəli sürülməməsi iddianın mümkün sayılmaması üçün əsasdır. Həmçinin nəzərinizə çatdırılır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. Nəzərinizə çatdırılır ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bununla yanaşı, hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Göründüyü kimi iddiaçı Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarından uzun müddətdir ki, məlumatlı olmasına baxmayaraq həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Vahib oğlunun iddiası mümkün sayılmamalıdır. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Vahib oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN- 146 (kod ********) nömrəli dövlət aktının X6 və X4 aid hissədə ləğv edilməsi barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2137/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2137/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver