Məhkəmə qərarları › İş №2-1(120)-220/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-220/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-220/2022 10.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X3, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 4 saylı regional ərazi filialına qarşı 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edildiyi gündən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 10 iyul 2019-cu il tarixli imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı X7 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı “yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(120)-1474/2021 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 4 saylı regional ərazi filialına qarşı 1957- 1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmış olsa ona yaşa görə əmək pensiyası yenidən hesablanmalı və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışını, ödəniş qəbzini, arxiv arayışının surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Sabirabad rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilən əmrlər kitabından çıxarışların, kolxozun şəxsi hesab kitablarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 10 iyul 2019-cu il tarixli, **********6 nömrəli məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 07 dekabr 2021-ci il tarixli, **********7 saylı etiraz məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 09 dekabr 2021-ci il tarixli, **********0 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması hüququna malikdir. Belə ki, iddiaçı xx.xx.1938ci il tarixdə doğulmuşdur. 20.10.1989-cu il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunmuş və pensiya təyin olunarkən 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında işlədiyi dövrlər nəzərə alınmamışdır. Hansı ki, iddiaçının 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında işləməsi Sabirabad rayon Dövlət Arxivinin 30 may 2019-cu il tarixli, 130 nömrəli arayışı ilə təsdiq olunur. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Məhkəmə cavabdehin pensiyanın yenidən hesablanmasından imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında işləməsinə dair Sabirabad rayon Dövlət Arxivinin 30 may 2019-cu il tarixli, 130 nömrəli arxiv arayışını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi 30 may 2019-cu il tarixli, 130 nömrəli arxiv arayışını, kolxozun şəxsi hesab kitablarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Bundan başqa 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında işləməsinə dair Sabirabad rayon Dövlət Arxivinin 30 may 2019-cu il tarixli, 130 nömrəli arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozlardakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 09 dekabr 2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunur ki, Sabirabad rayonu Bulduq kənd sakini xx.xx.1938-ci il təvəllüdlü X4 1989-cu il tarixdən yaşa görə “Qəhrəman ana” kimi hər ay 259,78 manat məbləğində əmək pensiyası alır. X5 rayon Dövlət Arxivinin 30 may 2019-cu il tarixli 130 saylı arxiv arayışına əsasən pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. İddiaçı ümumilikdə 34 il 5 ay 15 gün sığorta stajı hesablanmışdır ki, bu illərdən 18 il 4 ay (01.03.1976-01.07.1994-cü illər) Sabirabad rayon Bulduq kənd orta məktəbində işlədiyi illər mübahisələndirilməyən sosial sığorta stajına daxil edilən illər, 16 il 1 ay 15 gün (1957-1976-cı illər) Sabirabad rayon Lenin və Pravda kolxozlarında işlədiyi illər mübahisələndirilən sosial sığorta stajına daxil edilən illərdir. İddiaçı 1957-1976-cı illərdə Lenin və Pravda kolxozlarında işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən həmin dövr sosial sığorta stajına daxil edilmir və aşağıdakı kimi hesablanır: 1957-1965-ci illərdə minimum əmək günü nəzərə alınmayaraq tam il kimi götürülür ki, bu illər 9 il nəzərə alınır; 1965-1976-cı illər üzrə minimum normanın 120 gün olduğunu nəzərə aldıqda, tam doldurulmuş illər 4 il; 1965-1976-cı illər - toplama 405 gün (3+53+44+72+88+113+32), 405-120-120-120=45-30=15=3 il 1 ay 15 gün. Cəmi 16 il 1 ay 15 gün hesablanır ki, bu da mübahisəndirilən sosial sığorta stajına daxil edilən illərdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı 1957-1976-cı illər ərzində Lenin və Pravda kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar