Məhkəmə qərarları › İş №2-1(120)-2204/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2204/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2204/2025 19.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh qarşı nikah haqqında akt qeydinə düzəliş edilməsi barədə tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsevər qızının katibliyi ilə, İddiaçı cavabdeh Salyan regional “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydinə düzəliş edilməsi” barədə tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Salyan regional “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə (bundan sonra mətndə Qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək valideynlərinin nikahı haqqında Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963-cü il tarixli 114 nömrəli nikah haqqında akt qeydində qadın haqqında məlumatlar qrafasında qadının nikahdan sonra soyadına dəyişiklik edilərək ‘’Cabbarova” soyadının “Zeynalova” yazılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1964-cü ildə Salyan şəhərində doğulmuşdur. 1987-ci ildə X11 ilə nikaha daxil olaraq “Nəzirova” soyadını qəbul etmişdir. X4 xx.xx.1995-ci ildə Salyan şəhərində vəfat etmişdir. X3 1937-ci ildə Füzuli rayonunda doğulmuş, xx.xx.2004-cü ildə Salyan şəhərində vəfat etmişdir. Valideynləri xx.xx.1963-cü ildə nikaha daxil olmuş və onların birgə nikahından o və qardaşı 1967-ci il təvəllüdlü X15 doğulmuşdur. Qısa müddət öncə vərəsəlik işi ilə əlaqədar valideynlərinin nikahı haqqında sənədi Salyan regional “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə təqdim edərkən məlum olmuşdur ki, həmin nikah haqqında akt qeydində anasının nikahdan əvvəl və nikahdan sonra soyadı “Cabbarova” yazılmışdır. Halbuki, “Cabbarova” anası Tamaranın ata soyadı olmuş və o nikahdan sonra “Zeynalova” olan ər soyadına keçmişdir. Valideynlərinin nikahından sonra o və qardaşı dünyaya gəlmiş və onların doğum sənədlərində ananın soyadı “Zeynalova” yazılmışdır. Həmçinin anasının ölümü haqqında şəhadətnaməsində də soyadı “Zeynalova” qeyd olunmuşdur. Bütün istinad etdiyi sənədlər anası X5 nikahdan sonra “Zeynalova” soyadına keçməsini təsdiq edir. Onun və qardaşının doğumu barədə arxiv sənədlərində də bu məlumatlar öz əksini tapmışdır.. Göstərilənlər də onu deməyə əsas verir ki, valideynlərinin nikahı haqqında akt qeydində anası Tamaranın soyadı nikahdan sonra arvadın soyadı qrafasında “Zeynalova” yazılmalı olduğu halda səhvən ata soyadı ilə “Cabbarova” yazılmışdır. Hazırda valideynlərinin nikahı haqqında sənəddə anasının nikahdan sonra da ata soyadında qalması kimi göstərilməsi onun ölümü və onların doğumu haqqında sənədlərlə ziddiyət yaradır və göstərdiyi bu hal ona qanunvericilikdə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu səbəbdən anasının nikahdan sonra soyadının düzgün yazılması ilə bağlı Salyan regional “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat şöbəsinə ərizə ilə müraciə etmiş, lakin həmin qurumun cavab məktubunda tələbinin icrasından imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddiaya dair 3-16-5/8-xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddiaçı Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963-cü il tarixli 114 nömrəli nikah haqqında akt qeydində qadının nikahdan sonrakı soyadına dəyişiklik olunaraq “Cabbarova” soyadının “Zeynalova” yazılmasını istəmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963cü il tarixli 114 nömrəli nikah haqqında akt qeydində dəyişiklik edilməsinə əsas verən sənədləri (nikah qeydə alınarkən təqdim edilmiş ilkin nikah haqqında şəhadətnamə) vətəndaş təqdim edə bilmədiyi üçün dəyişiklik edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş: AZ-İİ seriyalı 435001 №-li, xx.xx.2024-cü il tarixli ölüm haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1995-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 04 ayının 10 günündə 92 № ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 435000 №-li, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin 01 ayının 16 günündə 11 № ilə qeyd edilmişdir. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8- 69-490/2024 saylı Arayışdan müəyyən olunur ki, Füzuli rayon Qeydiyyat X1 və X5 nikahı haqqında xx.xx.1963-cü il tarixdə 114 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Zeynalov”, arvada “Cabbarova” soyadı verilmişdir. X2 xx.xx.1995-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.1995-ci ildə 92 №-li akt qeydi ilə Salyan rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən: Füzuli rayon Qeydiyyat şöbəsinin 3-16/05-xx/xx/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: xx.xx.1963-cü il tarixli 114 №-li nikah haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X13 nikahdan sonra “Zeynalov” və X8 nikahdan sonra “Cabbarova” soyadı verilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X7 3-16-5/4-13-364/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri X14 ( xx.xx.1995-ci ildə vəfat etmişdir) ilə X12 (xx.xx.2004-cü ildə vəfat etmişdir) olan xx.xx.1964-c il təvəllüdlü Zinyət Zeynalovanın və xx.xx.1967-ci il təvəllüdlü Səfdər Zeynalovun doğumunun Salyan rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-16-5/8-15-1409/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, kifayət qədər əsaslar olmadığı üçün Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963-cü il tarixli 114 nömrəli nikah haqqında akt qeydində göstərilən soyadın dəyişdirilməsi mümkünsüzdür və belə olan halda dəyişikliklə bağlı tələbi inzibati qaydada təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərə əsasən Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963-cü il tarixli 114 nömrəli nikah haqqında akt qeydində qadının nikahdan sonrakı soyadına düzəliş olunaraq “Zeynalova” yazılması tələbininin icrasından imtina olunur və bildirilir ki, müraciətə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.e-qanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının mərhum X4na və anası X8 aid nikah haqqında akt qeydində ərin soyadının Zeynalov, arvadın soyadının Cabbarova qeyd olunduğu müəyyən edilsə də, mərhum X6 övladlarının doğum haqqında şəhadətnamələrində və sonuncuya məxsus ölüm haqqında şəhadətnamədə “Zeynalova” soyadı qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1963-cü il tarixli 114 №-li nikah haqqında akt qeydində düzəliş edilərək qadın haqqında məlumatlar qrafasında qadının nikahdan sonrakı soyadının “Cabbarova”dan “Zeynalova”ya düzəliş edilməsi öhdəliyi cavabdeh Salyan regional “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar