Məhkəmə qərarları › İş №2-1(120)-2178/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2178/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2178/2024 16.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx xxxxxx 1991-ci ildə Sabirabad rayonu, Axıska kəndində anadan olan İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axıska KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı xx xxxxxx 1991-ci ildə Sabirabad rayonu, Axıska kəndində anadan olan İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axıska KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası Muradov X5 RİHB-nin Axısxa KİN tərəfindən xx.xx.1990-cı ildə 07 nömrəli nikah haqqında aktla təsdiq edilərək ona verilmiş İV-JQ seriyalı 378678 nömrəli nikah haqqında şəhadətnamə əsasında Muradova (Hurişanova) Gülçöhrə Əhməd qızı ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 06 iyul 1990-cı ildə Muradova (Mənsimova) Günay Ramiz qızı, xx xxxxxx 1991-ci ildə İddiaçı, 01 may 1993-cü ildə X10 və 10 iyul 1994-cü ildə X11 adlı dörd uşaqları anadan olub. 01 may 1993-cü ildə anadan olan oğlu X10 19 iyun 1996-cı ildə vəfat edib və onun ölümü 18 mart 1997-ci ildə Sabirabad RİHB-nm Axısxa KİN tərəfindən 03 nömrə ilə qeydə alınıb. Lakin digər oğlu İddiaçı sağ olsa da, onun barəsində 20 iyun 1996- ci ildə Sabirabad RİHB-nm Axısxa KİN tərəfindən 09 nömrə ilə ölüm qeydə alınıb. Halbuki, İddiaçı sağdır, hərbi xidmətdə olaraq Azərbaycan Respublikasının ordu sıralarında xidmət edib, 08 fevral 1999-cu il təvəllüdlü X3 ilə aralarında olan qeyri rəsmi nikahlarından 18 sentyabr 2015-ci ildə Dilək adlı uşaqları anadan olub. Həmin uşağın doğumu 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən 24 may 2016-cı ildə 3227 saylı aktla, ata və ananın birgə ərizələri ilə isə atalığı 24 may 2026-cı il tarixli 323 saylı akt qeydi ilə qeydə alınaraq atalığı müəyyən edilib. xx.xx.2023-cü il tarixdə isə Muradov X6 regional “ASAN xidmət” mərkəzi tərəfindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə və 07 sentyabr 2023-cü ildə pasportla təmin edilib. İndiyə qədər ona deyən olmayıb ki, sən ölüsən. İndi isə o, Türkiyə Respublikasındadır. Orada sənədləşmə işlərinin aparılmasından ötrü ailə tərkibi haqqında arayış istənildi və o, həmin arayışı Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyatından almaq istəyən zaman ona bildirilib ki, İddiaçı ölüdür və barəsində 20 iyun 1996-ci ildə Sabirabad RİHB-nin Axısxa KİN tərəfindən 09 nömrə ilə ölüm qeydə alınıb. Sonra o Cavabdehnə müraciət etmiş və sağ olduğunu, hərbi xidmətdə olaraq vətənə xidmət etdiyini, ailə həyatı qurduğunu, bir uşağının anadan olduğunu, Sabirabad rayonunun Axısxa kəndində qeydiyyatda olaraq yaşadığını, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu ilə təmin edildiyini bildirərək barəsində tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğv edilməsini tələb etmişdir. Lakin ona bunun qanun çərçivəsində araşdırılaraq ləğv edilməsinin məhkəmənin səlahiyyətində olduğu bildirilərək imtina edilərək bu barədə rəy təqdim olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu, Axısxa kəndində anadan olmuş, Sabirabad rayonu, Axısxa kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ümumvətəndaş pasportundan görünür ki, İddiaçı məxsus Azərbaycan Respublikası Ümumvətəndaş pasportu iddiaçı tərəfindən xx.xx.2023-cü ildə əldə edilmiş və xx.xx.2033-cü il tarixədək etibarlıdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/6-1297-2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Sabirabad rayonu, Axısxa kəndində anadan olmuş, atası Nümayəndə, anası X2r. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/4-1299-23 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1996-cı ildə ölmüşdür, ölüm səbəbi Uremiya. Və ölüm haqqında xx.xx.1996-cı il tarixli 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03-16/4-1824-23 nömrəli arayışından görünür ki, X10 xx.xx.1997-ci ildə ölmüşdür, ölüm səbəbi kəskin ürək çatmamazlığı. Və ölüm haqqında xx.xx.1997-ci il tarixli 03 nömrəli akt qeydi tərtib olunmuşdur. Axısxa Sağlamlıq Mərkəzinin müdiri Gülzada Zülfüqarovanın arayışında qeyd edilmişdir ki, Muradov X6 rayonu, Axısxa kəndində anadan olmuş və hazırda Sabirabad rayonu, Axısxa kəndində yaşayır və qeydiyyatdadır. Sabirabad rayon Təhsil Şöbəsi Niyaz Həmidov adına Axısxa kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 145 nömrəli arayışından görünür ki, Muradov X6 rayon Niyaz Həmidov adına Axısxa kənd tam orta məktəbinin birinci sinifinə 1998/1999-cu tədris ilində daxil olmuş və 2008/2009-cu ilində məktəbi bitirmişdir. Sabirabad rayon İcra Hakimiyyəti Axısxa kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Muradov X6 rayonu, Axısxa kəndində anadan olmuş və hazırda Sabirabad rayonu, Axısxa kəndində yaşayır və qeydiyyatdadır. İddiaçı digər oğlu xx.xx.1993-cü il təvəllüdlü X10 1996-cı ildə vəfat etmişdir. Cavabdeh rəisi Elnur Ağayevin xx.xx.2023-cü il tarixli, 3-16-05/xx-xx-2023 nömrəli Ölüm haqqında akt qeydinin ləğv edilməsindən imtina barədə rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Nümayəndə 27 noyabr 2023-cü ildə Cavabdehnə ərizə ilə müraciət edərək oğlu İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axısxa KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Nümayəndə vəsatətində Sabirabad RİHB-nin Axısxa KİN tərəfindən xx.xx.1990-cı ildə 07 nömrəli nikah haqqında aktla təsdiq edilərək ona verilmiş İV-JQ seriyalı 378678 nömrəli nikah haqqında şəhadətnamə əsasında Muradova (Hurişanova) Gülçöhrə Əhməd qızı ilə aralarındakı nikahın rəsmiləşdirildiyini, birgə nikahlarından 06 iyul 1990-cı ildə Günay, xx xxxxxx 1991-ci ildə Rəşid, 01 may 1993cü ildə Nicat və 10 iyul 1994-cü ildə Natiq adlı uşaqlarının anadan olduğunu, 01 may 1993-cü ildə anadan olmuş X4 19 iyun 1996-cı ildə vəfat etdiyini və ölümün 18 mart 1997ci ildə Sabirabad RİHB-nin Axısxa KİN tərəfindən 03 nömrə ilə qeydə alındığını, lakin digər oğlu İddiaçı sağ olmasına və 08 fevral 1999-cu il təvəllüdlü X3 ilə aralarında olan qeyri rəsmi nikahlarından 18 sentyabr 2015-ci ildə Dilək adlı uşaqlarının anadan olmasına, onun doğumunun 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən 24 may 2016-cı ildə 3227 saylı atla, atalığının isə 24 may 2026-cı il tarixli 323 saylı akt qeydi ilə qeydə alınaraq atalığın müəyyən edilməsinə, xx.xx.2023-cü il tarixdə isə İddiaçı Sabirabad regional “ASAN xidmət” mərkəzi tərəfindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə baxmayaraq, sonuncu barəsində 20 iyun 1996-ci ildə Sabirabad RİHB-nin Axısxa KİN tərəfindən 09 nömrə ilə qeydə alınan ölümün səhvən qeydə alındığını əsas gətirmişdir. Təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış, bu məqsədlə də, 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axısxa KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinə baxış keçirilərkən, ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı haqqında məlumat bəndində ölən şəxsin soyadının “Muradov” , adının “Rəşid”, ata adının “Ramiz”, cinsinin “kişi”, milliyətinin “azərbaycanlı, ölüm tarixinin “19” iyun 1996-cı il, ölüm yerinin Sabirabad rayonun Axısxa kəndi, doğum tarixinin “06” dekabr 1991-ci il, doğum və sonuncu yaşayış yerinin Sabirabad rayonunun Axısxa kəndi yazılması müəyyən edilmişdir.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1 maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları əsas tutaraq, xx xxxxxx 1991-ci ildə Sabirabad rayonunun Axısxa kəndində anadan olmuş İddiaçı adma 20 iyun 1996-cı il tarixdə Sabirabad RİHB-nm Axısxa KİN-yi tərəfindən 09 nömrə ilə tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğv edilməsindən imtina edir. Sabirabad rayon İcra Hakimiyyəti Axısxa kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı hazırda Sabirabad rayonu Axısxa kəndində yaşayır, sağdır Sabirabad rayonu Axısxa kəndində qeydiyyatdadır. xx.xx.1991-ci il tarixli, 52 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Sabirabad rayonu Axısxa kəndində anadan olmuş, atası Nümayəndə, anası X2r. xx.xx.1996-cı il tarixli 9 nömrəli Ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə ölmüşdür. Ölüm səbəbi Uremiya. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayonu Axısxa kəndində qeydiyyatda olan xx.xx.1991-ci ıl təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdə “Sağlamlıq vəziyyətinin müayinə aktfna (Diaqnoz OD-Görmə sinirinin hissəvi atrofiyası) əsasən rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli” nin 35b maddəsinə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. 18.01 2010-cü il tarixdə İddiaçı hərbi vəzifəlilərın ehtiyatına keçirilmişdir və ona xx.xx.2013-cü tarixədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Hərbi vəzifəli İddiaçı xx.xx.2013-cü il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə təkrar tibbi müayinədən keçmiş və müayinənin nəticəsi olaraq rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 35b maddəsinə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir və ona xx.xx.2026-cı il tarixədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Əlavə olaraq bildirir ki, vətəndaş İddiaçı hərbi xidmət keçməsi barədə Xidmətin Sabirabad rayon şöbəsində heç bir məlumat aşkar olunmadı. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı dövlət sərhədindən hərəkəti İAMAS bazasında xx.xx.2008-ci ildən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda ölkəyə giriş çıxışı qeydə alınmışdır. Bununla yanaşı, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamış və dövlət sərhədindən keçən şəxslərin sənədlərinin surətlərinin çıxarılması qanunvericilikdə nəzərdə tutulmadığından həmin sənədlərin surətlərinin təqdim olunması texniki cəhətdən imkanımız xaricindədir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, xx.xx.1991-ci ildə Azərbaycan Respublikasının Sabirabad rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 aid 1996-cı ildə Qaralı kənd xəstəxanası tərəfindən verilmiş arayış və digər sənədlər, Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib. 16 may 2024-cü il tarixli 3227 qeydiyyat nömrəli Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 xx.xx.2015-cü il tarixdə anadan olmuşdur.Atası İddiaçı və anası X1r. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi ölüm haqqında akt qeydinin ləğv edilməsidir ki, bu zaman məhkəmə, ölüm haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. 8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər. 8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir. 8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır. 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İnzibati icraat haqqında Qanunun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi onun adına xx xxxxxx 1991-ci ildə Sabirabad rayonu, Axıska kəndində anadan olan İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axıska KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsidir, belə ki, iddiaçı xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu Axısxa kəndində anadan olmuş, bu haqda xx.xx.1991-ci il tarixli, 52 nömrəli doğum haqqında akt qeydi aparılıb. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, Sabirabad rayonu, Axısxa kəndində anadan olmuş, Sabirabad rayonu, Axısxa kəndində qeydiyyatdadır, Azərbaycan Respublikası Ümumvətəndaş pasportundan görünür ki, İddiaçı məxsus Azərbaycan Respublikası Ümumvətəndaş pasportu iddiaçı tərəfindən xx.xx.2023-cü ildə əldə edilmiş və xx.xx.2033-cü il tarixədək etibarlıdır, Sabirabad rayon Təhsil Şöbəsi Niyaz Həmidov adına Axısxa kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 145 nömrəli arayışından görünür ki, Muradov X6 rayon Niyaz Həmidov adına Axısxa kənd tam orta məktəbinin birinci sinifinə 1998/1999-cu tədris ilində daxil olmuş və 2008/2009-cu ilində məktəbi bitirmişdir, Sabirabad rayon İcra Hakimiyyəti Axısxa kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı hazırda Sabirabad rayonu Axısxa kəndində yaşayır, sağdır Sabirabad rayonu Axısxa kəndində qeydiyyatdadır, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayonu Axısxa kəndində qeydiyyatda olan xx.xx.1991-ci ıl təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdə “Sağlamlıq vəziyyətinin müayinə aktına (Diaqnoz OD-Görmə sinirinin hissəvi atrofiyası) əsasən rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlı” nin 35b maddəsinə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı'’ hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırda sağ olduğu kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır və belə halda onun barəsində ölüm haqqında akt qeydinin olması, iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırdığından xx xxxxxx 1991-ci ildə Sabirabad rayonu, Axıska kəndində anadan olan İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axıska KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsini tələb etməkdə etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, xx xxxxxx 1991-ci ildə Sabirabad rayonu, Axıska kəndində anadan olan İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axıska KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx xxxxxx 1991-ci ildə Sabirabad rayonu, Axıska kəndində anadan olan İddiaçı barəsində 20 iyun 1996-cı ildə Sabirabad RİHB-nin Axıska KİN tərəfindən 09 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar