Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-214/2021 15.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 10 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 10 saylı regional ərazi filialına qarşı «işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxx 2021-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 İmişli rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə İmişli rayonu Çahar kəndində anadan olmuşdur və İmişli rayonu Çahar kəndində yaşayır. O, uzun müddət müxtəlif yerlərdə işləmişdir. Belə ki, o, uzun müddət İmişli rayonu “Araz” adına kolxozda, “H.Cavid” adına kolxozda və Qaradonlu kənd xəstəxanasında işləmişdir. Hazırda yaşa görə əmək pensiyası təyin olunmasından ötrü DSMF-nin İmişli rayon şöbəsinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişlər ki, ona təqdim olunmuş arxiv arayışında onun 1971-1975, 1979- 1981, 1995-1996-cı illərdə aldığı əmək haqları və yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilsə də, 1970, 1976, 1978 və 1994-cü illərdə minimum adam günü normaları tam yerinə yetirilməmiş, o cümlədən “Araz” və “H.Cavid” adına kolxozlarda işlədiyi illər əmək kitabcasında qeyd olunmamışdır. İddiaçı göstərilənlərə əsaslanaraq, ona yaşa görə əmək pensiyasının təyin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 10 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixində pensiya hüququ yaranmış, xx xxxx 2020-ci il tarixində İmişli regional “ASAN Xidmət” Mərkəzinə ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 saylı arayışında qeyd edilən illərin vətəndaşın əmək kitabçasında qeyd olunmadığına əsaslanaraq imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı əmək kitabçasında 1970-ci ildən 1981-ci ilədək “Araz kolxozu”nda və 1994-cü ildən 1996-cı ilədək “H.Cavid” kolxozu”nda işlədiyini iddia etdiyi illər qeyd edilmədiyi üçün vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “ Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki,vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş 65 yaşına xx.xx.2020-ci ildə çatdığı üçün pensiya hüququ yaranmışdır. 2. İddiaçının pensiya hüququ yaransa belə, 25 illik sosial sığorta stajı tələbi ödənmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, İddiaçı əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzər alındıqda iddiaçının cəmi 14 il 7 ay 27 gün sosial sığorta stajı yaranır (hərbi xidmət müddəti: xx.xx.1976-xx.xx.1978; İmişli RMX-nın Qaradonlu kənd xəstəxanası: xx.xx.1982-xx.xx.1994). Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu X6 İmişli rayon filialı Dövlət Sosial Müdafiə Fondu X4 10 saylı regional ərazi filialı ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonu Çahar kəndində doğulmuş, xx xxx 1976-cı il tarixdən xx xxx 1978-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (2 il 12 gün); İmişli rayon sabiq “Araz” adına kolxozda 1970-ci ildə 198 adam günü, 1971-ci ildə 265 adam günü, 1972-ci ildə 350 adam günü, 1973-cü ildə 299 adam günü, 1974cü ildə 289 adam günü, 1975-ci ildə 294 adam günü, 1976-cı ildə 142 adam günü, 1978-ci ildə 168 adam günü, 1979-cu ildə 287 adam günü, 1980-ci ildə 290 adam günü, 1981-ci ildə 335 adam günü; İmişli rayon sabiq “H.Cavid” adına kolxozda 1994-cü ildə 105 adam günü, 1995-ci ildə 289 adam günü, 1996-cı ildə 304 adam günü işləmişdir. İmişli rayon sabiq “Araz” və “H.Cavid” adına kolxozlarda kişilər üçün 1970- 1981, 1994-1996-cı illərdə adam günləri minimum 260 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1970, 1976, 1978 və 1994-cü illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, “İmişli Rayon Mərkəzi Xəstəxanası” X6 məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı İddiaçı işə qəbul, işdən azadolma əmrlərindən çıxarışlardan müəyyən edilir ki, iddiaçı İmişli MRX-nın xx.xx.1982-ci il tarixli, 13 saylı əmrinə əsasən İmişli MRX-nın Qaradonlu kənd Xəstəxanasına 1 (bir) ştat vahidi sürücü vəzifəsinə (təcili yardım maşınına) işə qəbul edilmiş, İmişli MRX-nın xx.xx.1994-cü il tarixli, 97 saylı əmrinə əsasən İmişli MRX-nın Qaradonlu kənd Xəstəxanasının sürücüsü vəzifəsindən öz ərizəsinə əsasən azad edilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 4303 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx xxx 1976-cı il tarixdən xx xxx 1978-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. (Əsas: НЗ-3331743 saylı hərbi bilet). İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, vətəndaşın xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu dövr, əmək kitabçasında qeyd olunan xx.xx.1982-ci ildən-xx.xx.1994-cü illərdə “İmişli RMX” X6 Qaradonlu kənd Xəstəxanasında və İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 saylı arayışında 1970-1976, 1978-1981-ci illərdə “Araz” adına kolxozda, 1994-1996-cı illərdə “H.Cavid” adına kolxozda işləməsi qeyd edilməklə, ümumilikdə 27 il 1 ay sosial sığorta stajı təşkil edir. Lakin Arxiv arayışında 1971-1975-1979-1981, 1995-1996-cı illərdə aldığı əmək haqları və yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilsə də, 1970, 1976, 1978, 1994-cü illərdə minimum adam günü normaları tam yerinə yetirilməmiş, o cümlədən “Araz” və “H.Cavid” adına kolxozlarda işlədiyi illər əmək kitabçasında qeyd olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır, əmək pensiyası hüququ verən sığorta stajın hesablanması təqvim illəri, aylar, adam günü əsasında həyata keçirilir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1970-1976, 1978-1981, 1994-1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə İmişli rayon sabiq “Araz” və “H.Cavid” adına kolxozlarda işlədiyi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 76 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1970, 1976, 1978 və 1994-cü illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu X4 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. İddiaaçının xx xxxx 2019-cu il tarixdə 64 yaşı tamam olmuş və qanunvericiliyin tələbinə əsasən onun həmin vaxtdan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 1976- 1978-ci illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1970, 1976, 1978 və 1994-cü illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 76 nömrəli arayışından müəyyən edilir ki, İmişli rayon sabiq “Araz” və “H.Cavid” adına kolxozlarda minimum adam günü norması kişilər üçün 260 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1970, 1976, 1978, 1994-cü illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (198 + 142+168+105) × 12 = 7356/260= 28 ay 29 gün (≈2 il 4 ay 29 gün). Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olubolmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 nömrəli arxiv arayışında göstərilən İmişli rayon sabiq “Araz” və “H.Cavid” adına kolxozlarda 1970, 1976, 1978 və 1994-cü illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 76 nömrəli arxiv arayışında göstərilən İmişli rayon sabiq “Araz” və “H.Cavid” adına kolxozlarda 1970, 1976, 1978 və 1994-cü illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-214/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-214/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver