Məhkəmə qərarları › İş №2-1(120)-2151/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2151/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2151/2023 13.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. Uzun müddət müxtəlif idarələrdə işləmiş və bu barədə əmək kitabcası var. O, yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar DSMF-na müracət etmiş və 28 dekabr 2022-ci ildə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina olundu. İmtinanın səbəbi kimi isə pensiya kapitalının az olması, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı və əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı ildən xx.xx.2010-cu il tarixinədək olan dövrlər sığorta stajına daxil edilmədiyi göstərilmişdir. Buna görə də cavabdeh təşkilat ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun əvvəlki redaksiyasının 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İs materiallarına əsasən mübahisəli məqam iddiacının işlədiyini iddia etdiyi “Qaradonlu” Kooperativ Cəmiyyətinin hal-hazırda heç bir fəaliyyətinin olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün İmisli rayon Dövlət Arxivinə təhvil verilməməsidir. Belə ki, mərkəzi filiala təqdim edilən iddiaçıya məxsus əmək kitabçası və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinədək 12 il 10 ay, xx.xx.2006-cı il tarixindən sonra 2 il 3 ay olmaqla ümumilikdə 15 il 1 ay təşkil etmişdir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12 il 10 ay sığorta stajına uyğun olaraq 10435,16 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 il 3 ay sığorta stajına uyğun 2327,26 manat olmaqla, ümumilikdə 12762,42 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560,0 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində qeyd olunmuş müvafiq dövrlər sığorta stajı kimi nəzərə alınmadığından, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən ona 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiacının sosial sığorta stajı 25 ildən az (faktiki sığorta stajı 15 il 1 ay) və fərdi hesabının sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı qanunvericiliklə nəzərdə tutulan 34560 manatdan (12762,42 manat) az olduğu üçün ona yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmisdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki hallarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 650 nömrəli arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 5 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 10 il 10 ay 14 gün əmək fəaliyyəti dövrü və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən fərdi hesabın sığorta hissəsində 2020-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayınadək qeydə alınmış pensiya kapitalı 2 il 3 ay olmaqla onun ümumi 15 il 1 ay 19 gün mübahisələndirilməyən sığorta stajı müəyyən olunmuşdur ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmis “İscilərin əmək kitabcasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabcasının doldurulma qaydalarına riayət olunmamısdır. Belə ki, xx.xx.1990-cı il tarixdə əmək kitabcasında işə daxil olma qeydinin yazılışında latın grafikalı əlifbadan istifadə olunmusdur. Diqqətinizə çatdırmaq istərdik ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul edildi. Həmin vaxtdan etibarən Azərbaycanda latın qrafikalı əlifba tətbiq edilməyə başladı. İddiacının əmək kitabcasının Azərbaycanda latın grafikalı əlifbanın rəsmi olaraq tətbiq edilmədivi dövrdə “latın qrafikalı” əlifba ilə yazılması sözügedən əmək kitabcasının sonradan doldurulmasına dəlalət edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 3-cü bəndinə uyğun olaraq iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. İddiaçı münasibətdə əmək kitabçasında şübhəli məqamlar müəyyən edilməklə yanaşı həmin dövrləri təsdiq edən əlavə sübut da müəyyən edilməmişdir. Belə ki, mübahisəli dövrlərin araşdırılması ilə bağlı tərəflərindən Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********112800 nömrəli məktuba cavab olaraq iddiaçının işlədiyini iddia etdiyi “Qaradonlu” Kooperativ Cəmiyyətinin dövlət qeydiyyatından keçməsi barədə hər hansı bir məlumatın mövcud olmadığı bildirilmişdir. Həmçinin MEİS-ə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu səbəbdən də sözügedən şəxsin xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “Azərittifaq” Qaradonlu Kooperativ Cəmiyyətində əmək fəaliyyəti dövrü üzrə xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan 15 il 11 ay 27 gün mübahisələndirilən dövr kimi sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (15 il 1 ay 19 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan НЗ-3331789 saylı hərbi biletdən görünür ki, İddiaçı 18 may 1976-cı il tarixdən 23 may 1978-ci il tarixədək keçmiş Sovet ordusunda 2 il 5 gün xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1957-ci il tarixdə doğulmuş İddiaçı məxsus 21 mart 1980-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş əmək kitabçasına əsasən, o, xx.xx.1978-ci il tarixli, 145 nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən X3 İdarəsində hidravlik qurğuların tənzimləyicisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixli, 37 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən həmin müəssisədə mühəndis vəzifəsinə, xx.xx.1982-ci il tarixli, 93 nömrəli əmrlə yenidən hidravlik qurğuların tənzimləyicisi vəzifəsinə keçirilmiş, xx.xx.1983cü il tarixli, 32 nömrəli əmrlə köçürmə yolu ilə X1 İdarəsində hidravlik qurğuların tənzimləyicisi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixli, 14 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və bu müddət ərzində 6 il 2 ay 18 gün sosial sığorta stajı toplamışdır. İddiaçı xx.xx.1985-ci il tarixli, 827 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdən İmişli rayon N.Nərimanov adına kolxoza işə qəbul olunmuş, başqa işə keçməsi ilə əlaqədar xx.xx.1989-cu il tarixli əmrlə kolxoz üzvlüyündən çıxarılmış, kolxozda işlədiyi dövrdə 4 il 7 ay 28 gün iş stajı toplamışdır. Əmək kitabçasına və işdə olan “Azətittifaq”ın kadrlar idarəsinin 31 iyul 2023-cü il tarixli, AAŞ-19-30/31 nömrəli məktubuna əsasən İddiaçı İmişli rayon İstehlak Cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 03 nömrəli əmri ilə 274 №-li Soltanmuradlı kənd köşkünə satıcı vəzifəsinə təyin olunmuş, İmişli RİC-nin xx.xx.1991-ci il tarixli, 51 nömrəli sərəncamı ilə 274 №-li Soltanmuradlı kənd köşkü X4 Cəmiyyətinin balansına keçirilmiş, Qaradonlu Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu il tarixli, 98 nömrəli sərəncamına əsasən öz xahişi ilə satıcı vəzifəsindən azad edilmiş, satıcı kimi fəaliyyəti dövründə iş stajı 20 il 11 ay 24 gün təşkil etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 41 nömrəli əmrlə X3 İdarəsində Qaradonlu sahəsi üzrə nizamlayıcı vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixli, 161 nömrəli əmrlə işdən azad edilmiş, bu müddətdə 2 il 3 ay 25 gün iş stajı toplamışdır. İş materiallarında olan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 28 dekabr 2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı il iyulun 1-dək yaşa görə əmək pensiyasi təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsınə uygun olaraq, sosial sigorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də rnüvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığoıtaolunanın əmək pensiyası avtornatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil oimaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və əlilliyə görə əmək pensiyası işinizə daxil olan hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindon xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr də nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinədək 12 il 10 ay, xx.xx.2006-cı ii tarixindən sonra 2 il 3 ay olmaqla ümumilikdə 15 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12 il 10 ay sığorta stajına uyğun olaraq 10435,16 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 il 3 ay sığorta stajına uyğun 2327,26 manat olmaqla, ümumilikdə 12762,42 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirik ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində qeyd olunmuş müvafiq dövrlər sığorta stajı kimi nəzərə alınmadığından, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı hərbi xidmət (2 il 5 gün) və əmək kitabçasında qeyd olunmuş iş illəri (34 il 2 ay 5 gün) nəzərə alınmaqla ümumilikdə 36 il 2 ay 10 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək ümumilikdə 29 il 2 ay 11 gün sığorta stajı toplamış, yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat tərəfindən iddiaçının hərbi xidmət və əmək kitabçası üzrə xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 15 il 2 ay 16 gün sığorta stajı müəyyən edilmiş, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 274 №-li Soltanmuradlı kənd köşkündə satıcı vəzifəsindəki iş stajının yoxlanılmasının mümkün olmaması, xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 10435,16 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 il 3 ay sığorta stajına uyğun 2327,26 manat olmaqla, ümumilikdə 12762,42 manat təşkil etməsi və bu məbləğin qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından az olması və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan verməməsi, həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, habelə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlərin sığorta stajınıza daxil edilməsinin mümkün olmaması səbəblərindən həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün hesab edilmədiyi bildirilmiş və ona yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin qanunvericiliklə tələb olunan 34560 manat olmasını və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmasını təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmiş, bu səbəbdən cavabdeh inzibati orqanın qeyd olunan dəlillərini mübahisələndirməmiş, lakin xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 274 №-li Soltanmuradlı kənd köşkündə 20 il 11 ay 24 gün satıcı işlədiyi dövrün əmək stajına daxil edilməməsini əsassız hesab etmişdir. İş materiallarında olan İmişli RİC-in 04 yanvar 1990-cı il tarixli, 3 nömrəli Sərancamından və “Azətittifaq”ın kadrlar idarəsinin məhkəməyə ünvanladığı 31 iyul 2023cü il tarixli, AAŞ-19-30/31 nömrəli məktubundan görünür ki, Kuybışev kənd XDS İcraiyyə Komitəsinin 07 dekabr 1989-cu il tarixli, 1269 nömrəli və İmişli RİC-in təşkilatçı əmtəəşünası F.Şükürovun rəyi nəzərə alınaraq Soltanmuradlı kəndində ərzaq köşkü təşkil edilmiş, ərzaq köşkü 274 nömrəli adlandırılmış, Soltanmuradlı kənd sakini İddiaçı 274 nömrəli Soltanmuradlı kənd köşkünə satıcı təyin edilmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 16 dekabr 2022-ci il tarixli, 266 nömrəli Arayışından görünür ki, “Qaradonlu” Kooperativ Cəmiyyətinin (Azərittifaqda) xx.xx.1990-cı il tarixdən-xx.xx.2005-ci il tarixədək olan dövrün sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********112800 nömrəli məktubuna əsasən dövlət reyestrində “Qaradonlu” Kooperativ Cəmiyyəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş üzrə təqdim olunmuş sənədlərə əsasən İddiaçı 274 №-li Soltanmuradlı kənd ərzaq köşkünə satıcı təyin olunması barədə 04 yanvar 1990-cı il tarixli, 3 nömrəli Sərancamdan çıxarış məhkəməyə təqdim olunsa da, dəfələrlə tələb olunmasına baxmayaraq, onun həmin vəzifədən azad edilməsi barədə “Qaradonlu” Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu il tarixli, 98 nömrəli sərəncamından çıxarış məhkəməyə təqdim olunmamış və beləliklə, iddiaçının 274 №-li Soltanmuradlı kənd ərzaq köşkündə işlədiyi müddəti müəyyən etmək mümkün olmamışdır. Həmçinin, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmasını təsdiq edən hər hansı bir dəlilsübutu məhkəməyə təqdim etməməsi və nəticədə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması da, həmin dövrdə onun 274 №-li Soltanmuradlı kənd ərzaq köşkündə işləməsini mübahisələndirməyə əsas verir. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmis “İscilərin əmək kitabcasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uväun olaraq xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə iddiaçının əmək kitabcasının doldurulma qaydalarına riayət olunmamısdır. Belə ki, xx.xx.1990-cı il tarixdə əmək kitabcasında işə daxil olma qeydinin yazılışında latın qrafikalı əlifbadan istifadə olunmusdur. Halbuki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş və həmin vaxtdan etibarən Azərbaycanda latın qrafikalı əlifbanın tətbiq edilməsinə başlanılmışdır. Lakin iddiacının əmək kitabcasının Azərbaycanda latın qrafikalı əlifbanın rəsmi olaraq tətbiq edilmədivi dövrdə “latın qrafikalı” əlifba ilə yazılması sözügedən əmək kitabcasının sonradan doldurulmasına dəlalət edir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 274 №-li Soltanmuradlı kənd köşkündə satıcı işlədiyi illərin əmək stajına əlavə etməməklə ona yaşa görə əmək pensiyasının təyinatından imtina etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina dəlilləri, yəni iddiaçının 25 il sosial sığorta stajına malik olmamasına dair dəlilləri əsaslı, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar