Məhkəmə qərarları › İş №2-1(120)-216/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-216/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-216/2020 20.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (ali təhsilli, ünvan 1 ünvanında yaşayan) və Cavabdeh nümayəndəsi X1 (İmişli rayonu, Qaralar kəndində yaşayan) iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «İmişli rayon Qaralar Bələdiyyəsinin 30 noyabr 2015-ci il tarixli 11 saylı qərarının ləğv edilməsi barədə» iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, İmişli rayon Qaralar Bələdiyyəsinin 30 noyabr 2015-ci il tarixli 11 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İmişli rayon Qaralar Bələdiyyəsinin 30 noyabr 2015-ci il tarixli 11 saylı qərarı ilə Cavadxanlı bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 15 saylı iclas protokolu və İmişli rayonu Yuxarı Qaralar kənd sakini İddiaçı ilə bağlanmış 09 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Cavabdehin qərarı rəsmi olaraq 04.10.2019-cu il tarixdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən iddiaçıya təqdim edilmişdir. Aşağıdakılara əsasən cavabdeh İmişli rayon Qaralar Bələdiyyəsinin 30 noyabr 2015-ci il tarixli 11 saylı qərarı ləğv edilməlidir. Belə ki, İmişli rayon Qaralar Bələdiyyəsinin 30 noyabr 2015-ci il tarixli 11 saylı protokolunda iddiaçının torpaq sahəsini təyinatı üzrə istifadə etməməsi, icarə müqaviləsinin şərtlərinə əməl etməməsi, icarə haqqını 1 il ödəməməsi səbəbləri göstərilməklə bələdiyyə üzvləri mübahisələndirilən qərarı qəbul etmişlər. Protokolda göstərilən nöqsanlar hər hansı yazılı sübutlarla təsdiqini tapmamışdır. İddiaçının icarə götürdüyü torpaq sahəsinin icarəsinə dair müqavilə şərtlərini icra etməməsi və ya torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, başqa nöqsanlara görə İmişli rayon Qaralar Bələdiyyəsi tərəfindən xəbərdar olunmamış, bu barədə təsdiqedici sənədlər protokola əlavə edilməklə qeydlər aparılmamışdır. Protokolda göstərilmişdir ki, guya İddiaçı torpaq sahəsinə görə müəyyən edilən icarə haqqını 1 il müddətində ödəməmişdir. Bu hal təsdiq olunmur. Belə ki, 09 noyabr 2007-ci il tarixli «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi hər il 450 manat icarə haqqı ödəməsini öhdəsinə götürür. İddiaçı 2010-2012-ci illər dövrü üçün 28 mart 2013-cü il tarixdə 1800 manat və 01 may 2013-cü il tarixədək 200 manat məbləğində icarə haqqını 29 mart 2013-cü il tarixdə İmişli rayon Qaralar Bələdiyyəsinə ödəmişdir. 03 mart 2015-ci il tarixdə İddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinə 1000 manat məbləğində torpaq icarə haqqı ödəmişdir. Göstərilən ödəniş qəbzlərindən göründüyü kimi 2010-cu ildən 2016-cı ilədək torpağın icarə haqqı 2700 manat təşkil edir. İddiaçı isə 3000 manat ödəmişdir. Yəni 30 noyabr 2015-ci il tarixə, İmişli rayon Qaralar Bələdiyyəsinin iclası olan zamana, İddiaçı torpaq icarə haqqını artıqlaması ilə ödəmişdir. İmişli rayon Qaralar Bələdiyyəsinin iclas protokolunda «son bir ildə icarə haqqı ödənilməmişdir» sözləri həqiqətə uyğun deyildir. İddiaçının nümayəndəsi və vəkili X4 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İmişli rayon Qaralar bələdiyyəsi tərəfindən İmişli rayonu Yuxarı Qaralar kənd sakini İddiaçı oğlu haqqında 30 noyabr 2015-ci il tarixli, 11 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavadxanlı bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 15 saylı iclas protokolu və İmişli rayonu Yuxarı Qaralar kənd sakini İddiaçı ilə bağlanılmış 09 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Bələdiyyənin 05 noyabr 2007-ci il tarixli 15 saylı iclas protokolu və 09 noyabr 2007ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş həmin torpaq sahəsi iddiaçının istifadəsində olmaqla, icarə haqqı ödənilmişdir. Həmin torpaq sahəsindən halhazırda da iddiaçı istifadə edir, lakin icarə müqaviləsində torpağın təyinatının əkin üçün olduğu göstərilsə də, bələdiyyə xəritələrində örüş torpağı kimi göstərildiyindən və iddiaçı da örüş məqsədi ilə istifadə etdiyi üçün mübahisələndirilən qərarda təyinatına görə istifadə edilməməsi qeyd edilmişdir. Odur ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materialında olan Cavabdeh 30 noyabr 2015-ci il tarixli 11 saylı iclas protokolunun təsdiq olunmuş surətindən görünür ki, Cavadxanlı bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 15 saylı iclas protokolu və İmişli rayonu Yuxarı Qaralar kənd sakini İddiaçı ilə bağlanılmış 09 noyabr 2007-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materialında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 09 noyabr 2007-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İmişli rayonu Cavadxanlı Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 15 saylı qərarı əsasında 30 hektar əkin üçün və 18 hektar göl üçün sahə əkinçilik və balıqçılığın inkişafı üçün uzunmüddətli İmişli rayon yardımçı təsərrüfatın başçısı İddiaçı istifadəsinə verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İmişli rayon Cavadxanlı kəndi ərazisində yerləşən 608,2 kv.m torpaq sahəsində Əmlak kompleksi kimi müəssisə X6 adına xüsusi mülkiyyət hüququ üzrə 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli rayon Cavadxanlı Bələdiyyəsinə məxsus 3,0 ha torpaq sahəsi İmişli rayon Cavadxanlı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən 25 il müddətinə İddiaçı xeyrinə yüklü edilmiş, 26 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 26 sentyabr 2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, İmişli rayonunun Cavadxanlı kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İmişli rayonunun Cavadxanlı bələdiyyəsinin 09 noyabr 2007ci il tarixli İddiaçı adına X8 kitabında uçota alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli rayon Cavadxanlı Bələdiyyəsinə məxsus 18,0 ha torpaq sahəsi İmişli rayon Cavadxanlı Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən 25 il müddətinə İddiaçı xeyrinə yüklü edilmiş, 26 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Şirvan İnzibati-İqtisadi məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2-1(086)-2004/2019 saylı qərarından görünür ki, iddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı «aparılmış qeydiyyatın və tərtib edilmiş torpaq sahələrinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi» barədə iddia tələbi təmin edilərək, üçüncü şəxs İddiaçı dövlət reyestrində icarə hüquqlarının qeydiyyatının aparılması ilə bağlı cavabdeh inzibati orqanın (6 saylı ərazi idarəsi) hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin hərəkətlər nəticəsində 26.09.2018-ci il tarixdə 1346057, ******* nömrələrlə aparılmış qeydiyyat və tərtib edilmiş A312362, A312363 nömrəli torpaq sahələrinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 30 noyabr 2015ci il tarixli 11 saylı iclas protokolundan görünür ki, Cavadxanlı bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 15 saylı iclas protokolu və İmişli rayonu Yuxarı Qaralar kənd sakini İddiaçı ilə bağlanılmış 09 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş və buna səbəb kimi icarə haqqının ödənilməməsi, torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi və icarəyə götürənin özünün istifadə etməməsi göstərilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu, icarə haqqının ödənildiyini, torpaqdan başqa şəxslərin istifadə etməsi ilə bağlı sübutunun olmamasını, lakin icarə müqaviləsində torpağın təyinatının əkin üçün olduğunu göstərilsə də, həmin torpaq sahəsinin bələdiyyə xəritələrində örüş torpağı kimi göstərildiyi və iddiaçı da örüş məqsədi ilə istifadə etdiyi üçün mübahisələndirilən qərarda təyinatına görə istifadə edilməməsi qeyd olunduğunu bildirmişdir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Həmin Qanunun 53-cü maddəsinə əsasən, bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Yenə həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə araşdırması zamanı mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının iclasa dəvət edilmədiyi və iddiaçıya mübahisələndirilən inzibati aktın surətinin vaxtında göndərilmədiyi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsində qeyd olunmuşdur ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzıbati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, Cavabdeh 30 noyabr 2015-ci il tarixli 11 saylı qərarı ləğv edilməlidir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh 30 noyabr 2015-ci il tarixli 11 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar