Məhkəmə qərarları › İş №2-1(120)-220/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-220/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-220/2021 02.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı (Masallı şəhəri, H.Əliyev küçəsi, ev 31-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X8 (Ağdam şəhəri, 20 Yanvar küçəsi ev 9, mənzil 6-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, Masallı şəhəri, H.Əliyev küçəsi, ev 31-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialına müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, **********4 nömrəli məktubla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialına qarşı mərhum həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixli 41 və 41A saylı arxiv arayışlarındakı əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1958-ci ildə Masallı şəhərində doğulmuş, X6 ilə xx.xx.1994-cü ildə rəsmi nikaha girməklə evlənmişdir. X6 xx.xx.1997-ci ildə vəfat etmişdir. Həyat yoldaşı İ.Süleymanov 1960-1996-cı illərdə Biləsuvar rayonunda fəaliyyət göstərən Kommunizm yolu, S.Vurğun, C.Cabbarlı kolxozlarında işləmişdir. Buna dair Biləsuvar rayon Dövlət Arxivi İdarəsinin 41, 41 A və 41 B nömrəli arxiv arayışları da vardır. Qeyd olunanları nəzərə alaraq mərhum həyat yoldaşı X3 Biləsuvar rayon Kommunizm yolu, S.Vurğun və C.Cabbarlı kolxozlarında işləməyinə dair xx.xx.2019-cu il tarixli 41 və 41A saylı arxiv arayışlarındakı əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alaraq, hüququmun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X10 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1958-ci il -ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 62 yaşı (x xxxx 2020-xx xxxx 2021-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 62-dir) tamam olmuşdur. İddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixli 41 və 41A saylı arxiv arayışlarındakı əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Masallı şəhəri, H.Əliyev küçəsi ev 31-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 366903 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 Rəvayət Sahib qızı ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 098550 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 41 nömrəli arxiv arayışından görünür ki, X6 1960-1965, 1969-1975, 1981-1985-ci illərdə Komminizm yolu kolxozunda, 1976-1977-ci illərdə Səməd Vurğun kolxozunda, 1986-1992-ci illərdə Cəfər Cabbarlı adına kolxozda işləmişdir. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 41 A nömrəli arxiv arayışından görünür ki, X6 1993-1996-cı illərdə Cəfər Cabbarlı adına kolxozda işləmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubundan görünür ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X3 adına Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il 41, 41 A və 41 B nömrəli sığorta stajı barədə arxiv arayışları təqdim olunduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq xx xxxxxx 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyası hüququndan imtina edilmişdir. İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün 15 il 8 ay sığorta stajı tələb olunur. İddiaçı mərhum həyat yoldaşı X3 adına Biləsuvar rayon Dövlət Arxivindən təqdim olunan arxiv arayışında 30 il 5 ay sığorta stajı müəyyən olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialının pensiya şöbəsinin baş mütəxəssisi və aparıcı mütəxəssisi Həsənov Nemət Mirhörmət oğlunun, Biləsuvar rayon Dövlət Arxivinin müdiri X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, mərhum X3 1961-1996-cı illərin sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmış, yoxlama zamanı, mərhum X3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 41 və 41 A nömrəli arxiv arayışında 1961-1996-cı illərə aid sığorta stajında heç bir kənarlaşma aşkar edilməmişdir. Biləsuvar rayonu üzrə kolxozlarda işləmiş kişilər üçün 1 illik adam-gün norması 250 adam-gün, qadınlar üçün 1 illik adam-gün norması 180 adam-gün təşkil etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X3 adına Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il 41, 41 A və 41 B nömrəli sığorta stajı barədə arxiv arayışları təqdim olunduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq xx xxxxxx 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyası hüququndan imtina edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə, 62 yaşında ailə başçısının itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı hüququ yarandığı tarixə ailə başçısının itirməyə görə əmək pensiyası almaq üçün 15 il 8 ay sığorta stajı tələb olunur. İddiaçı mərhum həyat yoldaşı X3 adına Biləsuvar rayon Dövlət Arxivindən təqdim olunan arxiv arayışında işlədiyi kolxozlarda kişilər üçün hər ilə 250 adam günü norması qəbul edildiyini nəzərə alaraq 26 il sığorta stajı müəyyən olunmuşdur. İşdə olan Yardımlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 97 nömrəli arayışından görünür ki, X6 xx.xx.1943-cü ildə Azərbaycan Respublikası Yardımlı rayonu Perimbel kəndində anadan olmuşdur. Bu barədə Yardımlı rayon Qeydiyyat şöbəsində xx.xx.1950-ci ildə 1678 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X2, anası X11, Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 171 nömrəli akt qeydinə əsasən vəfat etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 41 və 41 A nömrəli arxiv arayışlarını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 41 və 41 A nömrəli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mərhum həyat yoldaşı X3 1960-1965, 1969- 1975, 1981-1985-ci illərdə Komminizm yolu kolxozunda, 1976-1977-ci illərdə Səməd Vurğun kolxozunda, 1986-1992-ci illərdə və 1993-1996-cı illərdə Cəfər Cabbarlı adına kolxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 41 və 41 A nömrəli arxiv arayışlarını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixli 41 və 41A saylı arxiv arayışlarındakı əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri nəzərə alındıqda, onun 25 ildən artıq sosial sığorta stajı yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixli 41 və 41A saylı arxiv arayışlarındakı əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2020-ci il tarixdən) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixli 41 və 41A saylı arxiv arayışlarındakı əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar