Məhkəmə qərarları › İş №2-1(120)-2166/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2166/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2166/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı məhkəmə iclasında izahatında xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X2 məhkəmə iclasında izahatında xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə tələbinin iddia müddətin ötürülməsi səbəbindən mümkünsüz sayılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 221 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidməti müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 049 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində qeydiyyatda olan ehtiyatda olan baş çavuş İddiaçı tərəfimizdən xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 410 nömrəli göndərişdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidməti müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmətkeçməsinə xitam verildikdən sonra o, xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür və hərbi qeydiyyata götürülməsinə əsas olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 221 saylı əmrinin əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidməti müddətini başa çatdığına görə) işdən azad edilməsi barədə qeydlər aparılmışdır. Eyni zamanda iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunudan və iddiaçının izahatından məlum olmuşdur ki, iddiaçının əmri elan olunduqdan sonra xidmət yerinə getməmiş və işləmədiyi dövrlər üçün əmək haqqı almamışdır. Başqa sözlə iddiaçı hazırki mübahisələndirilən əmrin məzmunu barədə əvvəlcədən məlumatlı olmuşdur. Xeyli vaxt keçəndən sonra iddiaçı həmin əmri mübahisələndirir. Hazırda iddiaçı qeyd olunan əmri mübahisələndirərək ləğv edilməsini xahiş edir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının xidmətkeçməsinə xitam verildikdən sonra o, dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin səbəbi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı deyil, yenidən işə bərpa edilməsi ilə bağlı olmuşdur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi əmrin məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun hərbi qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2023-cü il tarixdə isə iddiaçı tərəfindən şəxsən məhkəmənin dəftərxanasına təhvil verilmişdir. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xx.xx.2021-ci il tarixli, 221 saylı əmrin ləğv edilməsi, N saylı hərbi hissənin Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin 2-ci XVT bölməsinin baş çavuşu kimi xidmətə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar