Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-219/2023 24.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı İbayeva (Cəfərova) Əsmər Məhəmməd qızının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İbayeva (Cəfərova) Əsmər Məhəmməd qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “onun təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 yanvar 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İbayeva (Cəfərova) Əsmər Məhəmməd qızı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 oktyabr 2021-ci il tarixli, 5-59/İ-12363 nömrəli cavab məktubunu qanunsuz hesab edib, onun təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyinə icazə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “iddiaçının təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyinə icazə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə Respublika təssərüfat hesablı “Loğman” tibb məktəbinin əczaçılıq şöbəsinə daxil olmuş, 2006-cı ildə həmin tibb məktəbini “əczaçılıq” ixtisası üzrə bitirmişdir. Tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifıkasiyadan keçmək üçün müraciət etmiş, lakin Səhiyyə Nazirliyinin 21 oktyabr 2021-ci il tarixli, 5-59/İ-12363 nömrəli cavab məktubunda bundan imtina edilmişdir. Həmin cavab məktubu ona 03 noyabr 2021-ci il tarixdə poçt vasitəsilə rəsmi təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin diplomunun tanınmasından imtina qərarı tamamilə qanunsuzdur. Belə ki, “Loğman” Səhimdar Cəmiyyətinin Respublika təssərrüfat hesablı tibb məktəbi 12 fevral 1996-cı ildə Nazirlər Kabinetinin 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 221 nömrəli qərarı ilə “Loğman” təsərrüfat hesablı tibb məktəbinin dövlət qeydiyyatı ləğv olunmuşdur. O, həmin tibb məktəbində təhsilini 16 iyul 2006-cı ildə başa vuraraq A004804 nömrəli diplom almışdır. Həmin məktəb 11 il Bakı şəhərində fəaliyyət göstərmiş və məktəbin minlərlə məzunları bu gün Respublikanın muxtəlif tibb müəssisələrində ixtisasları üzrə çalışırlar. O, 2004-cü ildən 2006-cı ilə kimi rayondan Bakı şəhərinə gəlib kirayədə ev tutaraq və həmin məktəbdə imtahanlar verərək bu diplomu almışdır. Belə ki, dövlətin Konstitusion hüquqlu vətəndaşının dövlətin yuxarı mərkəzi orqanı olan Nazirlər Kabineti tərəfındən qeydiyyata alınaraq bütün təchizatlarla təmin edilmiş tibb məktəbində gəlib oxuması, diplom aldıqdan bir il sonra həmin tibb müəssəsinin yenə də dövlətin yuxarı mərkəzi orqanı olan Nazirlər Kabineti tərəfındən fəaliyyətinin ləğv edilməsi, yaranması barədə qərar verilərkən dövlətinin qanununa və qərarına inanan və həmin dövlətin daxilində 11 il fəaliyyət göstərən tibb müəssəsində imtahan verərək öz gələcək taleyini dövlətin qərarı ilə yaradılan təhsil müəssəsində təhsil alaraq müəyyən edən vətəndaşın günahı hesab edilməməlidir. Bu vətəndaşın illərlə təhsil almaq üçün həm mənəvi və maddi çəkdiyi əziyyətlə oxuduğu və nəticədə aldığı biliklərlə artıq məzun olaraq diploma sahib olduğu təhsil müəssəsinin, həmin təhsil müəssəsinin dövlətin özünün sonradan hər hansı səbəbdən çıxardığı qərarla ləgv edilərək fəaliyyətini dayandırdığını elan etdiyi, lakin fəaliyyəti müddəti dövründə minlərlə məzun buraxan (həmin məzunlarm əksəriyyətinin hal-hazırda işlədiyini də nəzərə alsaq) və fəaliyyət müddəti ləğv olunduqdan sonra artıq bərqərar olmuş hüquqların (məzun olanların) aşağı orqan tərəfındən, yəni Səhiyyə Nazirliyi tərəfındən bütün bu hüquqları qanunsuz hesab etməklə, geridə artıq bərqarar olmuş və vətəndaşın artıq sahib olduğu (yuxarı dövlətin orqanının qərarı, normativ hüquqi akt nəticəsində bünövrəsi qoyulmuş və həmin normativ hüquqi akt (qərar) nəticəsində vətəndaşının əldə etdiyi hüquqlar) hüquqlara şamil etməklə, artıq səxsin əldə etdiyi hüququn sonrakı tarixdə verilən normativ hüquqi akta bağlaması, yəni sonradan verilmiş qanunun normalarını (burada normativ hüquqi aktı) əsas gətirməklə, ondan illər əvvəl verilmiş qanun normalarını heçə saymaqla, yəni nəticəsi dövlətin digər qanun və normativlərilə bütünləşərək artıq öz fünksiyasını başlamış hüquqların (iş hüququ əldə etmiş, əmək müqaviləsi bağlamış, sosial sığorta subyektinə çevrilmiş və s.) geriyə çəkilməsi və vətəndaşı bu huquqlardan sonradan məhrum edilməsi yolverilməzdir. Bu, həm Avropa İnsan Hüquqları Konvensiyasına, bununla əlaqədar Azərbaycan Respublikasının üzərinə ğötürdüyü insan hüquq və azadlıqları haqqında öhdəliklərə tamamilə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyə icazə verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-2006-cı illərdə təsərrüfat hesablı “Loğman” tibb məktəbində əczaçılıq üzrə təhsil almışdır və hesab edir ki, həmin təhsil onun praktiki tibb fəaliyyəti və əczaçılıqla məşğul olmasına kifayət edir. Bu əsasla şəxs diplomunun tanınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etsə də, nazirlik tərəfındən onun xahişi aşağıdakı əsasla təmin edilməmişdir. Bildirmək istəyirlər ki, 1997-2005-ci illər aralığında özəl tibb müəssisələrinə tələbə qəbulu üçün test imtahanı keçirtmə səlahiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına məxsus olmuşdur. İddiaçı bitirdiyi “Loğman” tibb məktəbinə qəbul prosesi TQDK tərəfındən tənzimlənmədiyindən həmin təhsil müəssisəsini bitirmək tibb təhsilinə sahib olmaq demək deyil. Bu səbəbdən şəxsin iddiası əsassız sayılmalı və mümkün hesab edilməməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.6-cı maddəsinə istinadən bildirirlər ki, Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrındə aparılır, məzunlara müvafıq olaraq həkim və həkim-mutəxəssis ali peşəixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, şəxsin əsas (baza ali) təhsili tibb sahəsi üzrə olmadığından onun tibb işçiləri üçün vaxtaşırı zərurət halını daşıyan sertifıkasiya imtahanından keçməsi mümkün deyildir. Azərbaycan Respublikası “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 3.1-ci maddəsinə əsasən, Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində (bundan sonra - klinik baza) təşkil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifıkasiyaya cəlb edilirlər. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifıkasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan, habelə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Özəl tibbi praktika ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifıkasiyaya cəlb edilirlər. Sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. Göründüyü kimi şəxsin sertifıkasiya imtahanına cəlb edilməsi üçün tibb sahəsi üzrə təhsil zəruri xarakter daşıyır. İddiaçı “Loğman” tibb mərkəzinə qəbul prosesi həmin dövr üçün nəzərdə tutulmuş təhsil müəssisələrinə qəbul qaydalarına uyğun sayılmadığından onun sertifıkasiya imtahanında iştirakı mümkün deyildir. Tibb fəaliyyəti birbaşa əhalinin sağlamlığının qorunması üçün zəruri fəaliyyət hesab olunduğundan bu fəaliyyətə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təhsil almış, peşəkar şəxslər cəlb edilməlidir. Əks təqdirdə, bu sahə daxilində praktiki tibb fəaliyyəti və əczaçılıqla məşğul olan şəxslər tərəfındən törədilən xətalar gün keçdikcə artacaq və bu da Azərbaycan Respublikasının tibb fəaliyyətində birinci məqsədi olan əhalinin sağlamlığının, salamatlılığının qorunmasına öz mənfi təsirini göstərəcək. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili X3 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Masallı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Masallı rayonunun Ərkivan kəndində doğulmuş və Masallı rayonunun Ərkivan kəndində yaşayır. İşdə olan 23 iyun 2006-cı il tarixli, A004804 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2004-cü ildə Respublika təsərrüfat hesablı “Loğman” tibb məktəbinin əczaçılıq şöbəsinə daxil olmuş və 2006-cı ildə əczaçı ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 05 iyun 2010-cu il tarixli, AZ İ 585797 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İbayeva X2 Samir Qəribəli oğlu ilə nikah bağlamış və nikah bağlandıqdan sonra ona Cəfərova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 5-59/İ-12263 nömrəli məktubunun məzmunundan müəyyən olunur ki, İddiaçı “diplomunun tanınması”na dair ərizəsinə Səhiyyə Nazirliyində baxılmış, 1997- 2005-ci illərdə tibb təhsili üzrə özəl təhsil müəssisələrinə qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanı nəticəsi əsasında həyata keçirildiyi, test imtahanında iştirak etmədiyi, bu səbəbdən tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməyinin qeyri-mümkün olduğu ona bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 02 dekabr 2022-ci il tarixli, 18-18-119/12 nömrəli məktubunda qeyd olunur ki, “Loğman” Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə qeydiyyata alınmış, bu vaxtadək onun fəaliyyətinə Nazirlik tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Fəaliyyəti dövründə (1996-2007-ci illər) “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Nazirlik tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. 2006-cı ildə Nazirliyin vəsatəti əsasında Nazirlər Kabineti tərəfindən “Loğman” təsərrüfat hesablı tibb məktəbinə tələbə qəbulu dayandırılmışdır. Lakin 2007-ci ildə yeni dərs ilinin əvvəlində Nazirliyə “Loğman” təsərrüfat hesablı tibb məktəbinə qanunsuz tələbə qəbulunun davam etdirildiyi barədə məlumat daxil olmuşdur. Bu barədə Respublika Prokurorluğuna məlumat göndərilmiş və məktəbin dövlət qeydiyyatının ləğvi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 221 nömrəli qərarı ilə “Loğman” təsərrüfat hesablı tibb məktəbinin dövlət qeydiyyatı ləğv olunmuşdur. Beləliklə, iş materiallarına əsasən “Loğman” Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə qeydiyyata alınmış, lakin onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmiş, iddiaçı 2004-2006-cı illərdə həmin tibb məktəbində təhsil almış, fəaliyyəti dövründə “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına dövlət nümunəli diplomlar verilməmişdir. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi verilir. Həmin sənədin verilməsi də məhz inzibati orqan olan Təhsil Nazirliyinin vəzifəsidir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Lakin iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına verilən diplom blankının nümunəsi isə buna səlahiyyəti olmayan həmin təhsil müəssisəsi tərəfindən təsdiq edilmişdir ki, bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. İddiaçının adına yazılmış 23 iyun 2006-cı il tarixli, A004804 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2004-cü ildə təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunmağı və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsi ilə bağlı olmuşdur. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1992-ci il tarixli “Azərbaycan Respublikası Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Digər tərəfdən, “Loğman” təsərrüfat hesablı tibb məktəbinin fəaliyyəti dövründə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Lakin, iş materiallarından göründüyü kimi, “Loğman” təsərrüfat hesablı tibb məktəbi yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, diplom blanklarının nümunələrinin “Loğman” təsərrüfat hesablı tibb məktəbi tərəfindən təsdiq edilməsi, “Loğman” təsərrüfat hesablı tibb məktəbinin dövlət qeydiyytına alındığı 1996-cı ildən qeydiyyatının ləğv edildiyi 2007-ci ilədək lisenziyasız fəaliyyət göstərməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci və 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Təhsil nazirinin 9 noyabr 2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ın 1.2-ci və 1.4-cü bəndlərinə əsasən iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur və qeyd olunan normativ-hüquqi aktların müddəalarına əsasən “Loğman” təsərrüfat hesablı tibb məktəbinin fəaliyyəti qanunsuz olduğundan iddiaçının təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyinə icazənin verilməməsi ilə bağlı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı İbayeva (Cəfərova) Əsmər Məhəmməd qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “onun təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İbayeva (Cəfərova) Əsmər Məhəmməd qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “onun təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməyinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-219/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-219/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver