Məhkəmə qərarları › İş №2-1(120)-2176/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2176/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2176/2023 20.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur. Xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir, prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona xx.xx.2021-ci ildə 5 il müddətində ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1 Heyətinin sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu şəxsi kabinetə yerləşdirərək “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək onun elektron şəxsi kabinetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə əsasən 0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmiş, bu barədə o, məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir, bu səbəbdən də cavabdehə dəfələrlə müraciət etmişdir. Hal-hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə olan müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Bu səbəbdən də hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək, Bakı şəhərində yaşamasının nəzərə alınaraq iddia ərizəsinin aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5876/2022 nömrəli qərardadı ilə iddiaçının qeydiyyatda olduğu ünvan Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsi olması əsas gətirilərək, inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5876/2022 nömrəli qərardadından İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5876/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1452/2022 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(120)-1680/2022 nömrəli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022ci il tarixli, 2-1(103)-1452/ nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(103)-1452/2022 nömrəli qərardadı ilə işi Şirvan İnzibati Məhkəməsinə göndərmiş və məhkəmə qərardadını onunla əsaslandırılmışdır ki, iddiaçının qeydiyyatda olduğu ünvan Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsi olduğundan və iddia öhdəliyin icrası haqqında iddialara aid olduğundan və Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki iş baxılması üçün aidyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə, iş materiallarını araşdırıb hazırki mübahisəyə baxılmasında özünü səlahiyyətli sayamayaraq hesab edir ki, məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmənin qənaətinə görə iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən İnzibati Prosessual Məcəlləsinin müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın növü öhdəliyin icrası haqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Sadalanan prosessual hüquq normalarının tələbindən göründüyü kimi, səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddialara iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırki inzibati işin materiallarından müəyyən olunur ki, İddiaçı Laçın rayonunda pasport qeydiyyatında olsa da, məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu yerdə yox, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda məskunlaşmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Şirvan İnzibati Məhkəməsinin sorğusu əsasında göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-36/2-2750/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Laçın rayonundan məcburi köçkün İddiaçı müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, bina 6, mənzil 125 ünvanında məskunlaşmışdır. Bu səbəbdən də məhkəmə hazırki iddia tələbinə baxılmasında özünü səlahiyyətli saymayaraq hesab edir ki, hazırki iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan və İddiaçı yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, bina 6, mənzil 125 ünvanı olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-684/2022 nömrəli qərarında və xx.xx.2022-ci il tarixli, 2-1(102)-2076/2022 nömrəli qərarında hazırkı iddiaçının iddia tələbi üzrə başqa bir işində ərazi adiyyəti ilə bağlı mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə, birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda və mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 9.1.3, 9.2 və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi” tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar