Məhkəmə qərarları › İş №2-1(120)-2183/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2183/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2183/2025 25.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “X1 Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2711 saylı diplom üzrə verilmiş “gəmi energetik qurğularının istismarı” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli NA00032181 saylı qərarı ləğv edilməklə “X2 Universitet”ində gəmi energetik qurğularının istismarı üzrə orta ixtisas təhsili diplomunun nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-14643/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “X1 Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2711 saylı diplom üzrə verilmiş “gəmi energetik qurğularının istismarı” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” ləğv edilmiş və yeni qaydalar - “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydaları” təsdiq edilmişdir. 2019-2024-ci illərdə Rusiya Federasiyasının “X1 Universitet’ində “gəmi energetik qurğulanının istismarı” ixtisası üzrə orta ixtisas təhsili üzrə qiyabi təhsil almışdır. Təhsili bitirdikdən və müvafiq diplom və digər zəruri sənədləri əldə etdikdən sonra xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavabdeh agentlik xx.xx.2024-cü il tarixli NA00032181 saylı qərarı ilə sonra xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramımın 8.6.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi orta ixtisas təhsil pilləsində ildə 180-200 saat nəzərdə tutulur. Bu əsası qanunsuz hesab edir, təhsil almağına dair diplomun təsdiq edilməsinə dair əsas göstərilən halı bəhanə hesab edir. Cavabdeh təşkilat bütün dünya ilə birlikdə yaşadığı pandemiya dövrünü nəzərə almamışdır. 2020-ci ilin əvvəlindən başlayaraq yer kürəsinə yayılmış karonavirus pandemiyası səbəbindən bütün dünyada təhsili davam etdirmək məqsədi ilə distant təhsil sisteminə keçmişdir. Distant təhsil sistemindən istifadə edərkən təhsil aldəgən müəssisəyə fiziki olaraq getməyə ehtiyac yoxdur. Cavabdehin qərarı maddi və prosessual hüquq norpamalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bu səbəbdən cavabdehin yol verdiyi qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyinə toxunduğundan, məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq, hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00032181 nömrəli qərarının surətindən görünür ki, ərizəçi İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-38-33/2-933/25 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. İş materiallarında olan X1 Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2711 nömrəli orta peşə təhsili haqqında diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı gəmi energetik qurğulanının istismarı ixtisası üzrə orta ixtisas təhsili üzrə qiyabi təhsil almışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. -2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Şərh olunan normativ hüquqi aktın müddəalarından görünür ki, qiyabi təhsil zamanı isə tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə iştirak edirlər. Qeyd olunanlar əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda, onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində universitetin dərslərində iştirak etməməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan 5 illik müddətin qarşılığında həmin ölkədə müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Məhkəmə qeyd edir ki, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılmasıdır. Yuxarıda istinad edilən normativ aktların müddəalarından göründüyü kimi “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyani - qiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, tədris forması didaktik kateqoriya kimi təhsil prosesinin təşkilinin xarici tərəfini əks etdirir. Bu, təlimin məqsədlərindən, məzmunundan, metod və vasitələrindən, maddi şəraitdən, təhsil prosesinin iştirakçılarının tərkibindən və onun digər elementlərindən asılıdır. Qeyd olunmalıdır ki, bir çox ölkələrdə təhsil formalarının növləri fərqlidir. Belə ki, Rusiya Federasiyanın Təhsil haqqında Qanunun 17-ci maddəsində təhsil müəssisələrində əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur. Buna baxmayaraq qeyd olunmalıdır ki, hər nə qədər də bu növ təhsilalma forması digər xarici ölkələrdə (iddiaçının bakalavr təhsil aldığı Rusiya Federasiyasında) müəyyən olunsa da, Azərbaycan Respublikasında təhsil hüququnu tənzimləyən qanunvericilikdə əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İş materiallarından da aydın olur ki, iddiaçı Rusiya Federasiyasında təhsil aldığı 2019-2024-cü illərdə xarici ölkə ərazisində yalnız 2023-2024-cü illərdə olmuşdur. Deməli, o, tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-38-33/2-933/25 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Belə ki, Rusiya Federasiyasında olma müddətləri xx.xx.2023-xx.xx.2023-cü illər və xx.xx.2023-xx.xx.2023-cü illər aralığında olmuşdur. İddiaçının dəlili ondan ibarətdir ki, o, qiyabi təhsil almış, 2019-cu ildə gedə bilməmiş, 2020-2021-ci illər üzrə ümumi yayılan Covid virusuna görə getməyi mümkün olmamış, 2022-ci il üzrə isə mövcud müharibə şəraiti olduğu üçün qeyd edilən ölkədə olmamışdır. 2023 və 2024-cü il tədrisin iştirak etmiş və son imtahanları verərək diplomu almışdır. Ona görə də hesab edir ki, onun tədris illərində iştirak edə bilməməsi diplomun tanınmasına maneəçilik törətməməli, 2023-2024-cü illər üzrə dərs və imtahanlarda iştirakı yetərli hesab edilməlidir. İddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 247 nömrəli təhsil haqqında arxiv arayışın da göstərilmişdir ki, tədris qiyabi təhsil formasında həyata keçirilmişdir. Tədris prosesinin qrafikinə əsasən: 2019-2020-ci il tədris ili – tədris sessiyası 30 gün təşkil etmişdir: xx.xx.2020-ci ildən – xx.xx.2020-ci ilədək (10 gün) xx.xx.2020-ci ildən – xx.xx.2020-ci ilədək (20 gün) 2020-2021-ci il tədris ili – tədris sessiyası 40 gün təşkil etmişdir: xx.xx.2020-ci ildən – xx.xx.2020-ci ilədək (20 gün) xx.xx.2021-ci ildən – xx.xx.2021-ci ilədək (20 gün) 2021-2022-ci il tədris ili – tədris sessiyası 40 gün təşkil etmişdir: xx.xx.2021-ci ildən – xx.xx.2021-ci ilədək (20 gün) xx.xx.2022-ci ildən – xx.xx.2022-ci ilədək (20 gün) 2022-2023-cü il tədris ili – tədris sessiyası 40 gün təşkil etmişdir: xx.xx.2023-cü ildən – xx.xx.2023-cü ilədək (40 gün) 2023-2024-cü il tədris ili – tədris sessiyası 20 gün təşkil etmişdir: xx.xx.2023-cü ildən – xx.xx.2023-cü ilədək (20 gün) Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə, burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Belə ki, universitet tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 247 nömrəli təhsil haqqında arxiv arayışına əsasən illər üzrə tədrisin həyata keçirildiyi, lakin İddiaçı 2020-2021-2022-ci illər üzrə iştirakının olmadığı müəyyən edilir. 2023-cü il tədris ili üzrə sessiyanın keçirilməsi üzrə isə məhkəmə qeyd edir ki, 2022-2023-cü il tədris ili – tədris sessiyası xx.xx.2023-cü ildən – xx.xx.2023-cü ilədək 40 gün, 2023-2024-cü il tədris ili – tədris sessiyası xx.xx.2023-cü ildən – xx.xx.2023-cü ilədək 20 gün təşkil etmişdir. Lakin qeyd edilən dövr ərzində də iddiaçının Rusiya Federasiyasında olmadığı müəyyən edilir. Belə ki, Rusiya Federasiyasında olma müddətləri xx.xx.2023-xx.xx.2023cü illər və xx.xx.2023-xx.xx.2023-cü illər aralığında olmuşdur ki, həmin müddət fərqli dövrləri əhatə edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2762/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Bu mövqedən irəli çıxaraq məhkəmə bildirir ki, iddiaçının diplomundan və diploma əlavədən də göründüyü kimi, onun “gəmi energetik qurğularının istismarı” ixtisası üzrə aldığı təhsil üzrə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ekspert qrupu tərəfindən onun diplomunun tanınmasından imtina olunması əsaslı olmuşdur. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı sayır. Beləliklə də müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “X1 Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2711 saylı diplom üzrə verilmiş “gəmi energetik qurğularının istismarı” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3rşı “X1 Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2711 saylı diplom üzrə verilmiş “gəmi energetik qurğularının istismarı” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar