Məhkəmə qərarları › İş №2-1(120)-2180/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2180/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2180/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona məxsus olan ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material- Texnika Təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Dövlət X1 rayonlararası təchizat bazasında olan əmək fəaliyyəti ilə məşğul olduğu müddəti (3 il 8 gün) sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11056/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “ona məxsus olan ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixində Füzuli rayonunun Babı kəndində doğulmuş, xx.xx.2023-cü il tarixində 65 yaşı tamam olduqda ona 1419,12 manat olmaqla avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22.1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda pensiyaya çıxanların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Aldığı ali əyani təhsil haqqında diplomu, hərbi bileti və əmək kitabçasında olan qeydlərə əsasən, onun xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 28 il 7 ay 8 gün təşkil edir. Əmək fəaliyyəti göstərərkən ona avtomatlaşdırılmış qaydada təyin edilmiş əmək pensiyasını işləməyən əmək pensiyaçısı növünə keçirmək və xx.xx.2006-cı il tarixinədək olan 28 il 7 ay 8 gün faktiki sığorta stajının yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixində ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehdən xx.xx.2024-cü il tarixində telefonuna gələn SMS-də göstərilən pensiya məbləğini hesablayanda cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixinədək olan 28 il 7 ay 8 gün faktiki sığorta stajından 3 il 8 gün az, yəni 25 il 7 ay sığorta stajına görə hesablama aparıldığını müəyyən etmişdir. Cavabdeh onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Dövlət X1 rayonlararası təchizat bazasındakı 3 il 8 gün olan əmək fəaliyyətimi nəzərə almadığını müəyyən etmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək, əmək kitabçasında qeyd olunmuş xx.xx.1991ci il tarixindən xx.xx.1994-cii il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməməsinin səbəbləri barədə ona rəsmi cavab məktubu göndərilməsini xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydləri Azərbaycan SSR-ə aid möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığı bildirilmişdir. xx.xx.2024-cü il tarixində yenidən ərizə ilə cavabdehə müraciət edərək Nazirlər Kabinetinin 186 nömrəli qərarının əmək kitabçasında qeyd olunmuş (xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək) dövrdən 2 il sonra, yəni xx.xx.1996-cı il tarixində qəbul edildiyini və qanunun geriyə qüvvəsi olmadığını cavabdehin nəzərinə çatdırmışdır. (Azərbaycan Respublikasının Konslitusyasının 149-cıı maddəsinin Vİİ bəndinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran. hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.") Eyni zamanda əmək kitabçamda qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməməsi haqqında əsaslar göstərilməklə rəsmi imtina məktubu təqdim etmələrini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubla əmək kitabçamda qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Dövlət X1 rayonlararası təchizat bazasındakı dövrün (3 il 8 gün) mötəbərliyinə əsaslı şübhələr olduğundan həmin dövrün araşdırılması zərurəti yaranmışdır. Lakin. Cavabdeh işçinin əmək fəaliyyətini əks etdirən əsas sənəd sayılan əmək kitabçasındakı dövrə (3 il 8 gün) olan əsaslı şübhələrini məktubda dəqiqliklə göstərmədi və eyni zamanda hansı sənədə əsaslandığını da qeyd etməmişdir. Cavabdeh əsassız olaraq əmək kitabçasında qeyd olunan həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Çünki “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda birbaşa olaraq göstərilmişdir ki, işçilərin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alman sosial sığorta stajı ilk növbədə əmək kitabçası əsasında müəyyən edilir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda isə Horadiz rayonlararası təchizat bazasının hazırda fəaliyyət göstərməməsi və arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün (3 il 8 gün) araşdırılaraq sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh yenə də heç bir qanunu və onun tələblərini əsas gətirmədən əmək kitabçasındakı dövrə (3 il 8 gün) olan əsaslı şübhələrini cavab məktubunda dəqiqliklə göstərməmiş və hansı sənədə əsaslandığını da qeyd edilməmişdir. Eyni zamanda əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Dövlət X1 rayonlararası təchizat bazasında olan əmək fəaliyyətinin sığorta stajına daxil edilərək hesablanıb ödənilməsindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Horadiz rayonlararası təchizat bazasında olan əmək fəaliyyəti dövrü həmin müəssisənin hal-hazırda fəaliyyət göstərməməsi, eyni zamanda sənədlərin Füzuli rayon Dövlət Arxivində saxlanmaması və saxlanma yerinin məlum olmaması səbəbindən qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Qeyd olunan hal Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2024- cü i! tarixli 3-48-DA-3F/2-37/2024 nömrəli məktubu ilə təsdiq olunur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1 2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 il 07 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən 22.11,2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 205173,80 manat pensiya kapitalı mövcuddur. Qeyd olunan məlumatlar əsasında ona 22.11,2023-cü il tarixdən 1588,6125 manat pensiya təyin edilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Füzuli rayonu, Babı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1980-cı il tarixli, 017127 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1980-cı ildə orada mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan xx.xx.1980-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/1-A-139127/2024 nömrəli məktubundan görünür ki, əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Horadiz rayonlararası təchizat bazasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə X7 üzrə Mərkəzi Filialının və Dövlət X4 müvafiq məktublarına əsasən Horadiz rayonlararası təchizat bazasının hazırda fəaliyyət göstərməməsi və xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək arxiv sənədlərinin X8 Filialına təhvil verilməməsi səbəbindən sözügedən dövrün araşdırılaraq sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-1431/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi EB 017127 nömrəli diplomun surətində qeyd edilən məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı müddət, H3 ******* nömrəli hərbi biletin surətində qeyd edilən məlumata əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, MT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 25 il 7 ay 5 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994- cü il tarixinədək Horadiz rayonlararası təchizat bazasında olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydləri Azərbaycan SSR-ə aid möhürlə təsdiqləndiyindən) həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Eyni zamanda Horadiz rayonlararası təchizat bazasının halhazırda fəaliyyət göstərməməsi və Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-DA- 3F/2-37/2024 nömrəli məktubuna əsasən arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək işlədiyi dövrlərin araşdırılması mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2023- cü il tarixinə indeksləşdirilmiş məbləği 182.069,28 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 6.623,76 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qaradağ Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2-21/2-11403/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material- texnika təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınmamışdır. İş materiallarında olan Füzuli rayonu üzrə vergilər şöbəsinin vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2001-ci il tarixli, ********* nömrəli şəhadətnaməsinin surətindən görünür ki, vergi ödəyicisinin tam adı - Horadiz Rayonlararası Təchizat Bazasının vergi ödəyicisi eyniləşdirmə nömrəsi (VÖEN) 750004205, mülkiyyət növü – dövlət mülkiyyəti, təşkilat-hüquqi forması-dövlət müəssisələri, əsas fəaliyyət növü-kənd təsərrüfatıdır. İş materiallarına xx.xx.2025-ci il tarixdə daxil olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-101/2007 nömrəli qətnaməsi ilə xx.xx.1988-ci ildə İvanov şəhəri Kran avtomobilləri zavodu tərəfindən buraxılmış KS-3577-2 markalı 1885 zavod nömrəsi olan, 3036 şassi nömrəsi, ******* mator nömrəli Maz hidravlik üsulla işləyən Kran avtomaşının Horadiz Rayonlararası Təchizat X5 Cəmiyyətə məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 1 halı əsas götürmüşdür: - xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək arxiv sənədlərinin X8 Filialına təhvil verilməməsi; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasına münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2023-cü il tarixdən 30 iyun 2024-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazasında işləmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Məhkəmə cavabdehin imtina əsaslarına ayrılıqda qiymət verilməsini zəruri hesab edir. İddiaçı xx.xx.1991-xx.xx.1994-cü il tarixləri əhatə edən dövrlər üzrə əmr kitabı və əmək kitabları və əmək haqqı cədvəlləri Lerik rayon Dövlət Arxivinə təhvil verilməməsi müəyyən edilmişdir. Qeyd edilən hallar üzrə aparılan araşdırma nəticəsində qeyd edilən dövrün əmək kitabçasında öz əksini tapdığı müəyyən edilir. Əmək kitabçasında səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmasa da, işdən çıxma halı möhür və imza ilə təsdiqlənmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasını həmin dövrlər üzrə şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən sənədlərin arxivə təhvil verilməməsi İddiaçı səhvi kimi qiymətləndirilə bilməz. İş materiallarında olan Füzuli rayonu üzrə vergilər şöbəsinin vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2001-ci il tarixli, ********* nömrəli şəhadətnaməsinin surətindən görünür ki, vergi ödəyicisinin tam adı - Horadiz Rayonlararası Təchizat Bazasının vergi ödəyicisi eyniləşdirmə nömrəsi (VÖEN) 750004205, mülkiyyət növü – dövlət mülkiyyəti, təşkilat-hüquqi forması-dövlət müəssisələri, əsas fəaliyyət növü-kənd təsərrüfatıdır. İş materiallarına xx.xx.2025-ci il tarixdə daxil olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-101/2007 nömrəli qətnaməsi ilə xx.xx.1988-ci ildə İvanov şəhəri Kran avtomobilləri zavodu tərəfindən buraxılmış KS-3577-2 markalı 1885 zavod nömrəsi olan, 3036 şassi nömrəsi, ******* mator nömrəli Maz hidravlik üsulla işləyən Kran avtomaşının Horadiz Rayonlararası Təchizat X5 Cəmiyyətə məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Eləcə də, qeyd edilən müəssisənin mübahisəli hesab edilən dövrdə işlək müəssisə olduğuda iş materiallarına əlavə edilən sənədlərə əsasən öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövr üzrə işlədiyi illəri onun sığorta stajına daxil edir. Beləliklə, iddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material- Texnika Təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68- 69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat Baş İdarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar