Məhkəmə qərarları › İş №2-1(120)-2143/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2143/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2143/2025 08.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X6 və X25 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “X6 və X25 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X17 və X46 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı ona məxsusdur. Həmin ev ona mərhum X4ndan qalmış, onun vəfatından sonra həmin ünvanda ailə başçısı kimi iddiaçı qalmışdır. Qeyd edərək bildirir ki, ona məxsus olan və qeydiyyatda olduğu ünvanda onun xəbəri olmadan övladı X17 və onun həyat yoldaşı X47 qeydiyyata düşmüşlər. O, Cavabdehnə övladı X17 və onun həyat yoldaşı X26 həmin mənzildən qeydiyyatdan çıxarılması barəsində müraciət etmişdir. Lakin Cavabdeh onun müraciətindən imtina etmiş və qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Cavabdehin imtinasını əsassız hesab edir. Bildirmək istəyir ki, məhkəmə araşdırması zamanı qeyd olunan qeydiyyat müddətlərini nəzərə alasınız. X47 daima olaraq yaşadığı və qeydiyyatda olduğu işğal altında olmayan Füzuli rayonu, Bala Bəhmənli kəndindən qeydiyyatdan çıxarılaraq işğal altında olan ona məxsus ünvan 2 ünvanına onun icazəsi və razılığı olmadan qeydiyyata düşmüşdür. Qeyd edir ki, xx.xx.2009-cu ildən xx.xx.2019-cu ilə qədər Füzuli rayonu Nəriman Nərimanov 6 ünvanında qeydiyyatda olmuşdur, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək bir ay müddətində Füzuli rayonu Bala Bəhmənli kəndində qeydiyyatda olub və həmin müddətdən hal-hazıradək Füzuli rayonu Nəriman Nərimanov 6 ünvanında qeydiyyatdadır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxsin vəsatəti: X46 bildimişdir ki, iddiaçı subyektiv hüquqa malik olmayan şəxsdir. Həmin qeydiyyatın aparıldığı ünvan 1 ünvanında daşınmaz əmlak mövcud deyildir. xx.xx.2020-ci il tarixinədək işğal zonasına aid olan tikilidir. İddia tələbini irəli sürərək şəxs işğala qədər mövcud olmuş tikiliyə və onun hər hansı bir hissəsinə hüquqmüəyənedici sənədə malik deyildir. O, bugün qeydiyyatda olan şəxslərlə bərabər hüquq və səlahiyyətlərə malikdir. Qeydiyyatda olan şəxslərin hər hansı birinə münasibətdə üstün səlahiyyəti yoxdur. Daşınmaz əmlak məhv olunduğundan oradan istifadə imkanına əsaslanaraq hər hansı tələbin irəli sürülməsi yolverilməzdir. Odur ki, iddia tələbinin qeyri-mümkün hesab edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Füzuli Şəhər İnzibati Ərazi X5 xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, 1963-cü ildə anadan olmuş İddiaçı həqiqətən Füzuli şəhəri N.Nərimanov küçəsi ev 6-da ailə başçısı olaraq daimi qeydiyyatdadır. Füzuli şəhərindən məcburi köçkündür və hal-hazırda məcburi köçkün kimi Qaradağ rayon Ümid qəsəbəsi bina 1, mənzil 13-də məskunlaşıb. Füzuli rayon İcra hakimiyyəti başçısının Füzuli şəhər İnzibati Ərazi Nümayəndəsinin 38/7989 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1963-cü ildə Füzuli rayonu Çaxırlı kəndində anadan olmuşdur. xx.xx.1989-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-nin xx.xx.2010-cu il tarixli 550 №-li Əmrin 2.5-ci bəndinə, həmçinin yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Rcspblikası Qanununa əsasən vətəndaş başqa ünvana qeydiyyata alındıqdan sonra bildiriş əsasında və ya Məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Odur ki, ərizədə göstərilən vətəndaşların qeydiyyatdan çıxarılmaları üçün özləri şəxsən müraciətləri əsasında başqa ünvana qeydiyyata alındıqdan sonra və ya Məhkəmə qətnamasi alındıqdan sonra həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına baxılacaqdır. xx.xx.2014-cü il tarixli, Az-İ№ 717733 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2009-cu il tarixli nikah haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X46 ilə X17 arasında rəsmi nikah bağlanmışdır. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli Şəhər İnzibati Ərazi X5 xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Füzuli şəhər sakinidir, Füzuli şəhərindən məcburi köçkündür və hal-hazırda məcburi köçkün kimi Qaradağ rayon Ümid qəsəbəsi bina 1, mənzil 13-də məskunlaşıb. O, xx.xx.1993-cü il Füzuli rayonunun işğalına qədər və hal-hazırda Füzuli şəhər İnzibati Ərazi X5 Təsərrüfatbaşına kitabında N.Nərimanov küçəsi ev 6 ünvanında təsərrüfatbaşçısı kimi qeydiyyatdadır. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Cuvarlı Kənd İnzibati Ərazi X12 xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1927-ci il təvəllüdlü X32 2014-cü ildə vəfət etmiş, vəfat edənədək Füzuli rayon Cuvarlı kəndinin qeydiyatında olmuşdur. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Cuvarlı Kənd İnzibati Ərazi X12 xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1932-ci il təvəllüdlü X10 xx.xx.1995-ci ildə vəfat etmiş, vəfat edənədək Füzuli rayon Cuvarlı kəndinin qeydiyatında olmuşdur. X40 Filialının xx.xx.2025-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, X41 Filialı ərizənizə cavab olaraq bildirir ki, atanız X32 və ananız X1 Füzuli şəhərində və qeydiyyatda olduğu Cuvarlı kəndinin həyətyanı torpaq sahəsinə və evlərə aid sənədlər arxivə təhvil verilmədiyinə görə adları aşkar olunmadı. xx.xx.2004-cü il tarixli, 026598 nömrəli Nikahın pozulması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, İddiaçı ilə X7 nikahı xx.xx.2004-cü ildə pozulmuşdur. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X67 Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi barədə məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmək mümkün olmadı. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X6 və X25 ünvan 10 ünvanına qeydiyyata düşmələrinə səbəb olan sənədlərin saxlanma müddəti 5 il olduğu üçün həmin sənədlər yandırılaraq məhv edilmişdir. ünvan 10 ünvanında hal-hazırda qeydiyyatda olan X18, X19, X3, X20, X13, X27, X33, X14, X11, X28, X15, X34, X29, X35 və X2 qeydiyyatdadırlar. Siyahıda adları göslərlən şəxslərin valdeyinləri işğaldan əvvəl həmin ünvanda qeydiyyatda olduqları üçün onların övladları və nikahla gələn gəlinlər ailə başçısının ərizəsi əsasında ünvan 11 ünvanına qeydiyyata alınıblar. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli Şəhər İnzibati Ərazi X5 xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Füzuli şəhər sakinidir, Füzuli şəhərindən məcburi köçkündür və hal-hazırda məcburi köçkün kimi Qaradağ rayon Ümid qəsəbəsi bina 1, mənzil 13-də məskunlaşıb. O, xx.xx.1993-cü il Füzuli rayonunun işğalına qədər və halhazırda Füzuli şəhər İnzibati Ərazi X5 Təsərrüfatbaşına kitabında kitab 4, səhifə 33-də N. Nərimanov küçəsi ev 6 ünvanında təsərrüfatbaşçısı kimi qeydiyyatdadır. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli Şəhər İnzibati Ərazi X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 14 ünvanında hazırda heç bir fərdi yaşayış evi yoxdur. 23 avqust 1993-cü il tarixdə Füzuli rayonunun işğalı zamanı Füzuli şəhərindəki evlər dağıdılmış və məhv edilmişdir. Hal-hazırda həmin evdə yaşayış yoxdur, X17 və X46 həmin evdə daimi qeydiyyatdadırlar, lakin yaşayış yoxdur. Tərəfimizdən 04 mart 2025-ci il tarixli arayışımızda da İddiaçı təsərrüfat başçısı olması qeyd olunmuşdur. Füzuli şəhər İnzibati Ərazi X5 Təsərrüfatbaşına kitabının kitab 4, səhifə 33 -də təsəerrüfatbaşçısı kimi qeydə alınmışdır. 1990-1993-cü illərə aid Füzuli şəhər İnzibati Ərazi X5 Təsərrüfatbaşına kitabları işğalla əlaqədar olaraq işğal zonasında qaldığı üçün xilas edilə bilməmişdir. Həmin illərdə təsərrüfatda kimlərin olması haqqında məlumat yoxdur. 2010-2018-ci illərdə Təsərrüfatbaşına kitablar arxivə təhvil verilmişdir. 2018-ci ildən təsərrüfatbaşına kitablar elektronlaşdırılmışdır. ünvan 15 ünvanında halhazırda aşağıda adları qeyd olunan vətəndaşlar daimi qeydiyyatdadırlar. Ailə başçısı - İddiaçı, Həyat yoldaşı - X36, Qızı - X30, Qızı - X21, Oğlu - X37, Qızı - X22, Kürəkəni - X46. Qeyd: X46 xx.xx.2009-cu il tarixdə ünvan 16 ünvanına İddiaçı keçmiş həyat yoldaşı 2019-cu il tarixədək Füzuli şəhərində daimi qeydiyyatda olan, hal-hazırda isə Füzuli rayonu Aybasanlı kəndində daimi qeydiyyatda olan X8 ərizəsinə əsasən, daimi qeydiyyata alınmışdır. Məlumat üçün bildirir ki, İddiaçı ilə X23 1986-cı il tarixdə rəsmi nikahla ailə qurublar, sonradan faktiki olaraq boşanıblar. Hal-hazırda ayrı yaşayırlar. İddiaçı təsərrüfatında deyil. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Mülki Məcəllənin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlk olaraq qeyd edilməlidir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Mməhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Araşdırma zamanı müəyyən olundu ki, 3-cü şəxslər iddiaçının qızı və kürəkənidir. İddiaçının keçmiş yoldaşı X8 razılıq ərizəsinə əsasən, onlar həmin mənzildə daimi qeydiyyata düşmüşdürlər. Məhkəmə ilk öncə qeyd edir ki, ünvan 1 ünvanına dair İddiaçı mükiyyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Həmçinin müəyyən olunur ki, göstərilən ünvanda fərdi yaşayış evi yoxdur və 3-cü şəxslərin sözügedən həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Belə ki, iş materiallarında olan mötəbər sübutlardan müəyyən olunur ki, ünvan 14 ünvanında hazırda heç bir fərdi yaşayış evi yoxdur, 23 avqust 1993-cü il tarixdə Füzuli rayonunun işğalı zamanı Füzuli şəhərindəki evlər dağıdılmış və məhv edilmişdir, hal-hazırda X17 və X46 həmin evdə daimi qeydiyyatdadırlar, lakin yaşayış yoxdur. Məhkəmə nəzərə çatdırır ki, qanunvericilik normalarına istinadən, ünvan mövcud daşınmaz əmlaka münasibətdə, yəni onun dövlət reyestrində qeydiyyata alınması nəticəsində verilir. Başqa sözlə, daşınmaz əmlak mövcud olmalıdır ki, ona ünvan verilərək reyestri həyata keçirilsin. Əks halda, yəni daşınmaz əmlak mövcud olmadığı halda ona ünvan verilməsi ağlabatan və qanunvericiliyə uyğun hesab edilə bilməz. Hazırki tələb isə ünvandan qeydiyyatdan çıxarılma ilə bağlıdır ki, mübahisəni tənzimləyən hüquq normalarında “yaşayış yeri və ya olduğu yer” ifadəsindən istifadə edilir ki, hazırki halda nə iddiaçının, nə də ki, 3-cü şəxslərin mübahisəli ünvanda yaşaması, onların istifadə hüququnun olması müəyyən edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə bildirir ki, mövcud olmayan daşınmaz əmlakdan formal olaraq şəxsin qeydiyyatdan çıxarılması qanunvericinin güddüyü məqsədə mütənasib hesab edilə bilməz. Əks halda isə qanun tənzimlənməni həyata keçirmədən, məqsədinə çatmadan qalacaqdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə, həmçinin hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar