Məhkəmə qərarları › İş №2-1(120)-219/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-219/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-219/2022 22.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional Ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialına qarşı “çoxuşaqlı ana kimi sosial müavinət (yaşa görə sosial pensiya) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57 yaşından, yəni 08.08.2017-ci il tarixdən 3 və daha çox uşaqlı ana kimi sosial müavinət (yaşa görə sosial pensiya) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi filialı ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onun 4 uşaqlı ana kimi 57 yaşından yaşa görə sosial müavinət almaq hüququ 08.08.2017-ci il tarixdə yaranmışdır. Yəni hazırki Qanunun tələbi qüvvəyə minməmişdən öncə onun sosial pensiya (yaşa görə) hüququ yaranmışdır. O, 4 övladının doğum şəhadətnamələrinin əslini, İcra nümayəndəliyindən onları 8 yaşadək tərbiyə etməyi barədə arayışın əslini və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini DSMF-nin Şirvan şəhər şöbəsinə təqdim etmişdir. Lakin heç bir Qanuna əsaslanmayan imtina cavabı almışdır. İddiaçı göstərilənlərə əsaslanaraq, onun 57 yaşından, yəni 08.08.2017-ci il tarixdən 3 və daha çox uşaqlı ana kimi sosial müavinət (yaşa görə sosial pensiya) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk olaraq İddiaçı iddia ərizəsində 57 yaşından, yəni 08.08.2017-ci il tarixdən yaşa görə müavinətin təyin edilməsini tələb etmişdir. Lakin qeyd etmək lazımdır ki, İddiaçı 24.02.2014-31.12.2020-ci il tarixlərdə əlilliyə görə əmək pensiyası almışdır. “Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsinə əsasən, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin olunur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Digər tərəfdən “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13cü maddəsinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya müavinət təyin edlməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) tələb olunan yaş həddinə çatdıqda; 2) beşdən çox uşaq doğub tərbiyə etdikdə. Hazırki halda hər iki şərt ödənilmir. Çünki, İddiaçı sosial müavinət almaq hüququ 2024-cü il 8 fevralda yaranır. Digər tərəfdən iddiaçının 4 uşağı vardır. Haqlı olaraq İddiaçı müraciəti üzrə tələbinə Filial tərəfindən imtina cavabı verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda müavinət təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 21.06.2021-ci il tarixli, 3507 nömrəli Arayışından görünür ki, İddiaçı ailə tərkibi aşağıdakı kimidir: oğlu- X4 (doğulduğu il 1983); qızı- X8 (doğulduğu il 1984); qızı-X5 (doğulduğu il 1986); qızı-X6 (doğulduğu il 1992); Ana 8 (səkkiz) yaşadək övladlarını öz himayəsində böyütmüşdür. İşdə olan Şirvan şəhər qeydiyyat şöbəsinin 29.06.2021-ci il tarixli, 69/572 nömrəli Arayışından görünür ki, X8 22.05.1984-cü ildə Şirvan şəhərində anadan olmuşdur. Bu barədə 10 iyul 1984-cü il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində 1162 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası İddiaçı. İşdə olan Şirvan şəhər qeydiyyat şöbəsinin 29.06.2021-ci il tarixli, 69/573 nömrəli Arayışından görünür ki, X4 28.01.1983-cü ildə Şirvan şəhərində anadan olmuşdur. Bu barədə 05 fevral 1983-cü il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində 172 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası İddiaçı. İşdə olan Şirvan şəhər qeydiyyat şöbəsinin 29.06.2021-ci il tarixli, 69/574 nömrəli Arayışından görünür ki, X6 10.01.1992-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Bu barədə 23 yanvar 1992-ci il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində 113 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası İddiaçı. İşdə olan Şirvan şəhər qeydiyyat şöbəsinin 29.06.2021-ci il tarixli, 69/575 nömrəli Arayışından görünür ki, X5 28.09.1986-cı ildə Şirvan şəhərində anadan olmuşdur. Bu barədə 02 dekabr 1986-cı il tarixdə Şirvan şəhər qeydiyyat şöbəsində 1529 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası İddiaçı. İşdə olan Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı 23.07.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla Azərbaycan Respublikasında vətəndaşların sosial müavinət və ya əmək pensiyası hüquqlarının yaranması yaş hədləri eyniləşdirilib. Hal-hazırda mövcud qanunvericiliyə uyğun olaraq sosial müavinət və ya əmək pensiyası almaq hüququnun yaranmasının yaş həddi 62 yaş 6 aydır. Qanuna uyğun olaraq yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq hər il 6 ay artırmaqla müəyyənləşdirilir. Əlavə olaraq bildirirlər ki, Sizin 57 yaşında 4 uşaqlı ana kimi sosial müavinət almaq hüququnuz yarandığı zaman Sizə 09.12.2020-ci il tarixə qədər İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Bu səbəbdən də Sizin sosial müavinət almaq hüququnuz 2024-cü ilin 8 fevral tarixində yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab olunur. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, iddiaçıya sosial müavinət təyin edlməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatdıqda; - beşdən çox uşaq doğub tərbiyə etdikdə. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə 27.10.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişiklik edilmişdir və dəyişiklik 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. Qanunun 8.1-ci maddəsinin 01.01.2010-cu il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: - (dəyişiklikdən əvvəlki redaksiyada) Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda; 4 uşağı olanlar – 50 yaşına çatdıqda; 5 uşağı olanlar – 49 yaşına çatdıqda; 6 uşağı olanlar – 48 yaşına çatdıqda; 7 uşağı olanlar – 47 yaşına çatdıqda; 8 uşağı olanlar – 46 yaşına çatdıqda; 9 uşağı olanlar – 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar – 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. - (dəyişiklikdən sonrakı redaksiyada) (maddə 8.1) Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.2) Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.3) Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması ilə bağlı tənzimləmələr olmuşdur. Hazırki halda isə, mübahisənin həlli baxımından iddiaçıya münasibətdə qanunvericiliyin 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan müddəalarının, yoxsa 01.01.2010-cu il tarixdən 01.07.2017-ci il tarixədək qüvvədə olmuş müddəalarının, yaxud da hazırda qüvvədə olan normalarının tətbiq edilməli olduğu aydınlaşdırılmalıdır. Bunun üçün isə Azərbaycan Respublikası Konstitusiyasının və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının yaranmasına və təyin edilməsinə dair müddəalarına diqqət yetirilməlidir. Hazırki mübahisənin hallarından görünür ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmamışdır. Belə ki, İddiaçı qanunvericiliyə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə) edilmiş dəyişiklik qəbul olunanadək (01.01.2010-cu il tariixədək) 4 uşağı doğub 8 yaşınadək tərbiyə etsə də, onun 50 yaşı tamam olmadığından, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq əmək pensiyası hüququ yaranmış sayılmır. Bundan əlavə, “Sosial müavinətlər haqqında” Qanunun tələbinə əsasən isə qadınlara beşdən çox uşağı olduqda və ya tələb olunan yaş həddinə çatdıqda sosial müavinət təyin edilir. Belə olan halda, iddiaçının 4 uşağı olduğundan onun sosial müavinət almaq hüququ tələb olunan yaş həddinə çatdıqda, yəni 08 fevral 2024-cü ildə yaranır. Bundan əlavə, iş materiallarından həmçinin müyyən olunur ki, iddiaçı 24.02.2014- 31.12.2020-ci il tarixlərdə əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Dövlət Sosial Müdafiə X14 Şəxsinin 4 saylı Regional Ərazi filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialına qarşı “çoxuşaqlı ana kimi sosial müavinət (yaşa görə sosial pensiya) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialına qarşı “çoxuşaqlı ana kimi sosial müavinət (yaşa görə sosial pensiya) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar