Məhkəmə qərarları › İş №2-1(120)-2181/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2181/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2181/2024 27.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Biləsuvar rayonu, Amankənd kəndində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Biləsuvar rayonu, Amankənd kəndində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Biləsuvar rayonu, Amankənd kəndində X7 tərəfindən icazəverici sənəd təqdim etmədən tikinti işlərinin aparılması aşkarlanmışdır. X7 tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 -ci maddəsinin tələbləri pozulduğuna görə tikinti işlərinin dayandırılması barədə Agentliyin 27 may 2022-ci il tarixli 0375 nömrəli Qərarı tərtib olunmuşdur.Tikinti aparılan ərazidə X5 tapmaq mümkün olmadığından, həmin Qərar poçt vasitəsilə onun yaşadığı ünvanına göndərilmişdir. Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının 28 sentyabr 2023-cü il tarixli 5-39/2-2/440/2023 nömrəli məktubu ilə Cavabdeh Səmid oğlu tərəfindən Biləsuvar rayonu, Amankənd kəndində özbaşına tikinti işlərinin aparılması barədə Agentliyə məlumat verilmişdir. Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi 25 oktyabr 2023-cü il tarixdə qeyd olunan ərazidə texniki baxışı keçirərək Agentliyin 27 may 2022-ci il tarixli 0375 nömrəli Qərarının tələblərini yerinə yetirilmədən obyektdə yan divarlarının və dam örtüyünün vurularaq tamamlanma işlərinin həyata keçirildiyini aşkarlanmışdır. Bununla bağlı, Agentliyə təqdim olunan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 17 oktyabr 2023-cü il tarixli 5-39-21/2-676/2023 nömrəli və 89 nömrəli arayışlara əsasən X8 vəfat etdikdən sonra onun adına 0.32 ha həyətyanı sahəsində aparılan tikinti işlərinə Biləsuvar rayonu, Amakənd kəndində yaşayan qardaşı Cavabdeh rəhbərlik edir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli icra hakimiyyəti tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin daxilində özbaşına tikililərin qarşısını almaq məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının nümayəndələri tərəfindən Cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri və eləcə də qanunamüvafiq qaydada sənədləşmə aparıldıqdan sonra tikintinin aparılmasının mümkünlüyünü izah edilərək tikinti işlərinin dayandırılması ilə bağlı vətəndaşa xəbərdarlıq verilmişdir və 27 sentyabr 2023-cü il tarixli Akt tərtib olunmuşdur. Tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1.2-ci bəndinə uyğun olaraq müvafiq müddət ərzində icazə alınmadıqda tikinti obyekti sökülməlidir. Bu zaman, yan divarların və dam örtüyünün mövcudluğu Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir.Biləsuvar rayonu, Amankənd kəndində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Biləsuvar Rayonu İcra Hakimiyyətinin Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fəxri Rəhimli, Biləsuvar rayonu İcra Hakimiyyəti başçısının Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Hüseynov, nümayəndəliyin müavini X2 rayonu Amankənd bələdiyyəsinin sədri Fizuli Məmmədov və Biləsuvar rayonu Amankənd kənd sakini Cavabdeh iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış aktının surətindən görünür ki, Cavabdeh tərəfindən "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nın 15-ci maddəsinin tələbləri pozulmaqla Bıləsuvar rayon Amankənd kəndində 170.0 kvm sahədə (18,88 m x 9,0 m) ölçüdə qanunsuz olaraq ozbaşına sahibkarlıq obyektinin tikintısinin aparıldığı aşkar edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-39/2-440/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonunda qeyriyaşayış və yaşayış tikililərinin tikinti norma və qaydalarına riayət olunması ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən reyd zamanı Biləsuvar rayon. Amankənd kəndində tikinti işləri aşkarlanmışdır. Araşdırma zamanı Biləsuvar rayonu Amankənd kənd sakini Cavabdeh Səmin oğlu tərəfindən “Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq tikintiyə icazə sənədləri olmadan sahibkarlıq obyektinin inşası məqsədi ilə tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Vətəndaşa “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75-ci maddəsinin tələbləri izah olunaraq qanunamüvafiq qaydada tikilinin sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinin aparılmasının mümkünlüyü izah edilmişdir. Tikintinin dayandırılması ilə bağlı tərəfimizdən İ.lmanova xəbərdarlıq edilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 92.4.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası” nın 3.1.1-ci bəndinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq tikinti obyekti belə icazə alınmadan inşa edildikdə Tikintidə X1 Agentliyi tikinti işlərinin dayandırılması barədə Qərar qəbul edir və tikinti işlərinin dayandırılmadığı halda “Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinə uyğun olaraq tikintinin sökülməsi barədə Qərar qəbul edir və ya bu məcəllənin 95.3-cü maddəsinə əsasən Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin söküntüsü ilə bağlı məhkəməyə müraciət edir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü ii tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin keçirilməsi Qaydaları"nda yerli icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən edilməsi 4.3-cü bəndinin tələblərinə əsasən aşkar olunmuş qanunsuz tikinti barədə məlumat tədbir görülməsi üçün Sizə təqdim olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 15 fevral 2024-cü il tarixli və 06 may 2024-cü il tarixli, 2-1(120)-2181/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehə ilkin müraciət etməsi ilə əlaqədar sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin iş materiallarının araşdırılması zamanı məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdehə ilkin müraciət edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın məhkəmə xərclərinin ödənilməsi hissəsi ilə bağlı da tələbin həmin hissəsi ortalıqda çəkilmiş (çəkiləcək) xərcin konkret səbəbi və dəqiq məbləği olmaması baxımından ehtimala və gələcəkdə mümkün ola biləcək hesablamalara söykəndiyindən, habelə bununla bağlı cavabdehə ilkin müraciət edilərək münasibət öyrənilmədən mahiyyəti üzrə araşdırılması inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Biləsuvar rayonu, Amankənd kəndində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Biləsuvar rayonu, Amankənd kəndində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar