Məhkəmə qərarları › İş №2-1(120)-2160/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2160/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2160/2022 16.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi xx katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddianın mümkünlüyü məsələsinə Şirvan şəhərində, məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ evi hazırda onun istifadəsindədir, həmin bağ evi atasından ona miras qalmışdır. Onun xəbəri və razılığı olmadan bağ evi anasının adına rəsmiləşdirilmiş və ona çıxarış verilmişdir. Cavabdeh orqana müraciət etsə də, tələbinə cavabdeh tərəfindən cavab verilməmiş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2-1(120)-2160/2022 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı ünvan 1 ünvanında yerləşən bağ evinə dair anası X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsidir. İddiaçı tələbini qeyd edilən bağ evinin ona atasında miras qalmasını və anasının adına çıxarış verilən zaman onun razılığının olmadığı göstərmişdir. Cavabdeh orqana müraciət etsə də, cavab ala bilməmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli bağ evini vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı mərhum atasının adına olan bağ evinin ona miras qalması olsa da, daşınmaz əmlakın mülkiyyətçisinin vəfatından sonra vərəsəliklə bağlı müvafiq orqana müraciət edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə mirası notarial qaydada qəbul etmədiyi üçün hazırkı vəziyyətdə həmin əmlakla bağlı iddiaçının hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Həmçinin iş materiallarına əlavə edilən “Şirvanneft” NQÇİ həmkərlar ittifaqı komitəsinin idarə heyətinin xx.xx.1997-ci il tarixli, 79 nömrəli iclas protokoluna və arayışa əsasən qeyd edilən bağ evinin tikilməsi üçün ayrılan torpaq sahəsi iddiaçının atasının adına deyil, anası X2 adına verilmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vərəsə olduğunu və halhazırda mübbahisəli əmlakdan istifadə hüququnun olduğunu bildirsə də, qeyd edilənləri təsdiq edəcək sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin **********64 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən sözügedən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi idarəsində aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçı mübahisəli əmlak üzrə vərəsə olmadığı üçün və ümumiyyətlə mirası nə notarial, nə də faktiki olaraq qəbul etmədiyi üçün, həmin əmlaka stifadə hüququnun olduğu əmlak idarəsində öz əksini tapmadığı üçün hazırkı vəziyyətdə iddiaçının həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, həmin əmlakın iddiaçının atasına məxsusluğu da öz təsdiqini tapmamış, bunun əksi olaraq cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən həmin əmlakın Əli Bayramlı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 09 saylı qərarı ilə X2 adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bununla belə inzibati orqan iddiaçıya cavab vermədiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Lakin yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı həmin əmlakın onun atasına məxsus olması və vərəsə olması barədə sübutu məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 08 avqust 2022-ci il tarixli, 2-1(120)-2160/2022 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın mühahisələndirilən inzibati aktları ilə hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar