Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2152/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 оğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 1582/3-17-4/3-1973/2023 nömrəli qərarının ləğv edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “mərhum əri Adilin ilkin sənədlərin əlillik dərəcəsinin ikinci qrup, sistemə birinci qrup əlillik səhv vurulması nəticəsində səhv ödənilmiş pulun hər ay iddiaçıdan 44 manat məbləğində tutulması cavabdehə qadağan edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri, M.Müşviq küçəsi ev 24də yaşayır. X6 onun həyat yoldaşı olub. Onunla 11 may 1990-cı il tarixdə ailə həyatı qurmuşdur. Birgə yaşadığı dövr ərzində 4 qız övladı anadan olmuşdur. X15 elektrik şəbəkəsində montyor işləmişdir. 26 may 1996-cı ildə əri Adil yüksək gərginlik xəttində işləyərkən onu elektrik cərəyanı vurmuşdur. Həmin hadisədən sonra əri Adilin səhhətində ciddi problemlər yarandı və əmək qabiliyyəti olmadığına görə işdən də azad etmişdirlər. Bu bədbəxt hadisə faktı həmin vaxt qeydə alınmadı və iş vaxtı aldığı bədən xəsarəti ilə bağlı ona hər hansı bir yardım göstərilmədi. Əmək qabiliyyətini iş vaxtı itirsə də, buna görə Adilə maddi yardım da göstərilmədi. Aldığı həmin elektrik cərəyanı xəsarəi onun beynində pozuntulara səbəb oldu. Bunula bağlı ölkənin baş psixatrik həkimi Ağabəy Soltanov tərəfindən Adili mütəmadi olaraq müayinə edib müalicəsini aparırdı. Həkimin dediyinə görə Adil aldığı elektrik cərəyanı xəsarətindən beyin fəaliyyəti tamamilə pozulmuşdur və onunla bir yerdə yaşamağın təhlükəli olduğunu da demişdir. Bu xəstəliklə bağlı Adil Kürdəmir rayonunun Mollakənd və digər psixatrik xəstəxanalarında müalicə alsa, səhhətində heç bir irəliləyiş olmadı və nəticədə Adil 2002-ci il tarixdən həkim əmək ekspert komissiyasının rəyinə əsasən pensiya təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq hər il həkim əmək ekspert komissiyasından keçərək pensiyasını alırdı. Axırıncı həkim ekspert komissiyasından keçmə vaxtı 2012-ci il tarixdə olmalı idi. Lakin artıq 2011-ci il tarixdən Adilin yerimək imkanı da məhdudlaşdı və bu səbəbdən kənar kömək olmadan yaşaması mümkün deyildi. Ona görə də vaxtından əvvəl Adil həkim əmək ekspert komissiyasından keçdi və ona müddətsiz pensiya təyin edilmişdir. 2011-ci il tarixdə ödənilmiş puldan 44 manat pul tutulmuşdur. Karta isə əvvəl qanunla ödədikləri pulu isə köçürməmişdilər. Bunun səbəbini öyrənmək üçün İmişli rayon DSMF-nə getmişdir. Ona bildirilmişdir ki, Adilin ilkin sənədlərində əlillik dərəcəsi 2-ci qrupdur, sistemə 1-ci qrup əlillik səhv vurulubdur. Sizə səhvən ödənilmiş pul hər ay məndən 44 manat məbləğində tutulacaqdır. Başqa yerdən gəliri yoxdur. Adilin səhhəti isə getdikcə pisləşirdi, onda beyin quruması, ürək çatışmamazlığı, iflic halları yaranmışdı. Müalicə etdirmək üçün banklardan kredit götürüb onu müalicə etdirmək istəmişdir. Lakin, hər dəfə bank işçiləri Adilə kredit verməyin mümkün olmadığını bildirirdi. Lakin bu mümkün olmamanın səbəbi barədə ona heç nə deyilmirdi. 04 sentyabr 2022-ci il tarixdə Finka bankın Bakı filialına onlayn qaydada müraciət etmişdir. Özü ilə yanaşı əri Adilin adına da kredit götürmək istəmişdir. Həmin vaxt bank əməkdaşı Günay xanım ona bildirmişdir ki, sistem üzrə əri Adil 1-ci qrup əlildir və ona kredit verə bilmir. Ona demişdir ki, ikinci qrup əlildir. Ona görə də onlayn qaydada müraciət etmişdir. Bu sözündən sonra Günay xanım dedi ki, əgər onlara inanmırsa, DSMF-yə müraciət et, sənə sənəd veriləcəkdir. Bir sözlə, Adilin 1-ci qrup əlil olması ilə bağlı sistemdən sənəd alınmasına nail olmuşdur. Bundan sonra bilmişdir ki, uzun illər onları aldadıblar, Adil 1-ci qrupa görə pensiya almaq əvəzinə ona 2-ci qrupla pensiya veriblər. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, müxtəlif yerlərə ailəsinə qarşı yol verilmiş bu cinayət xarakterli əməllə bağlı müraciətlər etmişdir. Mütəxəssislər ona izah etmişdir ki, əvvəlki illərin bütün pulunu qaytarmaq mümkün deyil, qüvvədə olan qanunlarına əsasən son üç ilin 1-ci qrupla 2-ci qrup arasında olan fərqi verə bilər. 30 oktyabr 2022-ci ildə həmin fərqə görə 260 manat, noyabr ayında da 260 manat almışdır. 13 dekabr 2022-ci ildə əri Adil onda olan xəstəliklərlə bağlı vəfat etmişdir. Mərhum ərinin yasının 7-si günün səhəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin problemli əlillərlə bağlı şöbəsinin rəisi Eyniş Məmişovun qəbulunda olmuşdur. Onun da qəbulunda olarkən əri X1 hansı qrup əlilliyinin olub-olmaması araşdırıldı və ona məlumat verdilər ki, X2 üzrə həqiqətən də 1-ci qrup əlildir. Qəbula getməkdə əsas məqsədi qanunla müəyyən edilmiş qrup arasında yaranmış fərqə görə olan pulu cəm halda alsın. Bundan sonra Adilin adına dost kartına 780 manat, 529 manat pul isə baxım puluna görə onun adına olan sosial kartına pul köçürüldü. Lakin əri vəfat etdikdən sonra onun kartından qrup arasında yaranmış fərqə həkim əmək ekspert komissiyası ona demişdir ki, sənin ərin 1-ci qrup əlildir, bundan sonra onu müayinəyə gətirməyə ehtiyac yoxdur. Lakin pensiya alarkən görmüşdür ki, əri Adil 2-ci qrupa görə pensiya təyin edilibdir. İmişli rayon Dövlət Sosial Müdafiə fondunda olarkən ona vəzifəli şəxslər izah etmişdirlər ki, həkim əmək komissiyasından onlara sənəd gəlməyib və Adil 2ci qrup əlildir. Adilin ilkin sənədlərində əlillik dərəcəsi 2-ci qrup, sistemə 1-ci qrup əlillik səhv vurulması nəticəsində guya səhvən ödənilmiş pul hər ay ondan 44 manat məbləğində tutulması qanunsuz və əsassızdır. Hesab edir ki, ərinə əlillik dərəcəsinin təyin olunmasında onların iştirakı olmadığı üçün onlar bu səhvə görə məsuliyyət daşımır. Bütün bu qeyd edilənləri nəzərə çatdıraraq məhkəmədən məhum əri Adilin ilkin sənədlərində əlillik dərəcəsi 2-ci qrup, sistemə 1-ci qrup əlillik səhv vurulması nəticəsində guya səhvən ödənilmiş pulun hər ay ondan 44 manat məbləğində tutulmasının cavabdehə qadağan edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2152/2024 nömrəli qərardadı ilə iddiaçının olduğu kimi saxlanılması, cavabdehin Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh qismində qəbul edilməsi, iddia tələbinə isə “Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 1582/3-17-4/3-1973/2023 nömrəli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə İddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1582/3-17-4/3-1973/2023 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə X7 Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı xidməti məktubda qeyd edilmişdir ki, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/3-1973/2023 nömrəli məktuba baxılmışdır. Bildiririk ki, X4 (İmişli rayonu, iş № 000992) 1 aprel 2019-cu il tarixindən ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyə görə, İddiaçı Əlisahib qızına (imişli rayonu, iş №370085) isə ona qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur. Qeyd etmək istəyirik ki, X4 təqaüd üzrə ümumilikdə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə 1300,00 (min üç yüz) manat, İddiaçı Əlisahib qızına qulluq üzrə ümumilikdə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə 800,00 (səkkiz yüz) manat məbləğ ödənilmişdir. Əlavə olaraq qeyd edirik ki, X6 xx.xx.2022-ci il tarixində vəfat etdiyi üçün hər iki iş sistem tərəfindən xx.xx.2023-cü il tarixində dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-181464/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1 (120)-2152/2024 nömrəli sorğuya baxılmışdır. Məlumat üçün bildiririk ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 1582/3-17-4/3-1973/2023 nömrəli qərarı ilə İddiaçı mərhum əri X4 qulluğa görə təyin edilmiş Prezident təqaüdü üzrə artıq ödəmə aşkar edilmişdir. Həmin qərara əsasən İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətdən xx.xx.2023-cü il tarixindən tutulma aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 123493/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “tutulmanın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildiririk ki, icraatınızda olan 2-1(120)-5074/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək İ qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar ilə xx.xx.2019-cu il tarixdən İddiaçı İ qrup əlilliyi olan şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən aşağıdakılar qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; Təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir; Bu məqsədlər üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən bu Fərmanın 3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1582/3-17-4/3-1973/2023 nömrəli qərar ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmış və ona 800 manat məbləğində artıq ödəmə aşkarlanmışdır. MEİS-in “Əlillik” altsistemdən çıxarışlara əsasən xx.xx.2011-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaş mad ək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Diqqətəlayiq hallardan biri də budur ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.3 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən 2- 1(120)-5074/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “tutulmanın dayandırılması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36. İnzibati icraatda iştirakçılar 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən icraat aparılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 1582/3-17-4/3-1973/2023 nömrəli qərarı ilə İddiaçı mərhum əri X4 qulluğa görə təyin edilmiş Prezident təqaüdü üzrə artıq ödəmə aşkar edilmişdir. Həmin qərara əsasən İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətdən xx.xx.2023-cü il tarixindən tutulma aparılmışdır. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iddia tələbini qismən əsaslı sayaraq qeyd edir ki, qanunvericilik qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsi və artıq ödənilmiş pulun tutulması barədə inzibati aktın qəbul olunması ilə bağlı qərar qəbul etsə də, həmin qərarın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbindən irəli gələn qaydada qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin, bu haqqından istifadə edərək pensiya məbləğinin azalmasına və hətta həmin məbləğdən də artıq ödəmənin tutulmasına gətirib çıxaran qərar qəbul edilərkən, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan olan cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd edilməlidir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-244/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasından artıq ödəmə ilə bağlı qərar qəbul edilməsi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 1582/3-17-4/3-1973/2023 nömrəli qərarının İddiaçı pensiyanın xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək artıq ödəmə ilə bağlı hissəsi ləğv edilməli, iddiaçının Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət sosial Müdafiə Fondu X13in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı yuxarıda qeyd olunanlara əsasən mübahisələndirilən hissədə qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri mübahisələndirilən hissədə də, aradan qaldırılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək artıq ödəmə ilə bağlı hissəsi) hissədə ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında tutulmuş pul vəsaitinin geri qaytarılması” barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2152/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2152/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver